Icma.az
close
up
RU
“Yeraltı çaylar”ın “sahibi” kimdir?

“Yeraltı çaylar”ın “sahibi” kimdir?

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Min illər etibarlı su mənbəyi olmuş kəhrizlər diqqətsizlik hədəfində

Qlobal istiləşmə nəticəsində iqlim dəyişiklikləri baş verir, su mənbələri quruyur, yağıntı rejimi pozulur. Beynəlxalq təşkilatların araşdırmalarına görə, yaxın onilliklərdə dünya əhalisinin böyük bir hissəsi içməli su qıtlığı ilə üzləşəcək. Su qıtlığı, həmçinin sosial gərginliklərə, hətta regionlararası münaqişələrə səbəb olacaq. Yay aylarında – suya tələbatın kəskin artdığı dövrlərdə – bu problemlər daha qabarıq şəkildə özünü göstərir. İstər içməli, istərsə də suvarma məqsədilə istifadə olunan suların qıtlığı fonunda alternativ su mənbələrinin tapılması və onlardan səmərəli istifadə olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan arid iqlim zonasına daxil olduğundan, qlobal su problemlərinin təsiri ölkəmizdə də hiss olunur.

Ölkəmizin yeraltı və yerüstü su ehtiyatları zəngin deyil. Çay sularının ehtiyatlarının, təxminən, 70 faizi qonşu dövlətlərin ərazisində formalaşır, qalan hissə isə daxili çaylardan yaranır. Quraqlıq illərində transsərhəd su ehtiyatlarının həcmi kəskin şəkildə azalır.

Bu mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev ölkəmizdəki vəziyyətə aydınlıq gətirdi:

– Azərbaycanın su ehtiyatlarının əhəmiyyətli hissəsi transsərhəd çaylar vasitəsilə formalaşır. Son illərdə bu çayların su ehtiyatları qonşu ölkələrin ərazilərində qurulan sugötürücü qurğular vasitəsilə daha çox mənimsənilir. Nəticədə, həmin çaylar vasitəsilə Azərbaycana daxil olan su həcmi əhəmiyyətli dərəcədə azalır. Bu isə ölkə daxilində suya olan tələbatın ödənilməsində ciddi çətinliklər yaratsa da, burada daha vacib bir məsələdən yan keçmək istəmirəm.

Mən bu proseslərin tənzimlənməsində əsas istiqaməti elmi yanaşmada və onun əsasında torpaq-su problemlərinin həllində görürəm. Təbii ki, bu sözlər bir qədər təvazökarlıqdan uzaq səslənsə də, ömrünü elmə və təhsilə həsr etmiş bir alim kimi danışıram.

Bilirsiniz, hər bir dövlətin qüdrətinin əsas dayaqları üç amilə söykənir – güclü elmi potensial, güclü ordu və müdrik rəhbərlik. Şükürlər olsun ki, bu gün Azərbaycanın müdrik rəhbəri, Ali Baş Komandan İlham Əliyev ölkəmizin torpaq bütövlüyünü bərpa etməklə yanaşı, Qarabağda da genişmiqyaslı quruculuq və bərpa işləri aparırıq. Biz də Torpaqşünaslıq və Aqrokimya İnstitutu 30 ilə yaxın fasilədən sonra Qarabağ torpaqlarında torpaq və su tədqiqatları aparırıq. Hazırda alimlərimiz Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Laçın, Qubadlı, Kəlbəcər rayonlarında torpaq, su və ekoloji monitorinqlə məşğuldurlar. Yaxın illərdə Qarabağda Torpaq-Su Tədqiqatları üzrə Dayaq Məntəqəsinin yaradılması məsələsi də həllini tapacaq. Bu, həm tədqiqatların davamlılığı, həm də Bakıdan Qarabağa səfərlərlə bağlı xərclərin azaldılması baxımından son dərəcə vacibdir.

Azərbaycan aqrar ölkədir. Bu ölkə torpaq və su ehtiyatlarına görə, əhalinin ərzaq təminatını tam şəkildə qarşılayacaq potensiala malikdir. Lakin müəyyən dövrlərdə – xüsusilə sovetlər sistemi və sonrakı ictimai-siyasi hadisələrin təsiri nəticəsində – baş verən proseslər bizi ciddi şəkildə düşünməyə vadar edir. Nədən başlamaq, nədən nəticə çıxarmaq sualları bu gün də aktuallığını qoruyur. Bu barədə çox danışmaq olar, lakin mən konkret olaraq son səfərlərimiz və aparılan müşahidələr əsasında irəli sürdüyüm bəzi təklif və iradları diqqətə çatdırmaq istərdim. Hazırda Azərbaycanda suvarmanın hələ də primitiv sellemə üsulu ilə aparılması, gecə suvarmalarının təşkil edilməməsi və təsərrüfatlarda hidrometrik işlərin zəifliyi nəticəsində xeyli su itkisi baş verir. Cənab Prezidentin də qeyd etdiyi kimi, ölkədə 50 faizdən çox su itkisi müşahidə olunur. Belə şəraitdə su itkilərinin qarşısını almaq üçün suvarma sistemləri müasir tələblərə uyğun şəkildə modernləşdirilməli, səmərəli idarəetmə mexanizmləri tətbiq edilməlidir.

Azərbaycanda bu prosesin həyata keçirilməsi müəyyən vaxt tələb edir, təxminən, 8–10 il ərzində genişmiqyaslı yenilənmə mümkün olacaq. Lakin bu dövr ərzində suvarma suyuna xüsusi diqqət yetirilməli, hər bir damlanın dəyəri qorunmalıdır. Təəssüflə qeyd etməliyəm ki, hazırda Baş Mil-Muğan və Baş Şirvan kollektorlarında minerallaşmış suların, yəni suvarma üçün yararlı suların kollektorlar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılması müşahidə olunur. Bu isə birinci növbədə, ölkədə suvarmanın müasir formalarının tətbiqini vacib edir. Digər tərəfdən, suyun hər damlasının qədrini bilmək, onun düzgün idarə olunması məsələsi strateji əhəmiyyət daşıyır. Artıq suların səmərəsiz istifadəsi nəticəsində qrunt sularının səviyyəsi yer səthinə yaxınlaşır, bu da bataqlaşma və arid iqlim zonalarında təkrar şorlaşma proseslərinin baş verməsinə gətirib çıxarır. Aparılan çöl müşahidələri göstərir ki, mövcud şəraitdə su ehtiyatlarından düzgün istifadə edilməməsi minlərlə hektar torpağın yaxın illərdə şorlaşmasına səbəb olacaq. Bu, artıq elmi və praktiki cəhətdən təsdiqlənmiş faktdır.

Digər bir mühüm məsələyə diqqət yetirmək istəyirəm. Vaxtilə Azərbaycanda kəhriz sistemlərindən geniş şəkildə istifadə olunurdu. Həmin kəhrizlər vasitəsilə il ərzində 400 milyon kubmetrədək kəhriz suyu təsərrüfatlarda və içməli məqsədlər üçün istifadə edilirdi. Təkcə Gəncə ətrafındakı kəhrizlərdən saniyədə 2,5 kubmetr su əldə olunurdu. Eynilə, Samux, Ağcabədi, Bərdə, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında da kəhriz suları çox səmərəli şəkildə istifadə edilirdi.

Sovet dövründə pambıqçılığın genişləndirilməsi bu rayonlarda kəhrizlərin ikinci plana keçməsinə səbəb oldu. Halbuki kəhrizlər region üçün ən əlverişli təbii drenaj sistemləri idi. Lakin sonradan onlardan götürülən suyun günün tələblərinə cavab verməməsi bu sistemlərin tədricən sıradan çıxmasına gətirib çıxardı. Nəticədə, Samuxda 12, Bərdədə 26, Yevlaxda 3, Ağcabədidə isə bir çox kəhrizlər baxımsızlıq və biganəlik üzündən tamamilə unuduldu. Bu proseslərin nəticəsində həmin rayonlarda qrunt sularının səviyyəsi 8 metrdən 4 metrədək yüksəlib.

