Icma.az
close
up
RU
Yenə qan, yenə şəhidlik, yenə təziyə İmam Rza məqbərəsində gecələyən, xalıları süpürən hökmdar kim idi?

Yenə qan, yenə şəhidlik, yenə təziyə İmam Rza məqbərəsində gecələyən, xalıları süpürən hökmdar kim idi?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Aydın Talıbzadənin "Dünya qan üstündə bir xanimandır" və ya şah Abbas üçün təziyə" adlı yazısını təqdim edir.

Məqalənin adının ilk cümləsi Səməd Vurğunun “Vaqif” dramından iqtibasdır, Ağa Məhəmməd şah Qacarın fəlsəfi bir pessimizmlə dilə gətirdiyi fikirdir, həqiqətin depressiv tonallıqda bəyanıdır. Amma aktuallığı dartışılmır: bütün zamanların sosial-siyasi-iqtisadi-ictimai gündəmində həmişəlik yeri var. Rusiya, Ukrayna, Amerika və Avropa Birləşmiş Ştatları, İran, Suriya, İsrail və digər demokratik ölkələrin humanizmdən dəm vuran çağdaş liderləri öz əməllərində elə S.Vurğunun Qacar diliylə söylədiyini təsdiqləyirlər. Dünya bu gün qan içir, neft yerinə qan yandırır, torpağı qanla suvarır, dənizə qan axıdır, buludlara qan qoxusu hopdurur, şahmat oyununu qan-qan oyununa döndərir və elə ona görə də hər siyasi gedişdən sonra şahmat taxtası üzərində qan izi qalır. Çünki oddan isti olan tamah su ilə sönmür: tamahı yalnız qan sakitləşdirir, o da müvəqqəti...

Dramaturq İlqar Fəhminin “Şahnamə” pyesinə də, quruluşçu rejissor Nicat Mir Kazımovun “Şah Abbas Namə” tamaşasına da vicdanı qan, niyyəti qan, əməli qan olan personajlar toplaşıblar. Nədən ki hakimiyyətin də, hökmranlığın da, torpağı vətənə çevirməyin də, müstəqillik, azadlıq uğrunda mübarizənin də yolları qandan keçir.

Bu müdhiş həqiqətin genetik və ekzistensional kodunu tapmaqdan ötrü İ.Fəhmi öz pyesini “tarixin laboratoriyası” prinsipi üzrə tərtibləyib, səhnəni təcrübə məkanı kimi seçərək tarixi faktların təftişinə girişib, Şah Abbasın altyapısında köz bağlamış yaranın, hökmdarın infantilliyinin, cocuqluq basqılarının, bu və ya digər situasiyada atdığı addımlarının psixoloji səbəblərini aşkarlamağa, tarixdən bəlli xəstəhal şübhələrinə, daha elmi desəm, paranoyasına istinadən bu xaqanın həyat xronikasına fərqli bir yöndən yanaşmağa, “Şah Abbas imici”ni dekonstruksiya etməyə çalışıb; insaniyyət qanunlarını pozduğuna, cavan varislərini müxtəlif üsullarla amansızcasına aradan götürdüyünə görə onu mühakimə edib; dövləti, torpaqları birləşdirdiyinə, Səfəvi xanədanına yüksəliş yaşatdığına görə qibleyi-aləmə bəraət qazandırıb.

Odur ki, burada konflikt Şah Abbasın ekzistensional durumu ilə onun sosial-ictimai görəvi, mənəvi-əxlaqi öhdəlikləri arasındadır. Şah Abbasın ekzistensional yaşantıları, psixofizioloji durumu, şiə tərbiyəsi tələb edir ki, o təziyələrə qatılsın, rəhm, ədalət duyğuları ilə motivasiya olunan coşqun ehtiraslar burulğanına atılsın, bu emosiya püskürmələrində öz subyektiv ağrılarını, basqılarını obyektivləşdirsin. Sosial-ictimai görəv, mənəvi-əxlaqi öhdəliklərsə bunun əksini tələb edir: tələb edir ki, Şah Abbas siyasi əlaqələr zəncirində soyuqqanlı bir tərzdə, duyğusallığı sıfıra endirib yalnız məntiqə və dövlət maraqlarına söykənərək “şahmat partiyası oynasın”.

ŞƏTRƏNC VƏ ŞƏBİH

Nicat Mir Kazımovun “Şah Abbas Namə” tamaşası janr etibarı ilə beşcə fraqmentdən ibarət ikihissəli tarixi dramdan daha çox təziyədir, şahmat taxtası üstündə saray fitnə-fəsadları ucbatından qətlə yetirilənlərin təziyəsi...

Şübhəsiz ki, İ.Fəhminin dramı da şəbih teatrının mövzu dairəsini əhatələyən “passion plays”, yəni “ehtiras pyesləri” kateqoriyasında da təsnif edilə bilər. Fikrimcə, quruluşçu rejissor yeganə düzgün qərar qəbul edərək tamaşanı məhz təziyə poetikasında formatlaşdırıb, konflikti təziyə müstəvisinə köçürüb Şah Abbası şəbih personajları ilə bərabər tutub.

Bu da təsadüfi sayılmaz. Çünki Səfəvi-Qızılbaş imperiyasının ideologiyasında şiəlik, şiəliyin emosional-atributiv, suggestiv təzahürü sayılan imam Hüseyn təziyəsi dominant mövqedə qərarlaşır.

Zatən İ.Fəhminin pyesində də təziyə ovqatı Şah Abbası hələ uşaqlığından bəri izləyən bir halətdir. Belə ki, Şah Abbasın həyatının gərginlik məqamlarında onun emosional yaddaşında “ləpirlənmiş” cocuqluq travmaları faş olur. Hər zaman çətinliyin dibinə yuvarlanarkən personajın xəyali olaraq öz uşaqlıq çağlarına dönüb də anasına yalvarış dolu yanıqlı müraciətlərini təsəvvüründə canlandırması uzaqdan-uzağa Fatimeyi-Zəhra-imam Hüseyn münasibətlərini xatırladır, şiə imamının yaşadığı müsibətlərin kontekstində çözülür və aydınlaşır ki, Şah Abbas özünü islam dünyasının şiə qəhrəmanları ilə, ilk növbədə, haradasa imam Hüseynlə identifikasiya eləyirmiş...

Heç də əbəs deyil ki, Mirzə bəy əl-Həsən əl Hüseyni Cunabadinin Səfəvi tarixindən yazdığı əsərinin adı “Rovzətüs-Səfəviyyə” (Azərb EA Tarix institutunun Elmi Arxivi, inv. № 2614/5, vərəq 126-a.) Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-Şühəda" təhkiyəsinin adı ilə baxışır və təbii ki, bu adla Cunabadi Səfəvi şahlarını şiə imamları ilə qiyaslayır. Məlum olduğu kimi rövzələr şiə imamlarının həyatı və şəhadəti barədə yazılan bioqrafik hekayətlər qismində təsnif edilir.

Kiçik bir xatırlatma: tarix Şah Abbası qatı bir dindar, bir mövhumatçı, əsl bir şiə hökmdarı kimi yaddaşlarda saxlayıb. Faktlar bəyan eləyir ki, Şah Abbas Məşhəd zəvvarlığına böyük önəm verər, dəfələrlə şiələrin 8-ci imamının ziyarətinə gedərmiş. Hətta onun imam Rza məqbərəsində gecələr qalıb növbə çəkdiyini, xalıları süpürüb şamların “göz yaşları”ndan toplanan mumları yığdığını da söyləyirlər. 1601-Ona görə də Nicat Mir Kazımovun tamaşanı təziyə ilə paralelləşdirməsi spektral şəkildə özünü doğruldur: bu, bir tərəfdən hadisələrin sakral-mistik dünya ilə ilişkisini vurğulayır, Şah Abbası birbaşa Muhamməd peyğəmbərin ailəsilə bağlayır, digər tərəfdən isə aktyorların ifa manerasını səmtləndirir, onların oyun üslubuna şəbih teatrının müəyyən elementlərini qatır, səhnədə atmosfer yaradan faktora çevrilir, personajlar arasındakı münasibətlərin emosional səciyyəsini, ehtiraslar amplitudasını müəyyənləşdirir.

Tamaşanın emosional-affektiv qayəsi quruluşçu rəssam Mustafa Mustafayevin yetərincə soyuq, sadə, amma zövqlü səhnə tərtibatı ilə balanslaşdırılır. Öz iş keyfiyyətinə görə müasir teatr rəssamlığının avanqardında dayanan M.Mustafayev bu dəfə səhnə planşetini iri xanalı şahmat taxtası kimi tərtibləyib, yalnız ağ və qara rənglərdən faydalanıb, top, at və fil kimi oyun fiqurlarını böyük ölçülərdə simvolik olaraq göz önündə sərgiləyib, personajları Şah Abbas dövrünün saray dəbinə müvafiq eleqant, səliqəli bir şəkildə geyindirib, onları sanki miniatürlərdən götürərək şahmat fiqurlarının ağ-qara görüntüsünə uyğunlaşdırıb, səhnənin üçüncü planında isə hökmdarın taxt-tacını yerləşdirib, boş məkanın gözəlliyinə xələl gətirmədən oyun üçün ideal sahman yaradıb. Qələbələrə, məğlubiyyətlərə, ehtiraslara, ölümlərə biganə şahmat taxtası və şəhidlərə saxlanılan matəmin apogeyi sayılan təziyə: rejissorla rəssam tamaşanın fikir və duyğu balansından ötrü əla tənzimləyici qütblər müəyyənləşdiriblər...

Hərçənd “şahmat” ideyası İ.Fəhminin özündən gəlir: zatən, dramaturq əsərinin birinci fraqmentini “Şətrənc” (sanskritcə “çaturanqa” sözünün fars modifikasiyası), yəni “Şahmat” adlandırıb; harada ki, növcavan – yeniyetmə Şah Abbas taxt-taca sahiblənmək, keçmişinin xəcalətli məqamlarını ört-basdır etmək üçün guya ki ən yaxın adamlarını Mürşid xan Ustaclını və Sadiq bəyi tərəddüd keçirmədən qətlə yetirir. Bu, şah Abbasın debütüdür, təəssüf ki, qanla başlayan debütüdür və o, elə debütdəcə darmacala düşüb piyadaları əlüstü qurban verir.

Nicat Mir Kazımov da öz tamaşasını şahmat oyununun prinsipləri əsasında strukturlaşdırır: ayrı-ayrı epizodlarda mizanlar at, fil, top fiqurlarının şahmat taxtası üzərində gedişlərinə müvafiq qurulur, aktyorlar isə müəyyən məqamlarda bu fiqurları yamsılaya-yamsılaya xanadan-xanaya addımlayırlar.

I hissənin “Şətrənc” fraqmenti, əslində, qorxudan qaynaqlanmış ekzaltasiya vəziyyətində oynanılan debütdür, piyadalardan, yüngül fiqurlardan çaparaq imtinadır. Ona görə də bu fraqmentdə personajlar dinamik şəkildə səhnədə yerlərini dəyişirlər, mövqe uğrunda mübarizə aparırlar: saray içində növcavan Şah Abbasla (Sənan Kazımov) gah onun saray sirdaşı Sadiq bəy (Mətləb Abuşov), gah da lələsi Mürşidqulu xan Ustaclı (Rasim Cəfər) qruplaşmağa, dost ittifaqı bağlamağa çalışırlar. Şah Abbas isə guya ki yaxın adamlarının öyüdlərini diqqətlə dinləyib onların hər ikisindən həmişəlik qurtulmağı, hər cür asılılıq bağlarını qırmağı, marionetka yox, məhz əsl hökmdar olmağı üstün tutur, mənəvinin işıqlarını söndürür və beləliklə də qatil olub öz keçmişinin şahidlərilə birdəfəlik vidalaşır. Vidalaşsa da, ötən günlərin psixoloji travmalarını alt-şüuruna “yığıb” özü ilə bərabər gələcəyinə aparır... Uşaqlıq qorxuları onu ölüm evinə qədər hər an izləyəcək...

Odur ki, tamaşada dörd Şah Abbas dörd fərqli aktyorun ifasında təqdim edilir və quruluşçu rejissor dörd Şah Abbasın dördünü də daim səhnədə saxlayır, onların üçünü bir seyrçi qismində səhnə planşetinin üzərindəki şahmat xanalarının sağ və sol tərəflərində yerləşdirilmiş lojalarda əyləşdirir: belə ki hərə yalnız öz növbəsində lojadan aşağı enib özündən əvvəlkini əvəzləyir, iştirakçı olub oyuna qatılır.

Bu da yəqin ondan irəli gəlir ki, tamaşanın hər fraqmentində hökmdarın xarakteri bir şəxsiyyət tipi sərgiləyir.

“Şətrənc”də debütə başlarkən aktyor Sənan Kazımovun növcavan Şah Abbası melanxolikdir, öz uşaqlıq travmalarından qorxur, ehtiyatlanır, iradəsi zəif, pessimizmə meylli birisidir. Rejissorun və aktyorun yozumunda o məqam da sezilir ki, ilk qətlləri növcavan Şah Abbas cəsurluğu, qəhrəmanlığı müqabilində yox, şübhələrdə qovrulan, səksəkəli və xoflu bir kimsə olduğu üçün törədir.

Tamaşanın “Qan qoxusu” adlandırılmış ikinci fraqmenti yetkin Şah Abbasın Səfəvi xanədanını bir ideologiya ətrafında birləşdirmək, bu yolda ona mane ola biləcək rəqiblərilə haqq-hesab çürütmək cəhdi kimi səciyyələnir. Yəqin elə ona görə də quruluşçu rejissor yetkin Şah Abbası (Niyaz İdrisoğlu) səhnəyə imam Hüseyn təziyəsi əzadarlarının qara libasında çıxarır.

Artıq bu Şah Abbasın şəxsiyyət tipi tamam başqadır: aktyor N.İdrisoğlunun ifasında yetkin Şah Abbas xolerikdir, yetərincə impulsiv birisidir, təziyə zamanı məscid meydanına toplaşmış çılğın əzadarlara bənzəyir, əlinə götürdüyü şallaqla yeri qəzəb, hikkə və hökmlə döyəcləyir, hətta dini ekstazda döşəmə ilə sürünür, enerjidən aşıb-daşır...

O, torpaqları birləşdirmək, möhtəşəm bir imperiya qurmaq ideyası uğrunda imamlar kimi şəhid olmağa da, şiəliyi dövlətin prioritet dəyərlərinin önündə daşımağa da hazırdır. Bununla da səhnədə Şah Abbasın debütü sanki şahmat oyununda olduğu kimi mittelşpillə əvəzlənir, oyuna piyadalardan savayı ağır fiqurlar da intensiv daxil edilir, hökmdar daxili siyasətdə manevrlər edib eynən şətrənc oyununda olduğu kimi yeni kombinasiyalar qurur, öz təəbələri arasında nüfuzunu gücləndirir, səfəvi elitasının “ağzını yumur”, diktat üsulu ilə tam şəkildə hakimiyyətə yiyələnir, Əfşar, Qacar, Ustaclı soyundan olan tayfa liderlərini “eqo tələsi”nə salıb neytrallaşdırır.

Ona görə də tamaşanın “Zindan” fraqmentində Fateh Şah Abbas (Elnur Kərimov) artıq şəxsiyyətin əsl sanqvinik tipinə çevrilir: sürəkli eyləmlər içindədir, dövlətin inkişafı, məmləkətin çiçəklənməsi üçün optimal variantlar arayır və elə bu səbəbdən də bir hakimi mütləq kimi ona bu yolda sadiq qalacaq kimsələri arayır. Oyun endşpilə keçir.

Zülfüqar xan Qaramanlı vaxtilə I Şah Abbası osmanlılara qarşı çətin döyüşdə xilas etmişdi. Di gəl ki buna rəğmən şah sonralar Şirvanın bəylərbəyi təyin etdiyi Zülfüqar xana inamını itirir. Dağıstanlıların Şirvana hücumu zamanı Zülfüqar xan öldürülür. Bəzi tarixçilərin söylədiyinə görə bu ölümün planını Şah Abbasın özü cızıbmış...

Kiçik bir xatırlatma: qərblilər Şah Abbas haqqında yazırdılar ki, o öz hakimiyyətinin yeganə sahibidir, ondan-bundan asılı olan Avropa hökmdarlarından fərqli qərarları təkbaşına qəbul edir, heç kimlə məsləhətləşmir və xalqın qayğısına qalır.

İ.Fəhmi bu informasiyadan bəhrələnib Şah Abbasla Zülfüqar xanı mümkün bir ehtimal kimi “Zindan” səhnəsində qarşılaşdırır və “axı nə üçün onlar bir-birinə düşmən oldu?” sualına cavab tapmaq niyyətində bulunur. Quruluşçu rejissor Zülfüqar xan rolunun ifaçısı Manaf Dadaşovun istedad çalarlarını nəzərə alaraq bu fraqmenti də zəncirlərin köməyilə şəbih teatrı üslubunda affektiv tonallıqda həll edir: qolları zəncirli aktyor bu fraqmentdə xəyanətin utancı ilə sadiqliyin şərəfi arasında kərkəs kimi çırpınır. Belə bir kərkəslə üz-üzə qalanda Elnur Kərimovun fateh Şah Abbası qorxağın birinə çevrilir: amma yenə də növbəti təsadüfi kombinasiyanın hesabına, Zülfüqar xanın mərdanə rəhmi hesabına ölümdən qurtulur və bu səhnənin şəhidi, təbii ki, Zülfüqar xan olur. Yenə qan, yenə şəhidlik, yenə təziyə: dünyanın permanent durumu...

Tamaşanın dördüncü “Vəliəhd” fraqmentində, nəhayət ki, Azərbaycan teatrının səmimiyyət “kralı” aktyor Qurban İsmayılov əyləşdiyi lojadan qalxıb müdrik Şah Abbas rolunda səhnəyə enir. Bu dəfə də quruluşçu rejissorun aktyor tərcihi yüzdə yüz dəqiqdir: həm Şah Abbas haqqında tarixdə qalan məlumatlara uyğundur, həm də pyesin konseptual mahiyyətilə uzlaşır.

Kiçik tarixi bir xatırlatma. Bu səfər Səfəvi xanədanının ispan səfiri Antonio de Qoveanın müşahidələrindən görünən I Şah Abbas səmimiyyəti: 1604-cü ildə Kaşan vilayətinə daxil olarkən Səfəvi hökmdarı xalq qarşısında göz yaşları içində elə bir nitq söylədi, Allah yanında günahlar işlətdiyini etiraf edib özünün onlara layiq olmadığını elə yanğıyla dilə gətirdi, sadə insanları yüksəldib elə bir mərtəbəyə qoydu ki, hətta biz belə kövrəlib kənara çəkildik.

Bax, elə buradan da əsl teatral oyun, əsl teatral eyləm başlayır. Münasibətlərin gərginliyində aşkarlanan həqiqi dramatizm məhz tamaşanın bu parçasına yüklənib. Çünki burada mübarizə predmetinin konkretliyi, mənafelərin toqquşmasının gerçəkliyi var. Bundan əvvəlki hissələr isə tarixçədir, Şah Abbasın həyatından götürülmüş faktların hermenevtik və özünəməxsus yozumudur: harada ki vəziyyət nə vaxtsa baş vermiş olayın nəticəsi kimi zühur eləyir.

Q.İsmayılovun ifasında Şah Abbas müdrik bir insandır, fleqmatik şəxsiyyət tipinə yaxındır: 42 illik hömdarlıq təcrübəsinə malik bir ixtiyardır və o, çox gözəl bilir ki, seçim etməlidir; Səfəvi xanədanının taleyini varis nəvələrindən kiməsə tapşırmalıdır, müəyyənləşdirməlidir ki, kim qibleyi-aləm olmağa layiqdir. Çünki artıq ömür-oyun gəlib seytnot vəziyyətinə dirənib.

Elə buradaca, bu seçim zamanı hökmdar səmimiyyətinin qorxunc üzü faş olur: yeni bir kombinasiya üzə çıxır; Şah Abbas hüzuruna çağırdığı varisləri şahzadələr İsmayıl Mirzə (Anar Səfiyev), Həmzə Mirzə (İlhan Sadıqov), Səfi Mirzə (Nurlan Süleymanlı) və Təhmasib Mirzənin (Hüseyn Bayramov) niyyətlərini, şəxsi keyfiyyətlətini, mənəvi-psixoloji durumlarını yaxından öyrənmək üçün özünü onlara hökmdarın vəziri kimi təqdim edir.

Bəlli olur ki, şair təbiətli, yüksək mənəviyyatlı birisindən savayı qalan üç varis hakimiyyət uğrunda hər cür rəzilliyə, hər cür xəyanətə əl uzatmağa, hətta Şah Abbası devirməyə, qətlə yetirməyə hazırdır. Və ən maraqlısı odur ki, elə bu məqamdaca İ.Fəhminin dramaturji duyumuna əhsən deməmək olmur, I Şah Abbas öz varisləri sırasından ən yaramazını, ən hiyləgərini, ən amansızını və yəqin ki ən qaniçənini öz vəliəhdi təyin edir. Bu seçim həm də Şah Abbasın hökmdarlıq təcrübəsinin ona öyrətdiyi ən acı həqiqətdir. Ayrı yol da yoxdur. Çünki dövlətin, məmləkətin mənafeyi hər şeydən, hətta humanizmdən belə üstündür. Fikrin doğruluğuna bəraət qazandırmaq üçün Platonun dediyini təkrarlamaq məcburiyyətindəyəm. “Şairləri dövlətə yaxın buraxmayın: onlar başıpozuq adamlardır”.

Şairlərin başıpozuq olması mümkündür, amma onlar humanizm, sevgi, ədalət və azadlıq carçılarıdır və siyasi oyunların şahmat kompozisiyalarına tab gətirə bilmirlər, insanpərvərliyi ayaqlar altına alıb tapdalamırlar.

Qurban İsmayılov bu parçada Şah Abbasın daxili konfliktini bir dao müdrikinin sakitliyi içində ifadə edir: şahzadələrin fikirlərində, xarakterində, tərcihlərində, iddialarında gördüklərindən nə kövrəlir, nə şaşırır, nə qışqırır; lakin öz təmkinli reaksiyaları ilə varislərindən hər birinə olan münasibəti o qədər dəqiq oynayır ki, hər şey həməncə aydınlaşır. Aydınlaşır ki, Şah Abbas bütün ömrü boyu bağrı qan olmuş, ürəyi qan ağlamış birisidir: buna rəğmən o, dövlətinin, ölkəsinin maraqlarını heç vədə heç nəyə qurban verə bilməz, soyuqqanlı olub insani keyfiyyətləri aşağı, di gəl ki manevrlər etmək bacarığı, düşüncə çevikliyi yüksək birisini “uf” demədən öz vəliəhdi seçər, digər üçünün ölümü ilə razılaşar və son nəfəsdə canı ilə əlləşən şair nəvəsini bağrına basıb alnından öpər, ağlımsınar.

Kiçik bir xatırlatma. İtalyan səyyahı 1628-ci ildə vətəninə dönüb Şah Abbas haqqında bunu yazırdı: “Həqiqətən, Şah Abbas öz təəbələri tərəfindən o qədər sevilir ki, onun başına and içirlər. Hətta kimsə kiməsə gözəl gün arzulayanda türkcə tez-tez bu sözləri qışqırır: “Şah Abbas sənin muradını versin!” Bu da onu bildirir ki, Şah Abbas heç də birmənalı şəxsiyyət olmayıb: həm qəddar, əzazil, həm də rəhmdil, alicənab, nurlu bir hökmdar kimi ad çıxarıb.

Digər obrazlar Şah Abbasa lazım olduqları qədərincə, yəni adi şahmat fiqurları kimi mövcuddurlar və elə bu səbəbdən də aktyorlar saray daxilində, hökmdar qarşısında müəyyən funksiyaları oynamaqla, müəyyən gedişləri gerçəkləşdirməklə kifayətlənirlər. Bu da tamaşanın tələbidir: çünki onların eyləmi həyatının müxtəlif dönəmlərində Şah Abbas şəxsiyyətinin bütün pozitiv və neqativlərinin aşkarlanıb faş edilməsinə yardımçı olmaqdır. Ona görə də bu məqalədə səhnədə məşğul 25 aktyorun, az bir qismini çıxmaq şərtilə, heç kim xüsusilə fərqləndirilmir. Çünki onların hər biri öz oyun vaxtlarında missiyalarını dəqiqliklə yerinə yetirirlər: hərçənd aktyorların bəzən daha aydın eşidilməsinə ehtiyac var.

Buna baxmayaraq tamaşa bir bütövcədir və harmoniya içindədir: hər şey çox səliqə ilə işlənilib. İşıqlandırma (Vadim Kuskov) bir qədər neytraldır: nə varsa, necə varsa, hamısını göstərir, ancaq heç nəyə münasibət bildirmir, heç nəyi məxsusi qabartmır. Musiqi tərtibatına (Aygül Quliyeva) gəldikdə isə onu söyləməliyəm ki, bu tamaşanı muğamın şöbə və təsniflərinin köməyilə daha başqa bir səviyyəyə yüksəltmək mümkün idi və bu şəbih teatrının poetikası ilə möcüzəli bir vəhdət təşkil edə bilərdi.

Tamaşa kişilər tamaşasıdır: oyun kişilərin brutal oyunu tipajındadır; 25 aktyorun içində bir aktrisa da gözə dəymir eynən şəbihlərdə olduğu kimi. Amma di gəl ki, tamaşanın latent qəhrəmanı, onun dörd fraqmentindən hər birinin mühüm gizli fiquru Şah Abbasın anasıdır. Şah Abbasın daxili səsi, enerjisi, cəsarəti bu qadına bağlıdır: o, mütəmadi anası ilə heç kimin duymadığı, eşitmədiyi dialoqdadır, vəhdətdədir. Uşaqkən anasını itirmiş bir kimsə xoşbəxtlik duyğusunun nə olduğunu bilmədən yaşayır həyatını...

Quruluşçu rejissor Nicat Mir Kazımovun yaradıcılığında “Şah Abbas Namə” tamaşası peşəkarlıq müstəvisində yeni bir sıçrayış kimi təsnif oluna bilər. Hərçənd mən “Şah Abbas Namə”nin Nicatın “Ana qaz”, “Pəri cadu”, “Tanrıya 14 məktub” tamaşaları ilə bir çox bədii-estetik parametrlərdə baxışdığını həməncə sezdim. Bütün hallarda “Şah Abbas Namə” tamaşası Gənc Tamaşaçılar Teatrının şəksiz uğurudur və bu uğurda teatrın direktoru Naidə İsmayılzadənin də imzası var. Tamaşanın uğur faktorlarından çox mühümü odur ki, səhnə oyunu müasir dünyanın siyasi mənzərəsinə bir reaksiya kimi qavranılacaq mesajlarla doludur. Makedoniyalı İskəndər, Yuli Sezar, Çingizxan, Teymurləng, Şah Abbas, Sultan Süleyman, Napoleon, I Pyotr baş kəsib, qan axıdıb, qurbanlar verib, siyasi arenada şahmatı fövqəl ağıllı gedişlərlə oynayıb dünyanın yarısını zəbt etsələr də, bu dünyadan sonucda nə apardılar? Heç nə... Ataların dediyidir: “Zülm ilə abad olan qəhr ilə bərbad olur”...

Elə ona görə də...

“Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü...”

Bunu mən demədim, Hüseyn Cavid dedi. Hərçənd məqalənin sonunda parıltı ilə yanıb ərq-bərq vurur və müasir dünyada hər ölkənin, hər liderin qapısından asılacaq ən dahi şüara çevrilir!!! Şah Abbasın, çox təəssüf ki, Cavid əfəndinin bu möhtəşəm misralarından xəbəri olmayıb...

Amma olsaydı belə faydası nə olacaqdı ki?

Onsuz da heç kim heç kəsi dinləmir.

Bugün dünya adlı bir gəminin sükanı arxasında dayanmış kimsələrə sözmü eşitdirmək olur?

Əsla.

Əgər Hüseyn Cavid kimi bir dahinin, möhtəşəm bir filosof-şairin sözləri quru palçıq kimi divara dəyib yerə tökülürsə, mənim yazım kimə lazım? Heyhat...

"Xahiş eləyirəm, mənə bir papiros verəsiniz..." - Sabit Rəhman "Supertramp" rok qrupunun məşhur həmtəsisçisi vəfat etdi Kukla Teatrında yeni tamaşa: "İnnab ağacı"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see261

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see197

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see168

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see165

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see147

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see138

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see132

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see132

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see129

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see129

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see126

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see125

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see123

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see122

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see122

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see120

Uitaker Alyans ölkələrindən Rusiya qazını almamağı istəyib...

02 Oktyabr 2025 21:07see120

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see117

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see116

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri