YAP ın 34 illik fəaliyyəti Baş redaktorların baxışı
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Yeni Azərbaycan Partiyasının (YAP) yaranması Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biri hesab olunur. 1992-ci il noyabrın 21-də təsis edilən partiya ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində formalaşaraq Azərbaycanın siyasi həyatında özünəməxsus yer tutub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP sonrakı illərdə ölkənin siyasi sisteminin formalaşmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ictimai-siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayıb.
Yarandığı dövrdən etibarən müxtəlif inkişaf mərhələlərindən keçən Yeni Azərbaycan Partiyası ölkənin siyasi, iqtisadi və sosial həyatında baş verən proseslərlə sıx bağlı fəaliyyət göstərib. Partiyanın siyasi xətti, dövlət quruculuğu istiqamətində həyata keçirilən təşəbbüsləri və Azərbaycanın inkişaf strategiyasına verdiyi töhfələr bu gün də ictimai müzakirələrin əsas mövzularındandır. Xüsusilə ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, sosial-iqtisadi inkişafın təmin edilməsi və beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində görülən işlər YAP-ın siyasi fəaliyyətinin mühüm istiqamətlərini təşkil edir.
Bu gün Yeni Azərbaycan Partiyasının yaranma ildönümü yalnız onun keçdiyi tarixi yola nəzər salmaq deyil, həm də Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rolu, dövlət quruculuğuna verdiyi töhfələri və gələcək fəaliyyət perspektivlərini dəyərləndirmək baxımından əhəmiyyətlidir. Partiyanın formalaşdığı dövrdən bu günədək əldə etdiyi siyasi təcrübə, ölkənin inkişaf proseslərinə təsiri və qarşısında duran yeni çağırışlar diqqət mərkəzindədir.
Bəs görəsən, baş redaktorlar Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümünü və onun Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu necə qiymətləndirirlər? Onların fikrincə, partiyanın yarandığı dövrdən bu günədək keçdiyi inkişaf yolu, dövlət quruculuğuna verdiyi töhfələr və ölkənin siyasi, iqtisadi, sosial həyatına təsiri hansı məqamlarla səciyyələnir?
SİA mövzu ilə bağlı baş redaktorlar arasında sorğu keçirib.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev:
"Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan siyasi tarixində yeni mərhələnin başlanğıcı, dövlətçilik düşüncəsinin və milli siyasi təşkilatlanmanın formalaşmasında mühüm hadisələrdən biridir. Bu hadisəyə yalnız bir siyasi partiyanın təsis olunması kimi yanaşmaq düzgün olmazdı. Çünki YAP-ın meydana gəlməsi Azərbaycanın müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi, ölkədə siyasi qeyri-sabitliyin hökm sürdüyü, dövlətçiliyin qorunmasının əsas məsələyə çevrildiyi mürəkkəb tarixi şəraitlə bağlı idi.
1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranması xalqın siyasi iradəsinin, ziyalıların dövlətçilik narahatlığının və Ulu Öndər Heydər Əliyevin rəhbərliyinə olan ictimai ehtiyacın ifadəsi idi. Burada xüsusi diqqət çəkən məqamlardan biri odur ki, YAP başlanğıcda müxalifət partiyası kimi siyasi meydana çıxsa da, elə ilk gündən öz fəaliyyət fəlsəfəsi ilə fərqli bir siyasi təşkilatlanma modeli ortaya qoydu. Bu modelin əsas mahiyyəti hakimiyyət uğrunda mübarizəni şəxsi və ya qrup maraqları üzərində deyil, xalqa, dövlətə, milli maraqlara xidmət prinsipi üzərində qurmaq idi.
Bu məqamda mənim üçün xüsusi əhəmiyyət daşıyan başqa bir tarixi faktı da vurğulamaq istərdim. Yeni Azərbaycan Partiyasının yaranması prosesində “Səs” qəzetinin müstəsna tarixi rolu olub. Əslində, YAP-ın siyasi tarixinin başlanğıcında “Səs” qəzetinin də özünəməxsus imzası və missiyası dayanır. Məhz 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının Ulu Öndər Heydər Əliyevə ünvanladığı, tarixə “91-lərin müraciəti” kimi düşən “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət “Səs” qəzetində dərc olunub. Ulu Öndərin oktyabrın 24-də həmin müraciətə verdiyi tarixi cavab da yenə “Səs” qəzetinin səhifələrində işıqlandırılıb. Beləliklə, “Səs” qəzeti sadəcə bu tarixi hadisənin informasiya daşıyıcısı deyil, YAP-ın yaranmasına aparan ictimai-siyasi prosesin mühüm platformalarından biri olub".
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə:
"Yeni Azərbaycan Partiyasının yaradılmasından heç yeddi ay keçməmiş Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bununla da həm müstəqil Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni və həlledici mərhələnin əsası qoyuldu. Ölkənin parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Ulu Öndərin zəngin dövlətçilik və idarəçilik təcrübəsi, xalqına və Vətəninə olan sonsuz sevgisi ölkəni dərin böhrandan xilas etdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, hüquqi dövlət quruculuğu istiqamətində köklü islahatlar aparıldı, “Əsrin müqaviləsi”nin imzalanması ilə enerji diplomatiyamızın davamlı uğurlarına yol açıldı.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılmış möhkəm dövlətçilik təməli və müəyyənləşdirilmiş hərtərəfli inkişaf strategiyası müasir Azərbaycanın uğurlarının əsasını təşkil edir. Bu siyasi kursun son 23 ildə Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun, ardıcıl və uğurla davam etdirilməsi ölkəmizi keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxarmışdır. Məhz bu məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan özünün tarixi Zəfərinə imza atmış, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmişdir".
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev:
"Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində, ölkənin mürəkkəb siyasi və ictimai proseslərdən keçdiyi bir dövrdə yaradılmış partiyadır. YAP yarandığı ilk gündən güclü siyasi təşkilat kimi formalaşdı. Bunun əsas səbəblərindən biri partiyanın lideri Ulu Öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dövlətçilik fəaliyyəti və xalq arasında qazandığı böyük nüfuz idi. Heydər Əliyev siyasətə yeni gələn, siyasi prosesləri yenicə öyrənən şəxsiyyət deyildi. Onun siyasi iradəsi, idarəçilik təcrübəsi və tarixi xidmətləri partiyanın qısa müddətdə geniş ictimai dəstək qazanmasına və siyasi nüfuzunun möhkəmlənməsinə şərait yaratdı.
Bir çox ölkələrdə siyasi partiyalar əvvəlcə təşkilatlanır, zaman keçdikcə güclənir və yalnız bundan sonra hakimiyyətə gəlmək imkanları əldə edirlər. Yeni Azərbaycan Partiyasının fərqli cəhəti isə onun yarandığı gündən güclü liderə, aydın siyasi xəttə və ciddi ictimai dayaqlara malik olması idi. Məhz bu xüsusiyyət YAP-ı təkcə Azərbaycanın deyil, digər ölkələrin siyasi partiyalarının formalaşma təcrübəsindən fərqləndirən mühüm amillərdən biri kimi səciyyələndirir".
Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli:
"Yeni Azərbaycan Partiyasının yaranması müasir Azərbaycan tarixinin mühüm hadisələrindən biridir. 1992-ci ildə, ölkəmizin mürəkkəb siyasi, iqtisadi və hərbi proseslərdən keçdiyi bir dövrdə yaradılan YAP həmin mərhələdə cəmiyyətdə mövcud olan siyasi gözləntilərin və yeni siyasi qüvvəyə olan ehtiyacın nəticəsi idi.
Həmin dövrdə Azərbaycanın müstəqilliyi, dövlətçiliyi və gələcək inkişafı ciddi sınaqlarla üz-üzə idi. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə suverenliyimizin tam bərpası müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindəndir. Bu proseslər ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu və bütün bu qələbələri Azərbaycan xalqına bəxş edən Cənab Prezident İlham Əliyev oldu".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Noyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















