Icma.az
close
up
RU
Yetikinləşməmiş valideynlərin yaralı uşaqları

Yetikinləşməmiş valideynlərin yaralı uşaqları

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Ötən məqaləmizdə yetkinləşməmiş valideynlərin öz uşaqlarına namus adı altında etdikləri zülmlərdən danışacağımızı vəd etmişdik. Əvvəlcə onu deyim ki, namus anlayışı hər toplum üçün eyni deyil. Bəzi toplumlarda namuslu insan dövlətinə sadiq vətəndaş anlayışı ilə eyni tutulur, namusu ictimai səviyyədə qəbul edirlər.

Belə toplumlarda insanların şəxsi münasibətləri və davranışları əxlaq anlayışının içində gedir və müzakirəsi ayıb sayılır.

Şərq toplumları üçün isə namus şəxsidir, əxlaq ictimaidir. Bunu bir az da düzəldək: namus qadında toplanıb və hamının müzakirəsinə açıqdır, əxlaq ictimaidir ama mübhəm saxlanılır, haqqında danışmaq ayıb sayılır. İnanmırsınız? Gəlin dərinə enək. Məsələn, kimlərinsə vəzifəsində rüşvət aldığını hamımız bilirik, ama bunu qətiyyən ayıb da saymırıq, heç haqqında danışmırıq da. Ancaq namus anlayışı isə dillərdə saqqız kimidir. Vay o gündən ki, kiminsə subay qızını, hansısa subay bir oğlan ilə küçədə yeriyərkən görsünlər. Dərhal o qıza ləkə yaxmaqdan çəkinməyəcək, hətta adına yüz ad qoşacaq bir qaragüruh var bu ölkədə. Özü də ən çox qadınlar edəcək bunu. Özünü qaynatasının, qaynananasının, baldızının, ərinin və s. gözündə "ağıllı” göstərmək üçün. Belələrinə klaviatura qəhrəmanı deməkdən çəkinməməliyik. Bu klaviatura qəhrəmanları müasir dövrümüzdə çığ kimi çoxalıblar. Nə isə. Sözüm ona yox, bu namus anlayışınadır.

...İndi sual oluna bilər ki, axı niyə belədir? Səbəb çox sadədir. Ana və tərbiyəsi! Ana qızını fərqli, oğlunu fərqli tərbiyə edərsə nəticə budur. Ən faciəvi sözlərdən birisi də anaların qızlarına verdiyi bu məsləhətdir: oğlan görəndə başını aşağı sal keç yanından. Niyə? Oğlan bəyəm göydən düşüb?! Oğlan da insan deyilmi? Yaxud o qız evladına o sözü deyərkən ana fərqində deyilmi onun beyninə hansı toxumu əkir? Qız və oğlan arasında dərin uçurumlar yaradıb onları bir-birindən ayıran toplumlar cahilliyin ən boğunuq üfunəti içərisindədir. Biz toplum olaraq namusu o qədər yanlış anlamışıq ki, namus adı altında qızlar ilə oğlanlar arasında dərin uçurumlar yaratmaqdan da çəkinmirik. Namus insan üçün keçərlidir. Namusun daşıyıcısı insan olmalıdır, qadın yox! Dəhşətlidir, yox? Ama bunu siz yaradırsınız, əziz analar.

Fərqindəyəm qızınızı qorumağa çalışırsınız. Ancaq fərqində deyilsiniz bu qadağalarla onları hansı şəkildə boğduğunuzun. Boğulan birisi çarəsizliklə ona uzanan hər əli nəfəs sayır, inanır, tutur. Bəs sonra? Boğulan qız qarşısında ona ilk dəfə sevgi vədi verənə inanır, sonra ağır xəyanətlər, travmalar alan o qızcığaz yaşadıqlarını ailəsi ilə paylaşa da bilmir, içinə qapanır, həyatdan küsür, yaxud daha betər yanlışlara imza atır.

Boğulduqca boğulur və nəfəs axtarışında hər dəfəsində daha çox nəfəsi kəsilir. Özü də kimlər tərəfindən bilirsinizmi? Sizin tərbiyə etdiyiniz oğlanlar tərəfindən! Yadınızdadır də, siz qızınızı boğaraq, oğlunuzu asudə yetişdirdikcə elə bilirdiniz ki, bu döngü dönüb dolaşıb sizi vurmayacaq?

Oğlan uşaqları haqqında gələn dəfə danışacağam. İcazənizlə, qızların tərbiyəsindəki yanlışlardan davam edim. Anaların qızlarına elədikləri ikinci ən böyük yanlış isə onları ya "tirbaş”, ya da "kölə” psixologiyasında yetişdirmələridir.

"Qızım, bunu öyrən ki, gələcəkdə qaynanan məni söyməsin” fəlsəfəsindən yola çıxaraq analar qızlarını kölə kimi yetişdirir. Yaxud özü qaynana, qaynata qulluğunda durduqca qızına möhkəm-möhkəm tənbeh edir: Bax ha, nəbadə, mənim günümə düşəsən... Qız artıq beynində o kodlaşmanı bəsləyərək böyüyür: Mən gələcəkdə qaynanamın və qaynatamın qulluqçusu olacağam, yaxud olmayacağam. Əlbəttə, valideynlərə qulluq etmək gözəl xasiyyətdir. Ancaq bunu kölə psixologiyasında yox, sanki qulluq etmək boynunun borcudur şəklində yox, sayğıdan, sevgidən etsə daha gözəl olmazmı? Birincinin təsiri ilə böyüklərinə qulluq edən gəlinlərin hər addımda şikayət etdiyini görürük. Hətta qaynata və qaynanasına söyüdüyünün bəzi hallarda döydüyünün də şahidi oluruq. Belə olması yaxşıdır, yoxsa uşaqlarımıza sevgini, sayğını öyrətmək? Əlbəttə sevgi və sayğını öyrətmək üçün əvvəlcə gərək uşaqlarımızın özlərinə sayğı duymağı, özlərini sevməyi öyrədək. Bəs biz toplum olaraq bunu bacarırıqmı? Sizcə, özünü sevməyən valideyn uşağına bunu necə öyrətsin? Cəmiyyətdə özünü sevməyən valideynlər o qədərdir ki, saymaqla bitməz.

Çox görürəm mən uşağının sözünü kəsən, dediyinə əhəmiyyət verməyən, uşağının istəklərinə, seçimlərinə sayğı göstərməyən valideynləri. Belə valideynlər evinə gələn qonağa belə uşağından daha çox dəyər verir. Hətta qonaq naminə uşağını təhqir edən valideynlər də var. Bir zamanlar dəb idi ən yaxşı şeyləri qonağa saxlamaq, evin ən yaxşı köşəsini qonaq üçün ayırmaq.

Ən rahat yataq, ən gözəl boşqablar və s. İndi bu ailədə böyüyən uşaqda əziklik duyğusu olmazmı? Əziklik duyğusu daşıyan valideynin uşağına verəcəyi dəyər necə olar? Bunu qətiyyən oxucularımın qəlbini qırmaq üçün yazmıram, əksinə vəziyyəti görsünlər, fərqinə varsınlar və çıxış yolları axtarsınlar. Əks təqdirdə onların böyütdüyü uşaqlar da öz uşaqlarını yanlış tərbiyə edəcək. Yəni bu bir zincirləmə xətadır gedir. Bunu qırmaq sizin əlinizdədir. Qızlarınıza "sən namus daşıyıcısısan, aman namusunu qoru” deməyin, onu o qədər sevin, onu o qədər çox özünə sayğılı və sevgi içində böyüdün ki, o qız özlüyündən öz namusuna dolayısı ilə sizin namusunuza sahib çıxmağı bacarsın.

Əziz oxucum, sən bir valideyn kimi kasıb ola bilərsən, bəzən yetərsiz ola bilərsən, yaxud əksinə. Bunlar səni yaxşı və pis valideyn etməz. Səni yaxşı valideyn edəcək şey: hansı şərtlərdə olursa olsun, uşağına sonsuz sevgi və güvən hissini aşılamağın olar. Bunu bacaran valideynin uşaqları hər zaman xoşbəxt və uğurlu uşaqlar olacaq.

Ardı var...

Aynur Qəzənfərqızı, 

Folklorşünas alim


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri