Yol verməmək üstündə sürücünü döyən şəxslə bağlı qərar açıqlandı
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Yusiflinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona təyin olunmuş 9 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası yüngülləşdirilib. Belə ki, Pənahın qazancından 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 9 ay müddətə islah işləri cəzası ilə əvəz edilib.
İttihama görə, hadisə 02 sentyabr 2024-cü il tarixdə, saat 20:18 radələrində paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Mikayıl Useynov küçəsində qeydə alınıb.
Belə ki, Pənah Yusifli özünə məxsus “RKS” markalı motosikletlə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan zərərçəkmiş M.M.-in (adı, soyadı şərtidir) idarə etdiyi "Kia Sorento” markalı avtomobilin qəfil qarşısına keçib. Buna görə zərərçəkmiş ona irad bildirib. Pənah isə həmin iradı özü üçün qəbul edilməz hal hesab edərək, M.M.-in idarə etdiyi maşını təqib edib. Sonra o, yumruq zərbələri ilə zərərçəkmiş şəxsin baş və bədən nahiyələrindən vuraraq, ona xəsarət yetirib.
Habelə Pənah yenidən hadisə yerindən uzaqlaşmaq istəyən zərərçəkmiş şəxsin avtomobilini təqib edərək Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Salyan şosesində yerləşən “Rahat” supermarketin qarşısında motosikleti əvvəlcə həmin maşının arxa buferdən, sonra isə sol ön qapıdan vurub sürtüb.
Hadisədən sonra Pənah Yusifli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov

