Zəngəzurun yolunu kəsən “əjdaha” savaş yaxında
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının növbəti mərhələsi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (Zəngəzur dəhlizi) layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulan Sünik (Zəngəzur) bölgəsində vaxtından əvvəl reallaşdırıla bilər. Bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, TRIPP layihəsinin infrastrukturu ilə əlaqədar delimitasiya işlərinin növbədənkənar qaydada aparılması ehtimalı yüksəkdir.
Baş nazirin müavini qeyd edib ki, layihə çərçivəsində elektrik ötürücü xətlərin, avtomobil yolunun və dəmir yolunun layihələndirilməsi işlərinə başlamaq istəyirlər. Baş nazir Nikol Paşinyan da noyabrın 2-də parlamentdə bildirib ki, hökumət TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi işlərinin sifarişinə başlayacaq.
O vurğulayıb ki, bu layihə sayəsində Ermənistan 30 ildən artıqdır davam edən blokadadan çıxmaq imkanı əldə edəcək. Xatırladaq ki, ötən həftə Ermənistan parlamentində TRIPP layihəsi ratifikasiya olunub.
Bu arada İran TRIPP layihəsi ilə bağlı narahatlığını yenidən gündəmə gətirib. İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami jurnalistlərə açıqlamasında ölkəsinin TRIPP layihəsinin(Zəngəzur dəhlizi) mümkün nəticələri ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib. Şirqolami vurğulayıb ki, TRIPP layihəsinin müzakirəsi və həyata keçirilməsi zamanı Ermənistanın ərazi bütövlüyü və milli suverenliyinə hörmət edilməlidir. Eyni zamanda üçüncü tərəflərin Ermənistanla İran arasında strateji münasibətlərə zərbə vurmasına imkan verilməməlidir.
Səfirin sözlərinə görə, İranın əsas gözləntisi Ermənistan-İran sərhədində xarici hərbi qüvvələrin yerləşdirilməməsi və sərhədyanı ərazilərdən İrana qarşı təhlükə yaradılmamasıdır.
Diplomat qeyd edib ki, Ermənistanın yüksək səviyyəli rəsmiləri dəfələrlə belə presedentlərin olmayacağına dair təminatlar veriblər. Bununla belə, Tehran yalnız siyasi bəyanatlarla kifayətlənmək istəmir, layihənin icrası zamanı konkret mexanizmlərin yaradılmasını vacib sayır. Şirqolami bildirib ki, texniki məsələlər hazırda müzakirə mərhələsindədir. Əsas məsələ layihənin hansı mexanizmlərlə həyata keçiriləcəyidir. Bu mexanizmlər Ermənistanın suverenliyinə hörmət edilməsinə, ölkənin yurisdiksiyasından kənar hər hansı dəhlizin yaradılmamasına və xarici qüvvələrin iştirakına yol verilməməsinə təminat verməlidir.
Səfir əlavə edib ki, İran Ermənistanla müzakirələrin aparılması üçün xüsusi formatın yaradılmasını istəyir. Belə bir mexanizm yarana biləcək problemlərin operativ həllinə imkan verə bilər. İranlı diplomat Ermənistan hökumətinin layihənin planlaşdırılması zamanı ehtiyatlı və diqqətli davranacağına ümid etdiklərini bildirib.
İranın bu açıqlaması göstərir ki, TRIPP layihəsi ətrafında geosiyasi müzakirələr hələ də davam edir. Tehran xüsusilə Ermənistan-İran sərhədində ABŞ və ya digər xarici qüvvələrin hərbi iştirakına çevrilə biləcək ssenarilərə qarşıdır. Bu, İranın Cənubi Qafqazda geosiyasi təsir imkanlarının dəyişməsindən ehtiyat etdiyini göstərir. Digər tərəfdən, ABŞ-İran müharibəsinin hər an yenidən alovlanması riskinin mövcudluğu İranın Zəngəzur dəhlizi məsələsində narahatlığını artırır.
Səfirin narahatılığına əsaslar varmı? İranın əsas gözləntisinin Ermənistan-İran sərhədində xarici hərbi qüvvələrin yerləşdirilməməsi və sərhədyanı ərazilərdən İrana qarşı təhlükə yaradılmaması olduğu deyilir. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və TRİPP layihəsinin icra olunması İrana qarşı təhlükə yarada bilərmi?
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası Ermənistanla İran arasındakı sərhədin dəyişdirilməsi demək deyil. İran bu məsələdən narahatlıq keçirməməlidir: “Delimitasiya iki dövlət arasında mövcud dövlət sərhədinin hüquqi və xəritə əsaslı dəqiqləşdirilməsidir. Azərbaycanla Ermənistan arasında razılaşdırılmış delimitasiya ardıcıllığına əsasən, işlərin şimaldan cənuba, Ermənistan-Azərbaycan sərhədinin İranla kəsişdiyi nöqtəyədək davam etdirilməsi nəzərdə tutulub. Deməli, Sünikdə delimitasiya işlərinin aparılması özlüyündə İran üçün hərbi və ya ərazi təhlükəsi yaratmır. Əksinə, sərhədin dəqiqləşdirilməsi, ərazi mənsubiyyətinin hüquqi şəkildə müəyyənləşdirilməsi və qarşılıqlı razılaşmaların əldə olunması regionda qeyri-müəyyənliyin azalmasına xidmət edə bilər.
Lakin delimitasiyanın TRIPP infrastrukturu ilə əlaqələndirilməsi prosesə əlavə siyasi əhəmiyyət qazandırır. Çünki dəmir yolunun, avtomobil yolunun və digər kommunikasiya xətlərinin hansı ərazilərdən keçəcəyi, onların sərhədə yaxınlığı və təhlükəsizlik rejimi gələcəkdə İranla münasibətlərə də təsir göstərə bilər. İranın diqqət yetirdiyi məqam məhz budur".
Politoloqun sözlərinə görə, İran səfiri Xəlil Şirqolaminin son açıqlaması göstərir ki, Tehran Ermənistan hökumətinin ümumi siyasi təminatları ilə kifayətlənmək istəmir: “Səfir Ermənistan-İran sərhədində xarici hərbi qüvvələrin yerləşdirilməməsini, sərhədyanı ərazilərdən İrana qarşı təhlükə yaradılmamasını və layihənin Ermənistanın suverenliyi çərçivəsində həyata keçirilməsini istəyir. Bundan əlavə, Tehran Ermənistanla xüsusi müzakirə mexanizminin yaradılmasını təklif edir. Məqsəd layihənin icrası zamanı meydana çıxa biləcək təhlükəsizlik problemlərinin operativ şəkildə müzakirə olunmasıdır. Bu, İranın layihənin qarşısını almaqdan daha çox, onun həyata keçirilmə şərtlərinə təsir göstərməyə çalışdığını nümayiş etdirir. Sentyabrın 17-də İran səfiri bildirmişdi ki, ABŞ-nin Ermənistan-İran sərhədində mövcudluğu ilə bağlı narahatlıqlarını aradan qaldırmağın ən yaxşı yolu institusional mexanizmin yaradılmasıdır. İranın ABŞ-nin əsas rol oynadığı TRIP layihəsi ilə bağlı ehtiyatlanması müəyyən mənada başadüşüləndir, amma delimitasiyanı təhlükə kimi qəbul etmələri tamamilə əsassızdır. İranın TRIPP ilə bağlı narahatlığının iki əsas istiqaməti var: təhlükəsizlik və geosiyasi maraqlar. Təhlükəsizlik baxımından Tehran ABŞ-nin öz sərhədlərinə yaxın ərazidə hərbi və ya kəşfiyyat xarakterli imkanlar əldə etməsindən ehtiyat edir. Geosiyasi baxımdan isə Azərbaycan-Türkiyə bağlantısının yaranmasının İranın regional tranzit və siyasi təsir imkanlarına təsir göstərə biləcəyini düşünür. Lakin Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və TRIPP layihəsinin həyata keçirilməsi avtomatik olaraq İran üçün təhlükə demək deyil”.
Y.Bağırzadə qeyd edib ki, əslində TRIPP ətrafında gedən mübarizə təkcə bir nəqliyyat marşrutunun taleyi ilə bağlı deyil: “Söhbət Cənubi Qafqazın gələcək geosiyasi və iqtisadi xəritəsinin necə formalaşacağından gedir. Azərbaycan və Türkiyə yeni nəqliyyat bağlantıları əldə etməyə, Ermənistan uzunmüddətli blokadadan çıxmağa, ABŞ regionda iqtisadi və siyasi iştirakını genişləndirməyə, İran isə özünün ənənəvi geosiyasi mövqelərini qorumağa çalışır. Bu maraqların uzlaşdırılması mümkün olarsa, TRIPP qarşıdurma mənbəyinə deyil, Cənubi Qafqazda yeni əməkdaşlıq platformasına çevrilə bilər. Əks halda, layihənin icrası zamanı yaranacaq hər bir təhlükəsizlik və idarəetmə mübahisəsi regional rəqabəti daha da dərinləşdirə bilər”.
Baxış sayı:40
Bu xəbər 04 Noyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















