Yeni dünya nizamına doğru: İlham Əliyev hansı mesajları verdi?
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ADA Universiteti silsilə beynəlxalq forumları ilə də son illərdə özünün nüfuzunu artırmaqdadır. Aprelin 9-da keçirilən forumda prezident İlham Əliyevin çıxışı geniş rezonans doğurdu, beynəlxalq diplomatik və siyasi çevrələrdə maraqla qarşılandı.
Bəs dövlətimizin başçısı forumda hansı mesajları verdi?
Beynəlxalq ekspertlərin yeddinci dəfədir ölkəmizə toplaşmasını həm ölkəmizi tanıtmaq, burada həyata keçirilən layihələrin miqyasını görmək, həm də qlobal məsələlərin müzakirəsi üçün əlverişli məkan olmasını nümayiş etdirmək baxımından çox əhəmiyyətli hesab edirik. Forum iştirakçılarının azad olunmuş ərazilərimizi ziyarət etmələri, tarixi torpaqlarımızın ermənilər tərəfindən viran qoyulmasını öz gözləri ilə görmələri baxımından da ciddi mesajdır.
Eləcə də ölkəmizin tarixi coğrafiyasının Şərq-Qərb, Şimal-Cənub istiqamətində əlverişli logistik məkan olaraq əhəmiyyətini göstərmək, bu məqsədlə həyata keçirilən beynəlxalq layihələrin diapazonunu nümayiş etdirmək baxımından da əhəmiyyətlidir.
Prezident Forumun tribunasından aşağıdakı mesajları verdi:
Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır... Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük. Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gələn və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir;
Son illər ərzində Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Eyni sözləri Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə olan güclü əlaqələrimizə də şamil edə bilərik. Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurub. Artıq müxtəlif investisiya layihələri üzərində fəal işlənib, bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondu yaradılıb. Bu yaxınlarda - altı ay bundan əvvəl biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilə də mzalamışıq.
Daha sonra yaxın perspektivdə görüləcək işlərin anonsunu verən prezident dedi ki, əfsuslar olsun ki,Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisebətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Hamımızın buna imkanı var idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımalan olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi.Azərbaycan və Ermənistan arasında saziş imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir.
Ermənistanla münasibətlərin gələcəyinə toxunan ölkə başçısı Ermənistanın beynəlxalq layihələrə qoşulması şansını hər dəfə “Böyük Ermənistan” xülyasına qurban verməsinə toxunaraq qeyd etdi ki, Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya, konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair legitim təklifimizi qəbul etmək istəmirlər. Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi. Biz hamımız bunu bilirik. Buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən.Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik.
Daha sonra Yaxın Şərqdə son hadisələrlə bağlı münasibətləri gərgin olan Türkiyə-İsrail münasibətlərinə toxunan ölkə başçısı açıq şəkildə bəyan etdi ki, Türkiyə və İsrail Azərbaycanın yaxın dostlarıdır. ”Biz Türkiyə ilə müttəfiqik. 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, baxmayaraq ki, özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Bunu heç vaxt ictimailəşdirmədik. Buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq”.
Daha sonra dünya nəhəngi olan ABŞ-la dostluq münasibətlərinə toxunaraq qeyd etdi ki,biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik.
Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən gərginlik baş verdi. Azərbaycanda məyusluğa səbəb olmuş müxtəlif faktları qeyd edə bilərəm. Düşünürəm ki, cəmi birini-Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək kifayətdir. ABŞ-ın Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına "907-ci düzəliş müvəqqəti olaraq dayandırılırdı. ABŞ-ın hər bir prezidenti hər il bunu dayandırırdı. Lakin Bayden-Blinken administrasiyası Əfqanıstandan qaçan kimi,-bunu onların necə etdiyini hamımız gördük, onlar bizə qarşı bu düzəlişi yenidən tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Çünki bundan sonra bütün bu insinuasiyalar dərhal dayandırıldı.Buna çox təəssüflənirəm, çünki təmaslarımızın əvvəlində ona çox etimad edirdim. Lakin əfsuslar olsun ki, yanılmışdım. Qafqazda ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, bizə qarşı ayrı-seçkilik etmək, Azərbaycan haqqında şayiələr yaymaq cəhdləri oldu. Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların "Washington Post", "New York Times". "Politico" və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın "feyk xəbərlər" adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırıldı.Biz bilirdik ki,bu məqalələrin mənbəyi Dövlət Departamentidir.
Forumda Avropa Birliyi ölkələrinin seçkilərdə anti Tramp kampaniyası zamanı ölkə başçısı ənənəvi olaraq bu qitənin Türkiyəyə, Azərbaycana,bütün müsəlman dünyasına ikili münasibətinə toxunaraq prosesin aydın mənzərəsini yaratdı. O haqlı olaraq qeyd etdi ki, ”Avropa liderlərinin xanım Harrisi dəstəkləməklə ona qarşı sövdələşmənin arxasında necə durduğunu gördü, beləliklə, o, bunu öz üzərində hiss etdi. Ona görə də ikinci prezidentliyi dövrü, əlbəttə ki, bu, mənim qiymətləndirməmdir, birinci dövrlə müqayisədə daha fəal olacaq və daha çox diqqəti amerikalıların milli maraqlarına yönəldəcək. Amerikanın milli maraqları baxımından, bunu tam əminliklə deyə bilərəm: Azərbaycanla güclü əlaqələrin olması bu region üçün çox mühümdür. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Qlobal Cənubun bir hissəsi olan, 4 il uğurlu sədrlik etdiyimiz Qoşulmama Hərəkatında güclü mövqeyə, artıq müzakirə etdiyimiz kimi Mərkəzi Asiya regionu ile güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları olan, gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş Ordusu olan və hər kəslə siyasi əlaqələri olan Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər. Biz bunun olmasını istəyirik.Ölkəmizin beynəlxalq imicinin yüksəlməsində Qoşulmama hərəkatına gətirdiyi dinamikliyə toxunan Prezident haqlı olaraq qeyd etdi ki,Qoşulmama Hərəkatında yaxşı irs qoyduq.
Çünki müəyyən mərhələdə bu hərəkat bir qədər zəifləməyə başlamışdı. Beləliklə, biz yeni dinamika gətirdik. Biz uğurla yaradılmış Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdik. Beləliklə, bu, Azərbaycanın iki mühüm irsidir və biz Qoşulmama Hərəkatının institusional inkişafı və onun təşkilata potensial transformasiyası istiqamətində fəal işlədik. Bizim sədrliyimiz yekdilliklə dəstəkləndi. Biz 3 il müddətinə seçilmişdik, lakin sonra üzv dövlətlər sədrliyimizi daha bir il müddətinə uzatmağı qərara aldılar ki, bu da hərəkatın tarixində görünməmiş hadisədir. Beləliklə, yenidən yekdil qərarla Azərbaycanın sədrliyi uzadıldı. Bu onu göstərir ki, üzv dövlətlər arasında müəyyən ikitərəfli və ya çoxtərəfli anlaşılmazlıqların olmasına baxmayaraq, hansı ki, başadüşüləndir çünki 120 ölkə var, - Azərbaycana münasibətdə onların hamısı bizim rolumuzun qiymətləndirilməsində vahid mövqedən çıxış etmişdilər; COP zamanı da biz açıq şəkildə bəyan etdik ki, əsas hədəfimiz az inkişaf etmiş ölkələri, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaq. Biz bunu etdik. COP-un nəticələrinə gəldikdə, baxmayaraq ki, bilirəm məqsədi Azərbaycanın sədrliyini nüfuzdan salmaq olan bəzi qondarma ekspertlər deyirdilər ki, maliyyələşməyə nail olunmadı, biz maliyyələşməni 100 milyard ABŞ dollarından qaldırdıq. Bütün COP-larda, COP28-də əldə olunan səviyyə 100 milyard idi. Ölkəmizdə keçirilmiş COP-da biz bunu 300-ə qaldırdıq. Beləliklə, bu, nailiyyət deyil? Əlbəttə ki, nailiyyətdir. Biz maliyyələşməni 3 dəfə artırdıq. Biz İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üçün xüsusi proqrama start verdik.
Forumda geniş rezonans doğuran məsələlərdən biri də prezidentimizin “Cənubi Qafqazda əlaqələr qurmaq üçün vasitəçilərə ehtiyacımız yoxdur” fikri ilə bağlı oldu: Biz vasitəçilərdən təngə gəlmişik. 28 il ərzində vasitəçilərimiz var idi - həmin o məşhur Minsk qrupu. Onların yeganə məqsədi işğalı əbədiləşdirmək və Qarabağı Ermənistana verməkdən ibarət idi. Ona görə biz kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq. Gəlin bunu özümüz edək, biz bu regionda yaşayırıq. Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox. Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi bütün bunlar bizə lazım deyil. Budur bizim görmək İstədiyimiz Cənubi Qafqaz. Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərində götürərək əməkdaşlıq etməlidirlər. Əlbəttə, burada Ermənistan da var və o, ancaq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər. Bu vaxt biz regionumuzda uzunmüddətli proqnozlaşdırılabilən vəziyyətdən bəhs edə bilərik”.
Beləliklə, Bakı forumu nəinki özünün əzəməti, həm də cənab prezident İlham Əliyevin böyük strateji çağırışları ilə yadda qaldı. Forum həqiqətən ölkəmizin beynəlxalq nüfuzunun yeni bir nümayişinə çevrildi.
Həsən Bayramov
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzv, İcmanın Binəqədi rayon Nümayəndəsi, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri, Pedaqoji elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akakdemiyasının akademiki
Bakıvaxtı.az


