Zəngin mədəni irsdən sivil tərəqqinin zirvələrinə
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli-mənəvi yüksəlişin konseptual hədəfləri
Bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sənədin qısa xülasəsində qeyd olunur ki, hüquqi, dünyəvi və demokratik dövlət, sosial rifah və mədəni müxtəliflik prinsiplərinin dərin kök saldığı müasir Azərbaycanda mədəniyyətin intibahı dövrün regional və qlobal çağırışları müstəvisində mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında yeni milli ideologiyanın və buna əsaslanan yeni mədəniyyət siyasətinin formalaşdırılmasını şərtləndirir. Konsepsiya qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədidir.
Əsasən, 3 mərhələdə gerçəkləşməsi nəzərdə tutulan, qlobal çağırışlara əsaslanan bu uzunmüddətli yol xəritəsi Azərbaycan dili, davranış və bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət, mədəni irs kimi əsas sahələri əhatə edir. Konsepsiya çərçivəsində Azərbaycan dilinin və ədəbiyyatının inkişafı, milli mədəni və təbii irsinin qorunması, incəsənətin, audiovizual sənayenin, davranış və bilgi mədəniyyətinin, yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramları hazırlanacaq.
Əsas hədəflərdən biri də Azərbaycanın öz tarixi coğrafiyasına mədəni qayıdışını, xalqın məhv edilmiş tarixi mədəni irsinin bərpasını təmin etmək, birləşdirici amil kimi Azərbaycan dilinin regional rolunun bərpasına nail olmaqdır. Təşkilatlanmış mədəni iştirakçılıq respublikamızın regional maraqlarının səmərəli şəkildə təmin edilməsində və qonşu ölkələrlə dostluq münasibətlərinin gücləndirilməsində mühüm rol oynayacaq.
Konsepsiyada mədəniyyət sahəsində mövcud vəziyyət ətraflı təhlil olunub, idarəetmə, Azərbaycan dili, davranış mədəniyyəti, milli-mədəni irs, yaradıcılıq sənayesi, sahəvi diplomatiya ilə bağlı çağırışlar da diqqətə çatdırılır. Bir sıra digər prioritet istiqamətlər, konkret reallaşdırılacaq tədbirlər göstərilir. Müsahiblərimizin bu barədə təhlili fikir və mülahizələrini təqdim edirik.
Timuçin Əfəndiyev, mədəniyyətşünas, professor:
– “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkəmizin mədəni siyasətinin gələcək onilliklər üzrə strateji istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Konsepsiya milli-mədəni irsimizin qorunması və yaşadılması ilə yanaşı, mədəniyyət və incəsənət sahəsinin müasir çağırışlara uyğun şəkildə inkişafına xidmət edir.
Sənəddə mədəniyyətin cəmiyyətin inkişafında aparıcı rolunun xüsusi vurğulanması, yaradıcı potensialın üzə çıxarılması, innovativ yanaşmaların təşviqi və mədəni təhsilin gücləndirilməsi məsələlərinin ön plana çəkilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası yalnız bu günü deyil, gələcək nəsillərin mədəni düşüncə və estetik zövqünün formalaşmasını da hədəfləyən uzaqgörən bir baxışın ifadəsidir.
Bu mühüm strateji sənədin mədəniyyət və incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsinə, yaradıcı gənclərin yetişdirilməsinə, milli mədəniyyətimizin beynəlxalq miqyasda daha geniş təbliğinə ciddi töhfələr verəcəyinə inanırıq. Əminik ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ölkəmizin mədəni həyatında yeni bir inkişaf mərhələsinin başlanğıcı olacaq.
Konsepsiya Azərbaycan mədəniyyətinə yalnız dövlət səviyyəsində qayğı kimi baxılmasını ehtiva etmir, həm də milli dəyərlərin mühafizəsi, inkişafı və gələcək nəsillərə ötürülməsi üçün konkret mexanizmlər gətirir. Sənədin həyata keçirilməsi milli mədəniyyətimizin yüksəlişinə və dünya mədəni mühitində layiqli rol almasına xidmət edəcək.
