“Zərbələr dəqiq nöqtə atışı olacaq” Politoloq MÜSAHİBƏsində ABŞ nin İrana mümkün hücumunu dəyərləndirdi
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin İrana zərbəsi artıq qacımaz kimi görünür. Hətta gözlənilən hücumun sabah baş verəcəyinə (xatırladaq ki, Maduronun oğurlanması əməliyyatı da şənbə günü baş verdi) aid iddialar da səslənir. İstənilən halda hücum fevralın ilk ongünlüyündə baş verəcək. Çünki gələn ayın 19-da ramazan ayı başlayır. Həmin müqəddəs günlərdə islam ölkəsinə hücum dünya müsəlmanları tərəfindən birmənalı qaşılanmayacaq.
Hadisələrin get-gedə gərginləşdiyi bir zamanda regionun düşdüyü qaranlığa işıq tutmaq üçün ölkənin tanınmış politoloqu, “Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğluna suallar ünvanlamaq qərarına gəldik. Beləliklə politoloqun Bakupost.az-a müsahibəsini təqdim edirik.
– Elxan bəy, dövlət katibi Marko Rubio “İran heç vaxt olmadığı qədər zəifləyib” açıqlamasından sonra konqresmen Lensi Qraham etirazçılara aksiyalara davam edin çağırışı etdi. Gözlənilən müharibə ərəfəsində ABŞ-li rəsmilərin bu bəyanatlarını necə dəyərləndirirsiniz?
– Rubionun sözləri İrana bir mesajdır. Qrahamın çağırışı isə mürəkkəb məsələdir. Çünki son qətliamlardan sonra, narazı insanlar yenidən küçələrə çıxmağa bir az çəkinirlər. Çünki rejim yenə atəş açacaq və qətliamlar törədəcək. Düzdür, bu dəfə rejimi zəifləyib və iqtisadi problemlər də həll olunmayıb. Dövlət katibi hardasa haqlıdır ki, İran rejimi indi zəif duruma düşüb. Çünki İsraillə müharibə, Amerikanın əvvəlki zərbələri, içəridə olan etirazlar, iqtisadi vəziyyətin ağırlaşması rejimi zəiflədib. Amma rejim hələ də qəddardır və etirazları vəhşicəsinə yatırması da bundan xəbər verir. Amma ola bilsin, Amerikada beyin mərkəzləri belə hesablamalar aparıblar ki, zərbələr indi endirilsə, etirazlar yenidən baş qaldırar və rejimlə məsələni birdəfəlik bitirə bilərlər.
– Venesuela hadisələrində iştirak edən armada əlavələr qüvvələrlə birlikdə İran ətrafında toplaşıb. Artıq Hind okeanında hücumun vaxtını gözləyirlər. Bir də yaxın bu bir neçə dəqiqə bundan əvvəl iddia irəli sürüldü ki, ABŞ son 24 saat ərzində hücuma keçə bilər. Siz bu barədə nə düşünürsünüz?
– 24 saat demək çətindir. Yəni, münəccimlik etmək istəməzdim. Mən elə gəlir ki, artıq düyməyə basılıb, yəni zərbələr endiriləcək. O qədər gəmi İran sahillərinə yaxınlaşıbsa, bu da psixoloji təzyiqin bir üsuludur. Üstəgəl, həmin armada imkan vermir ki, İran neftini sata bilsin. Yəni, tankerlər daha İran sahillərinə çıxa bilmir. Son illərdə sərt sanksiyalardan sonra İran ucuz qiymətə də olsa, Çinə neft satırdı. Amma indi Çin də bu nefti bu müddətdə ala bilməyəcək və İran iqtisadiyyatı daha ağır vəziyyətə sürüklənəcək. Təyyarə daşıyan bu qədər hərbi gəmi ilə İran sahillərinə yaxınlaşıbsa, demək Pentaqonun hansısa bir planı var. 24 saat və ya 48 saat söyləmək çətindir və fakt bundan ibarətdir ki, zərbə endirmə ehtimalı günü-gündən artır. Bu həm də ona görə olacaq ki, İran rejimi Trampın uran zənginləşdirilməsi, ballistik raketlərdən və İranın bölgədəki terrorçu qrupları silahlandırmaqdan imtina etmək tələblərini yerinə yetirməyəcək.
– Neft demişkən, İran xəbərdarlıq edib ki, əgər təhdidlər davam edərsə, Hörmüz boğazını bağlayacaq. Bu baş versə, İranın addımı müttəfiqi Çinə qarşı da atılmış olacaq. İran boğazı bağlaya, öz yeganə müttəfiqini pis vəziyyətə sala bilərmi?
– Hörmüz boğazının bağlanmasını illərdir eşidirik. İllərlə bununla Amerikanı, müxtəlif dövlətləri şantaj edir. Amma bir dəfə də olsun boğazı bağlamayıb. Çünki Tehran başa düşür ki, bu hərəkət onun özünə də böyük zərər vuracaq. Özü də neft sata bilməyəcək. Digər ziyan körfəz ölkələrinə dəyəcək ki, bu da ərəb dövlətlərinin İrana mövqeyini dəyişdirəcək. Halbuki indiki halda Ərəb dövlətləri və Körfəz ölkələri Amerikanın İrana qarşı zərbə endirməsinin əleyhinədir. Əgər Hörmüz boğazını bağlayarsa, bu, İrana daha böyük təzyiq vasitəsinə çevrilə bilər.
– Bir də Körfəz ölkələri demişkən, Tramp üç gün qabaq İraqla bağlı bir paylaşım etdi ki, “Əli Maliki yenidən baş nazir seçilərsə, biz İraqa yardımı kəsəcəyik”. Yaxın Şərqdə bu qədər geosiyasi proseslərin ortasında regionda İraq kimi müttəfiqi küsdürmək bəyanatı nəyə xidmət edir? Yeri gəlmişkən, yanvarın ortasında İraqdakı “Həşdi Şabi” qruplaşması aksiyaları yatırmaq üçün İrana keçdi. Və Bağdad buna səssiz qaldı, heç bir reaksiya göstərmədi. Tramp bu bəyanatla həmin sükutu cəzalandırmaqmı istəyir?
– ABŞ-nin 2003-cü ildə Səddam Hüseyni devirən əməliyyatından sonra İraq hələ də özünə gəlməyib. Ölkədə hələ də mərkəzdənqaçma meylləri var. Prezidenti və baş naziri seçmək mürəkkəb məsələyə çevrilib. Çünki bunun üçün əşirətlərin, kürd və şiə qruplaşmaların razılığı olmalıdır. ABŞ-nin özünün də razılığı olmalıdır. İraq bəlkə də tək-tük ölkələrdəndir ki, orada iki düşmən ölkənin silahlı birləşmələri – ABŞ-nin hərbi bazaları və İranın da silahlı qruplaşmaları var. Üstəgəl, Əli Malikinin yenidən baş nazir seçilməsi məsələsi var ki, bu da Vaşinqtonu bir az narazı salır. Çünki Maliki daha çox İrana, silahlı şiə qruplaşmalarına bağlıdır. Amma Tramp bu açıqlama ilə xəbərdarlıq etdi ki, baş nazir İranın dediyini edəcəksə və ABŞ-nin maraqlarını nəzərə almayacaqsa, Vaşinqton gələcəkdə İraqı da hədəf seçə bilər. İranın hələ də İraqda müəyyən resursları qalır, amma təsir etmə imkanları da getdikcə azalır. İran indi öz dərdini çəkir. Çünki Amerika zərbə endirsə, bu ölkədə böyük faciələrə gətirib çıxaracaq. Hücum hətta İranda mərkəzdən qaçma meyllərini də gücləndirə bilər. Yəni, əlbəttə, ABŞ bəlkə də İranın parçalanmasını istəmir. Amma elə bir rejimin formalaşmasını istəyir ki, Amerikanın dedikləri ilə oturub-dursun, Rusiya və Çinlə ittifaq içində olmasın. Bəlkə də rejim dəyişikliyi olmayacaq, Venesuelada olduğu kimi sözə baxan hökumət formalaşacaq.
– ABŞ-nin İraqda hədəflədiyi hökumət dəyişikliyi ABŞ-nin kürdlərə jesti ola bilərmi? Suriyada YPG-nin arxasından çəkilən Vaşinqton İraqda kürdlərin könlünü ala bilərmi? Çünki Bərzani ilə Tələbani hələ də güclüdürlər.
– Yəni, Bərzani və Tələbaninin Şimal İraqdakı gücləri, əlbəttə, qalır. Faktiki İraq tərkibində muxtariyyətdən də üstün bir statusa malikdirlər. İstəyirlər Suriyada da belə bir forma olsun. PKK ilə bağlantılı qruplar Suriyanın şimalına nəzarət edirlər. Amma Əl-Şəra ABŞ və Türkiyənin də dəstəyi ilə artıq bu PKK uzantılarına son qoymaq üzrədir. Artıq yerdə qalan kürd silahlılarının Suriya hökumətinin şərtlərini qəbul edib Suriya ordusuna inteqrasiya olacaqları barədə razılaşma var. Əksini etsələr, onlara zərbələr endiriləcək. Suriyada PKK ya bağlı güclər artıq zəifləyir. Amma bəli, İraqın şimalında gücləri hələ ki, var. Amma Tələbani və Bərzani PKK ilə öz aralarında da məsafə qoyurlar. Çünki bilirlər ki, əks halda, Türkiyə ilə münasibətləri gərginləşdirmiş olarlar. Bu da İraq kürdlərinin maraqlarına cavab vermir. Və hazırda da İraqda prezidentin seçilməsi və baş nazirin seçilməsində həmin kürdlərin də müəyyən qədər təsir imkanları var. Maraqlıdır ki, Əl-Maliki İranla bağlı olsa da, İraq kürdləri Əl-Malikin baş nazirin seçilməsinin əleyhinə deyillər. Yəni, ola bilsin, Tehranla şifahi razılaşmalar da var. Amma PKK və onun uzantıları ilə bağlı məsələ artıq bitmək üzrədir. Yəni, PKK 1984-cü ildən bu Türkiyə ərazisində və digər ölkələrdə terror törədirdi. Artıq bu məsələ bitmək üzrədir. Suriyada güclərini itirirlər. Türkiyədə artıq fəaliyyət göstərə bilmirlər. Silahların bir hissəsini guya təhvil veriblər, amma hələ də Qəndil dağlarında gizlənənlər var. Türkiyənin də İrandan və İraqdan tələbi budur ki, PKK və uzantılarına (PJAK) öz ərazisində fəaliyyət göstərməyə imkan verilməsin. Bu gün Ankaraya gəlmiş İran xarici işlər naziri ABŞ-nin hücumun başlamasına imkan verməməsi üçün Türkiyəyə faktiki yalvarırdı. Amma Ankaranın da İrandan tələbi var, hansı ki, bu gün Hakan Fidan mətbuat konfransında səsləndirdi. Türkiyə İrana dəstəyini göstərir, amma həm də tələb edir ki, PKK-ya bağlı qruplarla mübarizəni gücləndirsin.
– Bu günləri xəbəri oxudum. İran rəsmilərinin təyyarəsi Moskvada Vnukovo hava limanına enib. Hətta deyirlər, o təyyarədə Pezeşkian da olub. Tehran müharibənin astanasında Rusiyadan nə istəyə bilərlər? Bu, səfərin məqsədi nə ola bilər?
– İplər bu dəqiqə Rusiyadan daha çox indi Türkiyənin əlindədir. Müharibəni önləyə bilmək üçün Kremlin gücü qalmayıb. Rusiya Ukrayna bataqlığının içindədir və resursları da tükənir və başqa istiqamətlərə elə böyük resursları qalmır. Nə olsun, Maduro da Putinlə strateji tərəfdaşlıq sazişi imzalamişdı. Amma Moskva Venesuela prezidentini qoruya bilmədi. Maduro oğurlandıqdan sonra Putinin səsi də çıxmadı. ABŞ İranda da istədiklərini eləsə, Rusiyanın da məsələlərə təsir imkanları faktiki olmayacaq. Bilmirəm, Pezeşkianın Moskvaya getməsi xəbəri nə dərəcədə doğrudur. Çünki bu gün onun Ərdoğanla telefon danışığı olub. Digər tərəfdən Pezeşkianın elə bir səlahiyyəti yoxdur, əsas söz sahibi ali dini lider və yaxın ətrafıdır. Onlarsa, sanki Amerikada müharibəyə hazırlaşırlar və düşünürlər ki, İranda yaşayan xalqları ümumi düşmənə qarşı birləşdirə biləcəklər. Ona görə ABŞ-nin şərtlərini yerinə yetirmək istəmirlər.
– Yaxın Şərqdən danışdınız, husilər səs-küy salıblar ki, hücum olarsa, biz Amerika gəmilərini bombalayacaq. Sizcə, İranın proksilərinin törədəcəyi təhlükə dərəcədə realdır?
– İranın əfsanəvi generalı Qasım Süleymani Trampın birinci prezidentliyi dönəmində öldürüldü. İran çox intiqam, intiqam deyirdi. Amerikanın İraqdakı bir neçə boş hərbi bazasına raket vurdu. Bir amerikalı əsgərin burnu da qanamadı. Sonra Trampa zəng elədilər ki, müharibəni dayandıraq. Və yaxud son müharibədə Amerika İran nüvə mərkəzinə zərbə endirdi. İran cavab verə bildimi? Husilər nə edəcəklər? Əlbəttə, Amerika zərbə endirsə, husilər İsrailə bir neçə zərbə endirəcəklər. Amma bundan artığına gücləri çatacağına inanmıram. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Pentaqonun geniş müharibə, xüsusilə quru əməliyyatı aparacağı inandırıcı deyil. Zərbələr dəqiq nöqtə atışı olacaq. Başqa sual aktualdır ki, Amerikanın məqsədi nədir? Rejimi dəyişmək, yoxsa zəiflətmək və ya İrana parçalamaqmı istəyirlər? Mən düşünürəm ki, Amerika daha çox Venesuela modelinə üstünlük verir. Yəni, rejimi dəyişməsinin çətin olduğunu anlayaraq rejimin başında duranları zərərsizləşdirib ölkəni sözəbaxanlara tapşıracaq. Necə ki, Venesuelanı Madurodan sonra Amerikanın cızdığı xətdən kənara çıxmayan Rodrigez idarə edir. Faktiki Venesuela neftinə ABŞ nəzarət edir. Vaşinqton belə bir ssenarini İranda da həyata keçirməyə çalışacaq.
– Yəni, müharibədən sonra Yaxın Şərqin konturlarını necə görürsünüz?
– Yəni Yaxın Şərqdə sülh, sabitlik, əməkdaşlıq olmalıdır. Türkiyə də, Körfəz dövlətləri bunu istəyir. İran bir az prosesləri pozur və Qəzzada baş verənlər səbəbindən Yaxın Şərq barıt çəlləyi olaraq qalır. Amma orada birinci mərhələ həll olunub, artıq atəşkəs var. İkinci mərhələyə keçid olmalıdır. Bu quruculuq işləri və “HƏMAS”ın tərksilah olmasıdır. Terror təşkilatı silahı yerə qoymasa vəziyyət yenidən gərginləşəcək. “Hizbullah”ın Livandakı gücü neytrallaşıb. Yəni, sanki əvvəlki dövrlərə nisbətən Yaxın Şərqdə nisbi bir sakitlik hökm sürür. Amma İrana qarşı müharibə başlasa, İran çalışacaq ki, Yaxın Şərqi qarışdırsın, amma uğur qazana bilməyəcək. Əgər ABŞ İranı ram edə bilsə, Yaxın Şərqə nisbi sakitlik, sabitlik gətirə biləcək. Çünki Yaxın Şərq İranın “Hizbullah”, “HƏMAS” kimi qruplaşmalara silah-sursat verməsinə, İsraillə daimi müharibə içində olduğuna görə qaynayırdı. Bu da Yaxın Şərqdə ağır, gərgin vəziyyətdə saxlayırdı. Rejim çöksə, Yaxın Şərqdəki gərginlik də nisbətən aradan qalxmış olar.
– Azərbaycan XİN-in ölkə ərazisindən İrana qarşı istifadə edilməyəcəyi bəyanatını yenilədi. Bu açıqlama az qala hər ay təkrarlanır.
– Qonşu dövlətlər kimi Azərbaycan da müharibənin əleyhinədir. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov İranlı həmkarı arasında telefonu danışığı olub. Nazir bir daha Azərbaycanın heç zaman öz ərazisindən qonşularına qarşı istifadə edilməsinə imkan verməyəcəyi barədə mövqeyini çatdırıb. Bu, bizim milli və təhlükəsizlik maraqlarımıza da ziddir. Amma bizdən və digər region dövlətlərindən asılı olmayaraq gərginlik, toqquşma ehtimalı günü gündən artır.
– Dünən Çin Müdafiə Nazirliyi Vaşinqtonun Pekinin əhatə dairəsini daraltmaq siyasətinə qarşı açıqlamalar verdi. Venesuelanı tək qoyan Çin İranı qoruyacaqmı? Bu arada son bir ayda Çindən İrana onlarla ağır yükdaşıyan hərbi təyyarələr uçmuşdu.
– Amerikanın əsas məqsədlərindən biri həm İranı ram etmək, həm də ən böyük rəqibi ilə mübarizəni genişləndirməkdir. Çünki Venesuelanı nəzarətə götürəndən sonra Pekin Karakasdan ucuz neft ala bilmir. İran neftinin də əsas alıcısı Çindir. İndi Amerika İranı ram edərsə, Pekinin İran neftinə də çıxışı məhdudlaşmış olacaq.
– Sizə elə gəlmir ki, İlham Əliyevə güvənib Ermənistanın enerji təhlükəsizliyini qarantiyaya alınmasından sonra Trampda artıq İranı vurmaq olar düşüncəsi yaranıb.
– Azərbaycan-Ermənistan arasında sülh quruculuğu sürətlə davam edir. Bu il Nikol Paşinyan seçkidə qələbə çalarsa və konstitusiyanı dəyişərsə, sülh sazişinin imzalanması ehtimalı çox böyükdür. Ermənistan bu ilin ortalarından Tramp yolu Zəngəzur dəhlizinin tikintisinə də başlamalıdır. Bunlar bölgədə sülh sabitliyi davamlı edəcək. Cənubi Qafqaz evinin yaranmasına təkan verəcək. Amma buna qarşı çıxanlar da var.
– Qarşı çıxanlar demişkən, Köçəryan dünən jurnalistlərə açıqlamasında Paşinyanı hədəf göstərməklə, sanki İrana pas ötürdü.
– Ermənistanın içində radikal müxalifət, keçmiş prezident Robert Köçəryan da dünən mətbuat konfransı keçirdi və Paşinyanı hədəf göstərdi. O İrana açıqlaması ilə İrana deyirdi ki, Paşinyan Amerikanı Ermənistana gətirib və bunda Tehranın maraqlarını nəzərə almır. Bu kimi təxribatlar, əlbəttə, davam edəcək ki, bölgədə sülh olmasın, münaqişə davam etsin. Amma erməni cəmiyyətinin əksəriyyəti müharibə istəmir. Amma əgər erməni cəmiyyəti fikrini dəyişərsə və Köçəryan kimi radikalları seçərsə, əlbəttə ki, bu, yeni qarşıdurmaya səbəb olacaq. Amma Paşinyanın partiyasının iyun ayında da parlament seçkilərində qələbə çalma ehtimalı yüksəkdir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 30 Yanvar 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















