Icma.az
close
up
RU
3 oktyabr… İstanbul… Yanlış seçilmiş gün və ünvan…

3 oktyabr… İstanbul… Yanlış seçilmiş gün və ünvan…

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əkbər QOŞALI

Deyir, bəzən təqvim özü hadisəyə şərh verir…
3 oktyabr 2009-cu il. Naxçıvan.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçılarının siyasi iradəsi ilə Türk Dövlətləri Təşkilatının – o zamankı adı ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının təməl sənədi olan Naxçıvan Sazişi imzalanır. Sonralar 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi tarixə düşür.

3 oktyabr 2026-cı il. İstanbul.
Türk Dövlətləri Təşkilatının Katibliyinin yerləşdiyi şəhərdə bir qrup insan Azərbaycanın Baş Konsulluğu qarşısına toplaşaraq ölkəmizin iç məsələsi ilə bağlı gərəksiz və perspektivsiz etiraz aksiyası keçirir.
Tarixin acı ironiyası deyilmi bu?
Məhz türk dövlətlərinin birliyinin, qarşılıqlı güvənin, ortaq gələcək iradəsinin rəmzi olan gündə; məhz həmin birliyin institusional mərkəzinin yerləşdiyi şəhərdə Azərbaycan haqqında ittihamların səsləndirilməsi istər-istəməz ciddi suallar doğurur.
Əlbəttə, demokratik cəmiyyətdə etiraz hüququ vardır. İnsanlar düşüncələrini ifadə edə, hökumətləri, dövlətlərin siyasətini tənqid edə bilərlər. Türkiyə də hüquqi dövlət olaraq belə hüquqların həyata keçirilməsinin öz qanunları ilə müəyyənləşdirilmiş çərçivəsinə malikdir. Ancaq etiraz hüququ ilə başqa bir dövlət, o dövlətin rəhbəri haqqında yumşaq desək, mübahisəli və ya təsdiqlənməmiş, birbaşa desək, yalan-yanlış iddiaları hökm şəklində təqdim etmək eyni şey sayıla bilməz.

Yaddaş istər-istəməz bizi yaxın keçmişə aparır.
Azərbaycanın torpaqları işğal altında olduğu onilliklər boyunca yüz minlərlə insan öz evindən didərgin düşmüşdü. BMT-nin 1993-cü il bəlgələrində Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayının bir milyonu keçdiyi qeyd olunurdu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycan ərazilərinin ələ keçirilməsini pisləyir, işğalçı qüvvələrin çıxarılmasını, məcburi köçkünlərin öz evlərinə qayıtmasına şərait yaradılmasını tələb edirdi.
O illərin mənzərəsini xatırlayaq.
İnsanların yalnız baş örtüyü problemi yox idi – el dili ilə desək, başlarını soxmağa daxmaları yox idi.
Paltarları, baş örtükləri, sandıqları da, ailə şəkilləri də, uşaqlıqlarının izi də işğal altındakı evlərində başlı-başına qalmış, daha doğrusu, ermənilərin vandallığına uğramışdı.
Evlər dağıdılmışdı.
Qəbirlər, başdaşları təhqir edilmişdi.
Tarixi-mədəni abidələr çox ciddi zərər görmüşdü.
İslam irsinə aid abidələrin dağıdılması məsələsi beynəlxalq bəlgələrdə də qaldırılmışdı. Hətta məscidlərə donuz doldurulmuşdu…
Elə isə vicdanın soruşmağa haqqı yoxdurmu: ozaman bu həssaslıq haradaydı?
BMT-nin müvafiq qurumları qarşısında, ATƏT-in Minsk qrupunun həmsədri dövlətlərinin diplomatik nümayəndəlikləri önündə Azərbaycan qaçqın və məcburi köçkünlərinin hüquqları üçün eyni hərarətlə səs qaldırılırdımı?
Qarabağdakı müsəlman irsinin taleyi üçün bugünkü qədər gur səslə danışılırdımı?
Bir milyon insanın öz yurdundan didərgin düşməsi müsəlman həmrəyliyinin mövzusu deyildimi?
Bu suallar hansısa konkret təşkilatın keçmiş fəaliyyətinə dair hökm olmasa da, bunlar seçici həssaslıq probleminə verilən vicdan suallarıdır.
Çün insan hüququ seçmə üsulu ilə müdafiə ediləndə insan hüququ olmaqdan çıxıb ideoloji alətə çevrilmək təhlükəsi yaşayır. Dini duyğu da belədir. Əgər dini həssaslıq həqiqətən insan ləyaqətindən doğursa, o, yalnız bir geyim detalı qarşısında görünməməli, evindən didərgin salınan insan qarşısında da oyanmalıdır; dağıdılan məscid qarşısında da, dağıdılan qəbiristanlıq qarşısında da, yurdundan ayrı düşmüş uşağın taleyi qarşısında da…
Ya bəlkə İran səfirliyi, konsulluğu qarşısında tez-tez yığışıb da, din qardaşlarınız azərbaycanlıların, digər türklərin öz ana dilində təhsil haqqını tələb edirsiniz?
Başın içindəkini düşünmədən yalnız baş örtüsünü düşünmək nəyə yarar? – Ordakılar sizlərin qardaş-bacınızsa, ana dilində təhsil hüququ ilə bağlı illərdir səslənən tələblər nə əcəb qeyrət damarınızı oynatmır?..

Əks halda, “niyə onda, başqa vaxt susan vicdan məhz indi bu qədər gur danışır?” – bax, belə suallar yaranır, əlbəttə!
Belə sualların cavabını hər kəs öz vicdanında axtarsın.
Amma məsələnin başqa, daha böyük bir tərəfi də var axı. – Türk dünyası yalnız İslam dünyasının bir başqa adı deyildir.
Türk dünyasının böyük əksəriyyətinin İslam mədəniyyətinə mənsub olması bizim ortaq tariximizin önəmli qatıdır; lakin türk kimliyini yalnız dini mənsubiyyətlə ölçmək həm tarixə, həm də bugünkü türk coğrafiyasının gerçəkliyinə sığmaz – qətiyyən sığmaz. Türk dünyasında müxtəlif dini gələnəklərə, məzhəblərə, hətta dini olmayan dünyagörüşlərinə mənsub insanlar yaşayır.
Onları ortaq Türk dünyası təsəvvüründən qırağamı atacağıq – Əlbəttə, yox! Əsla, yox!

Türk Dövlətləri Təşkilatı məgər dini təşkilatdır, İslam Dövlətləri Təşkilatıdır? Yoxsa, böyük Atatürk və
silahdaşları Türkiyə İslam Cümhuriyyətimi qurub?

Fatih Sultan Mehmetə aid edilən ünlü kəlamda deyildiyi kimi: “İnsanlardan “dinin nədir? Namaz qılırsanmı? Oruc tutursanmı?” kimi Allahın soracağı sualları soruşmayın. Bəndənin bəndədən soruşacağı sualları soruşun: ‘Acsanmı, susuzsanmı, dolana bilirsənmi, evin varmı, xəstəsənmi, evində xəstə varmı?” – Bəlkə İstanbul Fatehi Sultan Mehmet sizlərə belə yox, başqa cür öyüd qoyub?!.
Türk Dövlətləri Təşkilatı, suveren dövlətlərin ortaq tarix, dil-mədəniyyət yaxınlığı, siyasi güvən və qarşılıqlı çıxarlar əsasında yaratdığı beynəlxalq işbirliyi platformudur.

Üstəlik, indi yamanladığınız yəhudilərin dədələri Avropadan qovulanda İstanbula, imperiyanın digər ərazilərində yerləşməsinə izn verən Osmanlı, İsrail dövlətini hələ 1949-cu ildə tanıyan Türkiyə müvafiq dönəmlərə görə hansı gərəkçələri, zehniyyəti əsas almışdısa, Azərbaycan Respublikasının da indi öz gərəkçələri, çağırışları vardır. Osmanlı da, Türkiyə də zamanında haqq edib, Azərbaycan da indi haqq edir.
Yoxsa, məsələn, Qazaxıstan-Rusiya, Qırğızıstan-Çin, Özbəkistan-Fransa münasibətlərində, Türkmənistanın qoşulmama siyasətində, Mscarıstanın Avropa Birliyi hədəflərində və s. sizi qane etməyən nələrsə olacaq, gərək ilmüdam piket, aksiya keçirəsiz…

Deməli, türk birliyinin fəlsəfəsi bir türkü digərindən “sən necə inanırsan?” sualı ilə ayırmamaq və fərqliliklər içərisində ortaq gələcəyi qurmaqdır. (Avropadakı ünlü çağırışla desək, “Hamı fərqlidir, hamı bərabərdir”…)
Bəlkə də XXI yüzildə Türk dünyasının yetişdirməli olduğu ən böyük siyasi-mədəni düsturlardan biri elə budur.

Azərbaycan da məhz bu baxımdan özünəxas örnəyə malikdir: dünyəvi dövlət quruluşu, müsəlman mədəni irsi, müxtəlif din və etiqadların mövcudluğu, türk kimliyi və çağdaş dövlətçilik modeli bir-birini inkar etmədən yanaşı yaşaya bilir.

Heç kəs Türkiyə–Azərbaycan qardaşlığını bütün türk insanlarının eyni düşünməsi kimi anlamamalıdır. Qardaşlıq fikir müxtəlifliyini qətiyyən ləğv etmir.
Lakin fikir müxtəlifliyi məsuliyyəti də aradan qaldırmır.

Azərbaycan Türkiyənin içəri ictimai-siyasi mübahisələrinin tərəfi deyil. Eyni həssaslığın Azərbaycanın iç məsələlərinə münasibətdə də gözlənilməsi iki qardaş dövlət arasındakı qarşılıqlı sayğının incə və vacib tələbidir.

Yenə tarixə qayıdaq.
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər hansısa qrupun çağırışından yaranmayıb ki, hansısa qrupun çağırışı ilə də zədələnsin.
Bu münasibət Çanaqqaladan Qafqaz İslam Ordusuna, 1918-ci ilin Bakısından 2021-ci ilin “Şuşa Bəyannaməsi”nə qədər uzanan tarixi yaddaşa, dövlətlərin qarşılıqlı iradəsinə və milyonlarla insanın səmimi qardaşlıq duyğusuna söykənir.
Elə buna görə də bir qrup etirazçının mövqeyini Anadolu insanının, türk toplumunun, türk dövlətinin mövqeyi kimi təqdim etmək yanlışlıq olardı.
Anadolu insanının Azərbaycana sevgisi bir neçə plakatla ölçülmür.
Ancaq qardaşlıq yalnız xoş sözlərlə də ölçülmür.
Qardaşlıq qarşılıqlı həssaslıq mədəniyyətidir.
Türk dünyası artıq yalnız romantik duyğular coğrafiyası olmaqdan çıxaraq siyasi, iqtisadi, yükdaşıma, enerji, təhlükəsizlik, elm, təhsil və mədəniyyət sahələrində institusional işbirliyi sisteminə çevrilir.
Belə bir mərhələdə ortaq məkanımızda baş verən hər ictimai-siyasi olaya da bu böyük mənzərənin məsuliyyəti ilə yanaşmaq lazımdır.

Əgər hər hansı aksiya Türkiyə qanunlarının müəyyən etdiyi sərhədlər içindədirsə, bənzər aksiyalara eyni cür yanaşılırsa, onun keçirilməsi hüquqi məsələdir; əgər həmin sərhədlər aşılırsa, təhqirə, nifrətə, zorakılığa çağırışa və ya başqa hüquq pozuntusuna yol verilirsə, bunun hüquqi qiymətini vermək Türkiyə Cümhuriyyətinin yetkili dövlət orqanlarının işidir.
Bizim üçünsə bundan daha böyük bir ölçü vardır – Naxçıvan ruhu!
3 oktyabr qarşıdurmanı inkar, işbirliyini təsdiq edən gündür.
Naxçıvanda 17 il öncə atılan imzalar türk dövlətlərini qarşılıqlı güvəni gücləndirməyə, ortaq çıxarları böyütməyə, fərqlilikləri qarşıdurmaya çevirmədən gələcəyi birlikdə qurmağa çağırır(dı).

Türk dünyası bir-birinə oxşayanların birliyi olmamalı, məhz bir-birini anlayanların birliyi olmalıdır.
Dinimiz ola bilər – və vardır;
Məzhəblərimiz fərqli ola bilər;
Dünyagörüşlərimiz fərqli ola bilər;
Dövlət modellərimizin özünəxaslıqları ola bilər.
Amma ortaq tariximiz, ortaq mədəni yaddaşımız, qarşılıqlı sayğımız və ortaq gələcək iradəmiz bizi bir-birimizin iç yaşamına qarşıdurma göndərməməyə – bir-birimizin dövlətçiliyinə sayğı göstərməyə çağırır.
Ona görə də 3 oktyabrda İstanbulda səslənən bir neçə şüardan daha uca bir söz vardır: NAXÇIVAN SAZİŞİ!

Bir plakat bir günlük, bir şüar bir neçə dəqiqəlikdir. Bir aksiya axşam bitər.
Bizim ailəmiz olan Türk dünyasının ortaq gələcək iradəsi isə tarixlikdir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Oktyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri