Icma.az
close
up
RU
QMİ üçün 2024cü il necə yadda qaldı?

QMİ üçün 2024cü il necə yadda qaldı?

 2024-cü il Azərbaycan üçün mühüm hadisələrlə yadda qaldı.

Ölkəmizdə keçirilmiş COP29 beynəlxalq iqlim konfransı dünya üçün əhəmiyyətli qərarlar qəbul etdi. Bu aylar ərzində keçirilmiş tədbirlər, toplantılarda vacib mesajlar verilib. İlin son günlərində Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması bütün ölkəni sarsıtdı. Bu qəza qurbanları üçün ölkə məscidlərində dualar oxunur, baş vermis hadisənin araşdırılması istənilir.

Bu il Qafqaz Müsəlmanları İdarəsi üçün də zəngin və məhsuldar olub. Şeyxülislam Allahşükür Paşazadənin iştirak etdiyi tədbirlərdə əsas diqqət Azərbaycanın dövlər maraqlarını və yürüdülən siyasətin prinsipləri üzərində fokuslanıb.

İlin əvvəlindən QMİ bir sıra mötəbər tədbirlədə iştirak edib, Şeyxülislam vacib görşlər keçirib.

Yanvarın 12-də Azərbaycanda dini konfessiya rəhbərləri ABŞ Dövlət Departamentinə müraciət ünvanlayıb.

QMİ və icma başçıları ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin ölkəmizi 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salmaq barədə qərarını qətiyyətlə pisləyiblər.

Yanvarın 16-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və Ali dini şurasının sədri, Şeyx Faiq Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yanvarın 19-da Qafqaz Müsəlmanları İdarəsinin növbədənkənar prezident seçkiləri ilə əlaqədar ümumi iclası keçirilib.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçiriləcək.

Yanvarın 20-də Qafqaz Müsəlmanları İdarəsinin Sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla ölkənin ənənəvi dini icmalarının başçıları Şəhidlər Xiyabanını ziyarət edib. 20 yanvar gecəsi Azərbaycanın müstəqilliyi və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib, onların dəfn olunduğu yerə gül dəstələri düzüblər.

Fevralın 16-da Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktı qəbul edib.

Şeyxülislam həzrətləri QMİ ilə Rus Pravoslav Kilsəsi arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, Moskva və Bütün Rusiyasının Patriarxı Kirill həzrətlərinin bu sahədə xidmətlərini xüsusi qeyd edib.

Fevralın 22-də Şeyxülislam Allahşükür Paşazadə Amerikanın Sterlinq Fondunun prezidenti Edvard Rounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. A.Paşazadə Sterlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minadan təmizlənməsi əməliyyatlarında iştirakını yüksək qiymətləndirib.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətva verib.

Martın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşüb. Şeyxülislam konfransın aktual mövzusuna diqqət çəkərək, bu gün bəzi Avropa ölkələrində islamofobiya meyillərinin ciddi təhlükə yaratdığını bildirib.

Martın 14-də QMİ sədri ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Mark Libbini qəbul edib.

Səfiri yeni təyinatı münasibətilə təbrik edən Şeyxülislam ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə QMİ sədri Allahşükür Paşazadə Azərbaycanda müxtəlif din və məzhəb daşıyıcılarının bir ailənin üzvləri kimi dinc birgə yaşadıqlarını, ölkəmizin tolerant dini həyatı, nümunəvi multikultural həyat modeli ilə gündəmdə olmasını diqqətə çatdırıb

Martın 15-də Şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə gələcək fəaliyyət perspektivləri müzakirə olunub. Şeyxülislam A. Paşazadə Migel Anxel Moratinosun təmsil etdiyi qurumun dünyada dinlərarası dialoq prosesinə real töhfələrini yüksək dəyərləndirib.

Aprelin 4-də Azərbaycandakı dini konfessiyaların rəhbərləri müqəddəs Ramazan ayı ilə əlaqədar birlikdə dua ediblər və iftar açıblar. Şeyxülislam qeyd edib ki, Azərbaycandakı tolerantlıq modeli bütün dünyaya nümunədir və belə xoş, mehriban mühit demək olar ki, heç bir yerdə yoxdur.

Aprelin 10 –da Bakıda Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb. Bayram namazı Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Mayın 1-də Prezident İlham Əliyev Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunulub.

Mayın 2-də VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər edən dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar.

Mayın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb.

Mayın 21-də Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub.O, İran Prezidenti Seyid İbrahim Rəisinin digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli şəkildə həlak olmaları ilə əlaqədar başsağlığı verib.

İyunun 5-də Şeyxülislam Allahşükür Paşazadə yenidən KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasına üzv seçilib. Bu barədə qərar bir neçə gün əvvəl KAICIID-in tərkibinə daxil olan dörd ölkəni – İspaniya, Avstriya, Səudiyyə Ərəbistanı və müşahidəçi üzv dövlət olan Vatikanın daxil olduğu Tərəflər Şurası tərəfindən qəbul edilib.

İyunun 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri  Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçını qəbul edib. Səmimi qardaşlıq şəraitində keçən görüşdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olundu.

İyunun 16-da QMİ Qurban bayramı münasibətilə Gürcüstanda aksiya keçirib. Aksiya çərçivəsində QMİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbərliyi və üzvləri ehtiyacı olan ailələri ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

İyunun 18-də şeyxülislam Allahşükür Paşazadə Rus Provaslav Kilsəsinin Azərbaycana yeni təyin etdiyi Yepiskop Aleksiyi qəbul edib.

İyun ayında Azərbaycandan olan zəvvarlar Səudiyyə Ərəbistanının Məkkə şəhərində Həcc ziyarətini başa vurublar.

İyun ayında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət edib.

İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Direktorlar Şurasının onlayn formatda keçirilən toplantısında iştirak edib.

İyulun 16-da ölkədə fəaliyyət göstərən ənənəvi dini icmaların rəhbərləri və nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Aşura günü ilə əlaqədar qanvermə aksiyasında iştirak ediblər.

Avqustun 3-də Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığına səfərə gedib.

A.Paşazadə avqustun 4-5-də Məkkə şəhərində keçiriləcək “Mötədillik prinsiplərinin möhkəmləndirilməsində vəqflər və İslam işləri üzrə qurumların rolu” mövzusunda beynəlxalq konfransa qatılıb, məruzə ilə çıxış edib.

Sayca 9-cu dəfə təşkil edilən konfransda 60-dan çox müsəlman dövlətini təmsil edən rəsmi şəxslər, islam aləminin nüfuzlu din xadimləri iştirak edib.

Avqustun 16-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya yola düşüb.

Şeyxülislam Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşüb.

Avqustun 18-də isə A.Paşazadə Braziliyaya səfər edib. Şeyxülislam səfər zamanı avqustun 19-22-də Braziliyanın paytaxtı Brazilia şəhərində keçirilmiş “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda G20 Dinlərarası Forumunda iştirak edib. QMİ sədri dini müstəvidə olan qlobal debatlarda çıxış edib.

Avqustun 26-da Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunu Azərbaycanda səfərdə olan Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyətinin rəhbəri, Rus Pravoslav Kilsəsinin Xarici Əlaqələr şöbəsinin sədri Mitropolit Antoniy şeyxülislam Allahşükür Paşazadə ilə avqustun 26-da keçirilən görüşdə səsləndirib.

M.Antoniy, həmçinin QMİ sədrini Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin adından Kiyev, Moskva və bütün Rusiya mitropoliti müqəddəs Aleksiy ordeni ilə təltif edib.

Sentyabrın 19-da Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 19-u Rusiyaya səfərə gedib.

QMİ sədri Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə sentyabrın 21-i Moskvada keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda iştirak edib.

Sentyabrın 19-da Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Kiyev, Moskva və Bütün Rusiyanın mitropoliti Müqəddəs Aleksi Rus Pravoslav Kilsəsinin ordenini təqdim edib. QMİ sədri dinlərarası dialoqun inkişafında, cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə və 75 illik yubileyi ilə əlaqədar yüksək mükafata layiq görülüb.

Sentyabrın 21-də QMİ sədri Moskvada keçirilən “Sülh yolu: dialoq harmonik birgəyaşayışın əsası kimi” XX Beynəlxalq Müsəlman Forumunda çıxış edib. Həmin gün şeyxülislam Allahşükür Paşazadə Azərbaycan diasporunun üzvləri ilə görüşüb.

Sentyabrın 27-də Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri Vətən şəhidlərinin Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər Parkını ziyarət ediblər.

Oktyabrın 14-də Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Respublikasına səfər edib. QMİ sədri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən «İslam – sülh və xeyirxahlıq dinidir» mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransda iştirak edib. QMİ sədri 22 ölkədən 70 iştirak etdiyi bu mötəbər tədbirin açılış mərasimində çıxış edib.

Şeyxülislam Allahşükür Paşazadə qardaş ölkəyə səfəri çərçivəsində «Özbəkistan 24» televiziya kanalına müsahibə verib, canlı yayında iştirak edib.

Noyabrın 5-də Bakıda Dini Liderlərin Qlobal Sammitinin açılışı olub. COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

Noyabrın 7-də Dünya Dini Liderlərinin Qlobal Sammitinin iştirakçıları Qarabağa səfər ediblər. Ağdam Cümə məscidində dünya dini liderlərinin iştirakı ilə camaat namazı qılınıb. Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş azan verdikdən sonra möminlər namaza başlayıblar.

Səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olublar, dini ibadət evlərini ziyarət ediblər.

Sammit iştirakçıları Xankəndiyə də səfər ediblər, “Zəfər” meydanında xatirə şəkli çəkilib. Səfər çərçivəsində Şuşaya yollanan heyət Cıdır düzündə olub. Səfər Yuxarı Gövhər ağa məscidində din xadimlərinin camaat namazı qılması ilə yekunlaşıb.

Noyabrın 19-da şeyxülislam Allahşükür Paşazadə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirak etmək üçün Bakıya təşrif buyurmuş Əl-Əzhər Əl-Şərifin baş imamı, şeyx Əhməd Əl-Tayyib ilə görüşüb.

Noyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Azərbaycanla ISESCO arasında faydalı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə bu nüfuzlu beynəlxalq qurumun həyata keçirdiyi birgə layihələrin qədim tarixə və ənənəyə söykənən mədəni irsimizin qorunması, inkişafı, eləcə də İslam dünyasında təbliğinə mühüm töhfələr verdiyini bildirib.

Noyabrın 26-da QMİ sədri Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının “Sülhdə birlik – etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edib.

Şeyxülislam Allahşükür Paşazadə noyabrın 26-da Portuqaliya Prezidentinin Forum iştirakçıları şərəfinə verdiyi şam yeməyində iştirak edib.

Tədbirdə Portuqaliya Prezidenti Zati-aliləri cənab Marçelo Rebelo de Sousa ilə səmimi görüş baş tutub.

Qəbul zamanı BMT-nin Baş Katibi Antonio Qutteriş ilə səmimi görüşdə dini liderlərin qlobal dinlərarası dialoqda iştirakı və  BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq perspektivlərinə toxunulub. Şeyxülislam A. Paşazadə BMT Baş Katibi cənab Qutterişə COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə dərin minnətdarlığını və səmimi təşəkkürlərini bildirib.

Şeyxülislam Qlobal Forum çərçivəsində tədbir iştirakçıları ilə bir sıra görüşlər keçirib. Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdüssəlam, Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Yunanıstanın sabiq Xarici işlər naziri Dimitris Avramopoulos, Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini Vəlid əl Xreyci və b. ilə səmimi dialoqlarda  qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

Şeyxülislam Allahşükür Paşazadə noyabrın 27-də Forum çərçivəsində keçirilən Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransa qatılıb. Tədbirdə çıxış edən şeyxülislam A.Paşazadə qütbləşən, real nüvə təhlükəsi ilə üz-üzə qalan dünyada ksenofobiya təzahürlərinin, milli, dini, irqi zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının artmaqda olduğu hazırkı dövrdə qlobal miqyasda etimadın bərpası ədalətli və rifahlı gələcəyin formalaşdırılması üçün zəruri şərtdir.

Dekabrın 15-də QMİ sədri Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə görüşüb.

Görüşdə şeyxülislam Azərbaycan-Vatikan əlaqələrindən söz açaraq, əsası Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlərin getdikcə daha da dərinləşdiyini bildirib.

Dekabrın 18-də Şeyxülislam Allahşükür Paşazadə “Şavkat Mirziyoyev fenomeni” kitabının təqdimatında iştirak edib.

Dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatşılığı ilə reallaşan tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək tədbirin işinə xeyir-dualar verib, toplantının əhəmiyyətindən danışıb.

Dekabrın 25-də Qafqaz Müsəlmanları İdarəsində toplantı keçirilib. Yığıncaqda ötən ay Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  (COP-29) zamanı təşkil olunan tədbirlərdə fəal iştirak edən QMİ Qazılar Şurasının bir qrup üzvünə və idarə əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə təşəkkürnamələr təqdim olunub.

Dekabrın 25-də Şeyxülislam həzrətləri Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Azərbaycan Hava Yollarına aid təyyarənin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı bütün dünyada geniş əks-səda yaradıb.

Dünyanın dini liderləri Azərbaycan xalqının bu ağır günündə dərdimizə şərik çıxır, başsağlığı ifadə edirlər.

Müsəlman Ağsaqqallar Şurası, Rus Pravoslav Kilsəsinin Patriarxı, Zati-müqəddəsləri Kiril Prezidentə başsağlığı verib.

Şeyxülislam Allahşükür Paşazadənin ünvanına başsağlığı mesajları gəlməyə davam edir. Qazaxıstan Respublikasının Baş müftisi Naurızbay Taqanulı, Şimali Kipr Türk Cumhuriyyətinin Dəyanət İşləri Başkanı Ahmet Ünsal, RF Dağıstanın Baş müftisi Əhməd Abdulayev, Pakistan Müsəlman İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli və İslamabadın müftisi Pirzadə Aqil-ur-Rəhman, Albaniya İslam cəmiyyətinin sədri Dr. Arben Ramkaj, Finlandiya müsəlman cəmiyyətinin başçısı Atiq Əli,  İraq Nazirlər Kabineti Aparatının Müşaviri, İraq Üləmalar Heyətinin sədri Şeyx Dr. Xalid Əl-Mulla, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Müfti Şeyx Nuriddin Xoliqnazar və başqaları mesajlarla öz bağsağlıqlarını və həmrəyliklərini ifadə ediblər.

A.ABBASOV

seeBaxış sayı:27
embedMənbə:https://azpost.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri