Yeni dünya nizamına doğru: Fırtınanın içərisində nizamı tapmaq ŞƏRH
Icma.az, Azertag saytına istinadən bildirir.
Xaotik görünüşün içərisindəki məntiq
Molekulların ilk baxışdan xaotik, yəni tənzimlənməyən, qarma-qarışıq hərəkəti, əslində, fizikanın bizim görə bilmədiyimiz qanunlarına tabedir. Məsələn, temperaturdan, molekulların sıxlığından, maddələrin aqreqat vəziyyətindən (qaz, maye və bərk cisim) və s. asılıdır.
Temperaturun yüksəlməsi molekulların hərəkət sürətini artırır, enməsi isə azaldır. Temperaturun sıfır səviyyəsində hərəkət dayanır. Molekulların kinetik enerjisi (hərəkətin enerjisi) temperaturla düz mütənasibdir.
Dövlətlərin hazırkı vəziyyəti də buna oxşardır: ayrıca götürülmüş dövlətlərin iqtisadi və siyasi gücü, yəni temperaturu artır, nəticədə müstəqil dövlətlərin və güc mərkəzlərinin sırası genişlənir. Temperatur, yəni güc artdıqca rəqslərin amplitudası da sürətlənir. Dünyada bir xaos yaşanır. Xaos və fırtına içərisində olan dünyanın molekullarının – dövlətlərin xaotik hərəkətlərini proqnozlaşdırmaq çox çətin olsa da, bu, zərurətdir və xoşbəxtlikdən mümkünsüz deyil.
Bəsirətli siyasət zamanı
Xaosun içində məntiq tapmaq fırtınanın içində gizli nizamı üzə çıxarmağa bənzəyir - bu, səbir, çeviklik, üzdə olmayanları görmək bacarığı və bəsirət gözü açıq olan siyasətçilər tələb edir. Bəsirət gözü, yəni məlumat və nəzəri biliklərdən başqa güclü intuisiya hadisələrin mahiyyətinə altıncı hiss səviyyəsində nüfuz etmək qabiliyyətidir.
Təsadüflərin arxasında zərurəti görmək
Xaosun içərisindəki məntiqi, ilk baxışdan bir-biri ilə əlaqəsi olmayan müstəqil proseslərin gizli əlaqələrini, bir-birindən asılılığını görmək, yan proseslərin əsas proseslə bağlılığını üzə çıxarmaq, “təsadüf”lərin sıralanmasından, ardıcıllığından “zərurət”i ortaya çıxarmaq, bunların əsasında hadisələri proqnozlaşdırmaq və milli siyasəti formalaşdıraraq elmi əsaslandırılmış siyasi xətti səbirlə tətbiq etmək günün zərurətidir.
Bu gün siyasətçilərin əsas intellektual axtarış mövzusu məhz bunlardır:
- Xaosun içərisində məntiqi və qanunauyğunluğu tapmaq;
- Hadisələrin sonrakı istiqamətini proqnozlaşdırmaq;
- Proqnozlara uyğun milli siyasəti formalaşdırmaq.
Ancaq bu, elə də asan məsələ deyil. Qlobal siyasi, iqtisadi və təhlükəsizlik xaosunun içərisindəki məntiqi, qanunauyğunluqları və başlıca prosesləri tutmaq isə çox böyük siyasi təcrübə, dərin intellekt, tarixi biliklər, müşahidə qabiliyyəti və gündəlik proseslər barədə mahiyyət üzrə müfəssəl informasiyaya malik olmağı tələb edir.
Analogiya: Xaosun içindəki nizamı tapma metodu
Osvald Şpenqler: “Ölü formaları (yəni, fizikanı) anlamaq üçün vasitə riyazi qanunlardır. Canlı formaların (yəni, cəmiyyətin) dərki vasitəsi isə analogiyadır”.
Əvvəlki dövrlərdə təkrarlanan halları, tendensiyaları və ya dövrləri araşdırmaq xaosun içində nizamı tapmaqda və proqnozlaşdırmaqda ən səmərəli metodlardan biridir. Hətta ən qarışıq siyasi proseslərdə belə tarixdə müşahidə olunmuş şablonları görmək və onları təhlil edib bugünkü kontekstlə müqayisə etmək bir zərurətdir. Biz xaosun aydınlaşmasına məhz şablonların və təkrarlanan proseslərin öyrənilməsi vasitəsilə açar tapa biləcəyik. Tarixi təcrübə ölkələr arasında ziddiyyətlərin və gərginliklərin səbəblərini aydınlaşdırmaqda əvəzolunmaz amildir. Ziddiyyətlərin öyrənilməsi məntiqi üzə çıxarır. Osvald Şpenqler “Avropanın qürubu” əsərində yazırdı: “Ölü formaları (yəni, fizikanı) anlamaq üçün vasitə riyazi qanunlardır. Canlı formaların (yəni, cəmiyyətin) dərki vasitəsi isə analogiyadır”.
Xaos mürəkkəblikdən doğulur və mürəkkəbliklə xaos ayrılmazdır. Odur ki, xaosun dərki üçün situasiyanı daha kiçik və idarəolunan hissələrə bölüb ayrılıqda anlamaq və həll etmək vacibdir. Bu, hər bir elementi ayrıca araşdırmağa və yenidən ümumi kontekstə qaytarıb anlamağa kömək edir.
Xaosa qeyri-müəyyənlik xasdır. Odur ki, qərarlar ənənəvi olmaya, improvizasiya edilə, qeyri-standart ola bilər. Məsələn, 2020-ci ildə heç kim Azərbaycanın Ermənistan tərəfindən növbəti təxribata belə genişmiqyaslı əks-reaksiya verəcəyini, müharibənin başlanacağını gözləmirdi. Fransanın anti-Azərbaycan siyasətinə, AŞPA və AP-nin təzyiqlərinə Azərbaycanın sərt əks-təzyiqlərlə cavab verməsi də qeyri-standart reaksiyalar idi və özünü doğrultdu.
Xaos zamanı səbirli olmaqla çevik olmağın uzlaşdırılması ən dürüst hərəkət formasıdır. Çevikliyin əsas məqsədi isə sürətlə dəyişən şərtlərə uyğunlaşmaq, yeni şərtlərdən çıxış edərək qərarlar qəbul etməkdir.
Azərbaycan və fırtına zamanı səmt küləyinin tapılması
Azərbaycanın belə bir qlobal xaosun içərisində 200 illik erməni ekspansiyası, Orta Dəhliz, Şimal-Cənub dəhlizi, Avropanın qaz bazarına maksimum intervensiya, Türkiyə ilə hərbi-siyasi müttəfiqlik, türk dövlətlərinin vahid təşkilatlanma səviyyəsinə qədər yüksəlməsi kimi problemləri həll etməyi bacarması Prezident İlham Əliyevin xaotik hərəkətlərin qanunauyğunluğunu və məntiqini, fırtınanın içərisindəki səmt küləyini müəyyənləşdirə bilməsinin, “təsadüflərin arxasındakı zərurəti” görməsinin və səmt küləyindən istifadə edərək Azərbaycan adlı gəmini fırtınadan nəinki sağ-salamat, hətta güclənərək çıxarmasının nümunələridir.
