Zəfər salnaməsinin şəhid qəhrəmanı
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, dövlətimizin qüdrətini və ordumuzun yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi Zəfər torpaqlarımızı işğaldan azad edən, canı və qanı bahasına dastan yazan məğrur oğullarımızın şücaəti sayəsində qazanıldı. Həmin igidlərdən biri də Vətən borcunu vicdanla ödəyərək şəhadət zirvəsinə ucalan Kənan Yalçın oğlu Rüstəmlidir. 1999-cu il noyabrın 14-ü Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. Saleh Babayev adına Əsgərabad kənd tam orta məktəbində orta təhsilini başa vuran Kənan Rüstəmli Bakı Slavyan Universitetində ali təhsil almışdır. Ali təhsil almaqla yanaşı idmanın boks və güləş növləri ilə məşğul olurdu.
Azərbaycan Ordusunun əsgəri olan Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsində və Suqovuşan döyüşündə iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. O, 31 oktyabr 2020-ci ildə doğulduğu kənd qəbristanlığında torpağa tapşırılıb. Kənan Rüstəmlinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi əməliyyatlarda göstərdiyi şəxsi igidlik və şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Rüstəmli Kənan Yalçın oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Kənan gənc yaşlarından nizam-intizamı, vətənpərvərliyi və dostluqda sədaqəti ilə seçilirdi. O, Vətən torpaqlarının işğal altında olması kədəri ilə böyüyən bir nəslin nümayəndəsi idi.
Ailəsində aldığı milli-mənəvi tərbiyə, doğma yurda olan dərin sevgisi onun gələcək həyat yolunu və cəsarətli xarakterini müəyyən etmişdi. Müddətli həqiqi hərbi xidməti zamanı hərbi biliklərə mükəmməl yiyələnən Kənan, Vətən müharibəsi başladıqda ilk günlərdən ön xəttə atılaraq döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi.
Kənan Rüstəmli kimi qəhrəman oğullarımızın canı və qanı bahasına bu gün Qarabağda, Şərqi Zəngəzurda üçrəngli bayrağımız qürurla dalğalanır. Şəhidlərimizin xatirəsi hər zaman uca tutulacaqdır!
İnsan ömrü illərlə deyil, torpağa, vətənə və xalqa verildiyi dəyərlə ölçülür. Vətən müharibəsində şəhadət şərbətini içən oğullarımızın hər biri qısa, lakin əsrlərə sığmayan şərəfli bir ömür yaşadı.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Oktyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















