21 Azər: Zamanın sınağından çıxmış tarix
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
Bu il 21 Azərin - XX əsrdə xalqların öz milli hüquqları, demokratiya və dövlətçilik uğrunda mübarizə tarixinə bu adla daxil olmuş Hərəkatın 80-ci ildönümü tamam olur. 1945-1946-cı ildə İran dövləti hüdudlarında yaşayan azərbaycanlıların əsrin əvvəllərindən başlayaraq artıq üçüncü dəfə eyni məqsədlər uğrunda ayağa qalxması, silaha sarılması, əqidə və amalları uğrunda ölümə hazır olması və qurbanlar verməsi bu siyasi-ictimai hərəkatların heç də təsadüfi xarakter daşımadığını, əksinə, zaman keçdikdə öz qarşısına daha geniş, daha dərin vəzifələr qoyduğunu və bu yolda sona qədər dəyanət göstərdiklərini təsdiq edir.
Əgər 1905-1911-ci illər İranda Məşrutə adı ilə bütün ölkədə baş qaldıran inqilabi hərəkat şahlıq üsulu-idarəsini ən azı Məşrutəli - Konstitusiyalı monarxiyaya çevirmək kimi ilkin bir vəzifənin öhdəsindən gəlmişdisə, bu tarixi Qələbədə təbrizlilərin - Seyid Həsən Tağızadənin siyasi fəhmi, Səttar Xanın isə silahı nümunəsində - müstəsna rolu olmuşdu. Məhz 1909-cu ildə Təbrizdə baş qaldırmış və Azərbaycan vilayətini bürümüş silahlı üsyan yeni yaradılmış İran məclisini topa tutan Şah rejiminə geri çəkilmək imkanı verməmiş və İran Məşrutəsi - Ana-yasası öz qüvvəsində qalmışdı. Azərbaycanlıların bu hərəkatı daha da genişləndirmək və onun demokratik yönümünü dərinləşdirmək cəhdlərinin qarşısı isə Təbriz üsyançılarını qan içində boğan qonşu Rusiyanın silahlı qüvvələrinin müdaxiləsi ilə alınmışdı.
1917-1920-ci illər Təbrizin yenidən siyasi meydana çevrilməsi və bu dəfə mütəfəkkir-filosof, alovlu natiq və milli mövqedə duran siyasi lider Şeyx Məhəmməd Xiyabaninin "Azərbaycan" şüarı ilə tarix səhnəsinə çıxması İran xalqları arasında məhz azərbaycanlıların milli və demokratik azadlıqlar kimi dəyərləri bu çoxmillətli ölkəyə gətirmək iddialarından xəbər verirdi. İlk növbədə İran azərbaycanlılarının milli maraqlarından çıxış edən və artıq 1920-ci ildə Azərbaycan vilayəti üçün İran daxilində "muxtariyyət" tələbi irəli sürən Xiyabaninin eyni zamanda bütün İranla bağlı həmin iddiaları isə azərbaycanlıların İranın dövlətçiliyində mühüm tarixi rolundan, İran tarixində "dövlətyaradan millət" olduqları şüuru və bu şüurdan doğan qürurundan irəli gəlirdi. Xiyabaninin başçılıq etdiyi hərəkatın şah qoşunları tərkibində rus zabitlərinin başçılıq etdiyi kazak hərbi qüvvələrinin iştirakı ilə silah gücünə yatırılması, onun özünün isə faciəli şəkildə qətlə yetirilməsi də artıq ənənəvi hal almağa başlayırdı.
25 ildən sonra azərbaycanlıların İranda başlayacaqları üçüncü milli hərəkat da bu və ya digər dərəcədə rus-sovet qoşunları ilə bağlı idi. Lakin bu hərəkat, istər tarixi şərait, istər miqyası və nailiyyətləri ilə həmin siyasi mübarizələr zəncirində tamamilə yeni bir mərhələ sayıla bilər.
İran təqviminə əsasən hicri-şəmsi 1324-cü il 21 Azər (12 dekabr 1945-ci il) tarixində qurulmuş Azərbaycan Milli Hökumətinin yaranması və süqutu haqqında məlum fakt və hadisələrə varmadan, bu hərəkatın 80-ci ildönümündə onun gündəmdə olması faktından çıxış edilərsə, bu tarixə salınan ən ötəri nəzər belə bir sıra danılmaz həqiqətləri ortaya çıxarır.
Bu həqiqətlərdən ən önəmlisi həmin hərəkata olan marağın və bu maraqdan doğan ən müxtəlif fikir və mülahizələrin hələ də öz aktuallığını saxlamasıdır. 21 Azər hərəkatının bu günümüzdə də yeni-yeni tədqiqatlarla zənginləşən tarixşünaslığı deyilənlərə ən bariz sübutdur. Məlumdur ki, 1945-ci ilin 12 dekabrında Təbrizdə Azərbaycan Milli hökumətinin yaradılması, düz bir illik mövcudiyyəti, gördüyü işlər və faciəli aqibəti həmin hadisələrin baş verdiyi zamandan bu günümüzə qədər heç vaxt birmənalı qarşılanmayıb və ən müxtəlif bucaqlardan, bir-birini inkar edən mövqelərdən qiymətləndirilib. Bu da məlumdur ki, ümumilikdə bu hərəkata tarixi-siyasi-elmi baxış bir qayda olaraq 1941-1946-cı illər İranda baş verən hadisələrin gedişi, xarici güclərin bu ölkəyə marağı, II Dünya müharibəsi başlanandan sonra isə İngiltərə və Sovet İttifaqının birbaşa İrana müdaxiləsi fonunda araşdırılıb. Bir daha bu geniş, ziddiyyətli, əks qütblərdən işıqlandırılan, ən müxttəlif sənədlərin cəlb edildiyi və sayı yüzlərlə ölçülən tədqiqatların üzərində dayanmadan həmin hadisəyə qarşı irəli sürülən əsas "ittihama" aydınlıq gətirək.
Əsasən İran və Qərb ölkələri siyasi xadimlərindən tutmuş, bir çox tarixçilər, Sovet İttifaqının süqutundan sonra isə bir sıra keçmiş Sovet və rus tədqiqatçıları tərəfindən irəli sürülən"ittiham" - arqumentə görə 21 Azər hərəkatı bilavasitə Sovet dövlətinin və qoşunlarının, o cümlədən həmin dövr Sovet Azərbaycanı rəhbərliyinin siyasi-hərbi dəstəyi ilə yaradılmış, II Dünya müharibəsi başa çatdıqdan sonra isə yaranmış yeni beynəlxalq siyasi şəraitdə İran Azərbaycanını tərk etməyə məcbur olan Sovet qoşunlarının gedişindən sonra "ömrünü başa vurmuş" süni bir hərəkat idi. Lakin məhz SSRİ-nin dağılması və Sovet Azərbaycanının öz milli müstəqilliyini bərpa etməsindən sonra keçmiş SSRİ-nin və Sovet Azərbaycanın əvvəllər "məxfi" qrifi ilə saxlanılan partiya arxivləri açılması ilə elmi dövriyyəyə buraxılan sənədlər həqiqətən çox mürəkkəb və ziddiyyətli bir şəraitin, münasibətlərin və siyasətin toplusu olan bu hadisələrə yeni nəzərlərlə baxmağa imkan verib. Bu və digər sənədlərdən çıxış edərək məhz Sovet dövlətinin həmin dövr ikili xarakter daşıyan xarici siyasəti bucağından həmin sənədlərdən alınan yekun nəticələrə diqqət yetirək.
Ən əvvəl, Sovet dövlətinin hər hansı siyasi-iqtisadi-ideoloji niyyətlərlə İran Azərbaycanında milli hərəkatın qalxmasına təkan verməsi, onu maddi, mənəvi, hərbi cəhətdən hər vasitə ilə dəstəkləməsi, hərəkatın gedişinə bilavasitə təsir və müdaxilə etməsinə və onu istədikləri məcraya yönəltməsinə baxmayaraq, 1941-1946-cı illər Azərbaycanda cərəyan edən hadisələrin milli-demokratik hərəkata çevrilməsinin dərin sosial-siyasi və tarixi-mənəvi səbəbləri var idi. Bu iddianı birnmənalı edən - yəni 21 Azər hərəkatının məhz öz zəminində yetişdiyini sübut edən amillər:
- hərəkatın dərhal Azərbaycanın bütün əyalət və vilayətlərini əhatə etməsi;
- yüz minlərlə azadlıqsevər qüvvələri - dinc əhalini ayağa qaldırması;
- onun məram və ideallarının daha geniş kütlələr tərəfindən qəbul edilməsi;
- ən ucqar məntəqə və kəndlərdə Sovetlərlə heç bir əlaqəsi olmayan liderlərini, fədai dəstə başçılarını və üzvlərini irəli sürməsi və nəhayət,
- özünün inkişaf mərhələsində hətta Sovet İttifaqının nəzarətindən çıxmaq təhlükəsi yaratması;
Bu və bu sıradan digər göstəricilər özlüyündə 21 Azər hərəkatının yalnız Sovet dövlətinin təhriki ilə süni şəkildə təşkil edildiyi kimi iddiaları əsassız edir.
Bu baxımdan Sovet rəhbərliyinin İran Azərbaycanındakı bu hərəkatdan öz siyasi məqsədləri yolunda istifadə etmək cəhdləri qarşısında Azərbaycan demokratlarının da öz növbəsində Sovet dövlətinin yaratdığı hər hansı imkanlardan öz mübarizələri və xalqlarının xoşbəxt gələcəyi uğrunda istifadə etməyə tam haqları olduğu təsdiq və təqdir edilməlidir. Burada, Sovet dövlətinin hələ də "əzilən xalqların azadlıq və istiqlal mübarizələrinin fəal müdafiəçisi" imicini saxladığı, xüsusilə 1920-1921-ci illərdə məğlubiyyətə uğratdığı İranın milli-azadlıq qüvvələri (Gilan və Təbriz hadisələri) qarşısında böyük mənəvi borcu olduğu amili də nəzərə alınmalıdır.
Eyni zamanda qarşısına geniş siyasi-inqilabi-ideoloji məqsədlər qoymuş kütləvi hərəkatların əksər hallarda xarici qüvvələrin hər hansı dəstəyi olmadan rəvac tapması və xüsusilə qələbə çalması - xüsusilə beynəlxalq maraqların toqquşduğu bölgədə və XX əsrdə - mümkün deyildi. Bu halda isə İran hakim dairələrinin də öz xalqlarının azadlıq, demokratik və milli mübarizələrinin yatırılmasında tarixən xarici, xüsusilə ingilis və rus siyasi-hərbi qüvvələrinə arxalandığı ayrıca vurğulanmalıdır.
Beləliklə, 21 Azər hərəkatında xarici, bu halda Sovet dövlətinin bu və ya digər səviyyədə rolunu danmadan daha bir məqama diqqət yetirilməlidir. Bu, Kommunist ideologiyasının rəsmi daşıyıcısı olan Sovet dövləti tərəfindən Azərbaycanda rəvac verilən hərəkatın məhz milli-demokratik istiqamətə yönəldilməsi amilidir. Bu zaman Sovet rəhbərliyinin bu məsələdə hansı obyektiv və subyektiv faktorlardan çıxış etdiyi üzərində dayanmadan, həmin dövr Azərbaycanın siyasi-sosial, iqtisadi və mədəni mühiti üçün yeganə doğru və uğurlu sonluğa tam əsası olan bir ictimai-siyasi istiqamət seçdiyi danılmazdır. Bu hərəkata rəhbərlik edəcək partiyanın Azərbaycan Demokrat Firqəsi (ADF) adlandırılması da tam məqsədəuyğun sayılmalıdır. Burada məsələnin daha bir, həm də çox incə bir tərəfi üzə çıxır. Belə ki, Sovet rəhbərliyinin Azərbaycan məsələsində tutduğu mövqe - artıq həmin dövr fəaliyyət göstərən marksist İran Xalq Partiyası (Tudə) ilə Azərbaycan Demokrat Firqəsinin münasibətləri baxımından diqqət doğurur.
Sırf nəzəri cəhətdən marksist təşkilat olmaqla Tudə partiyası Sov.İKP-yə daha yaxın, necə deyərlər, ideoloji baxımdan "qardaş partiya" idi. Belə olan halda S.C.Pişəvəri də daxil olmaqla Tudənin bir çox görkəmli üzvlərini yeni, milli-demokratik partiya yaradılması işinə cəlb etmək və Tudə partiysının Azərbaycan şöbəsini ADF ilə birləşdirmək addımı Sovet rəhbərliyinin sırf praqmatik məqsədlərindən irəli gələn bir siyasi addım sayılmalıdır. Buraya o dövr hələ kifayət qədər müstəqil fəaliyyət göstərən Tudə partiyasının rəhbərliyinin bu ciddi siyasi addıma öz partiyalarının parçalanması və zəiflədilməsi kimi olduqca mənfi münasibətinin Sovet rəhbərliyi tərəfindən nəzərə alınmadığı da əlavə olunmalıdır.
Belə bir şəraitdə Azərbaycanda milli-azadlıq hərəkatının lideri kimi 20-ci illər radikal-sol kommunist və publisist Mir Cəfər Pişəvərinin irəli çəkilməsi xüsusilə əlamətdar idi. Şübhəsiz ki, burada Pişəvərinin Sovet İttifaqı ilə bağlılığı və xüsusilə Komintern xətti ilə fəaliyyəti mühüm rol oynamışdı. Bununla belə, Pişəvərinin məhz "asan idarə olunacağı" üçün hərəkatın rəhbərliyinə "təyin olunduğunu" iddia etmək düzgün olmazdı. 10 il Rza şah zindanında həbsdə yatmış və əslində bu yolla 1937-ci il Stalin repressiyalarından qurtulmuş Pişəvərinin 1918-1922-ci illər fəal iştirakçısı olduğu hadisələri təhlil etmək, Komintern və Sovet dövlətinin İrandakı siyasətinin uğursuzluqlarının səbəblərini araşdırmaq, 1937-1938-ci illər Stalin repressiyalarının qurbanı olmuş öz siyasi həmməsləklərinin taleyi barədə düşünmək üçün kifayət qədər vaxtı və ən başlıcası, siyasi düşüncəsi və dərrakəsi var idi. Pişəvərinin 1941-ci ildə zindandan azad olduqdan sonrakı fəaliyyəti, mətbuatdakı çıxışları və xüsusilə bu yazılarında "Azərbaycan" motivlərinin ön plana çıxması onun ictimai-siyasi görüşlərində əsaslı dönüşün baş verdiyini göstərirdi.
Ümumiyyətlə, XX əsr Azərbaycan tarixində öz xalqının azadlıq və tərəqqisi yolunu sosialist ideyaları ilə bağlayan görkəmli şəxsiyyətlərin sonradan milli platformaya keçməsi fenomeni vardır və bu liderlər cərgəsində Məhəmməd Əmin Rəsulzadə, ömrünün son illəri nəzərə alınarsa, Nəriman Nərimanovdan sonra Mir Cəfər Pişəvəri, şübhəsiz ki, əsas yer tutur. Bu baxımdan 1940-cı illərin əvvəlləri üçün artıq məhz milli lider kimi yetişmiş M.C.Pişəvərinin Azərbaycan milli hərəkatının rəhbərliyinə çıxmasında bir tarixi labüdlük var idi və həmin bu hərəkatın qələbəsində marağı olan Sovet rəhbərliyinin mövqeyi ilə milli hərəkatın öz maraqları üst-üstə düşürdü.
Düz 20 ildən - Gilan hadisələrinin faciəli sonluğundan sonra İran ərazisində yenidən və bu dəfə daha geniş miqyaslı siyasi-hərbi əməliyyata başlayan Sovet dövlətinin öz planlarını "milli şüarlar" altında həyata keçirməsi, burada hər hansı niyyətlər güdülməsindən asılı olmayaraq Azərbaycan demokratlarına azadlıq mübarizləri kimi böyük imkanlar açırdı. Bu baxımdan M.C.Pişəvərinin vəziyyəti İranın 1920-ci illər kommunist liderlərindən və ilk növbədə Heydər Əmioğlunun vəziyyətindən qat-qat üstün idi. Belə ki, Azərbaycan demokratları tərəfindən irəli sürülən məqsəd və vəzifələr, şüarlar və ideyalar bilavasitə Azərbaycan xalqının sosial-siyasi, iqtisadi-mənəvi tələblərinə uyğun gəlməklə həmin milli hərəkatı - 21 Azəri - real, günün və şəraitin öz içindən doğan bir cərəyana çevirirdi və onun qalib gəlmək şanslarını bir neçə dəfə artırırdı.
Bu halda tarix özü Pişəvəriyə daha bir üstünlük verirdi. Belə ki, rəhbərlik etdiyi hərəkatın arxalandığı "dayağın" - Sovet dövlətinin müdafiə etdiyi milli-azadlıq hərəkatları ilə münasibətlərində ziddiyyətli iş metodları ilə hələ 1920-ci illərdən, öz şəxsi təcrübəsindən yaxşı tanış olan Pişəvəri 25 ildən sonra bu təcrübədən düzgün nəticələr çıxaracağı təqdirdə hərəkatı tam qələbəyə gətirib çıxarmasa də, müəyyən uğurlar səviyyəsində qoruya və saxlaya bilərdi. Hadisələrin sonrakı inkişafı M.C.Pişəvərinin özünün bu üstünlüyündən istifadə edə bilmədiyini göstərdi.
Azərbaycan Milli Hökumətinin kifayət qədər ciddi quruculuq işləri gördüyü və danılmaz nailiyyətlər qazandığı bir dövrdə Sovet İttifaqının İran siyasətinin ümumi məcrasının yenə də dəyişməyə başladığını görən Milli hökumətin rəhbərliyi, xüsusilə Pişəvəri böyük dövlətlərin siyasəti qarşısında gücsüz olsa da, heç olmasa 25 ildən sonra "Gilan ssenarisi"nin bir daha yenidən və daha faciəvi şəkildə, artıq on minlərlə azadlıq mücahidinin qətli ilə təkrar olunmasına yol verməyə bilərdi və bu sahədə heç bir cəhd göstərilməməsi, xüsusilə Sovet rəhbərliyi qarşısında sərt şərtlər və mövqe nümayiş etdirilməməsi yəqin ki, həmin tarixin ən ağrılı nöqtələrindən biridir.
Bu baxımdan, konkret tarixi şəraitdə fəaliyət göstərən siyasi lider və şəxsiyyətlərin əməl və hərəkətləri haqda qəti hökm çıxarmaq haqqının heç kimə verilmədiyi postulatı ilə razılaşaraq, burada yalnız bir məqam təəssüflə qeyd edilə bilər ki, Azərbaycanda milli-demokratik hərəkatın taleyi hələ tam həll olunmadığı bir vaxtda onun liderlərinin böyük hissəsinin Sovet Azərbaycanına mühacirət etməsi, yaxud bu mühacirətə təhrik edilməsi 21 Azər hərəkatının əhəmiyyətini azaltmaq, onun süni surətdə alovlandırıldığı, rəhbərliyinin isə öz fəaliyyətində tamamilə xarici dövlətdən asılı olduğu barədə iddialar üçün inandırıcı arqumentlər verdi.
Burada, təbii ki, Sovet dövlətinin bir daha öz "siyasi ənənələrinə" sadiq qaldığı da xüsusi vurğulanmalıdır. Belə ki, 1941-46-cı illər özünün İran (Gilan və Azərbaycan) siyasətində iqtisadi maraqlar qarşısında yenə də tərənnüm etdiyi böyük ideallar və prinsiplərdən geri çəkilməsi və 20-ci illərdə olduğu kimi, bu dövrdə də müdafiə və hamilik etdiyi böyük bir xalq hərəkatını nəinki özbaşına belə buraxmadığı, əksinə, hər vəchlə məğlubiyyətə sövq etdiyi bir daha təsdiq olunur.
21 Azər hərəkatının qan içində boğulması, ölkəni tərk etməmiş öndərlərinin, on minlərlə iştirakçılarının və tərəfdarlarının məhv edilməsi, "demokratlar" adlı yeni siyasi mühacirət nəslinin yaranması yalnız Azərbaycan deyil, bütün İran miqyasında azadlıq və demokratiya uğrunda mübarizə ruhunun neçə illər yatırılmasına səbəb oldu.
Sovet Azərbaycanına mühacirət etmiş Azərbaycan demokratları burada öz firqələrinin rəhbər və hövzə orqanlarını yaratmaqla yenidən siyasi fəaliyyətə başlasalar da, bu partiyanın öz tarixində ən yüksək zirvəsini artıq fəth etdiyi aydın idi. 1947-ci ildə Pişəvərinin qəfil və müəmmalı ölümü, nəzərdə tutulmuş bir sıra əməliyyatların, o cümlədən İrana gizli fəaliyyətə getmək planlarının və digər taktiki vəzifələrin ləğv edilməsi tezliklə öz nəticələrini göstərdi. Artıq tarixə dönməkdə olan "dünənin" acı nəticələri və yaxın perspektivin görünməməsi mütəmadi olaraq ADF sıralarında müxtəlif növ "cərəyanların" və "izmlərin" yaranması ilə onu klassik mühacirət təşkilatına çevrilməsi prosesinə rəvac verildi.
Düşünmək olardı ki, zaman keçdikcə 21 Azər Hərəkatı da İran tarixinin bir epizodik hadisəsi və İran xalqları arasında azərbaycanlıların öz hüquqları uğrunda mübarizəsinin ən uğurlu sayıla biləcək, amma son məqsədinə yetməmiş bir nümunəsi kimi yalnız sənəd, kitab, şəkil və nəsillərə ötürülən xatirələrdə qalacaq. Amma bu hərəkat ətrafında hələ də böyük maraq, bəzən hətta siyasi ehtiras və gərginliklə davam edən elmi-publik mübahisələr İran və Azərbaycan tarixinin bu səhifəsinin hələ də çevrilmədiyini göstərir. Bu gün azərbaycanlılar da daxil olmaqla İran xalqlarının milli və demokratik hüquqları uğrunda mübarizəsində 21 Azər Hərəkatı birmənalı olaraq bir baza funksiyası yerinə yetirir. Müasir dövrdə yeni mübarizə metod və üsullarının axtarışında 21 Azər Hərəkatının yalnız tarixi deyil, təcrübəsi də araşdırılır, onun rəhbərləri, fəalları ilə yanaşı, sıravi iştirakçılarının da adları müəyyənləşdirilməklə hərəkatın miqyası, onun həqiqətən geniş əhali təbəqələrini əhatə etməsi və xalq hərəkatı xarakterinin səciyyələnməsi kimi məsələlərə diqqət yetirilir.
80 illik yubiley ərəfəsində nəşr olunmuş və 150-dən artıq hərəkat iştirakçısını, siyasi rəhbər və xadimlərdən tutmuş, orta təbəqə əyalət partiya təşkiatlarının və fədai dəstələrinin, xüsusilə də sıravi iştirakçıların adlarını əhatə edən "Azadlıq fədailəri" adlı tarixi-bioqrafik məlumat kitabı əslində bu yazımızda irəli sürülən əsas müddəanın - 21 Azər Hərəkatının məhz öz zəminində yetişdiyini sübut edən faktlar və sübutlar toplusudur. Başqa sözlə və dəqiq deyilərsə, eyni məqsəd uğrunda birləşmiş ayrı-ayrı insan talelərinin qəhrəmanlıq və fədakarlıq nümunəsi məcmusudur. Bu adlar arasında atamın, ADF-nin Meşkin şöbəsinin katibi, fədai dəstəsinin başçısı Əli Tohidinin olması özlüyündə bir tarixçi-alim kimi mənim üçün danılmaz faktın daha bir təsdiqidir. Belə ki, Sovetlərlə heç bir əlaqəsi olmayan, bir tərəfdən Meşkin xanlarının varisi, digər tərəfdən Ərdəbilin nüfuzlu din xadiminin oğlu, rifah içində böyüyən atamın hələ gənc yaşlarından sosial fəallıq göstərərək solçu ideyalarla maraqlanması sonralar onu milli mövqelərdə duran demokratlar sırasına gətirmiş və həyatını 21 Azər Hərəkatı ilə bağlamaqla öz mübariz soydaşlarının mühacir həyatını bölüşməsi ilə nəticələnmişdir. Mən gözümü açandan onun həmməslək döyüş yoldaşlarının mühitində böyümüşəm və öz Vətənlərinin taleyini düşünən, ana dilində məktəbləri olmayan xalqlarına milli dövlət qurmaq istəyən bu əqidə adamlarının saf niyyət və amallarına şübhə salacaq hər hansı bir nöqtə belə görməmişəm. Ruhları şad olsun.
80 ildən sonra da unudulmayan, bu nəslin başa çatdıra bilmədikləri məqsəd və arzuları həyata keçirəcək gələcək nəsillərə nümunə olan 21 Azər Hərəkatının bütün iştirakçılarının xatirəsinə dərin ehtiramla!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Dekabr 2025 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















