Yaxın Şərqdə təhlükəsizlik səyləri yenidən birləşdirilir
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Məkkə paktı Türk dünyasının regiona strateji təsirini artırır
Ər-Riyad, Ankara və İslamabad xəttində təhlükəsizlik memarlığının yenidən qurulmasını rəsmiləşdirən Məkkə sazişi Yaxın Şərq ilə Cənubi Asiya geosiyasi xəritəsində yeni güc mərkəzi formalaşdırır. Ər-Riyadın zəngin maliyyə potensialı, Ankaranın innovativ müdafiə sənayesi və İslamabadın strateji hərbi ehtiyatları vahid hərbi-siyasi format altında cəmləşir.
Qlobal mərkəzlər təşəbbüsü “İslam NATO-su” adlandırsa da, saziş iştirakçıları platformanın sırf preventiv müdafiə məqsədi daşıdığını vurğulayırlar. Yəni hər hansı dövlətə hücum planlaşdırılmır, sadəcə, kollektiv müdafiə prosesi təsis edilir. Tərəflərdən hər hansı iştirakçıya edilən xarici təcavüz avtomatik olaraq digər dövlətlərə qarşı yönəlmiş təhdid sayılır.
Məkkə paktı yalnız hüquqi öhdəliklər toplusu ilə məhdudlaşmır. Saziş ortaq hərbi təlimlərin keçirilməsini, kəşfiyyat məlumatlarının operativ mübadiləsini, eləcə də vahid komandanlıq mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Sənədin ən mühüm cəhəti üç dövlətin malik olduğu resursların qarşılıqlı şəkildə tamamlamasıdır. Səudiyyə Ərəbistanının iqtisadi qüdrəti yeni texnologiyaların alınması, irimiqyaslı layihələrin maliyyələşdirilməsi mərhələsində həlledici rol oynayır. Türkiyə son onilliklərdə müdafiə sənayesi sektorunda davamlı inkişaf proqramları həyata keçirərək qlobal miqyaslı texnologiya ixracatçısına çevrilib. Pilotsuz uçuş aparatları, radioelektron mübarizə vasitələri, qabaqcıl dəniz platformaları, həmçinin zirehli texnika istehsalı sahəsində Ankaranın uğurları hərbi paktın hərəkətverici qüvvəsini təşkil edir. Pakistan isə müttəfiqliyə fərqli strateji dəyər qatır. İslamabad güclü quru qoşunlarına, peşəkar hərbi kadr ehtiyatına, xüsusən də nüvə texnologiyasına malikdir. Məhz bu üç fərqli komponentin – kapital, texnologiya, qabaqcıl hərbi sənaye potensialının sintezi regional təhdidləri neytrallaşdırır.
Türkiyə və Pakistan arasında hərbi əməkdaşlığın çox dərin tarixi kökləri var. Ötən illər ərzində hər iki ölkə ortaq təlimlər keçirib, müdafiə texnologiyaları sahəsində müştərək strategiyalar icra edib. İndi ikitərəfli əməkdaşlıq Səudiyyə Ərəbistanının krallıq qüdrəti ilə zənginləşərək üçtərəfli qlobal gücə çevrilir. Ər-Riyad rəhbərliyi yeni dövr vizyonu çərçivəsində iqtisadiyyatını neftdən asılılıqdan xilas etməyə, həmçinin yerli sənaye, xüsusilə də müdafiə kompleksi formalaşdırmağa çalışır. Məhz həmin məqsədlə Türkiyənin təcrübəsindən yararlanmaq, ortaq zavodlar qurmaq Krallığın gələcək planlarında xüsusi yer tutur. Səudiyyənin müdafiə büdcəsi dünyanın ən böyük büdcələri sırasında yer alır. Onun mühüm hissəsinin qeyd edilən ittifaq çərçivəsində müştərək layihələrə yönəlməsi iştirakçı dövlətlər üçün milyardlarla dollar dəyərində iqtisadi aktivlik yaradır.
Qlobal güc balansında yaşanan struktur transformasiyaları qeyd edilən paktın yaranmasını zəruri edir. ABŞ rəhbərliyinin xarici siyasət kursu, xüsusən Donald Tramp administrasiyasının fərqli vizyonu sazişin həyata keçirilməsində mühüm rol oynayır. Rəsmi Vaşinqton Məkkə ittifaqını ölkənin maraqlarına yönələn təhdid qismində qəbul etmir. Əksinə, Ağ Ev regional ölkələrin təhlükəsizlik xərclərini bölüşməsini, habelə sabitliyin təminatında bilavasitə məsuliyyət daşımasını müsbət qiymətləndirir.
Donald Trampın strateji yanaşmasına əsasən, ABŞ-ın bütün coğrafiyalarda daimi təhlükəsizlik qarantı statusunda çıxış etməsi zərurət yaratmır. Rəsmi Vaşinqton mühafizəçi rolundan regional arbitr və strateji tərəfdaş mövqeyinə keçid edərək müttəfiqlərinin müstəqil qərarlar qəbul etməsinə şərait yaradır. Ər-Riyad, Ankara, eləcə də İslamabad Vaşinqton üçün mühüm tərəfdaşlar sayıldığından, Məkkə paktı hərbi yükün regional bölüşdürülməsi modelinə tam uyğun gəlir.
Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişən ortaq platformaya Tehran prizmasından yanaşdıqda fərqli geosiyasi mənzərə yaranır. İran administrasiyası Məkkə ittifaqını Qərbdən asılı olmayan yeni regional təhlükəsizlik strukturunun yaranması kimi qiymətləndirir. Eyni zamanda, Tehran prosesi Ər-Riyad və Ankaranın Vaşinqtonun siyasətindən müəyyən dərəcədə məyus olaraq alternativ təhlükəsizlik modellərinə yönəlməsinin göstəricisi kimi qiymətləndirir. İranın narahatlığını azaldan başlıca amil blokun sırf müdafiə xarakteri daşıması, həm də Misirin hələlik layihədən kənarda qalmasıdır. Pakistanın həm Vaşinqtonla, həm də Tehranla sıx diplomatik əlaqələrə malik olması İslamabada gələcək danışıqlarda konstruktiv vasitəçi statusu qazandırır. Misirin ərəb dünyasının ən böyük ordusuna sahib olmasına baxmayaraq, hələlik prosesə qoşulmaması bloku hər hansı lokal qarşıdurma mərkəzindən daha çox qlobal Asiya–Yaxın Şərq dialoqu müstəvisinə gətirir.
***
Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya regionunda Məkkə paktının geosiyasi təsirləri xüsusi diqqət cəlb edir. Azərbaycanın xarici siyasətində Türkiyə ilə strateji müttəfiqlik, habelə Pakistanla yüksək səviyyəli hərbi tərəfdaşlıq həlledici amildir. Şuşa Bəyannaməsi əsasında fəaliyyət göstərən Azərbaycan–Türkiyə strateji həmrəyliyi və İslamabad ilə inkişaf edən hərbi əməkdaşlıq sənədləri Bakının təhlükəsizlik arxitekturasını möhkəmləndirir.
Məkkə sazişi Türkiyə ilə Pakistanın müdafiə sənayesi sahəsində koordinasiyasını qat-qat gücləndirdiyindən, ortaq potensial Azərbaycanın hərbi təhlükəsizliyinə əlavə siyasi-hərbi dividendlər gətirir. Müdafiə texnologiyalarının ötürülməsi, ortaq istehsal müəssisələrinin yaradılması, üstəlik, kəşfiyyat məlumatlarının mübadiləsi Azərbaycan ordusunun modernləşmə prosesini sürətləndirir. Yeni təhlükəsizlik balansı regional təhdidləri neytrallaşdırmaqda rəsmi Bakıya geniş manevr imkanları qazandırır.
Qlobal miqyasda cərəyan edən dəyişikliklər fonunda Türk Dövlətləri Təşkilatı daxilindəki inteqrasiya prosesləri Məkkə sazişinin yaratdığı yeni geosiyasi reallıqlardan əsaslı şəkildə faydalanır. Türkiyə təşkilat daxilindəki təhlükəsizlik məsələlərinin mərkəzi hərəkətverici qüvvəsidir. Ankara–İslamabad–Ər-Riyad əməkdaşlığı Türk dünyasının hərbi-iqtisadi təhlükəsizliyinə yönələn qlobal təzyiqləri balanslaşdırmaq qabiliyyətinə malikdir.
Mərkəzi Asiya ölkələrinin cənub istiqamətində – Fars körfəzi, eləcə də Hind okeanı limanlarına çıxış strategiyasında Pakistanla Səudiyyə Ərəbistanı mühüm tranzit tərəfdaş rolunu oynayır. Asiya ilə Avropanı əlaqələndirən Orta Dəhliz layihəsinin təhlükəsizliyi, onun davamlı fəaliyyəti baxımından qeyd olunan müdafiə üçbucağı zəruri sabitlik platforması funksiyasını yerinə yetirir. Qlobal proseslər Türk dövlətlərinin iqtisadi asılılığını minimuma endirməyə kömək edir. Yaranmış mənzərə Türkiyənin qlobal gücə çevrilməsi fonunda bütün türkdilli arealın beynəlxalq proseslərdəki çəkisini artırır.
Məkkə sazişi beynəlxalq sistemdə güc mərkəzlərinin Qərbdən Şərqə, xüsusən Asiya–Yaxın Şərq xəttinə dəyişdiyini isbatlayan tarixi hadisədir. Yeni kollektiv təhlükəsizlik mexanizmi müasir dövrün hərbi paktlarının hansı tələblərə cavab verməli olduğunu təyin edir. Tərəflər dar çərçivəli eqoist maraqları rədd edərək ortaq regional inkişafı, sabitliyi qorumağı seçirlər. Vaşinqtonun dəstəyi sənədin beynəlxalq legitimliyini möhkəmləndirir, eyni zamanda, böhranların fərqli formada, bilavasitə yerli dövlətlərin iştirakı ilə idarə olunmasına fürsət tanıyır.
Yusif ŞƏRİFZADƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Avqust 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















