Yerin ən dərin nöqtəsi: Marian çökəkliyi haradadır və kimlər yaşayır?
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Marian çökəkliyi Sakit okeanın sularında, Marian adalarının yaxınlığında yerləşən və aypara formasına malik dərin çökəklikdir. Adını da məhz bu adalardan alıb.
Qaynarinfo xəbər verir ki, 2009-cu ildən ABŞ-ın milli abidəsi statusuna malikdir, lakin buna baxmayaraq, hələ də planetin ən dərin və az öyrənilmiş məkanı olaraq qalır. Bu məqalədə Marian xəndəyinin nə ilə fərqləndiyi, onun ətrafındakı miflər və bu unikal məkanı araşdırmağa kimin nail olduğu barədə məlumat verilir.
Marian çökəkliyi necə yaranıb?
Marian çökəkliyi müəyyən geoloji proseslər nəticəsində təbii yolla formalaşıb. Təxminən 11 kilometr dərinliyə malik bu çökəklik iki tektonik plitənin toqquşması zamanı yaranıb: plitələrdən biri digərinin altına girərək Yer mantiyasına doğru hərəkət edib. Dəniz dibində bu cür çökəkliklər çoxdur, lakin Marian xəndəyi onların arasında ən dərin və ən az tədqiq ediləni hesab olunur.
1875-ci ildə amerikalı tədqiqatçılar "Challenger” korvetinin köməyi ilə xəndəyin ölçülərini ilk dəfə müəyyən etməyə çalışıblar. Həmin vaxt Marian çökəkliyinin dərinliyi 8 184 metr kimi qeydə alınıb. Yalnız 76 il sonra, 1951-ci ildə "Challenger II” gəmisində aparılan ekspedisiya bu göstəricinin xeyli böyük olduğunu üzə çıxarıb – 10 863 metr. Sonradan rəsmi hesab edilən ölçmələri isə "Vityaz” gəmisində çalışan sovet alimləri aparıblar və dərinliyi 11 022 metr olaraq müəyyən ediblər.
Sonrakı illərdə də Marian çökəkliyinin dəqiq dərinliyini müəyyən etmək üçün bir neçə cəhd göstərilib. Müxtəlif mənbələrdə 10 920, 10 971 və 10 994 metr kimi rəqəmlər səsləndirilsə də, bunlar yalnız təxmini göstəricilərdir. Santimetr dəqiqliyi ilə ölçmə aparmaq mümkün deyil, çünki müxtəlif dərinliklərdə səsin yayılma sürəti dəyişir. Exolotun real göstəricilərə yaxın nəticə verməsi üçün suyun müxtəlif qatlarının xüsusiyyətlərini də ölçmək lazımdır ki, bu da olduqca çətindir.
Hazırda elmi ictimaiyyətdə qəbul edilən əsas versiya dərinliyin təxminən 11 kilometr olmasıdır. Üstəlik, 2011-ci ildə alimlər Marian xəndəyinin ən dərin nöqtəsi – "Challenger Deep”in dəniz səviyyəsindən Everest dağının hündürlüyündən də daha aşağıda yerləşdiyini təsdiqləyiblər.
Marian çökəkliyinə ilk enişlər – tədqiqat tarixi
Marian çökəkliyinin necə göründüyünü öz gözləri ilə görən ilk insanlar 1960-cı ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin leytenantı Don Volş və tədqiqatçı Jak Pikardır. Onların ölçmələrinə görə, dərinlik 11 521 metr olub (sonradan dəqiqləşdirilərək 10 918 metr kimi göstərilib). Onlar dəniz dibində kambalaya bənzər yastı balıqların yaşadığını da bildiriblər.
2012-ci ildə isə Hollivud rejissoru Ceyms Kameron Marian çökəkliyinə enən tarixdə üçüncü insan olub. O, okeanın dibinə təkbaşına enməyi bacarıb ki, bu da ondan əvvəl heç kəsə nəsib olmayıb. Kameron süxur və canlı mikroorqanizm nümunələri toplayıb, gördüklərini kameraya çəkib. Bu materiallar sonradan "National Geographic” üçün hazırlanan sənədli filmin əsasını təşkil edib.
Altı il sonra amerikalı sahibkar və tədqiqatçı Viktor Veskovo da Marian xəndəyini araşdırmağa nail olub. O, Yer üzünün həm ən dərin nöqtəsinə, həm də Everest zirvəsinə qalxan ilk insan kimi tarixə düşüb. Sonrakı illərdə Marian çökəkliyinə daha bir neçə tədqiqatçı enib, lakin onların bir çoxu üçün Veskovo sualtı aparatın pilotu qismində çıxış edib.
Qeyd olunur ki, okeanın dərinliklərinə edilən çoxsaylı səfərlərə baxmayaraq, xəndəyin dibində geniş hərəkət etmək heç kimə müyəssər olmayıb. Səbəb isə həmin dərinlikdə atmosfer təzyiqinin Yer səthindəki təzyiqdən ən azı 1000 dəfə çox olmasıdır. Bu cür araşdırmalar üçün xüsusi texnika və ciddi hazırlıq tələb olunur.
Marian çökəkliyində "kimlər" yaşayır?
Çökəkliyin dibindən götürülən nümunələr Marian çökəkliyində həyatın mövcud olduğunu göstərir. Alimlərin bildirdiyinə görə, bu ekstremal şəraitdə mikroskopik bakteriyalar, nəhəng birhüceyrəli ksenofioforlar və hətta bəzi balıq növləri yaşayır. Hidrogen və metan ayrılan ərazilərdə isə molyusklar müşahidə olunur.
900–1800 metr dərinliklərdə isə tədqiqatçılar dəniz şeytanı balıqlarını, yastıbaş köpəkbalığını, "goblin” köpəkbalığını, balta balığını, ilanbalığı tipli növləri və digər okean canlılarını qeydə alıblar. Maraqlıdır ki, bu dərinliklərə uyğunlaşan orqanizmlərin əksəriyyətində sümük deyil, qığırdaq toxuması üstünlük təşkil edir. Çünki sümüklər belə yüksək təzyiqə tab gətirə bilməzdi.
Marian çökəkliyi aşkar edildikdən və ilk dəfə tədqiq edildikdən təxminən 150 il keçməsinə baxmayaraq, alimlər hələ də onun hansı sirləri gizlətdiyini dəqiq deyə bilmirlər. Buradakı canlılar və sualtı məkan çox zəif öyrənilib. Bəzi konspirasiya nəzəriyyələrinin tərəfdarları xəndəyin altında qədim sivilizasiyaların, başqa aləmlərə keçidlərin, naməlum məxluqların və hətta yadplanetlilərin gizləndiyini iddia edirlər. Lakin rəsmi elmi mənbələrdə bu cür məlumatlara rast gəlinmir.
Okeanın cəmi 5 faizdən az hissəsi öyrənildiyi üçün Marian çökəkliyi də daxil olmaqla dərin su məkanları həm alimlərin, həm də qeyri-elmi baxışların tərəfdarlarının diqqətini cəlb edir və bu da müxtəlif sensasiyalı versiyaların ortaya çıxmasına səbəb olur.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Dekabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