Azərbaycan xaosda nizamı necə tapır: gələcəyə baxmaq və görmək istedadı
Xaosun içində məntiqi, nizamı tutmaq qlobal keçidin ən vacib məsələsidir. Səmt küləyini tutmaq mümkün oldusa, yerdə qalanı texniki manevrlərdir.
2022-ci ildə Azərbaycana səfərinin gedişində Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıda olarkən adətən prezidentlərin öz həmkarları haqqında ictimaiyyət qarşısında elan etmədikləri bir fikir səsləndirdi. A.Vuçiç Prezident İlham Əliyev haqqında danışarkən onun gələcəyə baxmaq və görmək istedadını belə vurğulamışdı: “...ondan bilikləri və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də ona minnətdaram. Çünki mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, daha ciddi şəkildə görə bilirəm”. Serbiya Prezidenti artıq başlanmış xaos dövründə siyasətçilərin məhz buna - “gələcəyə baxmaq istedadı”na ehtiyacının olduğunu etiraf etmiş, Azərbaycan Prezidentinin gələcəyi hesablaya bildiyini demişdi.
2024-cü ilin yanvarında ABŞ-da prezident seçkilərinə 10 ay qalmış Donald Trampa siyasi dəstək verməklə Prezident İlham Əliyev çox mürəkkəb və qeyri-müəyyənliklərlə dolu bir situasiyada fəaliyyətdə olan prezident Co Baydeni və komandasını tənqid etmişdi. Bu, sadəcə, bir elmi və siyasi hesablama deyildi, həm də verilmiş bəyanatla artıq praktikada tətbiq olunmağa başlanmış siyasi xətt idi.
Bu, Azərbaycanın ABŞ-ın fəaliyyətdə olan administrasiyası, bütövlükdə Demokratlar Partiyası ilə münasibətlərinə təsir edən riskli, eyni zamanda, siyasi iradə tələb edən bir siyasi xəttin yürüdülməsinin başlanğıcı idi. Hesablanmışdı, proqnozlaşdırılmışdı, seçim edilmişdi və tətbiqinə start verilmişdi. Təbii ki, növbəti bir il ərzində təzyiqlərin ediləcəyi də hesablanmış və müqavimət gücü də səfərbər olunmuşdu.
Gözlənildiyi kimi oldu: D.Trampa dəstək verdiyinə görə Demokratlar açıq təzyiqə başladılar. 2024-cü ilin aprelində Antoni Blinkenin rəhbərliyi ilə Aİ, ABŞ və Ermənistan Brüsseldə sammit keçirərək İrəvana hərbi dəstək vəd etdilər. 2025-ci ilin yanvarında isə hakimiyyəti təhvil verməyə bir neçə gün qalmış Ermənistanla strateji tərəfdaşlıq sazişi imzaladılar. Bütün bunlar D.Trampa verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təzyiq idi. Amma bu, ABŞ-ın maraqları ilə üstə-üstə düşməyən bir siyasət idi. İndi Azərbaycan Prezident İlham Əliyevin 2024-cü ilin yanvarında verdiyi bəyanat və sonrakı təzyiqləri dəf etməsinin bəhrəsini görməkdədir. Aprelin 10-da Donald Tramp Prezident İlham Əliyevə ünvanlandığı məktubda Azərbaycan Prezidenti ilə “birgə işləməyi səbirsizliklə gözlədiyini” bəyan edir, “ABŞ-ın Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olduğu”nu vurğulayır, gələcək əməkdaşlıqda “möhtəşəm məqamların” olacağını qeyd edir.
Bu, düzgün hesablama və doğru proqnozlaşdırma nəticəsində yürüdülmüş siyasətin 1 il 3 aydan sonrakı bəhrəsidir. Dünya tarixinin son 100 ili ərzində ən qarışıq, ziddiyyətli, təhlükələrlə dolu olan mərhələsində bu doğru proqnozlaşdırma Amerika ilə münasibətlərdə yeni siyasi səhifənin açılmasına şərait yaratdı, ölkəmizin təhlükəsizliyinə töhfə verdi.
2025-ci il aprelin 10-da Prezident İlham Əliyev təcrübəyə, məlumatlılığa və məntiqə əsaslanaraq qlobal gündəliyin daha bir prosesi – Ukrayna-Rusiya savaşı haqda realist proqnozunu səsləndirdi: “Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir”. Bu, qərarlara, praktik siyasi gedişlərə təsir edəcək proqnozdur. Müharibənin nə qədər uzanacağı, nəticələrinə dair hesablamalar və proqnozlar gələcəyə yönəlik siyasi planlara da təsir edir. Artıq situasiyaya realist baxış olaraq beynəlxalq səviyyədə, Ukraynada da əks-səda verib.
2025-ci ildə Prezident D.Trampın fəaliyyətini tənqid etdiyi, rəsmən ləğv olunmuş USAID təşkilatının Azərbaycandakı fəaliyyəti hələ 2023-cü ildən sərt tənqid olunmağa başlanmışdı. Prezident İlham Əliyev bu təşkilatın Azərbaycanın təhlükəsizliyinə təhdid yaratması haqda A.Blinkenə iradlarını bildirmiş, Azərbaycanda USAID-ə yer olmadığı açıq elan edilmişdi. İki ildən sonra USAID tamamilə ləğv olundu.
AŞPA-nın Azərbaycana təzyiq etmək siyasəti də Fransa tərəfindən səhv siyasi hesablama nəticəsində meydana çıxmışdı. Ancaq Azərbaycanın assambleyanı tərk edərək geri qayıtmaması, əks-təzyiq göstərməsi dəqiq hesablama və siyasi cəsarət nümayişi idi və gözlənilən nəticəni verdi. Avropa Şurasının Baş katibi COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevdən təşkilatdan tam çıxmamağı xahiş edib. Səbəb odur ki, Avropanın geosiyasi vəziyyəti və statusu dəyişib və zəifləyib. İndi Avropa hansısa dövləti sürgünlə cəzalandırmaq iqtidarında deyil. Əksinə, Avropanın Türkiyəyə və Azərbaycana ehtiyacı daha böyükdür. Brüsseldə və Strasburqda bu günü hesablaya bilməmişdilər, Bakıda isə dəqiq hesablanmış və proqnozlaşdırılmışdı.
Xaos dövrlərində Azərbaycanın siyasi xəttinin dürüst proqnozlaşdırılması 2008-2010-cu illərin qlobal iqtisadi böhranının ardınca başlanmış gərgin siyasi mərhələdə də müşahidə olunmuşdu.
