Icma.az
close
up
RU
Xüsusi qayğıya ehtiyacı olan istedadlı dizayner Fidan İsazadə: Həyat ən gözəl hədiyyədir!

Xüsusi qayğıya ehtiyacı olan istedadlı dizayner Fidan İsazadə: Həyat ən gözəl hədiyyədir!

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 1 may, Anara Axundova, AZƏRTAC

AZƏRTAC xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaq və yeniyetmələr haqqında materiallar silsiləsini davam etdirir. Budəfəki qəhrəmanımız dizayner və bloger Fidan İsazadədir. Kiçik yaşlarında ona uşaq serebral iflici (USİ) diaqnozu qoyulub. İstedadlı qız önlüklər, dəftərlər, ekoçantalar, fincanlar üçün çap dizaynları yaradır, məhsulları ilə yarmarkalarda iştirak edir, “Instagram” səhifəsi aparır, gələcəkdə kitab yazmağı planlaşdırır və müəllim olmağı arzulayır.

Hazırda Fidanın 18 yaşı var. O, “Odlar Yurdu” kollecində maliyyə ixtisası üzrə təhsil alır. Qız Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışır.

Fidanın anası Günay xanım İsayeva deyir ki, qızı uşaqlıqdan rəsmə maraq göstərib. Böyüdükcə “Illustrator” proqramını mənimsəyib və bu proqram vasitəsilə öz dizaynlarını yaratmağa başlayıb.

“Hiss etdim ki, rəsm çəkməyi sevir və dərhal onu rəsm dərslərinə apardım. Sonra baxıram ki, ingilis dilini də sevir, özü bir şəkildə məşğul olmağa başladı. Xatırlayıram ki, o, gəlinciklərlə oynayır və onların arasında ingiliscə dialoq qururdu. Hətta bunu mənim və həyat yoldaşımın telefonları ilə çəkməyə çalışırdı”, – deyə istedadlı qızın anası danışır. “Fidanın 12 yaşı olanda biz ona şəxsi telefon aldıq və videolar çəkməyə başladı. Sonra o, videoları necə montaj etməyi araşdırdı. Texnikanı çox sevirdi, hər şeyi öz gücü, “təcrübə metodu” ilə öyrənirdi. O zaman dedim: “İstəyirsən, “Instagram” səhifəsi açaq. Amma yalnız sən idarə edəcəksən”. Həmin vaxt kiçik oğlum birinci sinfə gedirdi və mənim buna vaxt ayırmağa imkanım yox idi”.

Qısa müddətdə Fidanın səhifəsinə abunəçilər toplandı, videoları baxış sayı qazandı, paylaşımları insanların xoşuna gəldi. Valideynlər onu bloger kurslarına yazdırmağa qərar verdilər. Fidan evdə təhsil alırdı və dərslərini də uğurla çatdırırdı. Günay xanımın sözlərinə görə, məhz Fidanla məşğul olan gözəl müəllimlər onları qızının təhsilini davam etdirməsinin vacibliyinə inandırıblar.

Məktəbdən sonra Fidan hazırda oxuduğu “Odlar Yurdu” kollecinə qəbul olub. O deyir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dərs demək istəyir: “İstəyərdim ki, öz ofisim olsun və orada mənim kimi uşaqlara dərs deyim”, – deyə Fidan arzusunu bölüşür.

“Mən isə istəyirəm ki, bu ofisdə daha bir otaq olsun, orada Fidanın məhsulları olan kiçik bir butik açılsın”, – deyə Günay xanım əlavə edir.

“Bu, anamın arzusudur”, – deyə Fidan gülümsəyir.

“Bəli, mən həqiqətən də bunu arzulayıram, – deyə istedadlı qızın anası gülərək danışır. “Çünki o, bunu çox gözəl bacarır, əl işlərindən qazanc əldə edir və yeni məhsulları üçün bütün materialların pulunu özü ödəyir.

Daha yaxşı olardı ki, əl işləri təkcə yarmarkada satılmasın, daim haradasa saxlanılsın. Amma ən əsası odur ki, özü istədiyi işlə məşğul olub xoşbəxt olsun. Nə qədər gücüm var, ona dağ kimi dayaq olacağam. Şükürlər olsun ki, atası və qardaşı da onu çox dəstəkləyirlər”.

Fidan, həmçinin oxucularla öz fikirlərini bölüşmək istədiyi həvəsləndirici bir kitab yazmağı planlaşdırır.

“O, fikirlərini yazılı şəkildə çox gözəl ifadə edə bilir”, – deyə Günay xanım bildirir: “Instagram” səhifəsində bütün mətnləri özü yazır və abunəçiləri ilə bölüşür. O, əsl motivatordur”.

Çətinliklərdən danışan həmsöhbətimiz səhiyyə və təhsil sistemindəki problemləri vurğulayır.

“Hər il növbəti sinfə keçmək üçün Fidan komissiyadan keçməli olur ki, bu da çox yorucudur. Eyni çətinlik pensiyanın uzadılması zamanı da yaşanır. Bu, saatlarla növbələrdə oturmaq deməkdir, bəzən gecələr də… Yoxlanışlar isə aylarla çəkə bilər… Yoxlanışdan keçmək üçün getdiyimiz yerlər bəzən pəncərəsiz zirzəmi otaqları olur, burada olmaq çox çətindir, xüsusilə də hərəkət məhdudiyyətli insanlar üçün oraya enmək çətindir”, – deyə Günay xanım vurğulayır. “Bu prosedurlarda çoxlu bürokratiya var və sistemsizlik hökm sürür. Bu, həyatı çox çətinləşdirir. Amma ən ağır olan xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların valideynlərinə qarşı işçi heyətinin qeyri-etik davranışıdır. Həkimlər və müəllimlər cəmiyyətin üzərində qurulduğu insanlardır! Onlar qeyri-etik ola bilməzlər. Bu yolverilməzdir”.

Təhsil sistemi barədə fikirlərini bölüşən istedadlı qızın anası inklüzivliyin inkişaf etdirilməsinin vacibliyini qeyd edir: “Çox yaxşı olardı ki, bütün uşaqlar, yəni həm tipik inkişaflı, həm də xüsusi qayğıya ehtiyacı olanlar birlikdə təhsil alsınlar. Onlar bir-birilərini görməli və ünsiyyətdə olmalıdırlar. Məktəblərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün hər şey düşünülməlidir!”

Vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək lazımdır sualına cavab olaraq Fidan deyir: “Düşüncə tərzini dəyişmək lazımdır. Onda hər şey dəyişəcək. Amma düşüncəni birdən-birə dəyişmək olmaz, bu barədə daim danışmaq lazımdır. Bizə də digərləri kimi yanaşmalıdırlar. Bizimlə bağlı deyirlər ki, biz başqayıq, amma bütün insanlar fərqlidir…”

Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinə məsləhət vermək xahişinə cavab olaraq Günay xanım bildirir ki, belə bir vəziyyətlə dərhal barışmaq mümkün deyil, buna zaman lazımdır: “Əgər valideyn yeni qoyulmuş diaqnozu qəbul edə bilmirsə, bu, normaldır. Məsələn, şəxsən mən başa düşmürdüm ki, bununla necə yaşamalıyam... Amma bunu qəbul etmək və inkişaf etməyə davam etmək lazımdır. Bu, artıq bir həyat tərzidir. Anlamaq lazımdır ki, diaqnoz heç nəyi dəyişmir və xüsusi uşağa adi uşaq kimi yanaşmaq vacibdir, ona inanmaq lazımdır. Ondan nəyisə gözləmək, hətta tələb etmək lazımdır! Əgər doğrudan da insanı sevirsənsə və ona inanırsansa, onda hər şey alınacaq. Diaqnoz hökm deyil. Onunla mübarizə aparmaq lazım deyil. Onunla sadəcə yaşamaq lazımdır və qorxmaq olmaz. Biz Fidan ilə haralara getmədik, nələr etmədik?! Əgər mən onu daim əzizləsəydim, fikirləşsəydim ki, o, nəyisə bacarmaz, onda uşaq necə böyüyərdi? Mən isə deyirəm ki, Fidan bacaracaq! Ona da deyirəm ki, başqalarına nümunə olmalısan. Axı sən bu qədər şeyi bacarmısan! Başqalarına de ki, mən bacardım, siz də bacararsınız!”

Öz növbəsində, xüsusi qayğıya ehtiyacı olan digər uşaqlara məsləhət vermək xahişinə cavab verən Fidan deyir: “Özünüzə inanmalısınız. Mənfi sözlər deyənləri dinləməyin. Özünüzə inanın və xoşbəxt olun. Həyat qısadır! Həm də həyat ən gözəl hədiyyədir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri