Zəfərə aparan vətənpərvərlik
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnsan kapitalına qoyulan sərmayənin nəticələri yalnız iqtisadi göstəricilərlə ölçülmür. Bilikli, bacarıqlı və məsuliyyətli insanların yetişməsi ölkənin həm gündəlik inkişafında, həm də mühüm tarixi sınaqlar qarşısında dayanıqlığında əhəmiyyətli rol oynayır. Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində insan kapitalının inkişafına, peşəkar kadrların hazırlanmasına və gənclərin vətənpərvər ruhda yetişdirilməsinə yönəlmiş dövlət siyasəti tarixi Qələbəmizin mühüm dayaqlarından biri oldu.
Peşəkarlıq dövlətçilik düşüncəsinin tərkib hissəsi kimi
Azərbaycanın müasir dövlətçilik tarixində bu prinsiplərin ən aydın nümunələrini Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin fəaliyyətində görmək mümkündür. Heydər Əliyevin ölkənin müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və uzunmüddətli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki fəaliyyəti Vətənə sədaqətlə güclü idarəçiliyin vəhdətini nümayiş etdirdi. Cənab Prezidentin rəhbərliyi ilə bu siyasi kursun davam etdirilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, insan kapitalının inkişafına verilən önəm həmin dövlətçilik ənənəsinin müasir mərhələsini əks etdirir. Hər iki liderin fəaliyyəti göstərir ki, Vətənə xidmət yalnız mənəvi bağlılıq deyil, həm də dövlətin maraqlarını qorumaq, məsuliyyətli qərarlar qəbul etmək və qarşıya qoyulan məqsədlərə nail olmaq bacarığıdır. Bu, yeni nəsil idarəçilər üçün də mühüm örnəkdir.
Vətənpərvərliklə peşəkarlığın bir-birini tamamlamasının vacibliyi Prezident İlham Əliyevin çıxışlarında da xüsusi yer tutur.
Cənab Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında bildirmişdi: “Gənclər peşəkar olmalıdırlar.” Dövlət başçısı həmin çıxışında bilik və savadın əhəmiyyətini vurğulamaqla yanaşı, milli dəyərlərə bağlılığın və dövlət maraqlarının qorunmasının vacibliyini də diqqətə çatdırmışdı.
Bu yanaşma dövlətin inkişafında ölkənin maraqlarına bağlı insanlara və həmin maraqlara xidmət edən vəzifələri peşəkarlıqla yerinə yetirə biləcək kadrlara olan iki fərqli, lakin bir-birini tamamlayan ehtiyacı göstərir.
2019-cu il iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis olunan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsi perspektivli idarəçi kadrların müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədini daşıyır.
2021-ci ildə qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqabətli insan kapitalının formalaşdırılması və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın ayrıca prioritetlər kimi müəyyənləşdirilməsi bu məsələnin strateji miqyasını göstərir.
Hər iki istiqamətin uğuru institutların fəaliyyət qabiliyyətindən və peşəkar kadr potensialından da asılıdır. Çünki dövlət strategiyası inkişafın istiqamətini müəyyənləşdirir, idarəçilik keyfiyyəti isə həmin istiqamətdə əldə olunan nəticələrə təsir göstərir.
İnsan kapitalına verilən önəmin əhəmiyyəti yalnız tarixi sınaqlarda deyil, gündəlik fəaliyyətdə də özünü göstərir. Dövlətin strateji hədəflərinin real nəticələrə çevrilməsi uzunmüddətli institusional fəaliyyət, peşəkar idarəçilik və qəbul edilən qərarların keyfiyyətindən asılıdır.
Hətta eyni imkanlara və oxşar resurslara malik iki təşkilatın nəticələri əhəmiyyətli dərəcədə fərqlənə bilər. Çox vaxt fərq həmin təşkilatların necə idarə olunmasında, rəhbərlərin qərarvermə bacarığında və məsuliyyətə münasibətindədir.
Dövlət miqyasında bu məsələ daha böyük əhəmiyyət daşıyır. Çünki idarəçilik qərarlarının nəticələri yalnız ayrı-ayrı təşkilatlara deyil, bütövlükdə cəmiyyətin rifahına və ölkənin inkişafına təsir edir.
Bu məqam vətənpərvərliyin bir qədər kölgədə qalan tərəfini də yada salır. Ölkəyə bağlılıq insanı fəaliyyətə sövq edə bilər, lakin həmin fəaliyyətin ictimai faydaya çevrilməsi üçün bilik, bacarıq və məsuliyyətli idarəçilik tələb olunur.
Bəs vətənə xidmət etmək istəyi ilə ölkənin inkişafına real töhfə vermək bacarığı arasında hansı əlaqə var?
Zəfərdən quruculuğa: peşəkarlığın artan əhəmiyyəti
8 Noyabr Zəfər Günü Azərbaycan tarixində hərbi-siyasi Qələbənin, milli birliyin və dövlətçilik iradəsinin rəmzidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə və Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpası ölkənin inkişafı üçün yeni imkanlar açdı.
Bu imkanların həyata keçirilməsi isə uzunmüddətli prosesdir. Qarabağda və Şərqi Zəngəzurda yeni şəhər və kəndlərin qurulması, nəqliyyat və enerji infrastrukturunun yaradılması, təhsil, səhiyyə və digər xidmətlərin təşkili müxtəlif sahələrdə koordinasiya olunmuş fəaliyyət və peşəkar qərarvermə tələb edir.
İnfrastrukturun qurulması başlanğıcdır, onun əsl faydası isə istifadəyə verildikdən sonra görünür. Müasir nəqliyyat şəbəkələrinin iqtisadi fəallığı genişləndirməsi, yeni müəssisələrin məşğulluq imkanları yaratması, təhsil və səhiyyə ocaqlarının əhaliyə keyfiyyətli xidmət göstərməsi dövlət investisiyalarının insanların gündəlik həyatına təsirini nümayiş etdirir. Bu nəticələrin əldə olunmasında infrastrukturla yanaşı, peşəkar kadrlar və səmərəli idarəçilik də mühüm rol oynayır.
Başqa sözlə, quruculuğun uğuru yalnız istifadəyə verilən obyektlərin sayı ilə deyil, onların insanların həyatında yaratdığı dəyişikliklə də qiymətləndirilməlidir.
Vətən uğrunda göstərilmiş hərbi qəhrəmanlıqla gündəlik peşəkar fəaliyyətin mahiyyəti və tarixi çəkisi fərqlidir. Lakin Qələbədən sonrakı inkişaf mərhələsi ölkəyə xidmətin peşəkar məsuliyyət tərəfini daha aydın göstərir.
Niyyət deyil, bacarıq. İdarəçi seçimində əsas fərq
İdarəçilikdə ən mürəkkəb məsələlərdən biri yaxşı niyyətlə real nəticə arasındakı fərqdir.
Bir rəhbərin təşkilatını inkişaf etdirmək istəməsi onun bunu bacaracağına zəmanət vermir. Strateji düşüncə, düzgün prioritetləşdirmə, risklərin qiymətləndirilməsi və komandanın idarə olunması ayrıca səriştələr tələb edir. Eyni zamanda, yüksək peşəkarlıq da etik davranış və ictimai məsuliyyət olmadan arzuolunan nəticəni təmin etmir.
Bu səbəbdən müasir kadr seçimində yalnız tərcümeyi-hal və nəzəri biliklər deyil, insanın mürəkkəb vəziyyətlərdə nümayiş etdirdiyi davranışlar da əhəmiyyət qazanır.
“Yüksəliş” müsabiqəsinin qiymətləndirmə modeli məhz bu yanaşma üzərində qurulub. Yarımfinal mərhələsində iştirakçılar idarəetmə situasiyalarına əsaslanan tapşırıqları komanda şəklində yerinə yetirir və doqquz səriştə üzrə qiymətləndirilirlər. İştirakçının qərarvermə qabiliyyəti, əməkdaşlıq bacarığı, strateji düşüncəsi və etik davranışı müşahidə olunan meyarlar sırasındadır.
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin sözlərinə görə, müsabiqədə əsas məqsəd iştirakçıların yalnız nəzəri biliklərini yoxlamaq deyil, onların müxtəlif idarəetmə situasiyalarında nümayiş etdirdikləri bacarıqları müəyyənləşdirməkdir. Bu baxımdan namizədlərin qərarvermə qabiliyyəti, komanda ilə işləmək bacarığı, məsuliyyətə və etik prinsiplərə münasibəti xüsusi əhəmiyyət daşıyır.
Bu mexanizm iştirakçıların vətənpərvərliyini ölçmür. Onun funksiyası idarəçilik potensialını müəyyənləşdirməkdir. Lakin burada daha geniş bir prinsip özünü göstərir ki, ölkəyə fayda vermək niyyəti ilə bu faydanı yaratmaq bacarığı eyni anlayış deyil.
“Yüksəliş”in dəyərlər sistemində “Vətənə xidmət” prinsipinin yer alması da bu baxımdan diqqətəlayiqdir. Müsabiqənin dəyər bəyanatında dövlətə və milli dəyərlərə sadiqlik, ölkənin inkişafına töhfə vermək və hər kəsin rifahı naminə çalışmaq xüsusi vurğulanır.
Bu dəyərin institusional məzmunu insanların vətən sevgisini qiymətləndirməkdə deyil, peşəkar potensialın üzə çıxarılması və inkişafı üçün imkanlar yaratmaqda axtarılmalıdır.
Kadrın potensialı ilə yaratdığı dəyər arasındakı məsafə
İdarəçilik potensialının müəyyənləşdirilməsi mühüm başlanğıcdır. Lakin onun iqtisadi və ictimai dəyərə çevrilməsi daha uzunmüddətli prosesdir.
Bu baxımdan “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərində iştirak edən mütəxəssislərin olması diqqətəlayiqdir. Onlar müxtəlif sahələrdə qazandıqları bilik və idarəçilik təcrübəsini bu gün regionun yenidən qurulması və inkişafı istiqamətində tətbiq edirlər. Bu fəaliyyətin əhəmiyyəti isə tutulan vəzifələrdən daha çox, görülən işlər və əldə olunan nəticələrlə müəyyənləşir.
Kadr inkişafı proqramlarına da təkcə iştirakçıların və qaliblərin sayı ilə qiymət vermək kifayət etmir. Onların sonrakı peşəkar fəaliyyəti də nəzərə alınmalıdır.
“Yüksəliş” müsabiqəsinin qaliblərindən 19 nəfərin pedaqoji fəaliyyətlə də məşğul olması diqqət çəkir. Onlar peşəkar fəaliyyətlərini davam etdirməklə yanaşı, bilik və təcrübələrini tədris prosesində də bölüşürlər.
Bilik və təcrübənin gənclərə ötürülməsinin digər nümunəsi isə “Yüksəliş”in Tələbə Mentorluq Proqramıdır. Müsabiqə qalibləri özləri mentorluq dəstəyi aldıqdan sonra tələbələrə mentor qismində dəstək olurlar.
İndiyədək həyata keçirilən üç Tələbə Mentorluq Proqramı çərçivəsində ümumilikdə 221 tələbə mentorluq imkanından yararlanıb. Proqramlarda 76 “Yüksəliş” qalibi mentor qismində iştirak edib. Üç proqram ərzində 153 tələbə proqramı uğurla tamamlayıb, 35 nəfər isə iş təklifi alıb.
Tələbə Mentorluq Proqramının əhəmiyyəti yalnız iştirakçı sayında deyil. Burada idarəçilik təcrübəsi olan mütəxəssislər tələbələrlə peşəkar biliklərini bölüşür, onların karyera seçimlərinə və inkişafına dəstək olurlar.
Vətənə xidmətin real göstəricisi nədir?
İdarəçilikdə ən vacib sual bəzən ən sadəsidir: qəbul edilən qərardan sonra nə dəyişdi? Yeni imkanlar yarandımı, xidmətlərin keyfiyyəti yüksəldimi, insanlar bunun faydasını hiss etdimi?
Bu suallar həm ayrı-ayrı rəhbərlərin fəaliyyətini, həm də kadr inkişafına yönəlmiş təşəbbüslərin uzunmüddətli nəticələrini qiymətləndirməyə imkan verir.
Çünki ölkəyə xidmətin dəyəri yalnız görülən işlə deyil, o işin insanlara nə qazandırdığı ilə ölçülür.
Fərhad HACIYEV,
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri
Baxış sayı:45
Bu xəbər 06 Noyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















