“25 30 min veriblər, satmamışam” generaldan alınan, “Mercedes”ə dəyişilməyən “Pobeda”nın hekayəsi FOTO
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xaçmaz, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC
Hazırda avtomobil bazarında elektrik mühərrikli, ekoloji təmiz və texnoloji cəhətdən müasir nəqliyyat vasitələri üstünlük təşkil edir. Lakin bu inkişafın fonunda klassik avtomobillərə sevgi və sədaqətini qoruyanlar da az deyil. Belə sürücülər üçün köhnə model maşınlar təkcə nəqliyyat vasitəsi deyil, həm də bir dövrün xatirəsi, ailə yadigarıdır. Onlardan biri də Xaçmaz rayonunun Müşkür kənd sakini, 59 yaşlı Cəlaləddin Musayevdir. O, artıq 51 ildir ailəsində qorunan “QAZ-M20” (“Pobeda”) avtomobilini bu gün də sevə-sevə idarə edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlaləddin Musayevin “Pobeda” ilə bağlı hekayəsi uşaqlıq illərindən başlayıb. Atası onu 1974-cü ildə Xırdalanda bir generaldan 4 min manata alıb. Artıq yarım əsrdən çoxdur ki, bu “Pobeda” Musayevlər ailəsinin sevimli “üzvünə” çevrilib. İllər ərzində onu almaq istəyənlər çox olub, hətta 25–30 min manat təklif edənlər də tapılıb. Lakin Cəlaləddin Musayev üçün bu maşın sadəcə maddi dəyər daşımır, o, ata yadigarı, uşaqlıq və gənclik illərinin xatirəsidir.
“Bu maşını alanda mənim cəmi 8 yaşım olub. İndi 59 yaşımdayam. Bu avtomobil ailəmizin bir üzvünə çevrilib, ona görə də satmaq istəməmişəm. Yaxşı pul da veriblər. Sovet dövründə bu maşınla tez-tez Dağıstana meyvə-tərəvəz satmaq üçün gedərdik. Dərbənd şəhərində atama “Pobeda”nı “Mercedes”lə dəyişməyi də təklif ediblər, amma razı olmayıb. Atam dünyasını dəyişəndən sonra maşını mən sürürəm. Təmirini də özüm edirəm. Bu avtomobili alanda ilk sahibi xeyli ehtiyat hissələri də vermişdi, bu günə kimi onlardan faydalanıram. Mühərriki, sürətlər qutusu və bir çox vacib detalları “QAZ-24”-ün hissələri ilə əvəzləmişik. Həm avtomobilin gücü artıb, həm də bu hissələri tapmaq asan olur. Sükanını da özüm düzəltmişəm - sümükdən idi, sınıb dağılmışdı. Dülgərlik işini bacarıram, palıd və dəndə ağacından sükan da hazırladım”, – deyə Cəlaləddin Musayev bildirib.
Onun sözlərinə görə, atası “Pobeda”nı alanda kənddə cəmi bir “Moskviç” markalı avtomobil olub. İndi isə demək olar ki, hər evdə avtomobil var. Dövr dəyişsə də, Musayevlər 70 ilə yaxındır istifadə olunan bu klassik maşından ayrılmaq fikrində deyillər: “Bəziləri belə retro avtomobilləri kolleksiya üçün saxlayır, bəzək kimi qoruyur. Sürməyəndən sonra maşın nəyə lazımdır? Bunun ləzzəti elə sürməkdədir də. İşimlə əlaqədar demək olar ki, hər gün bu “Pobeda”nı sürürəm. Hər iki-üç aydan bir yağını dəyişirəm. Çox sərfəli maşındır, sadəcə benzinini tökür və sürürəm. Sürəndə rahatlıqla 100–120 kilometr/saat sürət yığır, 100 kilometrə 13–14 litr yanacaq sərf edir. Oğlum da deyir ki, satmayaq, təmir edib hələ uzun illər ailə maşını kimi istifadə edək”.
Bəzi mənbələrdə bildirilir ki, “Pobeda” avtomobilinə əvvəlcə “Rodina” (“Vətən”) adı verilmək istənilib. Hətta İosif Stalinin “Bəs, biz “Vətən”i neçəyə satacağıq?” – deyə zarafat etdiyi də söylənilir. Lakin bu, sadəcə gözəl bir zarafatdır. Əslində, avtomobilin layihələndirilmə mərhələsindən etibarən onun “Pobeda”, yəni “Qələbə” adlanacağı əvvəlcədən müəyyənləşmişdi.
Cəlaləddin Musayev hazırda Xaçmaz rayonunda fəaliyyət göstərən “4 nömrəli Yol İstismarı” MMC-də baş mühəndis vəzifəsində çalışır. Onun “Pobeda”sı küçələrdə hərəkət edəndə dərhal diqqət çəkir — insanlar maraqla baxır, yaxınlaşıb şəkil çəkdirirlər. Retro avtomobil təkcə ailəsi üçün deyil, yaxınları üçün də xüsusi dəyərə malikdir. Qohumları və dostları bu “Pobeda”dan tez-tez toylarda gəlin gətirmək üçün istifadə edirlər.
QAZ M-20 “Pobeda” sovet istehsalı olan orta sinif minik avtomobilidir. 1946–1958-ci illərdə Qorki Avtomobil Zavodunda (QAZ), həmçinin 1951–1973-cü illərdə Polşada istehsal olunub. “Pobeda”nın seriyalı istehsalı 1946-cı ildə başlayıb. 1958-ci ilə qədər 241 mindən çox avtomobil buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 05 Noyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















