2025 ci il enerji sektorunda hansı yeniliklərlə YADDA QALDI?
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Bir təqvim ili də artıq beləcə sona yetişir. Ona görə də bugünkü yazımda başa vurduğumuz ilin enerji yekunlarını Sizlərlə bölüşmək istərdim. Həm qlobal bazarlarda baş verənlərə, həm də Azərbaycanda il ərzində enerji sektoru üçün əhəmiyyət kəsb edən hadisələrə nəzər yetirək.
“Enerji keçidi”nin azalan enerjisi
İlk olaraq ondan başlayım ki, cari ildə “enerji keçidi” məsələsi hansısa cingiltili bəyanatlar olmadan ehmalca ənənəvi enerjiyə meyletmə ilə yadda qaldı və bununla da 2015-ci ilin Paris Sazişindən sonra ilbəil sürətini artıran yaşıl enerji gündəliyi qlobal bazara daha real baxışlarla yekunlaşır. Məhz bu il dünyanın tanınan iri neft-qaz şirkətlərinin bir çoxu ənənəvi enerji daşıyıcılarının kəşfiyyatı və işlənməsinə yatırımlarını yaxın illərdə artırmaq qərarına gəldilər.
Cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Braziliyada keçirdiyi COP30 konfransında artıq “yaşıl enerji”yə dair əvvəlki dəstək-çıxışların azalması da diqqətdən yayınmadı. Başqa bir məqam isə ölkələrin özlərinin nə zamandan “neft, qaz və kömür istehsalının dayandırılması” ilə bağlı hansısa öhdəlik götürməməsi oldu. Yəni onlar da başa düşür ki, yaşıl enerji yaxşı şeydir, amma nə indiki durumda, nə də orta perspektivdə onun ənənəvi enerjini əvəzləməsi mümkün deyil, çünki çox baha başa gələn bir qlobal plandır.
Bu baxımdan dekabrın əvvəlində hətta Avropa Komissiyası da özünün yaşıl baxışlarını bir qədər korrektə edərək təsdiqlədi ki, 2035-ci ildən Avropa Birliyi ərazisində daxiliyanma mühərrikli avtomobillərin istehsalı qadağan edilməyəcək.
Qlobal bazarlar
Belə bir vəziyyətdə qlobal bazarlarda neftin cari il üçün faktiki qiymətləri proqnoz edilən göstəricilərdən geri qalması da maraq doğuran hadisə idi.
Ötən ilin sonlarında verilən proqnozlara görə, “qara qızılın” qiyməti 2025-ci ildə təqribən 10% azalmalı və təqribən 72 dollar təşkil etməliydi. Bəli, cari ilin 9 ayının yekunlarına görə, Brent markalı neftin orta qiyməti 70 dollar həddini qoruyub saxladı, ancaq IV rübdə qiymətlərin kəskin, bəzi günlər 60 dollardan aşağı həddə enməsi səbəbindən bu ili böyük ehtimalla 67 dollar səviyyəsində başa vuracaq.
Gələn il üçün isə hələlik bir çox enerji qurumları 60 dollar göstəricisinə meyllidirlər. Amma bundan aşağı qiyməti də göz altına alanlar var. Məsələn, ABŞ Enerji Administrasiyası daha pessimist ssenarini təxmin edir – 55 dollar həddi.
Azərbaycan büdcəsində azalan neft gəlirləri
Azərbaycanın dövlət büdcəsinin gəlir hissəsi isə 2026-ci il üçün neftin orta ixrac qiymətinin hər barelinin 65 dollar olmasına hesablanıb. Bu, 2025-ci illə müqayisədə 5 dolları azdır. Realda necə olacaq onu artıq gələn ilin hadisələri göstərəcək, amma hökumət də işini indidən möhkəm tutur, gələn il neftdən kənar yığımlara ciddi hazırlıq gedir. 2026-cı il dövlət büdcəsinin ümumi həcmində ciddi dəyişiklik olmasa da, gəlirlərin tərkibində neftdən asılılığın azaldılması və struktur dəyişiklikləri əsas məqamdır.
Vergi gəlirlərinin neft-qaz sektorundan olan hissəsi bu ilki 3.83 milyard manatdan gələn il 3.6 milyard manata düşəcəyi proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan transfert cari ilin proqnozu ilə müqayisədə 11,4% azalmaqla nəzərdə tutulur. Bununla belə neft-qaz sektorunun dövlət büdcəsinin gəlirindəki payı 42,7% səviyyəsində təxmin edilir.
Onu da deyim ki, qiymətin kiçik dəyişmələri bizim gəlirlərə elə də ciddi təsir etmir. Təsiredici güc daha çox hasilatın azalma tempinə bağlıdır.
Neft hasilatının azalan dinamikası
Dövlət Statistika Komitəsinin son hesabatına əsasən, Azərbaycanda cari ilin 11 ayında 25 mln 266,2 min ton əmtəəlik neft və kondensat hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% azdır.
Son 3 ayda hasilatın dinamikasını təhlil etməklə təxmin edə bilərik ki, cari ildə Azərbaycanda 27,6 mln ton neft və kondensat hasil ediləcək ki, bu da ötən illə müqayisədə artıq 1,4 mln ton azalma deməkdir. Bəs Milli Məclisdə oktyabrda büdcə paketi müzakirəyə çıxarılanda neft hasilatı ilə bağlı hansı göstərici proqnoz edilirdi? Hökumət hesab edirdi ki, bu il 28,5 mln ton neft çıxartmaq mümkün olacaq. Real hasilat isə bundan təqribən 900 min ton az ola bilər.
Xatırlatmaq istərdim ki, son 5 ildə isə Azərbaycanda neft hasilatı 20% və ya 6,9 mln ton azalıb. Yəni orta illik azalma həcmləri ilə 1,38 mln ton və ya 10 milyon bareldən çox olub.
Hökumət təbii ki, hasilatın azalma templərinin aşağı salınmasından narahatdır, məncə cari ildə iki dəfə - fevralda və dekabrda Baş nazirin sədrliyi ilə keçirilən iclaslarda SOCAR-ın fəaliyyəti ilə bağlı məsələlərə yer ayırması da bundan qaynaqlanır.
SOCAR-ın ölkə xaricində aktivliyi
Ölkə daxilində hasilatın azalmasını tarazlaşdırmaq məqdsədi ilə cari ildə SOCAR Azərbaycandan kənardakı hasilat və kəşfiyyat layihələrinə diqqəti artırıb və bir sıra müqavilələr imzalayaraq onların həyata keçirilməsinə qoşulub.
2025-ci ilin yanvarında Azərbaycan Dövlət Neft Şirkəti İsraildə “Tamar” yatağında 10% pay alaraq qaz hasilatı layihəsinin iştirakçısına çevrildi. Bundan öncə 2024-cü ilin mayında SOCAR öz tarixində ilk dəfə BƏƏ-də 3%-lik payla neft hasilatı layihəsinə qoşulmuşdu. Bu il SOCAR aktiv sürətdə xaricdə kəşfiyyat layihələrində yer aldı. Özü də operator qismində. Bunlardan biri mart ayında Aralıq dənizinin İsrail şelfindəki layihə idi, özü də SOCAR-ın tərəfdaşı qismində bp şirkəti çıxış edir. Bu ilin iyulunda isə SOCAR Özbəkistanın şimal-qərbində yerləşən “Üstyurt” geoloji sahəsində kəşfiyyat layihəsinə daxil oldu. Onu deyim ki, artıq dekabrda SOCAR Daşkənddə “Üstyurt” əməliyyat şirkətinin ofisini açaraq gələn il başlayacaq işlərin təməlini
qoydu.
Yeni neft müqavilələri
Hasilat sahəsində vəziyyətdə dönüş yaratmaq məqsədi ilə bu il SOCAR həmçinin ölkə daxilində bir sıra addımlar atıb. Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) tipində bir yeni müqavilə imzalanıb. Bu, dekabrda baş tutan Macarıstanın MOL şirkəti ilə “Şamaxı-Qobustan” sahəsində birgə həyata keçiriləcək kəşfiyyat layihəsidir.
Bundan əlavə iyun ayında “Bakı Enerji Həftəsi” çərçivəsində bir sıra şirkətlərin həm HPBS üzrə, həm də Risk Xidmətləri tipində müqavilələrə daxil olması ilə bağlı sənədlər imzalanıb. Təbii ki, onların reallaşması üçün zaman gərəkdir, bu baxımdan indidən hasilatın real olaraq nə vaxt stabilləşməsini söyləmək mürəkkəbdir. Amma hökumətin proqnozlarına görə, bu hadisə 2029-cu ildə baş verməlidir. Yəni bu beşilliyin sonuna doğru.
Azərbaycan qazının Avropadakı 5 ili
Yola saldığımız ili isə enerji tariximizdə məxsusi iz buraxan bir hadisə ilə yekunlaşır. O tarix ki, bir beşillikdə Azərbaycanın gələcəyi, əlaqələri və inkişafına xeyli təsir edib. Bəli, söhbət 31 dekabr 2020-ci il tarixindən gedir. Məhz həmin gün Azərbaycanda indiyədək kəşf edilmiş ən böyük qaz yatağından hasil edilən mavi yanacaq Avropa İttifaqı bazarlarına nəql edilməyə başladı.
Onu deyim ki, Avropa bazarlarına çıxış, ilk növbədə, Azərbaycanın qaz hasilatının sürətlə inkişaf etməsinə imkan yaratdı. Rəsmi statistik göstəricilər bu artımı açıq şəkildə nümayiş etdirir: 2017-ci ildə, “Şahdəniz-2” layihəsinin istismara verilməsindən əvvəl, ölkədə 28,6 milyard kubmetr olan qaz hasil edilirdisə, 2024-cü ildə bu göstərici 50,4 milyard kubmetrə yüksəldi. Analoji dövrdə qaz ixrac həcmləri də artaraq 8,5 milyard kubmetrdən 25,3 milyard kubmetrə yüksəldi. Və bu yüksəliş göstəriciləri bundan sonra da davam edəcək, çünki Azərbaycanın yeni qaz ehtiyatlarının işlənməsi bir reallıqdır.
Onu deyim ki, rəsmi Bakı mavi yanacağa sadəcə bir əmtəə kimi deyil, ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, həmçinin uzunmüddətli regional və beynəlxalq əməkdaşlığın strateji vasitəsi kimi baxır. Prezident İlham Əliyevin zamanında atdığı düzgün addımlar sayəsində Azərbaycan regionda və qlobal miqyasda etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirmiş, layihə iştirakçıları və tranzit ölkələrlə nümunəvi əməkdaşlıq modeli qurmuş və Avropadakı çoxsaylı alıcılarda yüksək inam və etibarlı tərəfdaş adını təsdiqləməyə nail olub.
2020-ci il 31 dekabr tarixinə qədər Azərbaycan qazı yalnız regional bazarlara - Türkiyə və Gürcüstana tədarük edilirdi. Həmin tarixdən etibarən isə Azərbaycan qazı Avropa ölkələrinə nəql edilməyə başladı. İlk mərhələdə Yunanıstan, Bolqarıstan və İtaliya istehlakçılarına çatdırılan Azərbaycan qazı çox keçmədi ki, qlobal enerji bazarındakı dəyişikliklər və uğurlu enerji diplomatiyası fonunda ixrac coğrafiyasını sürətlə genişləndirməyə nail oldu.
Bu il daha bir mühüm hadisə 2 avqust tarixində baş verdi: Azərbaycan Türkiyə üzərindən Suriyaya qaz ixracına başladı və ilk dəfə Yaxın Şərq bazarlarına daxil oldu. Bununla da Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 14-ə çatdı.
“Şahdəniz” qazını satan şirkət
Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsində əsas amillərdən biri səmərəli marketinq, yəni satış məsələsidir. Bu baxımdan uğurlu kommersiya əməliyyatları yeni bazarlara açılmaqla yanaşı, mövcud tərəfdaşlıqların gücləndirilməsinə də möhkəm zəmin yaradır. Dünya səviyyəli “Şahdəniz” qaz-kondensat layihəsinin satışları “SOCAR Qaz Əməliyyat Şirkəti” tərəfindən idarə olunan “Azərbaycan Qaz Təchizatı Şirkəti” (AGSC) vasitəsilə həyata keçirilir.
Və bu il SOCAR-ın həmin şirkətin operatorluğunu öz üzərinə götürməsinin 10-cu ildönümüdür. Yəni 10 ildir ki, “Şahdəniz” qazının regional və qlobal bazarlarda satışı Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi altında həyata keçirilir. Bu ilin 1 dekabr tarixinədək ümumilikdə təqribən 260 milyard kubmetr “Şahdəniz” qazı satılıb ki, bunun 51 milyard kubmetri Avropa bazarlarının, 140 milyard kubmetri isə Türkiyə və Gürcüstanın payına düşüb.
2024-cü ilin nəticələrinə əsasən, “Şahdəniz” qazı bir sıra ölkələrdə daxili istehlakın əhəmiyyətli hissəsini təşkil edib: Gürcüstan - 49%, Bolqarıstan - 35%, Türkiyə - 18%, Yunanıstan və İtaliya – müvafiq olaraq hər biri təxminən 17%. Qeyd olunan rəqəmlər “Azərbaycan Qaz Təchizatı Şirkəti”nin qaz bazarlarındakı güclü və etirablı mövqeyinin bariz göstəricisidir.
Bu baxımdan da artıq Azərbaycanın enerji strategiyası Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinin ayrılmaz bir hissəsinə çevrilib. Nəticədə, Azərbaycan həm regional layihələrin təşəbbüskarı, həm də Avropa enerji təhlükəsizliyinə mühüm töhfə verən strateji tərəfdaş mövqeyinə yüksəlib.
Bu sadaladığım uğurlar təkcə Azərbaycanın enerji strategiyasının zəfərini deyil, həm də gələcəkdə daha böyük nailiyyətlərin başlanğıcını - Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyevin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirərək davam etdirilən strateji inkişaf konsepsiyasının uğurlu icrasını təzahür etdirir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 29 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















