Yüksəliş dinamik, əhatəli və davamlıdır
Bu il üçün nəzərdə tutulmuş gözləntilər uğurlara çevrilib
2024-cü il uğurla başa çatır. Fevralın 7-də dövlət başçısı İlham Əliyevin növbəti dəfə respublika Prezidenti seçilməsi, Milli Məclisin yeni tərkibinin formalaşdırılması, noyabrda ölkəmizin COP29 kimi nüfuzlu konfransa evsahibliyi etməsi və müstəqillik tariximizin ən iritutumlu maliyyə sənədinin – 2025-ci ilin dövlət büdcəsinin qəbul olunması Azərbaycanın uğur tarixinə qızıl hərflərlə yazılır.
Hesabat ili bütün bunlarla bərabər, ölkəmizdə regional və qlobal layihələrin reallaşdırılması ilə, sosial-iqtisadi sahələrdə əldə edilən yüksək göstəricilərlə, eyni zamanda, bir çox istiqamətdə yeni hədəflərin müəyyənləşdirilməsilə də yadda qalacaq. 30 il doğma Vətən həsrəti ilə yaşayan soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzurda məskunlaşması (artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdıb) prosesinin davam etdirilməsi, həmçinin o ərazilərin Azərbaycan cəmiyyətinə, iqtisadiyyatına, sosial-siyasi münasibətlərinə uğurla reinteqrasiya olunması da tarixdə silinməz iz buraxacaq.
“Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cari ilin əvvəlindən iqtisadi inkişafını uğurla davam etdirib. Dövlətimizin başçısı hələ sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunan müşavirədəki çıxışında 2024-cü ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə qərarlaşdığını, bu müddətdə uğurlu sosial-iqtisadi göstəricilər qazanıldığını və belə bir irəliləyişin gerçəkləşəcəyinə əminliyini hesabat dövrünün başlanğıcında vurğuladığını bildirib: “İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir”.
Bu uğurların əldə olunması isə, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində genişmiqyaslı islahatların gerçəkləşdirilməsi fonunda aydın nəzərə çarpır. Ölkə rəhbəri də çıxışında məhz bu cəhətləri qabardaraq qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi bir çox ölkələrin iqtisadi inkişaf templərini üstələyir. Bu məsələdə xüsusi əhəmiyyət daşıyan məqam isə respublikada qeyri-neft sektorunun 7 faiz artmasıdır. Bu isə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların və düşünülən islahatların öz bəhrəsini verdiyini göstərir.
Ölkədə davamlı iqtisadi uğurların qazanılmasının ən mühüm şərtlərindən biri də beynəlxaq təcrübədə özünü doğruldan prinsiplərin müəyyən plan və proqramlar əsasında gerçəkləşdirilməsi ilə bağlıdır. Bu fikrin təsdiqi olaraq deyə bilərik ki, ölkəmizin 2030-cu ilədək milli prioritetlərinə və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək qarşıya mühüm vəzifə kimi qoyulur.
Respublikada uğurlu iqtisadi göstəricilərin əldə edilməsində dövlətimizin başçısının rəhbərliyi ilə ardıcıl və sistemli surətdə həyata keçirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayır. Bu proqram ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını sürətləndirir. Belə vəziyyət ölkənin ixrac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına da əhəmiyyətli təsir göstərir.
Şübhəsiz ki, bu məsələdə qabaqcıl texnologiyalardan və idarəetmə təcrübəsindən səmərəli yararlanmaq böyük əhəmiyyətə malikdir. Bundan başqa, ölkədə hökm sürən siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlətlərdən biri kimi tanıdır.
Qeyri-neft sənayesində məhsul istehsalının artımına iqtisadiyyatın rəqəmsallaşması ilə bağlı layihələrin uğurla reallaşdırılması da müsbət təsir göstərir. Rəqəmsallaşma respublikamızın investisiya cəlbediciliyini şərtləndirən mühüm amillərdən biri olduğu üçün investorlar tərəfindən bu sahəyə aid infrastrukturun qurulması, eləcə də elektron ticarətin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güclü rəqəmsal infrastruktur yaradılmasına böyük maraq göstərilir və bu sahədə müsbət göstəricilər əldə olunur.
Azərbaycanda qeyri-neft sektorunun inkişafına daha çox önəm verilməsi müstəqillik illərində yeni tərəqqi mərhələsinə daxil olan neft sənayesinin heç də arxa plana keçirilməsi demək deyil. Çünki respublikamızın sosial-iqtisadi həyatındakı indiki canlanma, davamlı inkişaf bu sahədən əldə edilən maliyyə vəsaiti ilə yaradılıb, ölkəmizin güclü, qüdrətli ordusu formalaşdırılıb, eləcə də müasir qeyri-neft sənayesinin əsası qoyulub. Belə bir uğur formulu isə neft-qaz təsərrüfatının inkişafına prioritet istiqamət kimi yanaşılmasını zəruri edib. Dövlətimizin başçısının iqtisadi məsələlərə həsr olunmuş müşavirədə qeyd etdiyi sözlər də bunu təsdiqləyir: “Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik. Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin”.
Beləliklə, ölkə rəhbərinin vurğuladığı kimi, artıq son aylar ərzində bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül yaşanmayacağına, neft-qaz sektorunda yeni layihələrin işlənməsi ilə yeni hasilat proqnozlarının özünü doğruldacağına, təbii qaz və neft kondensatı hasilatının çoxalacağına əsaslı ümidlər yaranıb.
Gələcək tərəqqiyə möhkəm təməl
Artıq bir neçə gündən sonra başa çatacaq 2024-cü ildə əldə edilən uğurlar qarşıdakı hesabat dövründə iqtisadiyyatın daha da şaxələndirilməsini və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsini şərtləndirir. Həmin uğurların ifadəsi olan ilkin statistik göstəricilər də bunu deməyə əsas verir:
– reallaşdırılan layihələr nəticəsində 2024-cü ilin 11 ayında iqtisadi artım 4,1 faiz təşkil edib, o cümlədən qeyri–neft sektoru 6,4 faiz artıb;
– ölkədə 113 milyard 282 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri-neft-qaz sektorunda isə 6,4 faiz çoxalıb. ÜDM istehsalının 37,1 faizi sənayenin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 11 min 104 manata bərabər olub.
– respublikanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 58,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib. Hesabat dövründə sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, qeyri neft-qaz sektorunda 7,2 faiz çoxalıb;
– bu il oktyabrın 1-dək olan xarici dövlət borcu 5 milyard 299,1 milyon ABŞ dolları (cari məzənnə ilə 9 milyard 8,5 milyon manat ) və ya 2024-cü il üzrə proqnozlaşdırılan 121 milyard 342,5 milyon manat məbləğində ÜDM-in 7,4 faizini təşkil edib.
Ötən dövr ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 162,1 milyon ABŞ dolları və ya 18 faiz azalıb;
–son 1 ildə valyuta ehtiyatları 13 faizə yaxın artıb. Bu il oktyabrın 1-nə respublikamızın strateji valyuta ehtiyatları 73 milyard 493,4 milyon ABŞ dolları təşkil edib. Bunun 83,95 faizi və yaxud 61 milyard 697,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun, 16,05 faizi və yaxud 11 milyard 795,8 milyon ABŞ dolları isə Mərkəzi Bankın payına düşüb;
–1999-cu ildə əsası qoyulan Dövlət Neft Fondunun hazırkı vəsaitləri 60 milyard ABŞ dollarını keçərək ölkə iqtisadiyyatının, təxminən, 80 faizinə bərabər olub.
Bu il oktyabrın 1-nə Dövlət Neft Fondunun vəsaitləri ilin əvvəlinə nisbətən 10 faiz artaraq 61 milyard 697,6 milyon ABŞ dolları təşkil edib. Yanvar–sentyabr aylarında fondun büdcə gəlirləri 15 milyard 4 milyon manat, xərcləri isə 9 milyard 634,5 milyon manat olub;
– cari ilin yanvar–noyabr aylarında əsas kapitala 15 milyard 910 milyon manat məbləğində investisiya yönəldilib. İstifadə edilən investisiyanın 8 milyard 139 milyon manatı (51,2 faizi) məhsul istehsalına, 5 milyard 618 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2 milyard 154 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilən investisiyaların 13 milyard 66 milyon manatı (82,1 faizi) daxili investisiyalara aid olub, 11 milyard 435 milyon manatı (71,9 faizi) bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib;
– ölkədə 12 milyard 216 milyon manat dəyərində (ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox) kənd təsərrüfatı məhsulu istehsal edilib. Son bir ildə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,6 faiz artaraq 6 milyard 23 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,4 faiz artaraq 6 milyard 192 milyon manat olub;
– dövlət əmlakının özəlləşdirilməsi üzrə 43 hərrac keçirilib. Özəlləşdirmədən dövlət büdcəsinə 108,2 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artım qeydə alınıb.
Proqnozlar sevindiricidir
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda orta illik inflyasiyanın bu il 2023-cü ildəki 8,8 faizdən 3,5 faizə qədər azalacağını proqnozlaşdırır. Bu barədə məlumat bankın hesabatında yer alıb. AYİB-in proqnozlarına görə, Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-yə nisbəti ötən ildəki 9,9 faizə qarşı 2024-cü ilin yekunlarına əsasən 8,5 faiz təşkil edəcək. Ölkəmizdəki cari makroiqtisadi mühitə toxunan bank qeyd edir ki, 2024-cü ildə ÜDM-in artım tempi sürətlənib, inflyasiya isə azalıb. Neft-qaz sektoru “mavi yanacağ”a olan güclü tələbat sayəsində artım trayektoriyasına qayıdıb.
İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonu həddində (4+/-2) qaldığını vurğulayan hesabat müəllifləri qeyd ediblər ki, enerji daşıyıcılarının ixracı və dövlət investisiyaları növbəti illərdə ölkənin ÜDM artımını stimullaşdırmağa davam edəcək. “Bizim qiymətləndirmələrimizə görə, Azərbaycanda real ÜDM artımı 2024-cü ildə 3,8 faiz, 2025-ci ildə isə 2,7 faiz təşkil edəcək. Proqnoz neft və qaz qiymətlərinin dəyişməsinə, həmçinin regionda geosiyasi qeyri-sabitliyə qarşı çox həssasdır”, – deyə hesabatda vurğulanıb.
Xatırladaq ki, Azərbaycan iqtisadiyyatı 2023-cü ildə 1,1 faiz artıb, orta illik inflyasiya isə 8,8 faiz səviyyəsində olub. Ölkə iqtisadiyyatında artım meyilləri bu ilin ötən dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artıb. Bütövlükdə isə, Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 4,2 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə 3,8 faiz, 2028-ci ildə isə 3,3 faiz səviyyəsində gözlənilir.
Bugünlərdə isə Niderlandın “ING Group” şirkəti 2024-cü il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 4,2 faiz, 2025-ci ildə 2,6 faiz, 2026-cı ildə isə 2,8 faiz səviyyəsində müəyyən edib. Şirkətin ölkəmizlə bağlı bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,7 faiz bəndi artıb, 2025-ci il və 2026-cı il üçün isə dəyişməyib. Niderland şirkətinin hesabatına əsasən, 2024-cü ilin dördüncü rübündə ÜDM artımı üçüncü rübdəki 5,4 faizə qarşı 3 faiz səviyyəsində proqnozlaşdırılır. Bununla yanaşı, 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2 faiz, ikinci rübdə 2,5 faiz, üçüncü və dördüncü rüblərdə 3 faiz səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə ölkəmizdə iqtisadi artımın 2 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, eləcə də “S&P Global Ratings”, “Moody’s” və “Fitch Ratings” beynəlxalq reytinq agentliklərinin də ölkəmizin iqtisadi inkişafı ilə bağlı nikbin prooqnozları da nikbinliyə əsas verir. İqtisadi artımın davam etməsi isə ölkədə inflyasiya səviyyəsinin arzuolunan həddə çacağından xəbər verir.
V.BAYRAMOV
XQ