2008-2010-cu illərin qlobal iqtisadi böhranından sonra mövcud qlobal təhlükəsizlik sistemi zəiflədi və çoxqütblülüyə keçid sürətləndi. Daha sonra 2014-cü ildə Krım ətrafındakı proseslərlə çoxqütblülük erasının formalaşması iqtisadi mərhələdən hərbi-siyasi mərhələyə keçdi. Yeni eranın başlandığını və əsas proseslərin məntiqinin hesablanması gələcəyi proqnozlaşdırmağa və yeni vəziyyətə uyğun siyasi konsepsiyanın tətbiqinə səbəb oldu.
Bu yeni mərhələdə qlobal xaosdan qorunmaq üçün regional müstəvidə təhlükəsizliyin gücləndirilməsi əsas strateji xətt kimi götürüldü.
Son illər yenidən ölkələrin sürətlə silahlanması müşahidə edilir. Son məlumata əsasən, 2024-cü ildə dünyada hərbi xərclər 2,4 trilyon dollar səviyyəsinə çatıb. Aİ-nin qəbul etdiyi yeni plana əsasən, silahlanmaya 800 milyard avronun ayrılması hədəflənir. Sürətlə silahlanmanın belə bir mərhələsində bütün ölkələrin hərbi, siyasi və iqtisadi təhlükəsizliyi qonşularla münasibətlərdən birbaşa asılıdır. Qonşu ölkələrin iştirakı olmadan istənilən ölkənin milli təhlükəsizliyinə birbaşa zərbə vurulması çox çətindir.
Regional siyasət – təhlükəsizliyin bazası
2008-2015-ci illərin qlobal iqtisadi böhranından sonra fövqəldövlətlər arasında rəqabətin güclənməsi nəticəsində dünyada təhlükəsizlik, ticarət və siyasi əlaqələrdə qloballaşma arxa plana keçməyə, regionallaşma meyilləri isə güclənməyə başladı. Regional ticarət birlikləri, regional ümumi bazarların formalaşması prosesi genişləndi.
Prezident İlham Əliyev bu tendensiyadan doğan nəticələri dərhal Azərbaycanın xeyrinə istifadə edərək regional əlaqələri dərinləşdirdi, Qarabağ məsələsi və Xəzərin statusu da daxil olmaqla bir çox problemlərin nizamlanmasında regional amillərin konstruktiv mövqeyini təmin etdi.
2018-ci ilin avqustunda Xəzərin statusu haqqında Konvensiyanın imzalanması regional əməkdaşlığı yeni mərhələyə çıxardı.
Elə həmin ilin sentyabrın əvvəlində Prezident İlham Əliyevin Soçiyə səfəri zamanı iki ölkə arasında energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə əməkdaşlıq üzrə 15 sənəd imzalandı. Sentyabrın sonunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakıya səfər etdi və IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirildi.
Azərbaycan doğru hesablama və proqnozlaşdırma sayəsində müdrikcəsinə təhlükəsizlik məsələlərinin həllini regional, Ermənistan isə səhvən qlobal müstəviyə daşıyaraq, regiondan kənar qüvvələrin cəlbinə çalışdı. Nəticədə 44 günlük müharibə gedişində Azərbaycanın regional müstəvidəki diplomatik üstünlüyü bizə uğur qazandırdı.
2025-ci il aprelin 10-da tarif müharibələrinin yeni qızışdığı, Ukrayna-Rusiya savaşının, İsrail-Həmas münaqişəsinin sonunun görünmədiyi hazırkı mərhələdə Azərbaycan Prezidenti strateji istiqamətlər üzrə siyasi prinsipləri elan etdi.
Qlobal xaosa təsir edən qüvvələrin müxtəlifliyini, güc mərkəzlərinin çoxluğunu nəzərə alaraq Prezident İlham Əliyev çoxpilləli və çoxistiqamətli siyasət yürütməyə üstünlük verir. Hələlik xaosun qeyri-müəyyənlik mərhələsində olması bu siyasi prinsipi alternativsiz varianta çevirir. Həm də bu, Azərbaycanın uzun illər ərzində yürütdüyü beynəlxalq siyasətin təməlini təşkil edir.
İkinci mühüm prinsip ölkəni ziddiyyətlər deyil, qlobal qarşıdurmadakı bütün güc mərkəzlərinin əməkdaşlıq məkanı kimi təqdim etmək, Azərbaycanın təhlükəsiz, müstəqil və suveren qalmasında bütün tərəflərin maraqlı olmasına nail olmaqdır.
Üçüncü mühüm prinsip qonşularla dinc yanaşı yaşamaq, iqtisadi-ticari əlaqələrinin gücləndirilməsidir. Bu yanaşma qlobal xaos dövründə ölkə ətrafında təhlükəsizlik çəmbərini təmin edir.
İndi isə yeni mərhələdə beynəlxalq siyasətin təfərrüatlarına keçək, əsas prinsiplərini qruplaşdıraq.
Xaos dövründə ümumi strategiyanın tezisləri
Yeni dövr üçün siyasəti formalaşdıran çıxış nöqtəsinin nədən ibarət olmasını Azərbaycan Prezidenti 2025-ci ilin yanvarında müsahibəsi zamanı bildirmişdi: “...yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. ...Çünki bu sistem artıq tükənib”.
Bütövlükdə xaos dövründəki strategiya son 20 ildə aparılmış siyasi xəttin 44 günlük müharibədən sonra daha da gücləndirilmiş, əməkdaşlıq və təsir dairəsi genişləndirilmiş, daha güclü mövqedən yürüdülən, daha qətiyyətli olmuş variantıdır.
Bu siyasi strategiyanın hədəfi Cənubi Qafqazı praktik olaraq ABŞ-ın, Avropanın, Yaxın Şərqin, Mərkəzi Asiya və Çinin, Rusiyanın maraqlarının cəlb olunduğu bir geostrateji mərkəzə çevirməkdir. Körfəz ölkələrinin investisiyalarının Cənubi Qafqazın və Mərkəzi Asiyanın iqtisadi, enerji potensialı ilə birləşdirilməsi Orta Dəhlizi nəqliyyat və sənaye dəhlizinə çevirmək strategiyasıdır. Statistika bu strategiyanın uğurlu olduğunu göstərir. Belə ki, 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 milyon ton olmuş, bu yüklərin 57 faizini tranzit yüklər təşkil etmişdir.
İnvestisiyalar, ticarət və nəqliyyat qlobal xaosun içərisində təhlükəsiz dəhliz axtarışındadır. Azərbaycanın tutduğu siyasi xətt bütün Avrasiyanı bu dəhlizdə maraqlı etməkdir. Prezident İlham Əliyev COP29-da çıxışı zamanı da beynəlxalq siyasətin əsas tezislərini elan etmişdi. Bu çıxışın baza tezisi Azərbaycanın ən müxtəlif qütblərdən olan geosiyasi güc mərkəzlərinin əməkdaşlıq məkanı olmağa can atmasıdır. Təfərrüatlara gəldikdə isə:
- Azərbaycan dünyanın qovuşma və əməkdaşlığı üçün siyasi, mədəni, infrastruktur və iqtisadi resurslara malikdir, əlverişli nəqliyyat dəhlizlərini təklif edir;
- Biz Qlobal Şimal ilə Qlobal Cənub arasında körpü rolunu oynamaq niyyətindəyik;
- Azərbaycan beynəlxalq hüququ fəaliyyətinin əsası kimi götürür;
- Yerləşdiyimiz coğrafiyada iqtisadi və nəqliyyat dəhlizlərinin hüquqi, hərbi təhlükəsizliyini, müstəqil fəaliyyətini təşkil etmək iqtidarındayıq.
Xaos dövrü strategiyası: TDT-ni qlobal fəaliyyət mərkəzinə çevirmək və “boşluqları doldurmaq” siyasəti
Prezident İlham Əliyev hesab edir ki, bugünkü qlobal şərtlər daxilində Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi, təhdidlərə qarşı səylərin birləşdirilməsi, təşkilatın qlobal iştirakçıya çevrilməsi üçün əlverişli fürsət yaranıb və bu fürsətdən istifadə edərək beynəlxalq səhnədə eyni mövqedən çıxış etmək məqsədəuyğundur. Azərbaycan Prezidenti TDT-ni daha sıx biləşməyi, hətta hərbi gücləri birləşdirərək:
- Qlobal səviyyədə beynəlxalq fəaliyyət mərkəzinə çevrilməyi;
- Qlobal geosiyasi boşluqları birlikdə doldurmağı;
- Avrasiyanın böyük hissəsində qərarların qəbul olunması mərkəzinə çevrilməyi təklif edir.
Rəqəmlər əlaqələrin faydalı olduğunu nümayiş etdirir. 2024-cü il ərzində Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 6 milyard 892.7 milyon ABŞ dolları təşkil edib. TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14.5 faizinə bərabər olub.
Azərbaycan geosiyasi və iqtisadi boşluqları necə doldurur?
Yeri gəlmişkən, qlobal xaos dövrünün qanunauyğunluqlarından biri də yeni geosiyasi boşluqların yaranması, bu boşluqlarda təhlükəsizlik və iqtisadi, siyasi problemlərin artmasıdır.
Çin ABŞ-ın iqtisadi nəzarətinin zəiflədiyi boşluqları dərhal doldurmaqdadır. Məsələn, Latın Amerikasında, Afrikada və hətta ənənəvi olaraq ABŞ-ın nüfuzunun güclü olduğu Körfəz regionunda Çinin aktivləşməsi müşahidə olunur. Hətta bir neçə il əvvəl Çin-Körfəz və Çin–İran sammitlərində Pekin bu gərgin regionda təhlükəsizlik sahəsində də qarant rolunu oynamış, İsrail-Fələstin, Rusiya-Ukrayna münaqişələrinin həlli üçün öz təkliflərini elan etmiş, vasitəçilik edə biləcəyini tərəflərə çatdırmışdı. Səudiyyə Ərəbistanı ilə İran arasında 2016-cı ildə pozulmuş diplomatik əlaqələrin yenidən bərpa olunmasında Pekin 2023-cü ildə uğurlu nəticə əldə etməyi bacarmışdı.
Boşluqları doldurmaq strategiyasını Türkiyə və Azərbaycan da tətbiq etməkdədir. Məsələn, Suriyada birgə hərəkət, Afrika ölkələri, o cümlədən Somali ilə müdafiə sənayesi sahəsində əlaqələrin gücləndirilməsində Azərbaycan və Türkiyənin fəallaşması və s. göstərir ki, Azərbaycan Prezidenti TDT-ni də qlobal xaos dövrünün yaratdığı “boşluqları doldurmaq strategiyası”na qoşulmağa çağırır və praktik addımlar atır.
Afrikada müstəmləkəçiliyə qarşı mübarizə və bu işdə təşkilatçılıq missiyasının üzərinə götürülməsi, Qoşulmama Hərəkatındakı liderlik və İslam Əməkdaşlıq Təşkilatında iştirakçılıq bir tərəfdən Azərbaycana Afrikada yaranan geosiyasi boşluqları doldurmaq, o biri tərəfdən ortamiqyaslı, amma təbii sərvətlərinə görə zəngin olan keçmiş müstəmləkə ölkələri ilə sərfəli iqtisadi əlaqələr qurmaq imkanları açıb. Məsələn, Konqo Azərbaycana münbit əkin sahələrinə və su potensialına investisiya yatırmağı təklif edib.
Bundan əlavə, Azərbaycanın enerji şirkətləri üçün Konqoda Günəş enerjisi istehsalı üzrə şərait yaradılır. Nəhayət, Konqo Prezidentinin Bakıya səfəri zamanı imzalanmış sənədlər arasında neft sənayesi sahəsində əməkdaşlıq da var ki, bu sırada neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi də yer tutur. Beləliklə, hazırda dünyada iqtisadi təhlükəsizliyin 3 əsas komponenti - ərzaq istehsalı, bərpaolunan enerji istehsalı və neft məhsulları istehsalı üzrə Azərbaycan Konqo ilə dərin əməkdaşlığa başlayır. Bu, Fransa müstəmləkəçiliyindən fərqli olaraq Prezident İlham Əliyev tərəfindən “boşluqların beynəlxalq hüquqa, bərabərhüquqlu münasibətlərə, qarşılıqlı faydaya əsaslanan doldurulması”dır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı xalqların müqavimətini gücləndirən bir tərəfdaşlıqdır.
Qlobal xaos dövründə Azərbaycanın beynəlxalq siyasətində “müstəmləkəçiliyə qarşı mübarizə və müqavimətin təşkili” yeni bir istiqamətdir. Fransanın son müstəmləkələri olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələrinə dəstək göstərilir.
Prezident İlham Əliyev Suriyanın Prezidenti Əl Şaraa ilə Antalya görüşündə Türkiyə-Azərbaycan-Suriya üçtərəfli formatında əməkdaşlıq məsələsini müzakirə edib.
Şimali Kiprin TDT-yə müşahidəçi qismində dəvət olunması da boşluqları doldurma və ya boşluqlardan istifadə siyasəti kimi izah edilə bilər.
Avropanın qaz bazarındakı boşluqlar və Azərbaycan
Azərbaycan Avropada, o cümlədən də Balkanlardakı enerji təhlükəsizliyində yaranmış boşluqların doldurulmasında çox fəaldır və qaz təminatında pərakəndə satışa, qazpaylamaya qədər bütün seqmentlərə daxil olmaqdadır. Avropanın enerji bazarındakı boşluqlara çevik müdaxilənin nəticəsidir ki, Azərbaycan hazırda ixracını iki dəfə artırıb və sektorun dərin qatlarına qədər nüfuz etməkdədir. 2024-cü ildə Azərbaycan 24,4 milyon ton neft, 25,5 milyard kubmetr qaz ixrac edib ki, bunun da böyük bir hissəsi Avropa ölkələrinin ehtiyacının qarşılanmasına yönəldilib.
Nəqliyyat dəhlizlərinə ehtiyacın təmin olunması
Orta Dəhlizin aktuallığının artması və sənaye dəhlizi səviyyəsinə çatdırılması planları da qlobal xaosun hərbi-siyasi mərhələsinin yaratdığı boşluqların doldurulması strategiyasının tərkib hissəsidir.
Gürcüstan strategiyasının əsas prinsipi: bölünməz maraqlar, bölünməz təhlükəsizlik
Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışında Gürcüstanla bağlı hissə Cənubi Qafqazda tamamilə yeni bir tendensiyasının elan edilməsidir. Seçkidən sonra Gürcüstan Baş nazirinin və Prezidentinin ilk xarici səfərlərini Azərbaycana etmələri də 44 günlük müharibədən sonra formalaşmış yeni geosiyasi şərtlərin və xaos dövründəki subregional siyasətin praktikada təzahürləridir.
Azərbaycan Prezidentinin Gürcüstanı Aİ-nin təzyiqləri qarşısında müdafiə etməsi və çıxışının ümumiləşdirilməsindən belə görünür ki, Gürcüstanla müttəfiqliyin hazırda tətbiq olunan prinsipi belədir: Azərbaycana olan təhlükə Gürcüstana, Gürcüstana olan təhlükə Azərbaycana olan təhlükədir! Bu, əsl bölünməz maraqlar, bölünməz təhlükəsizlik konsepsiyasıdır.
Cənubi Qafqaz strategiyası: inteqrasiya və ayrıcı xətlərə qarşı mübarizə
Cənubi Qafqaz strategiyası isə təbii ki, Gürcüstanla münasibətlərin aşağıdakı istiqamətlərdə də genişləndirilməsidir:
- Münaqişələrdə iştirak etməmək, amma müdafiə qabiliyyətini yüksəltmək;
- Regional müttəfiqlik əlaqələrini dərinləşdirmək;
- Cənubi Qafqazda inteqrasiya siyasəti yürütmək, ayırıcı xətlərin yaradılmasına yol verməmək.
Cənubi Qafqaz strategiyası bugünkü şərtlər daxilində Ermənistandan gözlənilən təhdidlərə qarşı müdafiə gücümüzü artırmaq, amma Ermənistana savaşsız, hər iki tərəf üçün uduşlu variantın da irəli sürülməsini ehtiva edir.
Ermənistanla nizamlamada strategiyanın əsas tezisləri
Ermənistanla bağlı ayrıca strategiyanın ümumiləşdirilmiş formulası isə belədir: Ermənistanın davranışındakı neqativ meyilləri nəzərə almaq, təhdidlərə hazır olmaq, sülhə çağırışlar etmək və zəruri tələblərdən geri çəkilməmək, gələcək əməkdaşlığın aça biləcəyi perspektivlərlə bağlı müsbət siqnallar verməklə irəliləmək. İlk olaraq Ermənistandan təhdid ola biləcəyini göstərən əlamətlər odur ki:
a) Ermənistan silahlanır;
b) Konstitusiyasında dəyişiklik etmir;
c) Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə müraciət etmir;
d) Ermənistanda hakimiyyətin revanşist ideyalar ətrafında faşist müxalifətçilərlə gizli həmrəyliyi var.
Minsk qrupunun və Fransanın cidd-cəhdlə saxlamağa və sayını artırmağa çalışdığı sərhəddəki müşahidə missiyası Cənubi Qafqaza diplomatik və yarımhərbi müdaxilə mexanizmləridir.
Avropanın Azərbaycandan qaz alması, yaşıl enerji ilə bağlı memorandum imzalaması və nəqliyyat dəhlizindən istifadə etmək istəməsi ilə yanaşı, Ermənistanı da forposta çevirmək planları ilk baxışdan ziddiyyət kimi görünsə də, məsələ çox sadədir: Cənubi Qafqazı parçalayaraq ölkələrdən bir-birinə qarşı təzyiq üçün mexanizmlər yaratmaq. Bu, min illərlə yaşı olan “parçala və hökm sür” prinsipinin tətbiqidir. Azərbaycan isə buna qarşı “Birləşək, təhlükəsiz və müstəqil olaq!” prinsipini təklif edir.
İrana münasibətdə siyasi strategiyanın əsas tezisləri
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərindəki “kritik əməkdaşlıq” konsepsiyasını İrana da şamil etmək mümkündür. Belə ki, bəzi gərginlik yaradan məsələlərə paralel olaraq fundamental layihələr üzrə iqtisadi əməkdaşlıq da davam edir.
İranla münasibətlərdə Prezident Məsud Pezeşkian amili müsbət meyillərin güclənməsinə ümidləri artırıb. Nəqliyyat, elektrik enerjisi və s. iqtisadi sahələrdə əməkdaşlıq potensialına Məsud Pezeşkianın islahatçı və liberal baxışlarının da əlavə olunması yaxşı perspektivlər vəd edir.
Ancaq İranla münasibətlərdə narahatlıq yaradan məqam var. Bu, Azərbaycan səfirliyinə hücumda iştirakçı və təşkilatçıların cəzalandırılmamasıdır. Azərbaycan Prezidenti bu məsələni mühüm bir şərt kimi qoymaqla münasibətlərdə ədalət və bir-birinə qarşı olmamaq kimi vacib prinsipdən çıxış edir.
Avropa İttifaqı ilə münasibətlərdəki siyasi xəttin əsas prinsipi: “kritik strateji əməkdaşlıq”
Avropa İttifaqı ilə münasibətləri bir cümlə ilə ümumiləşdirib xarakterizə etsək, belə formul yaranar: “kritik strateji əməkdaşlıq” və yaxud “siyasi və geosiyasi məsələlərdə tənqidi münasibət, strateji iqtisadi sahələrdə qarşılıqlı səmərəli tərəfdaşlıq”.
Avropa İttifaqı ilə münasibətlərdəki siyasi xəttin əsas istiqamətlərinə gəldikdə mənfi siyasi məqamlar da var:
1. AŞPA və ATƏT-in Minsk qrupu ilə bağlı ümidlərimiz doğrulmadı;
2. Avropa təsisatları işğal dövründə münaqişənin həlli deyil, uzadılması strategiyasını tutdular;
3. Avropadan Cənubi Qafqazda daxili işlərə qarışmaq və keçmiş müstəmləkəçi siyasəti yürüdülüb;
4. Avropa Ermənistanı Azərbaycana qarşı silahlandırmaqla, nəqliyyat dəhlizi kontekstində Gürcüstanı kənara qoyub Ermənistanın rolunu qabartmaqla ayırıcı xətlər yaratmağa çalışır.
Bu məqamları nəzərə alaraq Azərbaycan:
- Milli maraqların qorunmasında güzəştsiz mövqe tutmaq, anti-Azərbaycan qüvvələrə adekvat cavab vermək, əməkdaşlıq etmək istəyənlərlə birgə işləmək;
- Almaniya Aİ lideri, İtaliya Azərbaycanın strateji tərəfdaşı, Azərbaycan qazını idxal edən Balkanlar və Şərqi Avropa ölkələri kommersiya və siyasi tərəfdaşları, Fransa Azərbaycanın regional təhlükəsizliyi və milli maraqlarına rəqib kimi qəbul edilir və qiymətləndirməyə uyğun olaraq strategiya müəyyənləşir: Avropa-Cənubi Qafqaz-Körfəz ölkələri-Mərkəzi Asiya-Çin xəttində investisiya, ticarət, nəqliyyat əməkdaşlığını gücləndirmək siyasəti yürüdür.
Azərbaycanın Avropa İttifaqı istiqamətində gözləntiləri və siyasi strategiyası dəyişib. Bu məsələdə də Azərbaycan qlobal prosesləri qabaqlayaraq siyasətində düzəlişlər edib. D.Trampın hakimiyyətə gəldikdən sonra apardığı siyasət də sübut etdi ki, AŞPA və AP böyük siyasətə, qəbul olunan qərarlara təsir etmir.
Avropa İttifaqı lideri - Almaniya ilə münasibətlərin prinsipləri
Almaniya ilə münasibətlərdə Prezident İlham Əliyevin Avropadaxili ziddiyyətləri maksimum nəzərə aldığı görünür. Fransanın Avropa daxilində Almaniyaya və İtaliyaya qarşı liderlik uğrunda mübarizə aparması tarix boyu müşahidə olunub. Hətta Paris bəzən Almaniyanın və İtaliyanın fundamental maraqlarına da zidd mövqe tutmaqdan çəkinmir. Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə Bakıda görüşündən sonra Avropa İttifaqında Fransanın liderliyə can atdığına işarə edərək, Azərbaycanın Aİ daxilində Fransaya qarşı Almaniyanın liderliyini dəstəklədiyini vurğuladı. Bütövlükdə isə Aİ-nin lideri kimi qəbul olunan Almaniya ilə münasibətlərin təməl prinsiplərində gəldikdə:
- Narazılıq yaradan məqamlarda etiraz və əməkdaşlıq prinsiplərinə əməl etməyə dəvət etmək;
- Almaniya Prezidenti ilə yaxşı şəxsi münasibətlərin ikitərəfli əlaqələrə müsbət təsirindən yararlanmaq;
- Frank-Valter Ştaynmayerin səfərindən münasibətlərdə yeni səhifə açmaq üçün istifadə olunması;
- Almaniyanın yeni hökumətini Avropadakı ermənipərəst qüvvələrin təsirinə məruz qalmadan müstəqil siyasət yürütməyə təşviq etmək;
- Almaniyanı Aİ-nin lideri kimi qəbul etmək.
Bu siyasi strategiya Azərbaycanın Aİ-yə münasibətdə siyasətini şaxələndirir, manevr imkanlarını artırır və Fransa kimi böhran mənbələrini təcrid etməyə imkan verir.
Çinə dövlət səfəri: xaos dövründə strateji təhlükəsizliyin zəmanət altına alınması
Aprelin 23-24-də Azərbaycan Prezidentinin Pekinə dövlət səfəri zamanı “Yeni qlobal qütb” Azərbaycanın hərtərəfli strateji tərəfdaşı oldu. Prezident İlham Əliyev Türkiyə ilə Şuşa bəyannaməsini, Rusiya ilə müttəfiqlik haqqında bəyannaməni, Aİ-nin 9 ölkəsi ilə strateji tərəfdaşlıq anlaşmasını, Enerji sahəsindəki strateji anlaşmanı imzaladıqdan sonra Çin ilə strateji tərəfdaşlığa nail olmaqla xaos dövrü üçün Azərbaycanın təhlükəsizliyini zəmanət altına almış oldu. İndi bütün Avrasiya Azərbaycanın təhlükəsizliyində maraqlıdır və bunu rəsmən təsdiqləyib.
İmzalanmış 19 sənədin arasında Prezident İlham Əliyev və Sədr Si Cinpinin imzaladıqları Birgə bəyanatın əsas prinsipləri ondan ibarətdir ki, Azərbaycan və Çin bir-birinin ən həyati əhəmiyyətli, ekzistensial məsələləri üzrə bir-birini tam dəstəkləyir. Məsələn, Azərbaycan Tayvanın istənilən formada müstəqilliyinə qarşı çıxır və onu Çinin tərkib hissəsi kimi görür. Çinin isə öz növbəsində Azərbaycanın ən vacib məsələsi olan Ermənistanla nizamlama prosesinə münasibəti yalnız Türkiyə və Pakistanın mövqeyi ilə müqayisə oluna bilər. Çin məhz “Azərbaycanın təklif etdiyi sülh gündəliyini”, həm də “qətiyyətlə” dəstəklədiyini elan etməklə yanaşı, eyni zamanda, “qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar” kimi qiymətləndirməklə Ermənistana dəstək verən qüvvələrin yürütdüyü siyasətə qarşı birmənalı mövqeyini nümayiş etdirir. Biz heç bir mübahisəsiz və mübaliğəsiz bu məqamı Çinin Cənubi Qafqazda Azərbaycanın xeyrinə seçim etməsi və Azərbaycanın yanında olması kimi dəyərləndirə bilərik. Aprelin 23-də Azərbaycan dünyanın ən böyük iki güc mərkəzindən biri ilə ən həyati vacib məsələlər üzrə strateji tərəfdaş oldu.
Əlaqələrin dördpilləli olması – hakim partiyalararası dialoq, qanunverici orqanların xətti ilə təmaslar, hökumətlərarası əməkdaşlıq, biznes strukturların kommersiya əlaqələri ehtiva etməsi əsl strateji tərəfdaşlığın hərtərəfli qarantıdır.
Xarici işlər nazirlərinin müntəzəm məsləhətləşməsi, beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi beynəlxalq səhnədə Azərbaycanın üçün daha bir BMT TŞ üzvünün dəstəyini almaq imkanının yaranması, Təhlükəsizlik Şurasında gücünün artması deməkdir. Başqa tərəfdən, bu BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi çoxqütblü dünyanın yeni iqtisadi platformalarında fəaliyyət üçün rıçaqlar verir.
Artıq Çin də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə “qətiyyətli dəstək” verən güc mərkəzləri sırasına qoşuldu və bunu rəsmi sənədlə təsdiqlədi. Azərbaycan qeyri-müəyyən xaos dövründə özünün müstəqillik və suverenliyinə dünyanın daha bir qütbünün, qlobal güc mərkəzinin dəstəyini aldı.
Azərbaycan rəsmi olaraq Orta Dəhlizi Çin-Avropa-Çin marşrutu kimi də rəsmiləşdirə, Orta Dəhliz layihəsini Çin-Azərbaycan münasibətlərinin ən böyük layihəsinə çevirə bildi.
Çinin Azərbaycan tərəfinin “təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləməsi və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab etməsi” hər iki tərəfin çox böyük diplomatik uğurudur. Bununla Si Cinpin öz ölkəsini siyasi ədalət, beynəlxalq hüquq və qlobal iqtisadi rifahın tərəfdarı, təkanverici və qoruyucusu kimi təsdiq edir. Prezident İlham Əliyev isə Cənubi Qafqazda ayırıcı, bölücü siyasət yürüdən siyasi qütbə qarşı özünün Cənubi Qafqaz evi siyasətinə Çinin simasında çox güclü bir müttəfiq qazanılmasına nail oldu.
Qlobal güclər arasında gərginliyin artması qarşıduran tərəflər üçün orta güclərin əhəmiyyətini artırıb. Odur ki, Azərbaycan və Çinin biri orta, o birisi isə qlobal güc kimi çox fərqli miqyaslarda dövlətlər olaraq indiki halda bir-biri üçün vacib tərəfdaşlara çevriliblər. Azərbaycan Çin ilə ÜTT şərtləri əsasında əməkdaşlığı gücləndirib həm investisiyaların cəlbini genişləndirə, iqtisadiyyatını şaxələndirə, rəqəmsallaşdıra və müasirləşdirə, ticarət dövriyyəsini artıra bilər. Çin isə Azərbaycanda istehsal sahələrinə sərmayə qoymaqla yaxın və uzaq bazarlara ixracını asanlaşdırar, tariflərdən yan keçmək imkanı qazanardı.
Azərbaycanın Çin ilə terrorizmə, separatizmə və ekstremizmə münasibətdə həmrəy olmaları bütün sferaları əhatə edən əməkdaşlığın dairəsini qapadır. İki ölkə təhlükəsizlik sahəsində də strateji tərəfdaşlıqlarının əsasını qoydular.
Çin ilə münasibətlərin strateji prinsipləri
Çin ilə münasibətlərinin spektrinə nəzər saldıqda görünür ki, bu ölkə Azərbaycanın xarici əlaqələri üçün çox ciddi qlobal alternativ qütbdür. Bu həm iqtisadi, maliyyə, həm də siyasi baxımdan bir alternativdir. Çinin tərəfdaş ölkələrin daxili işlərinə qarışmaması, yalnız iqtisadi, kommersiya əlaqələri qurması Pekini bütün ölkələr üçün cəzbedici iqtisadi tərəfdaşa çevirir. Tarixdən bir misal gətirməklə bu məqamı daha aydın təsəvvür edə bilərik. Orta əsrlər dövründə İspaniya Yaponiyada ticarət üzərində monopoliya ilə yanaşı, həm də xristianlığı yayır, zərurət yarandıqda xristian icması vasitəsilə Yaponiya hökumətinə təzyiq göstərirdi. Yeni formalaşan dünya gücü Niderland isə heç bir dini və ideoloji şərtlər qoymadan yalnız kommersiya işləri ilə məşğul olurdu. Nəticədə Yaponiya dövləti ispanları ölkədən qovdu, ticarəti dayandırdı, onların yerini isə Niderland şirkəti tutdu. Yeri gəlmişkən, indi Tramp hökuməti bu təcrübəni tətbiq etməyə başlayıb. ABŞ-ın başqa ölkələrə ideoloji müdaxilə və təzyiqini nəzərdə tutan mexanizmlər - USAID-i, “Amerikanın səsi” radiosu və s. strukturlar ləğv olunur və münasibətlərin qurulması üçün demokratiya və insan haqları kimi tələblər qoyulmur.
Bu mənada Çin əlverişli iqtisadi tərəfdaş və alternativdir. Məsələn, Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığı dayandırıb, Çinin təşəbbüsü ilə təsis edilmiş Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə əməkdaşlıq edir. Siyasi alternativ kimi isə Azərbaycan Çin ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb, “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyənlər sırasında olub. Azərbaycan ŞƏT-ə üzv ola bilər, geosiyasi baxımdan isə Qlobal Cənub Azərbaycanı Çin ilə birləşdirir. İqtisadi əlaqələr də bütün sferaları əhatə edir:
- Çin şirkətləri müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji və ictimai nəqliyyat vasitələri istehsalı sahəsində strateji tərəfdaş olmağa dəvət edilir;
- Çin şirkətlərinin Günəş panelləri Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur;
- Müdafiə sahəsində də əməkdaşlığa hazırlıq gedir;
- Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçməyə dəvət olunur.
Yeri gəlmişkən, Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin artımı ötən il 21 faiz (3,7 milyard dollar) təşkil edib. Bu ilin ilk üç ayı üzrə də müsbət dinamika qorunaraq qarşılıqlı ticarət həcmi 37 faizdən (1,02 milyard dollar) artıq yüksəlib. Çindən Azərbaycana yönələn investisiyaların həcmi 942 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2,1 milyard ABŞ dollarına yüksəlib.
Göründüyü kimi, Azərbaycan hazırda qlobal konfiqurasiyanın çox mühüm qütbü olan Çin ilə ticarət, investisiya, nəqliyyat və sənaye sahələrində tərəfdaşlığı dərinləşdirməklə kifayətlənmir. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı dərinləşdirməklə, BRICS-lə təmasları intensivləşdirməklə siyasi əlaqələri də yeni səviyyəyə qaldırır, AİİB ilə əməkdaşlıq isə alternativ beynəlxalq maliyyə tərəfdaşlığının nümunəsidir. Müdafiə sənayesi sahəsində birgə layihələrə dair danışıqlara başlanması isə münasibətləri daha da dərinləşdirə bilər.
ABŞ ilə münasibətlərin tezisləri
Prezident İlham Əliyev ABŞ ilə Bayden-Blinken dövründə korlanmış münasibətləri Donald Tramp dönəmində yeni səhifədən başlamaq və yeni strateji səviyyəyə yüksəltməyin mümkünlüyü haqda bəyanat vermişdi: “...ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”. Azərbaycan Prezidentinin 2025-ci ilin yanvarında səsləndirdiyi bu fikirlərlə aprelin 10-da Prezident Donald Trampın Prezident İlham Əliyevə ünvanlandığı məktubda qeyd olunmuş “birgə işləməyi səbirsizliklə gözləyirəm” ifadəsi, “ABŞ-ın Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olduğu”nu vurğulaması, gələcək əməkdaşlıqda “möhtəşəm məqamların” olacağını qeyd etməsi artıq ABŞ-Azərbaycan münasibətlərində post-Bayden dövrünün başlandığını, yeni səhifənin açıldığını deməyə əsas verir.
ABŞ Prezidentinin məktubunda Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək ifadə edilməsi dünyanın xaos dövründə ölkəmizin beynəlxalq təhlükəsizliyi üçün çox vacib bəyanatdır və yeni situasiyada Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir.
Azərbaycanın İsrailə verdiyi dəstəyə görə təşəkkür məqamında isə Donald Tramp Azərbaycanı “Amerikanın dostunun dostu” kimi dəyərləndirir, bununla da ölkəmizi İsraillə eyni sırada Amerikanın dostları sırasına daxil edir. Başqa tərəfdən isə ABŞ Prezidentinin Türkiyə ilə İsrail arasında vasitəçilik missiyasına görə təşəkkür etməsi İsrailin və onun strateji müttəfiqi olan Amerikanın təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfə kimi qiymətləndirməsidir. Deməli, Azərbaycan Yaxın Şərqdə təhlükəsizliyə töhfə vermək potensialına malikdir, konkret halda vasitəçilik missiyası təsirli olub və praktik olaraq yeni mexanizmin qurulmasında iştirak edir. Həm də bu, təkcə İsrail ilə məhdudlaşmır, Suriya ilə yeni səhifənin açılması, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi Körfəz ölkələri ilə sıx əməkdaşlıq formatları, D-8 təşkilatına üzvlük də Türkiyə ilə yanaşı, Azərbaycanı da Yaxın Şərqin təhlükəsizlik arxitekturasının tərkib hissəsinə çevirir. Cənubi Qafqazda da təhlükəsizlik arxitekturasının memarı olmaq üçün iqtisadi, siyasi, hərbi və s. “kartlar” Azərbaycanın əlindədir. Odur ki, Azərbaycan Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya strategiyasında da ABŞ-ın vazkeçilməz tərəfdaşı ola bilər. Prezident Donald Trampın Yaxın Şərqdə əsas tərəfdaş kimi gördüyü Türkiyə Prezidenti isə Antalyada görüş zamanı Azərbaycanı Cənubi Qafqazın sülh arxitektoru kimi gördüyünü deyib.
Nəticədə:
- Azərbaycan ABŞ üçün Yaxın Şərqdəki tərəfdaşlarının təhlükəsizliyində vacib amildir;
- ABŞ-ın NATO-dakı tərəfdaşları Avropanın enerji və nəqliyyat, ticarət təhlükəsizliyi üçün dəyişməz tərəfdaşdır.
YEKUN
Prezident İlham Əliyevin TDT və Rusiya ilə strateji müttəfiqlik, Aİ ilə enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq, Çin ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırması, ABŞ-ın administrasiyası ilə strateji tərəfdaşlığı genişləndirməyə hazır olması haqda bəyanatları göstərir ki, Azərbaycan Prezidenti qlobal qarşıdurmaya əsas təsiredici qüvvələrin siyahısını dəqiq müəyyənləşdirib və nəinki əsas aktorları, həm də onların hər birinin qlobal qarşıdurmadakı başlıca məqsədlərini də aydınlaşdırıb.
Əsas aktorların və onların başlıca məqsədlərinin aydınlaşdırılması Azərbaycana imkan verir ki, öz milli hədəflərini bu məqsədlərlə uzlaşdırsın, kiminlə hansı mərhələdə ziddiyyətlərin ortaya çıxa biləcəyini proqnozlaşdırsın, beləliklə hər mərhələyə uyğun ittifaqlarda iştirak etsin. Məsələn, Fransa ilə münasibətlərdə yaranmış ziddiyyətlər, AŞPA və AP ilə problemlərin idarə olunmasında Şərqi Avropadakı müttəfiqləri və Türkiyə ilə ittifaq sayəsində Azərbaycan rəqibləri çıxılmaz vəziyyətə saldı.
Rusiya ilə hərbi qarşıdurma və iqtisadi sanksiyalar rejimində olan, ABŞ ilə münasibətlərində hərbi-siyasi və iqtisadi müstəvilərdə problemləri yaranmış Avropanın türk dövlətlərinə ehtiyacı artmaqdadır. Belə bir məqamda Fransanın təhriki ilə Azərbaycana edilmiş təzyiqlər və Azərbaycanın verdiyi əks-təzyiq reaksiyası qoca qitəni Parisin yedəyində getməməyə inandırıb.
Rusiyanın bugünkü əsas hədəfi Ukrayna savaşından qalib çıxmaq, Qara dənizdə və Avropa təhlükəsizliyində geosiyasi mövqelərini gücləndirmək, iqtisadi sanksiyaların təsirini azaltmaqdır. Azərbaycan yaranmış çox mürəkkəb situasiyada bacarıqla manevr edir: Rusiyaya qarşı sanksiya siyasətinə qoşulmur, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq edir, eyni zamanda, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardım göstərir, paralel olaraq Avropanı qazla təmin edir, ABŞ ilə əlaqələri isə strateji səviyyəyə qaldırmağa hazırdır.
Bu platformanı “heç kimə qarşı olmadan qarşıduran tərəflərin legitim maraqları ilə həmrəy olmaq” siyasəti adlandırmaq olar. Bu, tətbiqi xeyli mürəkkəb olan, həm iqtisadi və siyasi resurs, həm də siyasi iradə tələb edən bir siyasi platformadır. Münaqişədə iştirak etmədən tərəflərlə legitim müstəvilərdə əməkdaşlıq imkanı yaradır.
Bu, xaos dövrünün ən ideal siyasi, iqtisadi və təhlükəsizlik strategiyasıdır.
Bu, elə bir davranış formuludur ki, çoxqütblü nizama xas olan şərtlərin, qüvvələr nisbətinin, beynəlxalq tərəfdaşların, müttəfiq və rəqiblərin çevik, gözlənilməz dəyişməsi hallarında bütün situasiyalara adaptasiya olunmaq qabiliyyətindədir. Məsələn, Rusiya-Çin, ABŞ-Rusiya münasibətlərindəki bugünkü şərtlərin dəyişməsi Azərbaycanın sabit münasibətlərinə tektonik təsirlər göstərməyəcək. Odur ki, bu siyasi strategiya qlobal xaos dövründə milli təhlükəsizlik, xarici investisiyalar və yükdaşımalar üçün riskləri minimallaşdırır.
İbrahim Məmmədov
Tarix üzrə fəlsəfə doktoru


