Icma.az
close
up
RU
Yerli ayaqqabı istehsalı niyə iflas etmişdi?

Yerli ayaqqabı istehsalı niyə iflas etmişdi?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xammalımız da var, sənətkarımız da – özgələrə möhtac olmayaq

Azərbaycanın sənaye tarixində yüngül sənaye, xüsusilə də ayaqqabı istehsalı sahəsi uzun illər ərzində həm iqtisadi, həm də sosial baxımdan mühüm önəm daşıyıb. Bu sektor əhalinin gündəlik tələbatını ödəməklə bərabər, minlərlə insanın məşğulluğunu gerçəkləşdirməyə müsbət təsir göstərib. Lakin bu mühüm sənaye sahəsinin tarixi inkişaf mərhələləri və indiki vəziyyəti keçmişin təcrübəsini yenidən canlandırmaqla ciddi strateji yanaşmaya ehtiyacı zəruri edib.

Keçmiş SSRİ dönəmində Azərbaycanın yüngül sənayesi Ümumittifaq iqtisadi sisteminin mühüm həlqələrindən biri idi. Respublikada pambıqçılıq, ipəkçilik, toxuculuq və dəri emalı ilə yanaşı, ayaqqabı istehsalı da yüksək səviyyədə təşkil olunmuşdu. Sovet dövründə Gəncə, Bakı, Naxçıvan, Mingəçevir, Şəki, Lənkəran kimi şəhərlərdə fəaliyyət göstərən ayaqqabı fabrikləri həm daxili bazarın, həm də keçmiş İttifaqın digər respublikalarının sifarişlərini yerinə yetirirdi. Məsələn, Gəncə ayaqqabı fabriki və Bakı Ayaqqabı İstehsalat Birliyi ölkə əhalisinin tələbatını ödəməklə bərabər, eyni zamanda Ukrayna, Belarus, Orta Asiya respublikalarına da məhsul göndərirdi. Bu müəssisələrdə istehsal olunan ayaqqabılar keyfiyyətinə, davamlığına və materialının təbii olmasına görə bazarlarda digərlərindən seçilirdi.

SSRİ dövrünün əsas xüsusiyyətlərindən biri mərkəzləşdirilmiş planlaşdırma idi. Xammal təchizatı, istehsal həcmi, satış istiqamətləri və qiymətlər dövlət planı ilə tənzimlənirdi. Bu sistemin üstünlüyü ondan ibarət idi ki, fabriklər sabit sifariş və satış bazarına malik idi, işçi qüvvəsi üçün sosial təminat yaradılmışdı, texniki yenilənmələr isə Dövlət proqramları çərçivəsində həyata keçirilirdi.

Lakin sistemin mənfi tərəfi o idi ki, bazar prinsiplərinin zəifliyi rəqabət mühitini məhdudlaşdırır, məhsul çeşidlərinin yenilənməsini və keyfiyyətin artırılmasını ləngidirdi. Buna baxmayaraq, ötən əsrin 80-ci illərinin sonuna qədər ayaqqabı istehsalı sahəsi ölkə iqtisadiyyatında sabit və mühüm yer tuturdu.

Yeri gəlmişkən, keçmiş SSRİ dönəmində respublikamızda 1973-cü ildə yaradılan Bakı Ayaqqabı İstehsalat Birliyi fəaliyyət göstərirdi. Burada lak və xromdan modelli qadın və kişi ayaqqabısı, üzlüyü toxuma parçadan və xromdan olan yüngül ev ayaqqabısı istehsal edilirdi. Birlik 4 və 5 nömrəli ayaqqabı fabriklərini birləşdirirdi. Baş müəssisə olan 5 nömrəli ayaqqabı fabriki 1960-cı ildə fəaliyyətə başlamış, 1971-ci ildə 3 nömrəli ayaqqabı fabriki ilə birləşdirilmişdi. Fabrikdə dövr üçün yeni texnika və mütərəqqi texnologiya tətbiq edilmiş, istehsal prosesləri mexanikləşdirilmiş və avtomatlaşdırılmışdı. Azərbaycanda poliuretan altlıqlı ayaqqabı və isti vulkanizasiya üsulu ilə ayaqqabı istehsalı da ilk dəfə burada tətbiq edilmişdi. 1975-ci ildə 3 milyon 480 min cüt ayaqqabı (o cümlədən 1 milyon 42 min cüt modelli ayaqqabı, 2 milyon 269 min cüt ev ayaqqabısı) istehsal olunmuşdu. 1976-cı ilin iyuluna aid olan statistik məlumata görə, o dövrdə Bakı Ayaqqabı İstehsalat Birliyində 5 növ kişi və qadın ayaqqabısı dövlət keyfiyyət nişanı ilə buraxılırdı. Məhsulu SSRİ-nin bir çox şəhərlərinə də göndərilirdi.

Bazara keçidin fəsadları

1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə planlı iqtisadi sistem də çökməyə başladı. Azərbaycan müstəqilliyə qədəm qoyarkən sənaye sektorunun, o cümlədən yüngül sənayenin əsas dayaqları ciddi zərbə aldı. Ayaqqabı istehsalı bu prosesdə ən çox zərər görən sahələrdən biri oldu. Bunun əsas səbəblərindən biri iqtisadi keçid dövrünün xaosu idi. Belə ki, yeni bazar iqtisadiyyatı modelinə keçid dövründə dövlət sifarişləri və mərkəzləşdirilmiş maliyyə sistemi ləğv olundu. Nəticədə ayaqqabı fabrikləri xammal, enerji və maliyyə çatışmazlığı ilə üzləşdi. Dövlətin dəstəyi olmadığı üçün bir çox müəssisə isə fəaliyyətini dayandırdı.

Bu dövrdə təbii ki, avadanlıqların köhnəlməsi və texnoloji gerilik də sözügedən sahədə mövcud şəraiti daha da ağırlaşdırdı. Qeyd edək ki, sovet dövründən qalan istehsal xətləri artıq 1980-ci illərin sonlarında köhnəlmişdi. Yeni avadanlıqların alınması isə həm bahalı, həm də xaricdən asılı bir proses idi. Texnoloji yenilənmə olmadığından istehsalın səmərəliliyi və məhsulun keyfiyyəti də getdikcə aşağı düşürdü.

Sözügedən sahədə vəziyyəti çətinləşdirən amillər təkcə yuxarıda vurğulananlarla kifayətlənmirdi. Belə ki, bu dövrdə idxalın sürətli artımı ciddi narahatlıq doğururdu. 1990-cı illərin ortalarından etibarən Türkiyə, Çin və digər Asiya ölkələrindən gətirilən ucuz ayaqqabılar yerli bazarı, necə deyərlər, ələ keçirdi. Bu məhsulların qiyməti yerli istehsalın maya dəyərindən daha aşağı idi. Nəticədə yerli fabriklər bazar rəqabətinə tab gətirə bilmirdi.

O dövrdə ayaqqabı bazarında rəsmi idxalla yanaşı, qeyri-leqal ticarət də geniş yayıldı. Gömrük nəzarətinin zəifliyi ucuz, lakin keyfiyyətsiz məhsulların ölkəyə axınını artırdı. Bu isə yerli istehsalın tamamilə sıradan çıxmasına gətirib çıxardı. Peşəkar kadr çatışmazlığı da ciddi narahatlıq doğurmağa başladı. Belə ki, müstəqillik dövrünün ilk illərində sənaye texnikumları və ixtisas məktəbləri fəaliyyətini ya dayandırdı, ya da istiqamətini dəyişdi. Ayaqqabı istehsalında çalışan peşəkar ustalar və texnoloqlar tədricən başqa sahələrə yönəldi. Beləliklə, 2000-ci illərin əvvəllərində Azərbaycanda sənaye miqyasında ayaqqabı istehsalı, demək olar ki, dayanmışdı. Daxili bazarın 95 faizindən çoxu idxal məhsullarının payına düşürdü.

Yeni təşəbbüslər və yerli brend

Son illərdə dövlətin qeyri-neft sektoruna dəstək siyasəti çərçivəsində yüngül sənaye sahəsində müəyyən canlanma müşahidə olunur. Xüsusilə “Made in Azerbaijan” brendi çərçivəsində ayaqqabı istehsalının bərpasına yönələn layihələrin həyata keçirilməsinə başlanıb. Hazırda İqtisadi İnkişaf Nazirliyinin idarəçiliyindəki bir neçə sənaye parkında, eləcə də Gəncə, Sumqayıt və Abşeron zonasında yerləşən kiçik və orta müəssislərdə yerli dəri və süni materiallardan ayaqqabı istehsal edilir. Bu müəssisələrin bir qismi ixrac potensialına malikdir, lakin ümumi həcmlə müqayisədə bu, hələ də çox kiçik paydır. Bu gün rəqabətqabiliyyətli yerli istehsalın bərpası üçün aşağıdakı istiqamətlərdə iş aparılır:

– texnoloji modernləşmə həyata keçirilir. Yeni avadanlıqların alınması və avtomatlaşdırılmış istehsal xətləri qurulur;

– dizayn və brendinq amili diqqətdə saxlanılır. Gənc dizaynerlər prosesə cəlb edilir, milli üslubu müasir trendlərlə birləşdirən modellərin hazırlanmasına xüsusi önəm verilir;

– ixracın təşviqinə xüsusi əhəmiyyətli amil kimi yanaşılır. Kiçik müəssisələrin Türkiyə, Gürcüstan və Orta Asiya bazarlarına çıxış imkanları yaradılır;

– idxal asılılığının azaldılması istiqamətində müəyyən layihələr, məsələn, dəri emalı və xammal təchizatı sahəsində yerli istehsalın inkişafı gerçəkləşdirilir;

– bu istiqamətdə dövlət tərəfindən sənaye zonalarının yaradılması, güzəştli kreditlər və vergi stimulları mühüm rol oynayır. Lakin real sıçrayış üçün həm dövlət, həm də özəl sektorun ortaq strategiyası formalaşmalıdır.

Statistik göstəricilər nədən xəbər verir?

Bu sahədə həyata keçirilən layihələr artıq öz müsbət nəticəsini verməyə başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk yarısında Azərbaycanda 377,4 min cüt ayaqqabı (ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz çox) istehsal edilib. Bu il iyulun 1-nə ölkədə 91,1 min cüt hazır məhsul ehtiyatı olub. Xatırladaq ki, 2024-cü ildə respublikada 1 milyon 41 min cüt (2023-cü illə müqayisədə 39 faiz çox) ayaqqabı istehsalı qeydə alınıb. Bu ilin yanvar-avqust aylarında isə 574 min cüt (ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çox) ayaqqabı istehsal edilib. Sentyabrın 1-nə isə ölkədə 125,5 min cüt hazır məhsul ehtiyatı olub.

Ayaqqabı istehsalında qeydə alınan statistik göstəricilər son illər bu sahənin inkişafının diqqət mərkəzində saxlanılmasından, sahənin genişlənməsinə həssaslıqla yanaşılmasından xəbər verir. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında yaradılan ayaqqabı istehsalı müəssisələrinin sayının getdikcə artması bunun bariz ifadəsidir. Həmin fabriklərin qısa müddətdəki səmərəli işi də diqqət çəkir.

İqtisadiyyat Nazirliyindən öyrəndik ki, dövlət başçısı İlham Əliyevin iştirakı ilə ötən il sentyabrın 19-da Ağdam Sənaye Parkında “BAFCO İnvest” MMC-nin müxtəlif təyinatlı ayaqqabıların istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Həmin vaxtdan sənaye parkının 2,5 hektar ərazisində Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmələrin, eləcə də tikintidə istifadə üçün nəzərdə tutulan dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalına başlanılıb. İstehsal prosesi və keyfiyyətə nəzarət bu sahədə böyük təcrübəyə malik yüksəkixtisaslı yerli və xarici mütəxəssislər tərəfindən həyata keçirilib. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisənin kollektivi isə əsasən Ağdam və ətraf rayonlardan cəlb edilib.

Beynəlxalq standartlara cavab verən xammallar tanınmış xarici şirkətlərdən sifariş edilir. Ayaqqabı altlıqlarında istifadə olunan poliuretan Almaniyadan gətirilir. İldə 510 min cüt ayaqqabı istehsalı gücünə malik olan fabrikdə 350 min cüt təhlükəsizlik ayaqqabılarının, 160 min cüt isə poliuretan çəkmələrin istehsalı nəzərdə tutulur. Məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, “BAFCO İnvest”in ayaqqabı müəssisəsi 2024-cü ilin noyabr ayında “EN İSO” uyğunluq sertifikatına layiq görülüb. Bu sənədin alınması ilə fabrikin məhsullarının Avropa, MDB və dünyanın digər bazarlarına ixracına əlverişli şərait reallaşıb. Bu istiqamətdə İspaniya, İtaliya, Çexiya və Almaniya ilə danışıqların aparılmasına başlanılıb. MDB məkanında isə artıq Qazaxıstana xüsusi qoruyucu və poliuretan çəkmələrin ixracı həyata keçirilib. İndiyədək Ağdam Sənaye Parkının rezidentindən – “BAFCO İnvest” MMC-dən bu ölkəyə 5 min cütdən çox xüsusi qoruyucu və poliuretan çəkmə göndərilib.

Prezident İlham Əliyevin iştirakı ilə bu il mayın 27-də daha bir müəssisə – “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı rayondakı Zerti Aqrar-Sənaye Parkında istifadəyə verilib. Müəssisədə birinci mərhələdə aylıq 700-750, ikinci mərhələdə 1250-1375, növbəti mərhələdə isə 2500-3000 cüt ayaqqabı istehsalı planlaşdırılıb. Fabrik Asiya, Avropa və Türkiyə istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilib. Sözügedən müəssisə üçün xammalın əsasən Türkiyədən gətiriləcəyi qərara alınıb. Bundan başqa, xidmət sektorunda peşəkarlığı artırmaq məqsədilə müəssisəyə qardaş ölkədən və Bakıdakı “PİRSHAGHİ” brendindən təlimçilərin cəlb olunması nəzərdə tutulub.

Ümumi dəyəri 367,9 min manat olan və əsasən Laçın sakinlərinin çalışdıqları müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal olunur. Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır. Yeni brendin özəlliyi isə kişi, qadın və uşaq ayaqqabılarının istehsalında istifadə olunan materialların müxtəlif çeşiddə və növdə olması ilə bağlıdır.

Bu məqamda bir məsələyə də diqqət yetirmək istərdik. Prezident İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, hazırda özəlləşdirilən müəssisələr yenidən qurulur, müasir texnologiya və avadanlıqlarla təchiz olunur, yeni iş yerləri yaradılır. Belə müəssisələrdən biri də 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən “Bakı ayaqqabı fabriki” Açıq Səhmdar Cəmiyyətidir (ASC).

Bu səhmdar cəmiyyətinin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Pepi-Əli Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) üzərinə götürdüyü öhdəlikləri icra edib, dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsait köçürüb, müəssisəyə 5,7 milyon manat məbləğində investisiya yatırıb.

İnvestisiya proqramına əsasən müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub və yeniləri quraşdırılıb, həmçinin ayaqqabı istehsalında istifadə edilən xammal alınıb. Türkiyənin ayaqqabı istehsalı sahəsində ixtisaslaşmış “ESSE” şirkəti ilə əməkdaşlıq əlaqələri qurulub, xarici mütəxəssislər cəlb olunub. Yenidən qurulması, istehsal olunan məhsulun həcminin və keyfiyyətinin yüksəldilməsi ilə ixrac imkanlarının genişlənməsinə imkan verəcək “Bakı ayaqqabı fabriki” ASC-də 100-dən artıq iş yeri yaradılıb.

Xarici təcrübə – uğur formulu

Dünyanın bir sıra ölkələri ayaqqabı sənayesində mühüm uğurlar əldə edib. Bu uğurların əsas səbəbi texnologiya, dizayn və brend strategiyasının düzgün kombinasiyasındadır. İtaliya bu sahədə dünya lideridir. “Gucci”, “Prada”, “Salvatore Ferragamo” kimi brendlər təkcə keyfiyyətlə deyil, dizayn, ənənə və imiclə bazarda üstünlük qazanıb. İtaliya modeli göstərir ki, yerli istehsalın davamlı inkişafı üçün həm texnoloji müasirlik, həm də brend dəyəri zəruridir.

Türkiyə isə regional bazarlarda güclü mövqeyə malikdir. İstanbul, İzmir, Qaziantep kimi şəhərlərdə ayaqqabı istehsalı sənaye, eləcə də sənətkarlıq səviyyəsində inkişaf edib. Dövlət bu sahəyə ixrac təşviqi, sərgilər və təlim proqramları vasitəsilə dəstək verir. Nəticədə Türkiyə hazırda dünyanın ilk 10 ayaqqabı ixracatçısından biridir.

Çin isə kütləvi istehsal yolu ilə fərqlənir. Burada əsas məqsəd ucuz əmək qüvvəsi və geniş istehsal bazası hesabına yüksək həcmlə bazarları təmin etməkdir. Bu üsul keyfiyyətdən çox qiymət üstünlüyünə əsaslanır.

Ekspertlər sadalanan bu nümunələrə əsaslanaraq bildirirlər ki, ayaqqabı sənayesində uğurun əsas açarı 3 istiqamətdə cəmlənir:

– texnologiya və innovasiya;

– dizayn və brend imici;

– dövlət dəstəyi və ixracyönümlü strategiya.

Su gələn arxa bir də gəlir

Mütəxəssislər deyirlər ki, Azərbaycan ayaqqabı istehsalı sahəsində bir vaxtlar mühüm təcrübə və maddi-texniki baza formalaşdırmışdı. Bu potensialın yenidən dirçəldilməsi mümkündür, lakin bunun üçün sektorda sistemli yanaşma zəruridir. Bu sahədə uğur qazanmaq üçün ilk növbədə, köhnə fabriklərin modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi diqqətdə saxlanılmalı, yerli dizayner və brendlərin təşviqinə üstünlük verilməlidir. Bütün bunlarla bərabər, dəri emalı sənayesi də inkişaf etdirilməli, dövlət dəstəyi mexanizmlərinin daha çevik və məqsədyönlü tətbiqinə başlanılmalıdır. Gənclər arasında sənətkarlıq ənənələri bərpa olunmalıdır.

Beləliklə, ayaqqabı istehsalı sahəsinin köhnə ənənələr unudulmamaq şərtilə müasir texnologiyalar əsasında qurulması təkcə iqtisadi məqsəd daşımır. Bu, eyni zamanda sənaye irsinin qorunması, milli brendlərin formalaşdırılması və məşğulluğun artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Bir sözlə, keçmişin təcrübəsini və bu günün imkanlarını birləşdirməklə Azərbaycan yenidən regionun tanınan ayaqqabı istehsalçılarından birinə çevrilə bilər.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Azərbaycan sənayesinin inkişaf strategiyasında qeyri-neft sektorunun genişləndirilməsi və rəqabətqabiliyyətli yerli istehsalın formalaşdırılması prioritet istiqamətlərdən biridir. Ayaqqabı sənayesi bu məqsədlər üçün əlverişli bir sahədir, çünki həm yerli xammal bazasına, həm də peşəkar ənənəyə malikdir. Lakin mövcud vəziyyət göstərir ki, sözügedən potensialın tam reallaşması üçün sistemli və mərhələli siyasət həyata keçirilməlidir.

Fikrimcə, aşağıda diqqətə çatdırdığım təkliflər isə bu sahənin bərpası və inkişafı istiqamətində strateji baxış kimi qəbul edilə bilər. Belə ki, bu məsələdə, ilk növbədə, istehsal bazasının yenilənməsi və texnoloji modernləşmə önə çəkilməlidir. Unudulmamalıdır ki, ayaqqabı istehsalı yüksək texnologiyaya əsaslanan sahədir. Müasir avtomatlaşdırılmış kəsim, tikiş və yığma avadanlıqları həm məhsulun keyfiyyətini artırır, həm də maya dəyərini azaldır. Bax, elə bu məqsədlə də mövcud müəssisələr üçün texnoloji yeniləmə proqramı hazırlanmalı, dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində sənaye avadanlıqlarının güzəştli kreditlərlə alınması gerçəkləşdirilməli, xarici texnologiya təchizatçıları ilə birgə istehsal layihələri həyata keçirilməlidir.

Dəri və xammal sənayesinin inkişafı da diqqətdə saxlanılmalıdır. Çünki ayaqqabı istehsalının əsas dayağı, necə deyərlər, dəri emalı sənayesidir. Əgər dəri, rezin və digər komponentlər xaricdən alınırsa, məhsulun maya dəyəri yüksəlir və rəqabət gücü azalır. Buna görə də dəri emalı müəssisələrinin modernləşdirilməsi və “təmiz” texnologiya prinsipləri ilə işləməsi təmin olunmalıdır. Eyni zamanda kənd təsərrüfatı sektorunda maldarlıq və xammal istehsalı ilə sənaye arasında əlaqə gücləndirilməlidir. “Yaşıl dəri sənayesi” konsepsiyası çərçivəsində tullantısız istehsal modelləri də tətbiq edilməlidir.

Kiçik və orta müəssisələrin dəstəklənməsi prinsipinə də xüsusi əhəmiyyət verilməlidir. Belə ki, ayaqqabı sənayesində iri fabriklərlə yanaşı, kiçik ustaxanalar və fərdi istehsalçılar da mühüm rol oynayırlar. Onlar həm kreativ dizayn, həm də fərdi sifarişlər üzrə bazarda rəqabət yarada bilərlər. Elə buna görə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Sahibkarlığın İnkişafı Fondu vasitəsilə mikrokredit və qrant mexanizmləri genişləndirilməlidir.

Yuxarıda sadalananlarla bərabər, “Start-up ayaqqabı brendləri” üçün vergi güzəştləri və ixrac təşviqləri tətbiq olunmalıdır. “Sənətkarlıq mərkəzləri” yaradılaraq təcrübəli ustalarla gənc ixtisaslıların əməkdaşlığı təşviq edilməlidir. Təbii ki, peşə təhsili və kadr hazırlığı da gücləndirilməli, texniki peşə məktəblərində “Ayaqqabı texnologiyası” və “Dəri emalı” ixtisasları yenidən açılmalı, İtaliya, Türkiyə və Polşa kimi ölkələrlə tərəfdaş təhsil proqramları qurulmalıdır. Yeri gəlmişkən, bu prosesdə yaradılan təcrübə bazaları sənaye müəssisələri ilə inteqrasiya edilməlidir.

Ayaqqabı istehsalında ixracyönümlü siyasət və regional brendin formalaşdırılması da əsas məsələlərdən biridir. Qeyd edim ki, Azərbaycan üçün əsas bazarlar Qafqaz, Mərkəzi Asiya və MDB məkanları ola bilər. Yerli istehsalın genişlənməsi üçün ixracatçılar üçün güzəştli logistika və gömrük rejimi də təmin edilməli, “Azərbaycan ayaqqabısı” adlı regional brend formalaşdırılmalı və “Aliexpress”, “Amazon” və “Etsy” kimi onlayn platformalarda rəqəmsal satış kanalları açılmalıdır.

Sonda xatırlatmaq yerinə düşər ki, Azərbaycanın ayaqqabı sənayesi keçmişdə möhkəm təməl üzərində formalaşmış, lakin müstəqilliyin ilk illərindəki iqtisadi çətinliklər nəticəsində dağılmış bir sektordur. Bu gün həmin sahənin bərpası təkcə iqtisadi deyil, həm də milli sənaye mədəniyyətinin dirçəlişi baxımından strateji əhəmiyyət kəsb edir. Əgər dövlətin dəstəyi, sahibkar təşəbbüskarlığı və dizayn-inovasiya potensialı düzgün bir istiqamətdə birləşərsə, “Azərbaycan ayaqqabısı” təkcə daxili bazarda deyil, beynəlxalq arenada da öz layiqli yerini tutar. Eyni zamanda, ölkəmiz keçmişin təcrübəsi ilə bu günün imkanlarını birləşdirərək, yaxın illərdə regionun ən perspektivli yüngül sənaye mərkəzlərindən biri kimi tanınar.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see275

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see269

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see202

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see195

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see180

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see168

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see155

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see147

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see142

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see141

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see135

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see135

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see131

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see130

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see130

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see129

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see127

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri