“Yolu uşaq arabası ilə, körpələrlə birgə keçirlər...” qaydaları pozan piyadalarla bağlı REPORTAJ VİDEO
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 20 oktyabr, Günel Türksoy, Səfiyar Məcnun, AZƏRTAC
Hər gün onlarla insan təkcə bir neçə dəqiqə vaxta qənaət etməkdən ötrü, yaxud başqa səbəblərdən həyatını riskə atır. Bir sıra hallarda piyadalar yeraltı və yerüstü keçiddən istifadə etmək əvəzinə, yolu onlar üçün nəzərdə tutulmayan yerlərdən keçir, nəticədə isə faciə qaçılmaz olur. Çünki qaydanı pozan piyada təhlükəsizliyini ikinci plana atır.
Paytaxt Bakıda piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yeraltı və yerüstü keçidlərin sayı kifayət qədərdir. Bəzi piyadaların niyə təhlükəsiz keçidi deyil, təhlükəli yolu seçməsi isə ictimai davranış məsələlərini bir daha gündəmə gətirir.
AZƏRTAC-ın əməkdaşları Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) nümayəndəsi və nəqliyyat məsələləri üzrə ekspertin iştirakı ilə paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində piyadaların öz həyatlarını riskə ataraq onlar üçün nəzərdə tutulmayan yerdən yolu keçməsi prosesini yaxından müşahidə edib, həmçinin DYPİ əməkdaşlarının piyadalarla maarifləndirici söhbətini lentə alıb.
Beləliklə, iki saata yaxın davam edən müşahidələrimiz vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi. Ən təsiredici məqam isə valideynlərin körpə və məktəb yaşında olan uşaqları ilə birgə yolu keçməsi idi.
Piyadaların çoxu tələsdiyini, sürücülər isə bu vəziyyətdən əziyyət çəkdiklərini deyirlər

Çəkiliş zamanı qaydanı pozan piyadaların və onların bu nizamsızlığından narahat olan sürücülərin fikirlərini öyrəndik.
Piyada R.Əliyeva yeraltı metro keçidinin bir addımlıqda olmasını təsdiqləyir, ancaq istifadə etməyi lüzum bilmir. Eyni zamanda, məktəbli övladını da təhlükəyə atır, qaçaraq onunla birgə yolu keçir.
Piyada Ş.Yolçuyev isə Balakəndə yaşadığını, metronun “İnşaatçılar” stansiyasının ərazisində ilk dəfə olduğunu və yeraltı metro keçidini görmədiyini deyir. Ancaq bundan sonra bu ərazidən yolu keçərkən keçiddən istifadə edəcəyinə söz verir.
Müşahidəmiz zamanı gənc, qulağında iri qulaqcıq olan bir oğlanın da keçiddən istifadə etməməsi diqqətimizdən yayınmır. O, etdiyinə haqq qazandırır: “Mən diqqətliyəm, qulaqcığım mənə mane olmur, yola baxıram və keçirəm. Buna görə də keçiddən istifadə edib-etməməyim mənim üçün problem deyil”.

Bayaqdan çəkilişimizi izləyən piyada R.Cərullayev isə mikrofonumuza yaxınlaşır və piyadaların qaydalara əməl etməməsindən narahat olduğunu dilə gətirir, jurnalistlərin iştirakı ilə bu cür maarifləndirici tədbirlərin keçirilməsini müsbət qiymətləndirir: “Piyadalar yeraltı metro keçidlərindən istifadə etməlidir. Valideynlər yolu uşaq arabası ilə, körpələrlə birgə keçirlər. Mən də görürəm ki, piyadalar keçidlərdən istifadə etmir. Hesab edirəm ki, onların qaydalara riayət etməsi üçün yüksək cərimələr tətbiq edilməlidir. Mən bir neçə dəfə piyadaların iştirakı ilə baş verən yol-qəza hadisələrinin şahidi olmuşam. Bəlkə bir sürücünün səhhəti qəfil pisləşdi, hər şey ola bilər...”
Sürücü J.Vəliyevanın isə istəyi ondan ibarətdir ki, bütün piyadalar yol hərəkəti qaydalarına əməl etsinlər: “Yol hərəkəti iştirakçılarının piyada keçidindən istifadə etməsi biz sürücülərin işini yüngülləşdirər. Əks halda, piyadalar həyatlarını riskə atmış olurlar. Bu vəziyyət onlar üçün həyati təhlükə daşıyır. Xüsusən də gecə saatlarında işıqlandırılmayan ərazilərdə piyadalar yoldan keçdikdə bizə daha da çətinlik yaradırlar. Fikrimiz yayınar və qəza şəraiti yarada bilərik, piyada ölümü hadisəsi baş verə bilər, başqa avtomobillərə ziyan vurarıq”.

Sürücü Q.Rəsulov piyadaların az qala özünü maşının qabağına atmasından gileylənir, bundan əziyyət çəkdiyini bildirir: “Piyadaların yolun hərəkət hissəsindən keçməsi və qəza şəraiti yaratması halı ilə çox rastlaşmışıq. Bu zaman az qalır ki, adamın ürəyi partlasın. Mən adətən gecə saatlarında maşın sürmürəm. Elə an ola bilər ki, qəza, yaralanma halı qaçılmaz ola bilər. Çünki piyadalar yolu haradan və necə gəldi keçirlər. Çoxu da balaca uşağı ilə qaçaraq yolu keçir”.
Sürücü E.Nəbiyev də piyadaların keçiddən istifadə etməməsindən narazıdır: “Bu vəziyyət bizim maşını idarə etməyimizə mane olur. Öndəki sürücü qəfil əyləci basır və hadisə qaçılmaz olur. Ən çox da gecə vaxtı piyadalar yolu keçərkən bizim hərəkətimizə çətinlik yaradırlar. Qarşı tərəfdən gələn maşının işıqları digər sürücünün gözünə təsir edir. Bu zaman görmədə problem yaranır. Piyada keçidi olan ərazilərdə isə qoyulan sürətlə hərəkət edirsən, bu zaman qəfil kimsə yola çıxır. Xüsusilə də, yaşlı adamların yolun hərəkət hissəsinə çıxması bizə mane törədir”.
Yol polisi: 20 manat cərimə də nəzərdə tutulub

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli AZƏRTAC-a açıqlamasında yol polisləri tərəfindən paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların rahat və fasiləsiz iştirakının təmin olunması, eyni zamanda, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət profilaktik tədbirlər həyata keçirildiyini bildirib. O, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsindəki mövcud durumla bağlı deyib: “Gördüyünüz kimi, dəfələrlə edilən xəbərdarlıqlara və inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi piyadalar yolu yenə də onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən keçir. Nəticədə xoşagəlməz hallar baş verir. Apardığımız araşdırmalar onu göstərir ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti əsasən sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan ərazilərdə və onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdə baş verir. Piyada onun hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən keçməklə həm özünü, həm də sürücülərin həyat və sağlamlığını təhlükə altına atır. Təbii ki, belə hal aşkar olunduğu təqdirdə piyadalar barəsində İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 20 manat cərimə də nəzərdə tutulub. Bütün bunları nəzərə alaraq, piyadalardan xahişimiz, eyni zamanda, tələbimiz ondan ibarətdir ki, onlar qaydalara ciddi şəkildə riayət etsinlər. Əsas məqsədimiz piyadaların rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması, onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının minimuma enidirilməsidir. Piyadalar da öz üzərinə düşən vəzifələri düzgün şəkildə yerinə yetirməlidir”.
Ekspert: Valideynlər yol hərəkəti qaydalarını uşaqların gözü önündə pozurlar

Piyadaların hərəkətini AZƏRTAC-ın əməkdaşları ilə birlikdə izləyən nəqliyyat üzrə ekspert Elməddin Muradlı problemə bir neçə aspektdən toxunub. Ekspert qeyd edib ki, piyadaların yolu onlar üçün nəzərdə tutulmayan yerlərdən keçməsi ilə bağlı vəziyyət heç də ürəkaçan deyil: “Son dövrlərdə qəzalarla bağlı yayılan videogörüntülərdən də müşahidə edirik ki, yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyadaların səhvi ucbatından baş verir. Bu da həm sürücü, həm də piyada üçün itki deməkdir. Sürücü piyada ölümü və ya xəsarət alması ilə nəticələnən hadisələr zamanı məsuliyyətə cəlb edilir. Piyada isə ya ömürlük şikəst qalır, ya da həyatını itirir. Təəssüf ki, valideyn yol hərəkəti qaydalarını uşaqların gözü önündə pozur. Uşaqlar da valideynlərinin etdiklərindən təsirlənirlər. Məsələ burasındadır ki, bu gün piyadalara qarşı inzibati metodlarla mübarizə bir qədər zəifdir. Bu mübarizəni gücləndirmək lazımdır. Əvvəlki dövrlərdə inzibati metodlarla aparılan işlər yaxşı nəticələr vermişdi. Ancaq son dövrlərdə müşahidə etdiyimiz kimi, vəziyyət dəyişməyib. Abbas Mirzə Şərifzadə küçəsində yeraltı metro keçidi olsa da, piyadalar ondan istifadə etmir. Onu da deyim ki, bu cür aşağısürətli yollarda yerüstü keçidlərə, metro keçidlərində isə uşaqlar və əlil arabası üçün pandusların olmasına ehtiyac var”.
Ekspert təəssüf hissi ilə vurğulayıb ki, piyadavurma hallarının əksəriyyəti piyada keçidlərinin yaxınlığında baş verir: “Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında hərəkət intensivliyinə baxsaq, işıqforla nizamlanan yerüstü keçidlərin quraşdırılması mümkündür. Bir çox ölkələrin təcrübəsində yeraltı keçidlərlə yanaşı, eynisəviyyəli zebralar, keçidlər də quraşdırırlar. Bu da piyadalar üçün daha yaxşı şəraitin yaradılması deməkdir. Ancaq biz yeraltı keçidin üstünə zebra da qoysaq, yenə də görəcəyik ki, yolun hərəkət hissəsindən keçən piyadalar var. Piyadaların demək olar ki, keçidlərə münasibəti dəyişmir. Biri ayağının ağrıdığını, biri tələsdiyini bəhanə edir. 10 metr məsafəni belə qət etməyə ərinirlər və bu da son nəticədə faciələrə gətirib çıxarır.
İl ərzində onlarla piyada vurma hadisəsi baş verir ki, onların da bir neçəsi ölümlə nəticələnir. İndiyə qədər Dövlət Yol Polisinin əməkdaşları, ekspertlər, fəal insanlar tərəfindən piyadalara müxtəlif çağırışlar edilib, qaydalar izah olunub. Ancaq gördüyünüz kimi, inzibati metodlar olmadan qaydalara əməl etmirlər. Hesab edirəm ki, bu məqamda cərimə mexanizmi işə düşməlidir. Sürücülər də piyadaların məsuliyyətdən kənarda qalmasını istəmir”.
Qaydalara əməl etmək hər kəsin borcudur

Nəticə etibarilə tələskənlik, qaydaları pozmaq heç də xoş mənzərə yaratmır. Nəzərə almaq lazımdır ki, yol hərəkəti qaydaları piyadaların hərəkətini məhdudlaşdırmaq üçün deyil, onların həyatını qorumaq məqsədi daşıyır. Qanuna əməl etmək həm hüquqi, həm də mənəvi borcumuzdur.


