Icma.az
close
up
RU
Zamanın körpüsü: Milli Qurtuluşdan mükəmməl dövlətçiliyə doğru

Zamanın körpüsü: Milli Qurtuluşdan mükəmməl dövlətçiliyə doğru

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan tarixində elə mərhələlər var ki, onlar sadəcə siyasi hadisə kimi deyil, milli taleyin istiqamətini dəyişdirən epoxal dönüş kimi yadda qalır. Belə mərhələlərdən biri Milli Qurtuluş Günüdür. Bu təqvim təkcə bir siyasi liderin hakimiyyətə qayıdışı deyil, dövlətin dağılmaq təhlükəsindən xilas edilərək sistemli şəkildə yenidən qurulmasının başlanğıc nöqtəsidir.

1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb geosiyasi və daxili böhran şəraitində idi. Dövlət institutlarının zəifliyi, iqtisadi tənəzzül, hərbi məğlubiyyətlər və siyasi qeyri-sabitlik ölkəni ciddi parçalanma riskinə gətirmişdi. Belə bir ağır şəraitdə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunması baxımından həlledici rol oynadı və ölkəni xaosdan sabitliyə aparan yeni mərhələnin əsasını qoydu.

Milli Qurtuluşun siyasi-fəlsəfi mahiyyətinə gəlincə, bu təqvim yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, dövlətçilik fəlsəfəsinin dəyişməsidir. Məhz Heydər Əliyevin dövlətçilik məfkurəsinə söykənən bu yanaşma Azərbaycanın gələcək inkişaf modelinin əsasını təşkil etmiş və sonrakı mərhələlərdə davamlılıq prinsipinin formalaşmasını təmin etmişdir.

Heydər Əliyev fenomeni

Ciddi işgüzar keyfiyyətlər tələb edən fenomenal iş üslubu Heydər Əliyevin hələ Sovetlər Birliyi dövründən bəri topladığı zəngin idarəçilik təcrübəsinə söykənirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr – 1969-1982-ci illər müasir Azərbaycanın inkişaf tarixinə ilk dönüş mərhələsi kimi yazılmışdır. Belə ki, məhz həmin illərdə müəyyənləşmiş fundamental strateji istiqamətlər sonrakı müstəqillik dövrünün sosial-iqtisadi bazasına çevrildi. Bu tarixi reallıqlar Heydər Əliyevin gəldiyi nəticənin inkarolunmaz həqiqət olduğunu bir daha sübut edir: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.

1991-ci ildə SSRİ-nin süqutu nəticəsində Azərbaycan formal olaraq dövlət müstəqilliyini bərpa etsə də, ölkə daxilindəki siyasi xaos, iqtisadi tənəzzül, separatizm təhlükəsi və xarici təzyiqlər dövlətçiliyin real məzmun qazanmasına imkan vermirdi. Belə ki, yeni müstəqilliyin ilk illərində Qarabağ müharibəsi get-gedə daha da şiddətlənir, torpaq itkiləri artırdı. Daxildə hakimiyyət böhranı güclənmiş və mayası antimilli xəyanətlə yoğrulmuş AXC-Müsavat cütlüyünün respublikaya səriştəsiz rəhbərliyi nəticəsində vətəndaş müharibəsinə sürüklənmişdi. Əhalinin düşdüyü acınacaqlı vəziyyət cəmiyyəti inamsızlıq sindromuna yoluxdurmuşdu. Separatizm meyilləri güclənmiş, ölkə dövlət kimi tamamilə real olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə bir şəraitdə 1993-cü ildə hakimiyyətə xalqın tələbi ilə qayıdan Heydər Əliyev faktiki olaraq Azərbaycan dövlətini dağılmaqdan xilas edən şəxsə çevrildi.

Onun rolunu bir neçə əsas istiqamətdə qeyd etmək olar. İlk növbədə silahlı toqquşmaların, qiyam cəhdlərinin qarşısının alınması, mərkəzi hakimiyyətin möhkəmləndirilməsi, həmçinin hakimiyyətin legitimliyinin bərpası və dövlət institutlarının ardıcıl formalaşdırılması nəticəsində dövlətçilik və siyasi sabitliyin bərpasına nail olundu.

Çox mürəkkəb geosiyasi şəraitdə Ulu öndər müharibə və təhlükəsizlik məsələlərində dəqiqliklə düşünülmüş strateji yanaşmasını və dövlət təhlükəsizliyi məsələlərinə praqmatik baxışlarını ortaya qoyaraq keçmiş Qarabağ münaqişəsinin həllində bütün müstəvilərdə Azərbaycanın üstün mövqeyə çıxarılmasına nail oldu. 1994-cü ilin mayında Bişkek sazişi ilə atəşkəsə nail olundu və bununla da Azərbaycan tam məğlub olmaqdan və daha böyük itkilərdən qorundu. Daha sonra Ordu quruculuğu və milli təhlükəsizlik konsepsiyasının formalaşdırılmasına başlanıldı. Beynəlxalq aləmdə Azərbaycanla bağlı mövqelərin dəyişməsi üçün siyasi-diplomatik zəmin yarandı.

1994-cü ildə imzalanmış və Azərbaycanın neft strategiyasının əsasını formalaşdıran “Əsrin müqaviləsi” təkcə iqtisadi müstəqilliyi təmin edən transmilli layihə deyil, həm də siyasi akt idi. Belə ki, bu müqavilə gənc respublikanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi və ölkənin enerji resursları üzərində suverenliyini möhkəmləndirdi. Bununla da yaranmış yeni geosiyasi balans Azərbaycanın beynəlxalq əhəmiyyətini artırılmasına müstəsna töhfə vermiş oldu. Məhz bundan sonra ölkənin uzunmüddətli sabit gəlir mənbəyi formalaşmağa başladı.

Bu mərhələdə, eyni zamanda, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə yeni Konstitusiyanın qəbulu ilə Azərbaycan müstəqil, unitar, demokratik və hüquqi dövlət kimi öz inkişaf modelini müəyyənləşdirdi. Bu sənəd dövlətin siyasi sistemini, hakimiyyət qollarının bölgüsünü, insan hüquq və azadlıqlarının hüquqi təminatını müəyyən edərək müstəqilliyin hüquqi bazasını yaratdı.

Bütövlükdə isə Azərbaycanda müstəqillik ideologiyasının formalaşması Ümummilli liderimizin böyük tarixi nailiyyətidir. Çünki Heydər Əliyev öz fəliyyətini təkcə siyasi idarəçi kimi yox, həm də müstəqillik fəlsəfəsinin müəllifi kimi qururdu. Onun siyasətində azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin qorunması və inkişafı, diasporla iş və beynəlxalq mühitdə Azərbaycan həqiqətlərinin təbliği mühüm yer tuturdu.

Ulu öndər dövlət müstəqilliyini sadəcə bərpa etmədi, onu geridönməz tarixi reallığa çevirmək üçün həm siyasi, həm hüquqi, həm də ideoloji əsaslar yaratdı. Bu tarixi nailiyyətin dəyərini 1918-ci ildə yaradılmış və 23 ay sonra süquta uğramış Azərbaycan Xalq Cümhuriyyətinin zəif dövlətçilik və uğursuz təcrübəsi, həmçinin ötən əsrin 90-cı illərinin əvvəllərində tarixin sanki yenidən təkrarlanması ilə müqayisəli paralellər müstəvisində dəyərləndirmək yerinə düşür. Bu taleyüklü tarixi hadisələr gələcək nəsillər üçün mühüm dərsdir: müstəqillik yalnız elan edilməklə deyil, güclü idarəçilik və dövlətçilik, sabitlik və milli birlik əsasında qoruna bilir. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında Ulu öndərin siyasi portreti bu prizmadan belə təsvir olunur: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir... Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

Dövlətçilik məktəbi və strateji davamlılıq

Heydər Əliyev tərəfindən formalaşdırılan dövlətçilik məktəbi üç əsas sütuna dayanırdı: güclü dövlət institutu, milli maraqlara əsaslanan xarici siyasət, həmçinin iqtisadi müstəqillik və enerji strategiyası. Bu model Azərbaycanın gələcək siyasi inkişafında davamlı dövlətçilik xətti kimi özünü göstərdi. Burada əsas məqsəd dövlətin liderlərdən asılı olmayan institusional gücünü formalaşdırmaq idi.

1990-cı illərin ortalarından etibarən Azərbaycan həm region dövlətləri, həm də qlobal aktorlarla əməkdaşlıq əlaqələrini genişləndirdi. Bu siyasət ölkənin beynəlxalq mövqeyini gücləndirdi və onu regional enerji mərkəzinə çevirdi.

XXI əsrin əvvəllərindən etibarən Azərbaycan Heydər Əliyev ideologiyası üzərində formalaşan inkişafın yeni mərhələsinə qədəm qoydu. Ulu öndərin siyasi irsini müasir çağırışlara uyğun daha mükəmməl şəkildə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə artıq sabitlik mərhələsindən keçərək sürətli modernləşmə dövrünə daxil oldu.

Bu dövrün əsas xüsusiyyətləri neft gəlirlərinin insan kapitalına yönləndirilməsi, nəqliyyat və logistika layihələrinin genişlənməsi, rəqəmsal idarəetməyə keçid, ordunu modernləşməsi və Azərbaycanın regionda lider olaraq geosiyasi rolunun artması ilə səciyyələnir. Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm beynəlxalq aktor kimi artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də beynəlxalq tranzit və logistika mərkəzinə çevrilib.

Azərbaycanın müasir tarixində ən mürəkkəb məsələlərdən biri Ermənistanın Azərbaycana ərazi iddiaları əsasında 30 ildən artıq davam edən və ölkəmizin 20 faiz ərazisinin zəbt edilməsi ilə müşayiət olunan işğal faktoru olmuşdur. Bu problemin aradan qaldırılması uzun illər Azərbaycanın siyasi və diplomatik gündəminin mərkəzində dayanmışdır. Nəhayət, 2020-ci ilin payızında Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uzunmüddətli strategiya nəticəsində Azərbaycan son iki yüz ildən bəri nail ola bilmədiyi bir uğura imza atdı. Xalqın etimadından güc alan və ordunun qüdrətinə güvənən Müzəffər Ali Baş Komandanımızın bənzərsiz sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsi Qarabağın azad edilməsi və respublikamızın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Suverenliyimizin tam bərpası istiqamətində inamla irəliləyən və əsas hədəfə doğru addım-addım yaxınlaşan ölkə rəhbəri 2023-cü il oktyabrın 15-də, hakimiyyətinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı. Bu hadisələr ölkənin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Digər tərəfdən, bu proses təkcə hərbi deyil, həm də diplomatik, iqtisadi və siyasi hazırlığın nəticəsidir.

Sabitlikdən davamlı inkişafa

Heydər Əliyev ideologiyasının Prezident İlham Əliyevin timsalında uğurlu davamı Azərbaycanın dövlətçilik tarixində siyasi varisliyin uğur nümunəsi kimi dəyərləndirilir. Ulu öndərə aid birinci mərhələ dövlətin xilas edilməsi, sabitliyin bərpası, iqtisadi əsasların qurulması ilə səciyyəli olmuşdusa, cənab İlham Əliyevin rəhbərliyi dövründə dövlətin modernləşdirilməsi, qlobal inteqrasiya və ərazi bütövlüyünün, dövlət suverenliyinin təmin olunması ilə yadda qalıb. Bu iki mərhələ bir-birini tamamlayan vahid tarixi xətt kimi çıxış edir.

Bu gün bir çox dünya ölkələri üçün nümunə sayıla biləcək Azərbaycanın müasir dövlətçilik modeli güclü dövlət idarəçiliyi, enerji və nəqliyyat strategiyası, sosial inkişaf və rifah siyasəti, qarşılıqlı fayda əsasında qurulan beynəlxalq əməkdaşlıq, həmçinin təhlükəsizlik və müdafiə gücü kimi bir neçə əsas komponentdən ibarətdir. Bu model bölgəmizdə dayanıqlı sülh, sabitlik və davamlı inkişafın qarantı kimi çıxış edir.

Azərbaycanın inkişaf yolu göstərir ki, dövlətçilik yalnız böhranların aradan qaldırılması deyil, həm də davamlı inkişaf strategiyasının qurulmasıdır. Milli Qurtuluş Günü bu mənada yalnız keçmişin xatirəsi deyil, gələcəyin strateji istiqamətidir. Heydər Əliyev tərəfindən qoyulan təməl bu gün İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilir. Bu baxımdan Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi olaraq mahiyyətcə yalnız siyasi hadisə deyil, həm də dövlətin yaşamaq iradəsinin təntənəsidir.

Bu gün Azərbaycanda böhranlardan daha güclü çıxmağı bacaran bir dövlət modeli formalaşmışdır. Bu modelin əsas dayağı isə ulu öndər Heydər Əliyedən miras qalan dövlətçilik ənənəsi, güclü liderlik və milli birlikdir. Zamanın körpüsü üzərindən keçən bu yol bir həqiqəti açıq şəkildə ortaya qoyur: dövlətçilik təsadüfi məfhum deyil, tarixi məsuliyyət və strateji düşüncənin nəticəsidir.

Əli HÜSEYNLİ,
Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri