Icma.az
close
up
RU
2024cü il Azərbaycanın ictimaisiyasi həyatında necə yadda qaldı?

2024cü il Azərbaycanın ictimaisiyasi həyatında necə yadda qaldı?

2024-cü il Azərbaycanda bir sıra mühüm siyasi hadisələrlə yadda qaldı. Həm keçirilən seçkilər, həm dövlət suverenliyi ilə bağlı atılan addımlar, beynəlxalq konfranslara ev sahibliyi, beynəlxalq təşkilatlarla əlaqələr, xarici siyasət prioritetləri, Azərbaycan-Ermənistan münasibətləri, əldə edilən diplomatik uğurlar ölkə gündəminin əsasını təşkil edib. Bu hadisələr 2024-cü ildə Azərbaycanın siyasi həyatında mühüm rol oynayıb və ölkəmizin inkişafına müsbət təsir göstərib.

Oxu.Az ölkəmizin siyasi səhnəsinin 2024-cü ildəki mənzərəsini təqdim edir:

1. Seçki prosesi

Prezident seçkisi

2024-cü il Azərbaycanda həm də növbədənkənar seçkilərlə yadda qaldı. Fevralın 7-də keçirilən prezident seçkisində İlham Əliyev 92.12 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçildi. Bu seçkini ən əhəmiyyətli və unudulmaz edən isə bütün ölkə ərazisində 100 faizlik səsvermə ilə keçirilməsi idi. Çünki bu seçki marafonu ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra keçirilən ilk seçki prosesi idi.

Parlament seçkisi

Sentyabrın 1-də Milli Məclisə də növbədənkənar, VII çağırış növbədənkənar seçki keçirildi. Bu seçki də Qarabağın işğaldan azad edilməsindən sonra keçirilən ilk seçki idi. Beləliklə, Azərbaycanda ilk dəfə parlament seçkisi Qarabağ daxil bütün Azərbaycan ərazisində baş tutdu.

Bələdiyyə seçkisi

Bu il həm də bələdiyyə islahatları ilə yadda qaldı. Bələdiyyə institutunda islahatlar aparılaraq bələdiyyələrin sayı iki dəfə azaldılacaq. Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliyə əsasən, birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1 606-dan 685-ə düşəcək. İslahatın məntiqi nəticəsi kimi 2025-ci ilin 29 yanvarına bələdiyyə seçkisi təyin olunub.

2. Dövlət suverenliyinin qorunması

Qarabağ və Şərqi Zəngəzur

2024-cü ildə Azərbaycanın dövlət suverenliyinin möhkəmləndirilməsi və milli maraqlarının qorunması istiqamətində mühüm addımlar atılıb. Bu addımlar, xüsusən də Qarabağ və Şərqi Zəngəzur kontekstində beynəlxalq səviyyədə suveren hüquqların təmin olunmasına yönəlib. Qarabağda dövlət strukturlarının fəaliyyətinin təmin edilməsi həyata keçirilib, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına köç prosesi davam etdirilib, bərpa-quruculuq işləri davam etdirilib.

Ermənistanla münasibətlər

Ermənistanla sərhəd delimitasiyası üzrə danışıqlar davam etdirilib. İki ölkə arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 40 sərhəd dirəyi quraşdırılıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib. Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəliblər. Bir sözlə, ölkəmizin beynəlxalq sərhədləri çərçivəsində suveren hüquqları daha da gücləndirilib.

Dövlət Suverenliyi Günü

Bütün bunların fonunda Azərbaycan Respublikasında Dövlət Suverenliyinin bərpasının şərəfinə Dövlət Suverenliyi Gününün təsis edilməsini qeyd etmək lazımdır. Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Təbii ki, dövlət suverenliyinin qorunması və möhkəmlənməsi həm də əlaqələrin güclənməsindən asılıdır. Bu istiqamətdə Azərbaycanın beynəlxalq təşkilatlar və ölkələrlə əlaqələrini vurğulamaq lazımdır.

3. Beynəlxalq təşkilatlar və ölkələrlə əlaqələr

Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı onun xarici siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatların fəal üzvüdür və qlobal problemlərin həllində mühüm rol oynayır. Bu il Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrini daha da möhkəmləndirib və inkişaf etdirib.

Müqəddəs Taxt-Tac ilə əlaqələr

Dekabrın 16-da Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib. Bu görüş ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb. Müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət, dini tolerantlıq Azərbaycanın səciyyəvi əlamətidir. Bu sahədə zəngin təcrübəsi sayəsində Azərbaycan həm Şərq, həm də Qərb tərəfindən çox ehtiyac duyulan mədəniyyətlərarası və dinlərarası dialoq və qarşılıqlı fəaliyyət üçün təbii platforma kimi qəbul edilir.

İndoneziya və Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr

2024-cü ildə, həmçinin, Azərbaycanla İndoneziya və Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş təsdiq edilib. Prezident İlham Əliyev sazişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə Əməkdaşlıq

Azərbaycan, ÜTT ilə əməkdaşlığını davam etdirərək, ölkənin iqtisadi prioritetlərinə uyğun ticarət siyasətini inkişaf etdirməkdədir. Bu istiqamətdə iyunun 6-da iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İveala ilə görüşüb. Görüşdə ölkəmizin sosial-iqtisadi inkişaf məqsədləri, iqtisadi sferada həyata keçirilən islahatlar, əldə olunan nəticələr, əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə verilən önəm diqqətə çatdırılıb. Görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dünya Bankı ilə əməkdaşlıq

Azərbaycan Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) üzrə əməkdaşlıq edir. ÖTÇ Azərbaycan hökuməti tərəfindən müəyyən olunan ehtiyac və prioritetlərə uyğun olaraq həyata keçirilir. Sentyabrın 17-də iqtisadiyyat naziri Mikayıl Cabbarov Bankın Avropa və Mərkəzi Asiya üçün dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüş keçirib. Görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Bankla potensial əməkdaşlıq sahələri, növbəti illər üzrə prioritet layihələr, ölkəmizdə həyata keçirilən bərpaolunan enerji layihələri, məşğulluğa dəstək istiqamətində atılan addımlar, eləcə də dövlətə məxsus müəssisələrin dəstəklənməsi istiqamətində bankın apardığı araşdırmalar barədə məlumat verilib, tərəflər "Yaşıl və dayanıqlı şəhərlər" layihəsi çərçivəsində birgə fəaliyyət, Bakının su təchizatı və kanalizasiya sistemlərinin bərpası, kənd təsərrüfatı və irriqasiya sistemlərində smart həllər, həmçinin 2025-29-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivə sənədi barədə fikir mübadiləsi aparıblar. Sənəd Milli Prioritetlərə uyğunlaşdırılan investisiya proqramları və texniki yardımı əhatə edir. Təbii ki, bu görüşlər Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır, inkişaf mexanizmlərinə öz töhfəsini verir.

2024-cü ildə Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi ilə də yadda qalıb.

Bakı Enerji Forumu

5-6 iyun Bakı Enerji Həftəsi çərçivəsində Xəzər regionunun enerji sahəsindəki ən mühüm tədbirlərindən olan 29-cu Bakı Enerji Forumu keçirilib. Trans-Xəzər boru xətti layihələri, bərpaolunan enerji sahəsində əməkdaşlıq, Azərbaycanın enerji ixrac potensialının genişləndirilməsi müzakirə olunub. Forumun proqramında Azərbaycanda yaşıl enerji resurslarının inkişafına dair müzakirələr də yer alıb. Bakı Enerji Forumu, öz növbəsində, "yaşıl enerji" sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq etmək üçün bir platforma rolunu oynayır.

Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Görüşdə türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik və mədəniyyət mübadiləsi müzakirə edilib. Üzv dövlətlər arasında "nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması" sahəsində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi imzalanıb.

"Formula-1" Azərbaycan Qran-Prisi

Hər il olduğu kimi, 2024-cü ildə də Bakıda "Formula-1" Azərbaycan Qran-Prisi keçirilib. Azərbaycan sözügedən idman tədbiri vasitəsilə ölkənin turizm potensialını və beynəlxalq tanıtımını daha da artırıb. Bu tədbirlər Azərbaycanın beynəlxalq arenada aktiv iştirakını və strateji mövqeyini daha da gücləndirib.

COP29

Mahiyyətinə görə bu tədbirlərdən ən nüfuzlu və əhəmiyyətlisinin BMT-nin İqlim Konfransı (COP29) olduğunu desək, yanılmarıq. 192 ölkədən 76 mindən çox nümayəndənin qeydiyyatdan keçdiyi sammitin məqsədi iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinin inkişafı məsələləri ilə bağlıdır. Məhz COP29-da ilk dəfə olaraq illərdir müzakirə aparılan Paris sazişinin əsasını təşkil edən 6-cı maddə razılaşdırılıb, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə çətinlik çəkən ölkələrə 300 milyard dollar məbləğində yardım edilməsi təsdiqlənib.

2024-cü ildə Azərbaycanın xarici siyasəti regional təhlükəsizliyin təmin edilməsi, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və milli maraqların müdafiəsi istiqamətində uğurlu addımlarla yadda qalıb.

4. Regional və geosiyasi əlaqələrin gücləndirilməsi

Orta Dəhliz layihəsi

Azərbaycan, Orta Dəhlizin inkişafında lider ölkə olaraq, regional nəqliyyat və logistika marşrutlarının gücləndirilməsinə töhfə verib. 2024-cü ilin 10 ayı ərzində Orta Dəhliz ilə yükdaşımalarının həcmi 68 faiz, konteyner daşımaları isə 2,7 dəfə artıb. Dəmir yolu ilə 2,3 milyon ton, dəniz nəqliyyatı ilə isə 6,3 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə üç faiz çoxdur. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun davamı olan Orta Dəhliz layihəsi Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir. Asiya ilə Avropanı birləşdirən bu layihə türk dünyasının beynəlxalq məkana inteqrasiyası ilə yanaşı, olduqca güclü iqtisadi potensialı özündə ehtiva edir.

Enerji təhlükəsizliyi

Azərbaycanın enerji ixracı 2024-cü ilin yanvar-sentyabr aylarında nəzərəçarpacaq dərəcədə artıb. Bu dövrdə Azərbaycandan Avropaya təxminən 9,4 milyard kubmetr qaz ixrac olunub. Bu, ölkənin Avropa enerji bazarına verdiyi töhfəni daha da artırır və onun enerji siyasətinin strateji əhəmiyyətini göstərir. 2024-cü ildə Azərbaycan qazı yeni satış bazarlarına da daxil olub. Hazırda ölkəmizdən 30-a yaxın ölkəyə neft, 12 ölkəyə isə qaz tədarük olunur.

İslam dünyası ilə əlaqələr

Azərbaycan 2024-cü ildə İslam Əməkdaşlığı Təşkilatı (İƏT) çərçivəsində islam ölkələri ilə də əlaqələrini davam etdirib. Ölkəmiz İƏT çərçivəsində müsəlman ölkələri ilə əməkdaşlığını gücləndirib, Qarabağda dağıdılan dini və tarixi abidələrin bərpası üzrə layihələr təqdim olunub. Aprelin 17-də isə Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bu əməkdaşlığın davamı kimi, dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən inkişaf etməkdə olan səkkiz islam ölkəsinin İqtisadi Əməkdaşlıq Təşkilatının (D8) Samitində Azərbaycan bu təşkilata üzvlüyə qəbul edilib. Təbii ki, dünya müsəlmanlarının 60%-ni, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15%-ni birləşdirən, dörd trilyon dollar ümumdaxili məhsula malik bu təşkilata üzvlüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq. Azərbaycan bu təşkilata üzv olmaqla islam həmrəyliyinin möhkəmlənməsinə, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcək. D8-ə üzv olmaq Azərbaycanın iqtisadi və strateji maraqlarına uyğun bir platforma təmin edəcək və ölkəmizin beynəlxalq aləmdə daha geniş bir təsir dairəsinə sahib olmasına imkan yaradacaq.

Diplomatik uğurlar

Bütün bunlar - Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan beynəlxalq siyasi kurs - ölkəmizin nüfuzunu günü-gündən artırır və aparıcı beynəlxalq təşkilatlarda təmsilçiliyimizi genişləndirməklə dünyada baş verən proseslərdə iştirakımızla töhfələr verməyimizi davam etdirir. Yəni Azərbaycanın xarici siyasəti 2024-cü ildə balanslı yanaşma ilə həm regional, həm də qlobal səviyyədə təsirli olub. Dövlətimiz beynəlxalq nüfuzunu artıraraq, təhlükəsizlik, enerji və diplomatiya sahələrində uğurlar əldə edib. Bir sözlə, Azərbaycanın 2024-cü ildə atdığı bu addımlar ərazi bütövlüyünü və dövlət suverenliyini daha da möhkəmləndirib, milli maraqların qlobal səviyyədə müdafiəsini təmin edib.

Mərahim Nəsib

seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri