“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ avqustun ortalarından Venesuelanın ətrafına hərbi qüvvələrini toplayır. ABŞ həm Karib dənizində (Venesuela və Kolumbiya sahillərində), həm də Sakit okeanın Kolumbiya sahillərində böyük zərbə donanması toplayıb, ona sualtı qayıq da əlavə edib. Təyyarələr və qoşunların bir hissəsi ABŞ-ın Puerto-Riko hərbi bazasında toplanıb. Aviabazaya ağır bombardmançı təyyarələr gətirilib. Bu regiona həmçinin komanda (döyüşlərin mərkəzi idarəetmə) gəmisi gətirilib. Sanki hər şey müharibəni başlamaq üçün hazırdır.
Bəs niyə ABŞ müharibəyə başlamır? Axı bu qədər kontingentin və texnikanın daimi dislokasiya bazasından kənarda boş dayanmasının hər günü milyardlarla dollar vəsait itkisidir. Müharibəyə başlamaq fikri yoxdursa, ABŞ bu qədər qüvvəni regiona niyə toplayıb?
Asif Şəfəqqətov
⭕ Məncə, bu sualın cavabı Trampın psixotipindədir. Tramp siyasətçi yox, sövdəgərdir. Xaraktercə qorxaq adamdır. Strateq deyil (uzunmüddətli plan qurmur/qura bilmir), bəlkə taktik adlandırmaq olar. Bu qısa psixoloji ştrixlərdən onun portretini çəkmək və davranışını proqnozlaşdırmaq olar.
O, istənilən beynəlxalq problemə biznes problemi kimi baxır və onu sövdələşmə yolu ilə həll etməyə çalışır. Sövdələşmə necə baş verir? Tərəflər bundan sonrakı hüquq və öhdəliklərini tənzimləyən müqavilə imzalayırlar – yəni adi biznes müqaviləsi kimi. Lakin dövlətdaxili müqavilələrlə beynəlxalq müqavilələr arasında bir ciddi fərq var. Dövlətdaxili müqavilələrdə tərəflərdən biri öhdəliklərini pozarsa, onu məhkəməyə vermək olar. Məhkəmə sövdələşmə tərəflərindən asılı olmadığından qanuna əsasən qərar çıxardır (hər halda normal ölkələrdə belədir). Bu zaman hansı tərəfin güclü və ya zəif olmasının fərqi yoxdur. Beynəlxalq müqavilələrdə isə məhkəmə funksiyalarını beynəlxalq təşkilatlar (BMT TŞ, arbitrajlar və s.) həyata keçirirlər. Beynəlxalq təşkilatlar dövlətdaxili məhkəmələr kimi tərəflərdən asılı olmayan qurumlar deyillər, onlar hamısı tərəflərin üzvlük haqları və ianələri, qrantları əsasında fəaliyyət göstərirlər. Onların məmurları da tərəflərin tövsiyəsi ilə vəzifələrə təyin olunurlar. Yəni bu qurumlar prinsipcə müstəqil deyillər. Bəs belə təşkilat ən çox kimdən asılı olar? Əlbəttə ki, ən çox maliyyə vəsaiti aldığı ölkədən (tərəfdən).
Tramp öz biznes karyerasından bunu çox yaxşı bilir. Məhkəməni pulla ala bilsən, hansı şərtlərlə müqavilə bağlamağının əhəmiyyəti yoxdur – bütün hallarda ən çox fayda götürən sən olacaqsan. Tramp haqlı olaraq düşünürdü ki, beynəlxalq sövdələşmələrdə həmişə qalib olmaq ABŞ üçün daha asandır – daxili sövdələşmələrdə məhkəməyə rüşvət vermək cinayət riski yaradırdısa, beynəlxalq sövdələşmələrdə ABŞ-ın beynəlxalq təşkilatlara rəsmi ödənişlərini risksiz rüşvət kimi istifadə etmək olar. Edir də – hər hansı təşkilata gah ödənişi gecikdirir, gah dayandırır, gah azaldır, gah da azaldacağı ilə şantaj edir. Bu metodla beynəlxalq təşkilatları ABŞ-ın marağına işləməyə məcbur edir, mümkün olmadıqda – onların fəaliyyətini iflic edir (BMT TŞ-ni, ÜTT-nin arbitrajını və s.).
Beynəlxalq tənzimləmə orqanı işləmirsə, sövdələşmədə kim fayda götürəcək? Əlbəttə ki, güclü tərəf. Deməli, sövdələşmə bağlanırsa, güclü tərəf öhdəliklərini “unudub”, hüquqlarını tələb edəcək, zəif tərəf isə hüquqlarını “unudub”, yalnız öhdəliklərini yerinə yetirməyə məcbur olacaq. Bəs güclü tərəf niyə müqavilə bağlayır – onsuz da istədiyini edə bilər? Çünki dünyada hələ başqa güclər də var. Müqavilə güclü tərəfə lazımdır ki, ozbaşınalığına hüquqi don geyindirə bilsin. Belə olan halda zəif tərəf niyə şulerlə müqavilə bağlayır? Öz iradəsi olsaydı, zəif tərəf şulerlə müqavilə bağlamazdı. Burada artıq Tramp kimi artistə tələbat yaranır. Tramp hamıya göstərməlidir ki, ABŞ nəinki güclü tərəfdir, o ən güclü tərəfdir. Bunu sübut edə bilsə, bütün ölkələr onunla özləri üçün əlverişli olmayan istənilən müqavilə ilə razılaşmağa məcbur olacaqlar.
Amma Tramp qorxaq, lovğa və uzaqgörməyəndir. Bu çatışmazlıqlarını o, artistizmi, həyasızlığı və yalançılığı ilə “qrimləyir”. Bir neçə misala baxaq.
? 1-ci prezidentliyi dövründə Tramp Ş.Koreyaya ultimatum verdi ki, nüvə proqramını dayandırsın. Kim yoldaş ultimatum-zad hərrəmədiyini bildirdi. “Hegemon” aviadaşıyıcı gəmilərini Koreya yarımadasına doğru göndərdi. C.Koreya da nüvə raketlərini döyüşə hazır vəziyyətə gətirdi. Kimin döyüşə hazır olduğunu, geriyə çəkilməyəcəyini görən Tramp qorxdu və gəmilərini geri qaytardı. Sonra Kim yoldaşla demilitarizasiya zonasında görüşüb, ona “yaxşı oğlan”, “roketman” dedi.
? Apreldə husilərə ultimatum verdi ki, İsrail yükləri üçün Bab əl-Məndab boğazını açmasalar, onları yer üzündən siləcək. Husilər onun ultimatumunu qulaqardına vurdular. Asanlıqla qalib gələcəyini düşünən Tramp müharibəyə başladı. 2 həftə sonra başa düşdü ki, ağır itkilər verə bilər və bu onun siyasi reytinqinə ciddi mənfi təsir göstərə bilər. Buna görə də guya İsrailə görə müharibəyə başlayan Tramp İsraildən xəbərsiz husilərlə atəşkəsə razılaşıb boğazdan qaçdı. Ultimatumunu da unutdu.
? İsrail-İran müharibəsinin əvvəlində Tramp əmin idi ki, İran məğlub olacaq. Bu əminlik fonunda o, sosial şəbəkə hesabından Hamneyiyə ultimatum verib, 3 günə təslim olmağı tələb etdi. Sonra vəziyyətin dəyişdiyini, ABŞ-ın İranla birbaşa müharibəyə girməsinin labüd olduğunu görən Tramp ultimatumunu unutdu, müharibəni dayandırmaq üçün “hiylələr” axtarmağa başladı.
? Rusiyaya neçə dəfə ultimatum verib – sayını mən unutmuşam: ya ultimatumunu “unudur”, ya da onu təxirə salır. Rusiyada daş qayaya rast gəlib.
? Çinə də apreldə 1-ci ultimatumunu vermişdi, sonra ondan çıxmaq üçün min yol axtardı (indiyədək axtarır). 2-cisini 10 oktyabrda vermişdi – tələbləri yerinə yetirilməsə, 1 noyabrdan Çin mallarına əlavə 100% tarif tətbiq etməli idi. 30 oktyabrda Çin lideri ilə görüşü bəhanə edib, bu ultimatumunu da geri götürdü.
? Hindistana (Rusiyadan neft alma!) və Braziliyaya (dostum Bolsonarunu həbs etmə!) da ultimatumlar vermişdi. Onlar da Kim yoldaşdan nümunə götürdülər. İndi Tramp ultimatumlarını “unudub”, Modiyə də, Lulaya da yaltaqlıq edir ki, onlar ABŞ-dan tam üz döndərməsinlər.
Misallardan da görünür ki, Trampın sövdələşmə taktikası belədir. Əvvəl digər tərəfə özünə sərf edən təklifi verir (bu zaman digər tərəfin maraqlarını ya nəzərə almır, ya da bu haqda heç düşünmür də). Təklif qəbul edilmirsə, loru dildə desək, ona “xox” gəlir – səni belə dağıdaram, məhv edərəm, yer üzündən silərəm və s. Digər tərəf sözlə deyilən “xox”dan qorxmursa, bunu əməldə göstərməyə çalışır (ardıcıllıqla):
▪️1) sanksiyalar tətbiq edir;
▪️2) ölkədə çevriliş cəhdləri edir;
▪️3) hərbi qüvvələri göndərməklə müharibə ilə təhdid edir.
Əksər ölkələr 1-ci mərhələdən sonra Trampa tabe olurlar. Bir az inad göstərənlər 2-ci, hətta 3-cü mərhələdən sonra tabe olurlar. Lakin tək-tük ölkə var ki, 3-cü mərhələdən sonra da dirəniş göstərir. Məntiqlə, 4-cü mərhələ müharibəyə başlamaq olamlıdır. Tramp isə məhz bu mərhələdə geri çəkilir. Niyə? Çünki o müharibənin uğursuz olacağından qorxur, əslində ordusunun gücünə güvənmir. Bu güvənsizliyi onda Əfqanıstanla, İraqla və nəhayət, husilərlə müharibə daha da gücləndirib. O, narsis adamdır, məğlub prezident kimi tarixə düşmək onun üçün ən ağır zərbə olardı (yəni onu ABŞ-ın yox, özünün məğlub olması daha çox narahat edir).
⭕ Bu uzun girişdən sonra qayıdaq Venesuela məsələsinə.
Tramp Venesuela ilə müharibəyə girmək istəmir, daha doğrusu, bundan qorxur. O, Venesuelanı müharibəsiz tabe etmək istəyir. ABŞ Venesuelaya qarşı əməli “xox”ların 1-ci mərhələsini 25 ilə yaxındır tətbiq edir, 2-ci mərhələsini bir neçə dəfə tətbiq edib (axırıncı dəfə – 2020-ci ildə, Trampın prezidentliyi dövründə), indi də 3-cü mərhələyə başlayıb. Bu mərhələnin xüsusiyyətləri nədən ibarətdir? Niyə 2,5 aydır ABŞ Venesuelanı dənizdən blokadada saxlayır?
Müharibə təhdidi ilə paralel ABŞ xüsusi xidmətləri fasiləsiz işləyirlər. Bu işlərin uğurla getməsi üçün müharibə təhlükəsi real olmalıdır: ABŞ dövlət adamları “qan-qan” deməli, müharibə üçün zəruri olan bütün texnika və kontingent potensial döyüş zonasına səfərbər edilməli, müharibəni başlamaq üçün formal hüquqi əsaslar yaradılmalıdır. ABŞ bunların hamısını edib. Belə fonda Venesuela siyasi və hərbi elitasında panika yaranmalıdır. Çünki Venesuela müharibədə məğlub olarsa, elita hətta öldürülə bilər – ABŞ kəşfiyyatı onların hamısına belə təhdidlərlə dolu fərdi mesajlar göndərir. Bu mesajlarda “kökə” də olur – ABŞ tərəfə keçərlərsə, onlara “yağlı” vədlər verilir. Yəni uzatmağa dəyməz, klassik metoddur. İraq müharibəsindən əvvəl də ABŞ bu metoddan istifadə etmişdi, Əsəd rejimini devirəndə də, başqa çevrilişlər öncəsi də. Kubada bunu edə bilmədilər. Niyə? Çünki Kastronun ətrafında olanlar biznes maraqlarına görə birləşməmişdilər, onları birləşdirən ideya idi – belə adamları satın almaq, qorxutmaq çətindir. Biznes maraqları Ş.Koreyada da yoxdur – buna görə orada da saray çevrilişi mümkünsüzdür. Amma Venesuelada bunu demək çətindir.
ABŞ-ın planına görə müharibə təhdidi gücləndikcə Venesuela elitasında satqınlar çoxalacaq. Müəyyən kritik vəzifə sahibləri (xüsusən də orduda və təhlükəsizlik orqanlarında) satıldıqdan sonra ABŞ gəmilərdən və ya təyyarələrdən bəzi mövqeləri bombalayacaq. Bombalanma çevriliş üçün siqnal olacaq. Satqın ordu başçıları (bir qismi də ola bilər) Maduroya istefa verməsi barədə ultimatum verəcəklər. Maduro ultimatumu qəbul etməsə, ordu (bir qismi) paytaxta hücum edəcək. Bu zaman hakimiyyətdə olan digər satqınlar üsyançılara qarşı müqavimətin güclü olmaması üçün müxtəlif sabotajlar törədəcək, onların paytaxtı tutmasına kömək edəcəklər. Təbliğati dəstəyi satılmış məhşur blogerlər verəcəklər. ABŞ-ın regiondakı hərbi qüvvələri isə hakimiyyətə sadiq olan hərbi qüvvələri havadan və dənizdən bombalayacaq. Müəyyən həssas əməliyyatları həyata keçirmək üçün qarışıqlıq yaranmış ölkəyə kiçik qruplarla ABŞ xüsusi təyinatlıları çıxarılacaq. Onlar diversiyalar edə bilər, bəzi dövlət xadimlərinə qarşı terror həyata keçirə və ya onları əsir götürə bilərlər.
Bu anqlosaksların klassik metodudur. II Dünya müharibəsi öncəsi Stalinin elitada “təmizlik” aparması məhz bu metoddan sığortalanmaq məqsədi daşıyırdı. 2022-ci ilin fevralından Rusiyada yenidən “təmizləmə” prosesinə başlayıblar – buna görə Qərbin böyük ümidlər bəslədiyi saray çevrilişi Rusiyada baş vermədi. Çində Si də 2022-ci ildən ölkə və partiya rəhbərliyində “təmizlik” aparır. Partiyanın sonuncu qurultayında Xu Tsintaonun (“komsomolçu”larn “xaç atası”) qollarından tutularaq zaldan çıxarılmasını xatırlayırsınız, yəqin. Son 3 ildə Si ölkə rəhbərliyini “komsomolçu”lardan (qərbpərəstlərdən) təmizləyir, orduda ciddi “təmizləmələr” aparır (son 3 ildə Çində 4 müdafiə naziri dəyişib, daha doğrusu, yoxa çıxıb). İran haqda məlumatım yoxdur, yəqin ki, orada da belə “təmizləmə” aparılır. Yəni bu məlum metoddursa, Venesuela da bunu bilməlidir. Ən azı Rusiya və Çin ona müvafiq məsləhətlər verməlidirlər.
Bəs bu sahədə ABŞ uğur qazanıbmı? Təhdidin 2 aydan çox uzanması göstərir ki, ABŞ gözlədiyi effekti əldə edə bilməyib. Bu həm də ondan görünür ki, ABŞ hərbi kontingentini 2,5 ay ərzində 4 mindən 16 minə qədər artırıb. Yəni əvvəlki kontingentlə təhdidin effekt vermədiyini görüb, onu daha da real etməyə çalışır.
Amma 16 minlik kontingentlə Venesuelada müharibəyə başlamaq ağılsızlıq olar. ~25 milyon əhalisi olan İraqla müharibə aparmaq üçün Qərb koalisiyası 600 minə yaxın hərbi kontingent cəlb etmişdi. Cəngəllik və dağlıq ərazidə yerləşən, 28 milyon əhalisi olan Venesuelaya qarşı 16 min qoşun nə edə bilər? Venesuelanın 100 min nəfərlik nizami ordusu var, səfərbərliyə 1 milyon adam cəlb edə bilər. Bu coğrafiyada ABŞ-ın üstün texnikası böyük rol oynamayacaq, ərazi partizan müharibəsi üçün çox əlverişlidir. Bir sözlə, ABŞ ordusu Venesuelaya girərsə, Vyetnam müharibəsindəkindən də ağır vəziyyətə düşəcək. Məntiqlə, ABŞ ordusu Venesuelaya girməməlidir – ən azı ABŞ-da ağlı başında olan generallar var, yəqin. Yeri gəlmişkən, ABŞ ordusunun Cənub Komandanlığının (USSOUTHCOM, əməliyyat sahəsi – Mərkəzi və Cənubi Amerika, həmçinin Karib hövzəsi) rəisi admiral Alvin Halsi oktyabrın ortalarında vəzifəsindən istefa vermək barədə ərizə verib (1 il əvvəl təyin olunmudu). İstefanın səbəbi barədə rəsmi məlumat verilməsə də mətbuatda yazılanlara görə, istefa səbəbi hövzədə qayıqların qanunsuz partladılması və Venesuela avantürası ilə razılaşmaması olub.
2020-ci il çevriliş cəhdindən sonra Maduro da hakimiyyətdə və orduda “təmizlik” aparıb. O vaxt ordu rəhbərliyində və Maduronun yaxın çevrəsində xeyli adam MKİ tərəfindən ələ alınmışdı. Amma əməliyyat biabırçı uğursuzluqla nəticələndi. Yəqin ki, bu işdə Rusiya və Çin xüsusi xidmətlərinin əməyi az olmayıb. Bu hadisədən sonra Maduroya müxalif olan xeyli adam ölkədən ABŞ-a qaçdı. Təxminən, Kubada olduğu kimi, hakimiyyət özünə müxalif olanların ölkədən ABŞ-a qaçmasına maneə törətmədi. Xatırlayırsınızsa, Rusiya da 2022-ci ildə ölkədən qaçmaq istəyənlərə heç bir maneə törətmədi, çünki tarixdə görünməmiş siyasi və iqtisadi sanksiyalar altında olan ölkədə hakimiyyətə loyal olmayan əhali özü təhlükədir, xarici kəşfiyyatın onlardan təxribat qüvvəsi kimi istifadə etməsi çox asandır. Axmaq kimi Trampın 1-ci prezidentliyi dövründə Con Bolton Karakasdakı ABŞ Səfirliyini də bağladı. Səfirlik kəşfiyyat xidmətləri üçün ən əlverişli leqal məkandır. O vaxtdan MKİ bu imkandan məhrum olub.
Əlbəttə, bu o demək deyil ki, Venesuelada artıq satqın tapılmayacaq. Tapılacaq və tapılıb da, yəqin. Amma indiyədək əməliyyat başlamayıbsa (idealda əməliyyat Tramp-Si görüşünədək bitməli idi), deməli, kritik vəzifələrə sahib şəxsləri hələ satın ala bilməyiblər. Bundan sonra ala biləcəklərinə çox da inanmıram. Belə nəticəyə gəlməyim üçün əsaslardan biri də budur: Si ilə görüşədək məlumat yayıldı ki, ABŞ-ın ən böyük və ən yeni aviadaşıyıcı gəmisi “Cerald Ford” Aralıq dənizindən Karib dənizinə gəlir (daha 3 freqatla birlikdə). “Cerald Ford”un Karib hövzəsinə gəlməsi müharibə üçün daha bir güclü arqument olardı. Husilərlə müharibəyə ABŞ iki aviadaşıyıcı gəmi cəlb etmişdi. Si ilə görüşdən sonra isə məlumat yayıldı ki, “Cerald Ford” başqa mövqeyə gedir.
Əgər vəziyyət həqiqətən də belədirsə, ABŞ yaratdığı gərginlikdən necə çıxa bilər?
1️⃣ Çevrilişə cəhd etməklə. Yəqin ki, müəyyən satqınları tapıb artıq. Onların kritik vəzifələrdə olmadığını düşünərək, uğur qazana biləcəyinə şübhə edirəm. Lakin Maduroya qarşı sui-qəsd edə bilsələr, vəziyyət nəzarətdən çıxa bilər. “Bulanıq suda balıq tutmaq” isə MKİ üçün asandır. Hazır prezident var da – Nobel Sülh mükafatı lauretaı Mariya Maçado.
2️⃣ 30-40 Tomahavk atıb, geri çəkilməklə. Bu Trampın 1-ci prezidentliyi dövründə Suriyanı raket zərbəsi ilə “cəzalandırmasına” oxşaya bilər. Və ya husilərlə olduğu kimi elan edə bilər ki, Maduro təslim oldu, bir daha Venesueladan ABŞ-a narkotik daşınmasına imkan verməyəcək.
⭕ Sonda bir nüansa da toxunmaq istəyirəm.
Dünən Maduro hərbi texnika və texnologiyalar sahəsində Rusiya, Çin və İrandan kömək istəyib. Əlbəttə, onlar Venesuelaya kömək edirlər, amma Venesuelanın hərbi texnikasının vəziyyətinə baxanda deyə bilmərik ki, bu kömək yetərlidir və ya ən müasir səviyyəyə uyğundur. Məsələn, Venesuelada S-400 və ya onun Çin analoqu, müasir təyyarələr yoxdur. Məndə belə təəssürat yaranır ki, Çin və Rusiya Venesuelanı qəsdən ən müasir raketlər və texnika ilə təchiz etmirlər. Sanki ABŞ-ı şirnikləndirmək istəyirlər ki, Venesuelaya ordu yeritsin. Bundan sonra isə onlar ABŞ üçün Venesuelada “Vyetnam” düzəltmək istəyirlər. Venesuelada quru müharibəsində ABŞ məğlub olarsa (bu labüddür), bundan sonra onunla hesablaşan olmayacaq. Yəni bu “bataqlığa” girmək ABŞ imperiyasının sonu olacaq.
Asif Şəfəqqətov,
Siyasi analitik
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 02 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