Ceyran Mahmudova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor:
– Bu konsepsiya milli-mədəni irsimizin qorunması və yaşadılması ilə yanaşı, mədəniyyət və incəsənət sahəsinin müasir çağırışlara uyğun şəkildə inkişafını təmin etməyə xidmət edir.
Sənəddə mədəniyyətin cəmiyyətin inkişafında aparıcı rolunun xüsusi vurğulanması, yaradıcı potensialın üzə çıxarılması, innovativ yanaşmaların təşviqi və mədəni təhsilin gücləndirilməsi məsələlərinin ön plana çəkilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası yalnız bu günü deyil, gələcək nəsillərin mədəni düşüncə və estetik zövqünün formalaşmasını da hədəfləyən uzaqgörən bir baxışın ifadəsidir.
Mühüm sənədin hazırlanması prosesində Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin nümayəndələri, yaradıcı şəxslərlə keçirilən çoxsaylı görüşlər, forumlar və geniş müzakirələr onun əhatəli, praktik və real ehtiyaclara uyğun məzmunda formalaşmasına mühüm töhfə verib. Bu yanaşma mədəniyyət sahəsində açıq dialoqun, yaradıcı mühitlə dövlət strukturları arasında səmərəli əməkdaşlığın bariz nümunəsidir.
Bu önəmli strateji sənədin mədəniyyət və incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsinə, yaradıcı gənclərin yetişdirilməsinə, milli mədəniyyətimizin beynəlxalq miqyasda daha geniş təbliğinə ciddi töhfələr verəcəyinə inanırıq. Əminik ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ölkəmizin mədəni həyatında yeni bir inkişaf mərhələsinin başlanğıcı olacaq.
Elnarə Akimova, Milli Məclisin deputatı, filologiya elmləri doktoru:
– Konsepsiyada öz əksini tapan məsələlərdən biri də Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması məqsədilə “Azərbaycan ədəbiyyatı xaricdə” layihəsinin təsis edilməsidir. Həmin layihə bu sahədəki boşluğun doldurulmasında mühüm addımdır.
Prezident İlham Əliyevin Mədəniyyət Konsepsiyasını təsdiqləməsi mədəniyyət siyasətində uzunmüddətli və sistemli yanaşmanın formalaşdığını göstərir. Konsepsiyada mədəniyyətin bütün sahələri ilə yanaşı, ədəbiyyatın inkişafı, qorunması və beynəlxalq müstəvidə tanıdılması xüsusi yer tutur. Xüsusilə Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi ilə bağlı nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı xaricdə” layihəsi illərdir müzakirə olunan, lakin tam şəkildə institusional həllini tapmayan bir boşluğun doldurulması baxımından mühüm addım kimi dəyərləndirilə bilər.
Hazırda Azərbaycanda tərcümə fəaliyyəti sahəsində vəziyyət bir qədər qeyri-müəyyəndir. Bir tərəfdən, tərcüməyə ehtiyac heç vaxt indiki qədər böyük olmayıb: Azərbaycan ədəbiyyatının, elmi fikrinin, humanitar irsinin dünyaya çıxarılması dövlətin mədəni diplomatiyasının əsas istiqamətlərindən birinə çevrilib. Digər tərəfdən isə bu sahədə uzun illər əsas yükü daşıyan Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ləğvindən sonra mərkəzləşdirilmiş, vahid strategiya ilə işləyən bir qurum faktiki olaraq mövcud deyil. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi fəaliyyət göstərsə də, onun əsas profili daha çox rəsmi və texniki sənədlərin tərcüməsinə yönəlib və ədəbi tərcümə bu fəaliyyətin mərkəzində dayanmır.
Bu boşluq müəyyən qədər dövlət nəşriyyatları və ayrı-ayrı qurumlar tərəfindən kompensasiya olunur. “Azərnəşr” müxtəlif illərdə Azərbaycan ədəbiyyatının xarici dillərdə nəşrində iştirak edib, Milli Kitabxana isə beynəlxalq kitab mübadiləsi və əməkdaşlıq çərçivəsində ölkə ədəbiyyatının yayılmasına töhfə verməyə çalışır. Bununla yanaşı, özəl nəşriyyatlar və fərdi təşəbbüslər də mövcuddur, lakin bu işlər əsasən sistemsiz, davamlı maliyyə və dövlət sifarişi olmadan həyata keçirilir. Nəticədə tərcümə olunan əsərlərin seçimi, keyfiyyəti və yayımı vahid konsepsiyaya əsaslanmır.
Məhz bu mənzərədə “Azərbaycan ədəbiyyatı xaricdə” layihəsi təkcə yeni bir təşəbbüs deyil, həm də strukturlaşdırıcı mexanizm rolunu oynaya bilər. Əgər bu layihə çərçivəsində prioritet dillər, janrlar və müəlliflər müəyyənləşdirilsə, klassik və müasir ədəbiyyat balansı qorunsa, elmi və humanitar əsərlər ayrıca xətt kimi nəzərdə tutulsa, nəticə daha təsirli olar. Tərcümənin keyfiyyətinə ciddi nəzarət, redaktə və ekspertiza mexanizmləri yaradılmalıdır. Çünki dünya oxucusu üçün Azərbaycan ədəbiyyatının ilk təəssüratı məhz bu tərcümələrin səviyyəsi ilə formalaşacaq.
İcra modeli olacaq bu layihə yalnız dövlət qurumlarının üzərində qalmamalı, özəl nəşriyyatlar, müstəqil tərcüməçilər, universitetlər və xarici tərəfdaşlarla açıq əməkdaşlıq formatında həyata keçirilməlidir. Qrant proqramları, müsabiqələr və rezidentura tipli təşəbbüslər həm gənc tərcüməçilərin yetişməsinə, həm də peşəkar ədəbi tərcümə məktəbinin formalaşmasına xidmət edə bilər. Paralel olaraq rəqəmsal platformaların yaradılması, e-kitab və audiokitab formatlarının istifadəsi Azərbaycan ədəbiyyatının daha geniş auditoriyaya çıxışını təmin edər.
Nəticə etibarilə, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində nəzərdə tutulan bu layihə düzgün qurulduğu halda, təkcə tərcümə fəaliyyəti ilə məhdudlaşmayacaq, Azərbaycanın mədəni imicinin formalaşmasında strateji alətə çevriləcək. Əsas məsələ onu formal bir proqram kimi deyil, uzunmüddətli, davamlı və peşəkar şəkildə işləyən bir sistem kimi qurmaqdır. Bu baş verərsə, Azərbaycan ədəbiyyatı ilk dəfə olaraq təsadüfi deyil, planlı və məqsədyönlü şəkildə dünya oxucusunun diqqətinə təqdim oluna bilər.
Ülviyyə Həmzəyeva, Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri:
– 2026-cı il yanvarın 14-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkənin mədəni inkişafının uzunmüddətli strateji istiqamətlərini müəyyən edən fundamental sənəddir. Bu konseptual sənəd qlobal çağırışlar, regional proseslər və milli maraqlar nəzərə alınmaqla hazırlanıb, Azərbaycan mədəniyyətinin milli kimliyə əsaslanan müasir modelinin formalaşdırılmasını qarşıya məqsəd qoyub.
Müasir Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlət kimi sosial rifahın və mədəni müxtəlifliyin təmin edilməsini əsas prioritetlərindən biri sayır. Dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan yeni mədəniyyət siyasətinin formalaşdırılmasını zəruri edib. Bu baxımdan konsepsiya milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, mədəniyyətin müasir sosial, iqtisadi və texnoloji proseslərə inteqrasiyasını təmin edir.
Fərdin yaradıcı potensialının inkişafında, cəmiyyətin sosial birliyinin möhkəmləndirilməsində və dövlətin strateji məqsədlərinə çatmasında mədəniyyət mühüm rol oynayır. Bu model dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşmasına, eyni zamanda, rəqabətli insan kapitalının və innovativ mühitin yaranmasına xidmət edir.
“Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyası Azərbaycan dili, davranış və bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irsi əhatə edir. Sənəddə milli-mənəvi dəyərlər, tolerantlıq, tarixi şüur, dövlətçilik, hüququn aliliyi və azadlıq kimi dəyərlər Azərbaycan mədəniyyətinin əsas dayaqları kimi müəyyən edilib. Xüsusi vurğu Azərbaycan dilinin qorunmasına, inkişafına və beynəlxalq səviyyədə təbliğinə yönəldilib.
Burada qlobal trendlər də xüsusi yer tutur. BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyi, UNESCO-nun mədəni müxtəlifliyin qorunması ilə bağlı sənədləri, COP29 çərçivəsində irəli sürülmüş “İqlim üçün mədəniyyət” təşəbbüsü və Türk Dövlətləri Təşkilatının “Türk Dünyası – 2040” Vizyonu Azərbaycanın mədəniyyət siyasətinin beynəlxalq kontekstini müəyyən edir. Bu yanaşma mədəniyyətin yalnız milli deyil, həm də qlobal inkişaf amili kimi rolunu gücləndirir.
Nəhayət, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası milli kimliyin qorunması ilə müasir inkişaf arasında tarazlığı təmin edən, Azərbaycan mədəniyyətini qlobal mədəni proseslərin fəal iştirakçısına çevirən strateji sənəddir. Konsepsiyanın uğurla həyata keçirilməsi Azərbaycan mədəniyyətinin beynəlxalq nüfuzunun artmasına, mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək.
Zaur Əliyev, Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı, dosent:
– Prezidentin təsdiq etdiyi bu konsepsiya ölkəmizin mədəni inkişaf tarixində mühüm hüquqi və mədəni hadisə kimi qiymətləndirilməlidir. Çünki sözügedən sənəd hüquqi və mədəni inkişafın strateji yol xəritəsidir.
Konsepsiya qlobal və daxili çağırışlar nəzərə alınmaqla Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin formalaşdırılması, inkişaf etdirilməsi və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədi daşıyan strateji planlaşdırma sənədidir. Sənəd mədəniyyət sahəsində vahid, sistemli və dayanıqlı dövlət siyasətini təmin edir.
Mühüm sənəd mədəniyyət sahəsinin vahid mövqedən çıxış etməsini nəzərdə tutur ki, bu da Azərbaycanın beynəlxalq arenada güclü və dayanıqlı regional aktor kimi mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki mədəniyyət milli suverenliyin qorunmasında həlledici amildir və hər bir xalqın mövcudluğu, ilk növbədə, onun dili və mədəni kimliyi ilə bağlıdır.
Bu baxımdan konsepsiyada Azərbaycan dilinin milli kimliyi müəyyən edən əsas mədəni ünsür kimi təqdim olunması yüksək qiymətləndirilməlidir. Sənəd, eyni zamanda, mədəniyyət diplomatiyasının inkişafını, mədəniyyətdən beynəlxalq münasibətlərdə “yumşaq güc” aləti kimi istifadəni və qloballaşma dövrünün çağırışlarına adekvat cavab mexanizmlərini nəzərdə tutur.
Konsepsiya mədəniyyətə sistemli yanaşma sərgiləyir və Azərbaycan mədəniyyətinin əsas sahələrini əhatə edir. Xüsusilə davranış və bilgi mədəniyyətinin ayrıca istiqamət kimi müəyyən edilməsi mühüm yenilikdir. Sənəddə mədəniyyətin həm mənəvi, həm də iqtisadi tərəfləri qarşılıqlı şəkildə təqdim olunur, mədəni və yaradıcı sənayenin inkişafının əhəmiyyəti vurğulanır. Mədəniyyətlə hüququn vəhdəti əsas prinsip kimi çıxış edir, mədəni fəaliyyətin hüququn aliliyi və insan hüquqları kontekstində həyata keçirilməsi ön plana çəkilir.
Sənədin mühüm cəhətlərindən biri də mədəni hüquqların canlandırılması, onların təbliği və qorunmasıdır. Bu hüquqlar III nəsil insan hüquqlarının əsas komponentlərindən biri olmaqla, uzun müddət kölgədə qalmış sahə hesab edilirdi.
Konsepsiya hüququn ali prinsiplərindən olan insan ləyaqətinə hörməti də özündə ehtiva edir: İnsan hüquqları məhz ləyaqətdən irəli gəlir və ləyaqətin əsasını mədəniyyət təşkil edir. Bu prinsip həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də beynəlxalq hüquqi sənədlərdə təsbit olunub. Konsepsiya multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoqu Azərbaycanın əsas dəyərləri kimi təqdim edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir və bu yanaşma konsepsiyada da öz əksini tapır.
Sənəddə mədəniyyətin rəqəmsallaşdırılması, rəqəmsal mədəniyyətin inkişafı, bilgi mədəniyyətinin təşviqi və bilik cəmiyyətinə keçid kimi məsələlər xüsusi yer tutur. Bu yanaşma UNESCO-nun müasir çağırışları ilə tam uzlaşır və rəqəmsal bərabərsizliyin aradan qaldırılmasına xidmət edir.
Konsepsiyanın hədəfləri Bakı Dövlət Universitetinin hüquq fakültəsi üçün də mühüm əhəmiyyət daşıyır. Fakültədə artıq 2-ci ildir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət hüququ” üzrə magistratura ixtisaslaşması uğurla tədris olunur. Konsepsiya bu sahədə hüquqşünas kadrların hazırlanmasına və mədəniyyət hüququnun elmi əsaslarla inkişafına mühüm töhfə verəcək.
Fəridə Mirişova, “İz Mədəniyyətin İnkişafına Dəstək” İB-nin sədri, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı:
– Konsepsiyanın 2040-cı ilə qədər mərhələlərlə həyata keçirilməsi də onu göstərir ki, burada qısaömürlü kampaniyalardan yox, uzunmüddətli düşüncədən söhbət gedir. Amma hər bir strateji sənəddə olduğu kimi, əsas məsələ onun yazılması yox, necə həyata keçirilməsidir.
“İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyinin sədri kimi, bu konsepsiyanı oxuyarkən bir məqam xüsusilə diqqətimi çəkdi: sənəd mədəniyyətin məsuliyyətini yalnız dövlətin üzərində saxlamır. Burada açıq mesaj var: mədəniyyət onu daşıyan cəmiyyət olmadan yaşaya bilməz. Bu isə vətəndaş cəmiyyətinin, xüsusilə mədəniyyət sahəsində çalışan QHT-lərin rolunu artırır.
Məncə, konsepsiyanın uğuru bir neçə sadə, amma vacib məqamdan asılıdır. Əvvəla, mədəni irsi, sadəcə, toplamaq və rəqəmsallaşdırmaq kifayət deyil. İrsimizin tarixi-mədəni əhəmiyyətini başa düşməli, qiymətləndirməliyik. İnsan anlamadığı, dərk etmədiyi dəyəri yaşada bilməz. İkincisi, qeyri-maddi mədəni irs – folklor, musiqi, şifahi ənənələr – yalnız sənəd kimi yox, canlı ünsiyyət yolu ilə ötürülməlidir. Ustad-şagird münasibəti, canlı yaddaş bu baxımdan həlledici əhəmiyyət daşıyır. Üçüncüsü, konsepsiyada vurğulanan davranış və bilik mədəniyyəti cəmiyyətdə formal yanaşma ilə məhdudlaşmamalıdır. Mədəniyyət təkcə nə oxuduğumuz deyil, necə danışdığımız, necə dinlədiyimiz, fərqli olana necə yanaşdığımızdır.
Onu da bildirək ki, dövlətlə QHT-lər arasında münasibətlər formal xarakter daşımamalıdır. Mədəniyyət sahəsində çalışan QHT-lər sadəcə icraçı yox, düşünən və məsuliyyət daşıyan tərəfdaş kimi qəbul edilməlidir.
Sonda vurğulayım ki, sözügedən konsepsiya mədəniyyətə münasibəti dəyişən real bir yol xəritəsinə çevrilməlidir. Bu isə artıq təkcə dövlətin yox, hamımızın seçimidir. Mədəniyyət qorunan bir əşya deyil, yaşadılan dəyərdir. Bu dəyəri yaşatmaq isə hər birimizin üzərinə düşən ortaq məsuliyyətdir.
Hazırladı:
Əli NƏCƏFXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 27 Yanvar 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