Azərbaycanın qədim suvarma sistemi olan kəhrizlərin qorunması və bərpası sahəsində yeni mərhələ 2002-ci ildə, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Həmin ilin avqust ayında Naxçıvan şəhərində Vayxır su anbarının tikintisi ilə bağlı keçirilən müşavirədə çıxış edərək, mən kəhrizlərlə bağlı yaranmış vəziyyət haqqında geniş məlumat vermişdim. Ulu öndər Heydər Əliyev həmin çıxışı diqqətlə dinləyərək, kəhrizlərin qorunmasının və bərpasının vacibliyini xüsusi vurğulamışdı. Onun tövsiyələri əsasında bu mühüm irsin yaşadılması məqsədilə 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdində “Kəhrizlər İdarəsi” yaradıldı.

Həmin görüş mənim üçün dönüş nöqtəsi oldu. Naxçıvanın torpaq və su ehtiyatlarını daha dərindən öyrənməyimə səbəb oldu və nəticədə bu istiqamətdə doktorluq dissertasiyamı müdafiə etdim. İşlədiyim illər ərzində Naxçıvan Muxtar Respublikasının rəhbərliyi kəhriz məsələsinə xüsusi diqqət yetirdi. Görülən işlər nəticəsində 200-dən çox kəhriz bərpa edildi və bununla da ildə 60 milyon kubmetr su ehtiyatı yenidən təsərrüfat dövriyyəsinə qaytarıldı.

Naxçıvanda əldə olunan bu uğurlar sonrakı illərdə ölkənin digər bölgələrində də kəhrizlərə marağı artırdı.

Ənənəvi suvarma sistemlərinin əhəmiyyəti yenidən gündəmə gəldi, onların bərpası və elmi tədqiqi prioritet istiqamətlərdən birinə çevrildi. 2016-cı ildən başlayaraq, Azərbaycanın müxtəlif regionlarında kəhrizlərin araşdırılması və qiymətləndirilməsi işlərinə start verildi. 2016–2017-ci illərdə mənim rəhbərliyim altında Gəncə, Qazax və Qarabağ kəhrizlərində, eləcə də 2024–2025-ci illərdə işğaldan azad edilmiş Şərqi Zəngəzur (Cəbrayıl) və Qarabağ iqtisadi rayonlarında (Füzuli, Ağdam) elmi–tədqiqatlar aparılır.Aparılan araşdırmalar göstərdi ki, torpaq islahatı dövründə kəhrizlər nəzərə alınmadığı üçün onların bir çoxu fəaliyyətini dayandırıb.

Lakin bütün çətinliklərə baxmayaraq, xalqın vətənpərvər övladlarının səyləri sayəsində bir çox kəhrizlər bu günədək qorunub saxlanılıb. Bu fakt həm də xalqın qədim irsə və suya olan dərin hörmətinin, ekoloji məsuliyyət hissinin bariz göstəricisidir. Bütün bu faktlar bir daha sübut edir ki, kəhrizlər təkcə su mənbəyi deyil, həm də xalqın tarixi, mədəni irsi və təbiətə münasibət fəlsəfəsinin göstəricisidir. Onların qorunması və gələcək nəsillərə ötürülməsi ölkənin ekoloji, sosial və iqtisadi təhlükəsizliyi baxımından böyük strateji əhəmiyyət kəsb edir.

– İstər dünyada, istərsə də Azərbaycanda kəhrizlərdən istifadə barədə nə deyə bilərsiniz?

– Kəhrizlər dünyanın ən qədim hidrotexniki abidələrdən biridir. Onlardan hələ eramızdan əvvəlki dövrlərdə istifadə olunub. Hazırkı arxeoloji tədqiqatlar da göstərir ki, Azərbaycanda aşkarlanan kəhriz qalıqları çox qədim dövrlərə aiddir və bu torpaqlarda suyun dəyərinin minillər boyu necə yüksək qiymətləndirildiyini sübut edir. Azərbaycanın içməli və suvarma suyu baxımından ən etibarlı mənbələrindən biri sayılan kəhrizlər həm ölkənin tarixində, həm də kənd təsərrüfatı ənənəsində mühüm yer tutur. Məlumatlara görə, ölkə ərazisində 1500-dən çox kəhriz mövcud olub. Bu, çox ciddi rəqəmdir və istifadədən kənarda qalmış böyük bir su potensialına malik olduğumuzu göstərir.

1938-ci ildə aparılan rəsmi araşdırmalar nəticəsində 885 kəhriz dövlət qeydiyyatına alınıb və onlardan əsasən suvarma məqsədilə istifadə edilib. Həmin dövrdə bu kəhrizlərin ümumi su sərfi saniyədə 13,5 kubmetr, illik su həcmi isə təxminən 420 milyon kubmetr olaraq qiymətləndirilib. Ən çox su sərfi olan kəhriz Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xok kəndində yerləşən “Çay kəhrizi”dir – onun saniyəlik su sərfi 120 litrdir. Ən sulu bulaq isə yenə həmin rayonun Qarabağlar kəndi yaxınlığında, 1400 metr yüksəklikdə yerləşən “Asnı bulağı”dır, burada suyun saniyəlik sərfi 85–100 litr arasında dəyişir.

Təəssüf ki, bu gün kəhrizlər vasitəsilə istifadə olunan suyun həcmi, 1950-ci illərdəki göstəricinin cəmi 20–25 faizini təşkil edir. Bu, zaman-zaman baş verən müharibələrin, təbii fəlakətlərin və insanların biganəliyinin nəticəsidir. 1970-ci illərdə Azərbaycan SSR-də fəaliyyət göstərən Meliorasiya və Su Təsərrüfatı Nazirliyində “Kəhrizlər üzrə xüsusi şöbə” mövcud idi. Bu fakt həmin dövrdə kəhrizlərin dövlət səviyyəsində nə qədər önəmli hesab edildiyini göstərir. Lakin 1990-cı illərin əvvəllərində ölkədə baş verən siyasi və iqtisadi çətinliklər, eləcə də Qarabağ müharibəsi bu sahəyə diqqətin azalmasına gətirib çıxardı. Nəticədə, bir çox kəhrizlər baxımsız vəziyyətə düşdü və fəaliyyətdən qaldı.

– İqlim dəyişikliyi və infrastrukturun köhnəlməsi su itkilərini artırır. Azərbaycanda su ehtiyatlarının azalması fonunda hansı alternativ və davamlı su mənbələrindən istifadə mümkündür?

– Azərbaycanda iqlim dəyişiklikləri, suvarma infrastrukturunun köhnəlməsi və ənənəvi suvarma üsullarının səmərəsizliyi nəticəsində bu gün 50 faizdən çox su itkisi müşahidə olunur. Bu şəraitdə kənd təsərrüfatının davamlı inkişafı üçün alternativ və ekoloji baxımdan səmərəli su mənbələrinin axtarışı vacib məsələyə çevrilib. Belə alternativlərdən biri, qədim mühəndislik zəkasının şah əsəri sayılan və bu gün də aktuallığını qoruyan kəhriz sistemləridir. Kəhrizlər — torpağın dərin qatlarında toplanan yeraltı suları enerji sərfi olmadan, təbii axınla səthə çıxaran unikal su sistemləridir. Bu sular dağ süxurlarından keçərək təbii şəkildə süzülür, duzsuz və təmiz formaya çevrilir.

Elə buna görə də kəhrizlər həm ekoloji, həm də iqtisadi baxımdan ən səmərəli su mənbələrindən biridir. Xüsusilə şoranlaşma problemi ilə üzləşən ərazilərdə kəhriz suları torpağın bərpasında mühüm rol oynayır. Kür–Araz ovalığında uzun illər ərzində düzgün idarə olunmayan suvarma nəticəsində hidrogeoloji balans pozulmuş, torpaqlar təkrar şorlaşmaya məruz qalmışdır. Bu cür şəraitdə kəhriz suları ekosistemin sabitləşməsində və torpaqların canlandırılmasında mühüm əhəmiyyət daşıyır. Kəhrizlər yalnız ekoloji və aqrar baxımdan deyil, həm də sosial və mədəni mənada böyük önəmə malikdir.

Xalq arasında bu su mənbələri “canlı su” kimi tanınır. Naxçıvan, Qarabağ və Gəncə–Qazax dağətəyi bölgələrində yerləşən qədim kəhrizlər hələ də yerli əhali tərəfindən əkin və məişət ehtiyacları üçün istifadə olunur. Lakin son onilliklərdə bir çox kəhrizlər baxımsızlıq, unudulma və qeyri-peşəkar bərpa işləri səbəbindən sıradan çıxıb. Bu sistemlərin yenidən bərpası və müasir kənd təsərrüfatı siyasətinə inteqrasiyası, həm su ehtiyatlarının səmərəli idarə olunması, həm də iqlim dəyişikliklərinə adaptasiya baxımından son dərəcə vacibdir.

– Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixi olaraq kəhrizlərlə zəngin ərazilər hesab olunur. Lakin bu bölgələr uzun illər işğal altında qaldığı dövrdə oradakı kəhriz sistemlərinin böyük hissəsi ya tamamilə dağıdılıb, ya da ciddi şəkildə çirklənib. Bununla belə, bu kəhrizlərin bir çoxu texniki baxımdan bərpa oluna bilər.

– Bəli, Qarabağ və Şərqi Zəngəzur regionları qədim və zəngin kəhriz sistemi ilə tanınır. Bu sistemlər yüzillər boyu həm içməli su, həm də kənd təsərrüfatı üçün suvarma suyu kimi geniş şəkildə istifadə olunub. Kəhrizlər bölgənin kənd təsərrüfatının inkişafında, ekoloji tarazlığın qorunmasında və yerli əhalinin sosial rifahında mühüm rol oynayıb. Təəssüf ki, işğal illəri ərzində erməni işğalçı qüvvələri tərəfindən təkcə yaşayış məntəqələri deyil, həm də suvarma infrastrukturu və kəhriz sistemləri məqsədyönlü şəkildə dağıdılıb və çirkləndirilib. Bu dağıntılar nəticəsində bölgədə ekoloji tarazlıq pozulmuş, qrunt sularının səviyyəsi dəyişmiş, yerli flora və fauna məhv olmuş və ya miqrasiya etməyə məcbur qalmışdır. Bununla yanaşı, torpaqların su rejimi pozulduğundan, kənd təsərrüfatı üçün yararlı ərazilər də zərər görmüşdür. Aparılan elmi-tədqiqat işlərimiz göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda yerləşən bir çox kəhrizlər texniki baxımdan bərpa olunaraq yenidən istifadəyə verilə bilər.

Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, bu prosesdə su təsərrüfatı infrastrukturunun yenilənməsi prioritet istiqamətlərdən biridir. Bu baxımdan, kəhrizlərin bərpası təkcə suvarma məqsədi daşımır, eyni zamanda, dayanıqlı kənd təsərrüfatı inkişafı, ekoloji tarazlığın bərpası və əhalinin məskunlaşmasının davamlılığı üçün strateji əhəmiyyətə malikdir. Statistik məlumatlara görə, Azərbaycanda (Naxçıvan MR istisna olmaqla) rəsmi dövlət qeydiyyatında olan 623 kəhrizdən 332-si Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşib. İşğaldan əvvəl bu bölgələrdəki kəhrizlərdən əldə edilən su həcmləri aşağıdakı kimi idi:

Ağdam rayonu: 98 kəhriz – il ərzində 64,33 milyon kubmetr su; Füzuli rayonu: 71 kəhriz – il ərzində 19,016 milyon kubmetr su; Cəbrayıl rayonu: 111 kəhriz – il ərzində 34,658 milyon kubmetr su; Qarabağın dağlıq hissəsi: 52 kəhriz – illik 4,225 milyon kubmetr su.

Bu rəqəmlər göstərir ki, Qarabağ regionunda kəhrizlərin bərpası ilə ildə təxminən 120–125 milyon kubmetr təmiz, ekoloji cəhətdən sağlam suyun təmin olunması mümkündür. Cəbrayıl rayonunu nümunə götürsək, burada çay şəbəkəsi olmadığından, əhalinin içməli və təsərrüfat suyu əsasən kəhriz və bulaqlardan, XX əsrin sonlarından etibarən isə subartezian quyularından təmin olunub. Bu fakt onu göstərir ki, gələcəkdə Cəbrayılda su infrastrukturunun layihələndirilməsi zamanı kəhrizlərin yerləşmə və məcralatı xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.

Ənənəvi pilləvari (kaskad tipli) Cəbrayıl kəhriz sistemləri dağ ətəklərindən Araz çayına qədər uzanır. Bu sistemlərdə yeraltı suların axını təbii şəkildə tənzimlənib. Lakin sonradan aparılan qeyri-peşəkar müdaxilələr bu balansı pozub, nəticədə bir çox kəhrizlər quruma və sıradan çıxma mərhələsinə çatıb. Qarabağ və Şərqi Zəngəzurda kəhrizlərin bərpası yalnız kənd təsərrüfatı üçün deyil, həm də iqlim dəyişikliklərinə adaptasiya, ekosistemin bərpası və sosial-iqtisadi dayanıqlığın təmin edilməsi baxımından strateji zərurətdir. Bu sahədə işlərin elmi əsaslarla və sistemli şəkildə aparılması ölkənin dayanıqlı inkişaf strategiyasının vacib tərkib hissəsi olmalıdır.

– Su çatışmazlığı olan müasir dövrdə kəhrizlərdən səmərəli istifadə edilməsinə ciddi ehtiyac yaranıb. Amma bir problem var. Bu, kəhrizlərin naşı adamlar tərəfindən “bərpa” adı altında kosmetik təmiridir ki, bu da onların tarixiliyinin silinməsinə və məhvinə səbəb olur.

– Tamamilə doğrudur. Bu gün çox az vəsaitlə belə bir kəhrizi bərpa etmək mümkündür, lakin bu iş mütəxəssislər və peşəkar mühəndislər tərəfindən həyata keçirilməlidir. Təəssüf ki, bəzi hallarda naşı şəxslər “bərpa” adı altında kəhrizlərdə yalnız kosmetik təmir işləri aparır, nəticədə bu qədim su sistemlərinin tarixi və konstruktiv dəyərləri məhv edilir. Bu məsələ həm vətəndaş, həm də kəhriz tədqiqatçısı alim kimi məni ciddi şəkildə narahat edir. Belə halların qarşısı mütləq şəkildə aidiyyəti dövlət qurumları tərəfindən alınmalıdır. Kəhrizlərimiz konkret bir dövlət orqanının balansına verilməli, onların bərpası, qorunması və monitorinqi vahid idarəetmə sistemi çərçivəsində həyata keçirilməlidir.

Faktlar da bu narahatlığın əsaslı olduğunu göstərir. Son illərdə bəzi beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə Qazax, Tovuz, Şəmkir, Goranboy, Tərtər və digər rayonlarda icra olunan “kəhriz bərpası” layihələri ətrafında ciddi problemlər yaranıb. Qeyd edim ki, tarixi və milli irsimiz olan kəhrizlər sadəcə texniki qurğu deyil, eyni zamanda min illərlə formalaşmış bir mədəniyyətin, yerli biliklərin və ekologiya ilə tarazlaşmış həyat tərzinin simvoludur. Lakin bu abidələrə yanaşmada tarixilik prinsipləri pozulur, yerli alimlərin və mütəxəssislərin təcrübəsi nəzərə alınmayıb. Bərpa işləri çərçivəsində yerli şəraitə uyğun olmayan texnologiyaların tətbiqi, əsaslı mühəndis layihələndirmənin aparılmaması və elmi ekspertizanın kənarda qalması nəticəsində bir çox kəhrizlər ya yararsız hala düşüb, ya da tam sıradan çıxıb.

– Real vəziyyəti araşdırmaq üçün mütəxəssis komissiyası yaradılmışdı. Bu komissiya nə kimi neqativ halları aşkar etmişdi?

– Əvvəlki illərdə bizim tərəfimizdən yaradılmış mütəxəssis komissiyası Ağdam rayonunun Əhmədağalı, Mirəşelli və Xındıstan kəndləri ərazisində vaxtilə bərpa edilmiş “Çinarlı”, “Şəmsi”, “Xanəhməd”, “Qurddu”, “Qozlu” və “Heyvalı” kəhrizlərinə baxış keçirmişdir. Aparılan monitorinq nəticəsində müəyyən olundu ki, bu kəhrizlərdə görülən bərpa işləri keyfiyyətsiz və yanlış üsullarla həyata keçirildiyi üçün onların fəaliyyəti tamamilə yararsız hala düşüb. Komissiyanın yekun rəyinə əsasən, burada görülən işlər tamamilə yanlış şəkildə aparılıb, kəhrizlərin gələcəkdə tamamilə sıradan çıxması real təhlükə olaraq qalmaqdadır.

Nəticədə, həmin kəhrizlərin tamamilə sıradan çıxma prosesi davam etməkdədir. Xüsusilə “Çinarlı” kəhrizində “yeni texnologiya” adı altında aparılan bərpa zamanı heç bir mühəndis ölçmə və layihə-sxem tərtib edilmədən, kəhrizin kürə (tunel) hissəsinə plastik borular yerləşdirilib, nəticədə qədim irs abidəsi texniki və tarixi baxımdan yararsız vəziyyətə salınıb. Bu barədə 21 iyun 2022-ci il tarixində “Xalq qəzeti”ndə çıxış edərək mövcud vəziyyət barədə müsahibə verdim. Bu müsahibədə bir çox faktları irəli sürdüm və onlardan çıxış yolları haqqında da təkliflərimi verdim. Təəssüf ki, bu günə qədər həmin məsələlərin bir çoxu praktik həllini tapmayıb.

– Kəhrizlərin bərpası zamanı yerli mütəxəssis və alimlərin təkliflərindən istifadə edirlərmi?

– Bərpa işləri aparılarkən yerli mütəxəssislərin rəyi nəzərə alınmayıb. Nəticədə qədim irs abidələri kəhrizlərin qorunması sahəsində fikir və təkliflərin dinlənilməsi və onların həyata keçirilməsi əvəzinə bəzən biganələyi də rast gəlirik. Bunlar keçicidir. Hazırda minillik tarixə malik bir çox kəhrizlər “bərpa” adı altında mişardaşı və sement kimi müasir tikinti materialları ilə doldurulur. Bu yanaşma nə mühəndislik baxımından, nə də mədəni-tarixi baxımdan qəbulediləndir. Çünki bu şəkildə təmir olunan kəhrizlərin gələcəkdə inşa tarixi XX əsrə aid ediləcək, nəticədə isə əsl kəhriz mədəniyyəti tariximiz saxtalaşdırılacaqdır. Kəhrizlərin bərpası adı altında həyata keçirilən bu cür özfəaliyyət işləri, əslində, erməni işğalı dövründə dağıdılmış abidələrin dirçəldilməsinə deyil, onların birdəfəlik məhv edilməsinə xidmət edir. Bu, nə beynəlxalq hüquqa, nə də mədəni irsə hörmət prinsiplərinə uyğundur.

Bu məsələ sadəcə texniki xarakter daşımır. Bu, milli irsimizin, tarixi yaddaşımızın və ekoloji təhlükəsizliyimizin qorunması ilə bağlı strateji çağırışdır. Mən aidiyyəti dövlət qurumlarını və ictimaiyyəti bu məsuliyyətin paylaşılmasına çağırıram. Tariximizin, mədəniyyətimizin və su resurslarımızın gələcəyi qeyri-peşəkar yanaşmaların qurbanı olmamalıdır.

– Siz hazırda apardığınız tədqiqatlarınızda rast gəldiyiniz kəhrizlər barədə nə deyə bilərsiniz?

– 30 il işğal altında olan kəhrizlərin fəaliyyəti tamamilə dayanmış, hərbi texnikanın, partlayışların nəticəsində kəhriz və quyular bərbad vəziyyətə düşmüşdür. Hazırkı dövrdə yeni kənd və şəhərlərin salınması zamanı kəhrizlər və quyuların əvvəlki vəziyyəti nəzərə alınmır. Ona görə də kəhriz quyularında torpaq çökməsi baş verməkdədir. Kəhrizlər təbii drenaj rolunu oynayan hidrotexniki qurğudur. Babalarımız kəhrizlərdən həm içməli su kimi, həm də suvarma üçün istifadə etmişdirlər. Ötən əsrdə Cəbrayıl rayonunda 111 kəhrizdən 34 milyon kubmetr su istifadə olunub.

– Hazırda siz bu sahədə tədqiqatlar aparırsınızmı?

– Bəli, mövcud vəziyyətdə işğaldan azad olunmuş ərazilərinin kəhrizlərində tədqiqat işləri aparılmaqdadır. Belə ki, biz hər bir rayonun 4 kəhrizin planını, profilini, quyuların vəziyyətini, hidrogeoloji şəraiti öyrənərək kəhrizin bərpa layihəsini tərtib etmişik.

Məsələn, Ağdam rayonu Baş Qərvənd kəndi ərazisində yerləşən “Qoca” (orta illik suvermə miqdarı 2.522.880 kubmetr), “Molla Məmmədli” (1.892.160 kubmetr), “Molla Heydər” (2.459.732 kubmetr) və “Mahmud bəy” (473.040 kubmetr) kəhrizlərinin böyük potensial suvermə qabiliyyəti cəmi 7.347.888 kubmetr təşkil etmişdir. Bu göstəricilər göstərir ki, qədim kəhriz sistemi regionun içməli və suvarma suyu təminatında əhəmiyyətli rol oynayır və müasir layihələr üçün etibarlı su mənbəyi kimi qiymətləndirilə bilər.

Əgər 10-15 milyon kubmetr sututumu olan su anbarlarının layihəsi və inşası üçün on milyonlarla manat xərc edilirsə (gələcəkdə anbarın necə doldurulacağı sual altında olduğu halda), bu xərclərin yalnız 10-15%-i qədər etibarlı içməli və suvarma suyu əldə etmək mümkündür. Bu isə qədim kəhriz sistemlərinin səmərəli və iqtisadi baxımdan əlverişli su təminat mənbəyi olduğunu bir daha təsdiqləyir və onların qorunması və bərpası prioritet olmalıdır.

Söhbəti hazırladı:
Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see208

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see208

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see200

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see188

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see181

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see172

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see152

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see149

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see140

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see138

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see138

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see136

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see134

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see128

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see128

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see124

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see122

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri