14 iyul plenumu...
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.



Milli-siyasi intibahın başlandığı günVətənə bağlılıq, xalqa sədaqət nümunəsi
Müasir Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik ölkələrindən sayılır. Vətən müharibəsində zəfər qazanan, ərazi bütövlüyünü və suverenliyini bərpa edən, qısa zamanda yerləşdiyi bölgənin liderinə çevrilən Azərbaycan bu nailiyyətlərə düşünülmüş mükəmməl iqtisadi-siyasi strategiyanın həyata keçirilməsi nəticəsində nail olub. Ölkəmizin inkişaf doktrinasının əsası isə ötən əsrin 70-ci illərindən qoyulub. Məhz həmin dövrdə Sovet İttifaqının tərkibində olsa belə, Azərbaycanın dinamik templərlə iqtisadi yüksəlişini təmin edən inkişaf strategiyasının hazırlanmasına və həyata keçirilməsinə start verildi. Bu inkişaf isə birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Yeni bir Azərbaycan yaratdı...
Danılmaz faktdır ki, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi bioqrafiyasının bütün səhifələri ölkəsinin inkişafı uğrunda fədakar mübarizəyə həsr olunub. Hələ sovet dövründə keçmiş ittifaqda yalnız aqrar respublika kimi xarakterizə olunan Azərbaycan imperiyanın ucqar adlandırılan əyalətlərindən sayılırdı. Ölkəmizin hələ sovet dövründə intibah yoluna qədəm qoyması məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Ulu Öndərin Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri seçilməsi ilə bu proses başlandı. Bütün sahələrdəki inkişaf və dəyişikliklər - sənayeləşmə, ölkədə milli kadrların yetişdirilməsi, ana dilimizə olan münasibətin dəyişməsi, milli mədəniyyətimizin inkişafı birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsi idi. Bu gün fəxrlə deyə bilərik ki, müasir Azərbaycanın inkişafının intibah dövrü məhz 1969-cu ildən başlayır. Həmin illərdə həyat Heydər Əliyevin üzərinə Vətən və xalq naminə mühüm bir missiya qoymuşdu. Və O, keçmiş sovet dövrünün ideoloji məhdudiyyətlərinin yaratdığı çətinliklərə rəğmən, respublikanı dəyişmək, yeni bir Azərbaycan qurmaq yolunda inamlı addımlar atmağı bacardı. Burada Heydər Əliyevin şəxsi keyfiyyətləri, əvvəlki illərdə təsdiqlənmiş unikal idarəçilik bacarığı, liderliyi və əlbəttə ki, Vətəninə, xalqına sonsuz sevgisi, milli kimliyinə sadiqliyi mühüm rol oynadı.
Ölkənin taleyini dəyişən plenum...
1969-cu ilin 14 iyulu - bu gün Azərbaycan tarixində çox əlamətdar tarixlərdən biridir. Həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü seçilməsi ölkənin iqtisadi, mədəni yüksəlişində, xalqımızın rifahının yaxşılaşmasında, eləcə də müstəqil dövlətimizin təməlinin qoyulmasında həlledici rol oynadı. Azərbaycanın siyasi rəhbərliyinə gəlişindən dərhal sonra Heydər Əliyev ölkədə həmin dövrlərdə geniş yayılan rüşvətxorluq, vəzifədən sui-istifadə və digər qanunsuzluqlara qarşı mübarizəyə başladı. Onun başçılıq etdiyi Mərkəzi Komitənin qərarları bir-birinin ardınca mətbuatda dərc edilirdi. Ulu Öndərin birbaşa nəzarəti və göstərişləri əsasında, həm respublika, həm də şəhər və rayonlar səviyyəsində özbaşınalıqla məşğul olan rəhbər şəxslər barəsində təsirli tədbirlər görüldü.
Ölkə əhalisi yeni rəhbərinə dərin rəğbət bəsləyir, Onun gördüyü işləri dəstəkləyirdi. Ən çox diqqət yetirilən məsələlərdən biri isə işgüzar, xalqa sadiq, mənəvi cəhətdən saf olan kadrların seçilərək respublikada, şəhər və rayonlarda rəhbər vəzifələrə təyin edilməsi idi. Kadr siyasətinə xüsusi diqqət ayıran Heydər Əliyev rəhbər vəzifələrə azərbaycanlıların cəlb edilməsi yönündə əsaslı fəaliyyəti ilə seçilirdi.
Milli dəyərlərə bağlılıq...
Heydər Əliyevin siyasi strategiyasında milli dəyərlərə bağlılıq məsələsi hər zaman ön planda dayanıb. Məhz bu illərdə ölkəmizdə Ana dilindən geniş istifadənin təşviqinə start verildi. Məhz Ulu Öndər tərəfindən doğma dilə verilən önəmin nəticəsi idi ki, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili ilk dəfə olaraq rus dili ilə yanaşı, rəsmi dövlət dili kimi öz əksini tapdı. Ümummilli Lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkədə elmin inkişafına da böyük diqqət yetirdi. Ulu Öndər 1970-ci illərdə minlərlə azərbaycanlı gəncin Sovetlər Birliyinin ən qabaqcıl ali təhsil ocaqlarında biliyə yiyələnməsinə nail oldu. Məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə SSRİ-nin müxtəlif respublikalarında oxumağa göndərilən gənclərin sayı dəfələrlə artdı. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdan həmin gənclərin böyük hissəsi müstəqil Azərbaycan Respublikasında elmin inkişafında mühüm rol oynadı.
Bakı tikinti meydanına çevrildi...
Heydər Əliyevin keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ittifaq hökuməti tərəfindən Azərbaycanın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul edildi. Nəticədə, 1970-1982-ci illər Azərbaycanın tarixinə bütün varlığı ərzində ən parlaq quruculuq dövrü kimi daxil oldu. Respublika sənaye inkişafına istiqamətləndi, eyni zamanda, aqrar sektorda əmək tutumlu və gəlirli sahələr inkişaf etdirildi. Qısa dövr ərzində 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tutdu. Həmin illərdə respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bəhs olunan dövrdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Eyni zamanda, respublika nəhəng tikinti meydanını xatırladırdı. Bakıda həmin dövr üçün çox böyük əhəmiyyətə malik olan kondisioner zavodu inşa olundu. 1970-ci illərdə respublikada yüzlərlə yeni ictimai obyektlər, məktəb və xəstəxanalar, zavod və fabriklər tikilərək istifadəyə verildi. Bu dövrdə yaşayış binalarının sayında sürətli artım qeydə alındı, minlərlə ailəyə yeni mənzil verildi.
Gələcəyimiz üçün milli kadr potensialı...
1970-1982-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də respublikanın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər SSRİ-nin 170-dək qabaqcıl ali məktəblərində təhsil almağa göndərilirdi və bu məqsədlə hər il respublikadan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.
Bakıdan Moskvaya
1982-ci ildə Moskvaya çağırılan Ulu Öndər həmin dövrdə İttifaq rəhbərliyində təmsil olunan şəxslər arasında xüsusilə seçilirdi. İttifaq daxilində uğurlu layihələrə imza atan Heydər Əliyev qısa zamanda hər kəs tərəfindən tanındı. İldən-ilə artan nüfuzu İttifaq rəhbərlərində böyük qorxu yaratdı - bunun nəticəsi idi ki, intriqaların geniş şəkildə yer aldığı SSRİ-nin siyasi rəhbərliyi ədalətsiz şəkildə Heydər Əliyevi tutduğu vəzifələrdən uzaqlaşdırmağa nail oldu. Təsadüfi deyil ki, bundan sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək uğrunda fəaliyyəti də genişləndi, 1980-ci illərin sonlarından başlayaraq Ermənistandakı azərbaycanlılar etnik təmizlənməyə məruz qaldı. 1990-cı illərin əvvəllərində isə yenicə müstəqillik əldə edən Azərbaycan ən çətin dövrlərini yaşadı. Bir tərəfdən, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq müharibəsi, digər tərəfdən, hakimiyyətdaxili çəkişmələr, siyasi, iqtisadi böhran nəticəsində dövlətin mövcudluğu təhlükə altına düşmüşdü.
Xalqının və dövlətinin xilaskarı...
Azərbaycan xalqı Ümummilli Lideri, Onun ölkəsi üçün gördüyü işləri unutmamışdı. Belə bir çətin məqamda Azərbaycanı xilas edə biləcək yeganə şəxsin məhz Heydər Əliyev olduğunu xalq yaxşı bilirdi. Qəlbi Azərbaycanla bir döyünən Ulu Öndər də bu məqamda üzərinə olduqca ağır və məsuliyyətli işi götürməyin vacibliyini anlayırdı. Beləliklə, xalqın təkidli çağırışı sayəsində Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdı. Elə həmin dövrdən ölkənin müstəqil inkişaf yolunda yeni mərhələyə qədəm qoyuldu.
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan və Azərbaycanın inkişafına xidmət edən siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyev hər zaman bildirir ki, Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət edib: “O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. 1970-1980-ci illərdə Onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir”.
P.İSMAYILOV


