Icma.az
close
up
RU
3 oktyabr… İstanbul… Neçə yanlış bir arada…

3 oktyabr… İstanbul… Neçə yanlış bir arada…

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Əkbər QOŞALI

Deyir, bəzən təqvim özü hadisəyə şərh verir…

3 oktyabr 2009-cu il. Naxçıvan.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçılarının siyasi iradəsi ilə Türk Dövlətləri Təşkilatının – o zamankı adı ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının təməl sənədi olan Naxçıvan Sazişi imzalanır. Sonralar 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi tarixə düşür.

3 oktyabr 2026-cı il. İstanbul.

Türk Dövlətləri Təşkilatının Katibliyinin yerləşdiyi şəhərdə bir qrup insan Azərbaycanın Baş Konsulluğu qarşısına toplaşaraq ölkəmizin iç məsələsi ilə bağlı gərəksiz və perspektivsiz etiraz aksiyası keçirir.

Tarixin acı ironiyası deyilmi bu?

Məhz türk dövlətlərinin birliyinin, qarşılıqlı güvənin, ortaq gələcək iradəsinin rəmzi olan gündə; məhz həmin birliyin institusional mərkəzinin yerləşdiyi şəhərdə Azərbaycan haqqında ittihamların səsləndirilməsi istər-istəməz ciddi suallar doğurur.

Əlbəttə, demokratik cəmiyyətdə etiraz hüququ vardır. İnsanlar düşüncələrini ifadə edə, hökumətləri, dövlətlərin siyasətini tənqid edə bilərlər. Türkiyə də hüquqi dövlət olaraq belə hüquqların həyata keçirilməsinin öz qanunları ilə müəyyənləşdirilmiş çərçivəsinə malikdir. Ancaq etiraz hüququ ilə başqa bir dövlət, o dövlətin rəhbəri haqqında yumşaq desək, mübahisəli və ya təsdiqlənməmiş, birbaşa desək, yalan-yanlış iddiaları hökm şəklində təqdim etmək eyni şey sayıla bilməz.

Yaddaş istər-istəməz bizi yaxın keçmişə aparır.

Azərbaycanın torpaqları işğal altında olduğu onilliklər boyunca yüz minlərlə insan öz evindən didərgin düşmüşdü. Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayının bir milyonu keçdiyi BMT-nin 1993-cü il bəlgələrində də qeyd olunurdu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycan ərazilərinin ələ keçirilməsini pisləyir, işğalçı qüvvələrin çıxarılmasını, məcburi köçkünlərin öz evlərinə qayıtmasına şərait yaradılmasını tələb edirdi.

O illərin mənzərəsini xatırlayaq.

İnsanların yalnız baş örtüyü problemi yox idi – el dili ilə desək, başlarını soxmağa daxmaları yox idi.

Paltarları, baş örtükləri, sandıqları da, ailə şəkilləri də, uşaqlıqlarının izi də işğal altındakı evlərində başlı-başına qalmış, daha doğrusu, ermənilərin vandallığına uğramışdı.

Evlər dağıdılmışdı.

Qəbirlər, başdaşları təhqir edilmişdi.

Tarixi-mədəni abidələr çox ciddi zərər görmüşdü.

İslam irsinə aid abidələrin dağıdılması məsələsi beynəlxalq bəlgələrdə də qaldırılmışdı.

Hətta məscidlərə donuz doldurulmuşdu…

Elə isə vicdanın soruşmağa haqqı yoxdurmu: o zaman bu həssaslıq haradaydı? BMT-nin müvafiq qurumları qarşısında, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin diplomatik nümayəndəlikləri önündə Azərbaycan qaçqın və məcburi köçkünlərinin hüquqları üçün eyni hərarətlə səs qaldırılırdımı?

Qarabağdakı müsəlman irsinin taleyi üçün bugünkü qədər gur səslə danışılırdımı?

Bir milyon insanın öz yurdundan didərgin düşməsi müsəlman həmrəyliyinin mövzusu deyildimi?

Bu suallar hansısa konkret təşkilatın keçmiş fəaliyyətinə dair hökm olmasa da, bunlar, necə deyərlər, seçici həssaslıq probleminə verilən vicdan suallarıdır.

Çün insan hüququ “seçmə üsulu” ilə müdafiə ediləndə insan hüququ olmaqdan çıxıb ideoloji alətə çevrilmək təhlükəsi yaşayır. Dini duyğu da belədir. Əgər dini həssaslıq həqiqətən insan ləyaqətindən doğursa, o, yalnız bir geyim detalı qarşısında görünməməli, evindən didərgin salınan insan qarşısında da oyanmalıdır; dağıdılan məscid qarşısında da, dağıdılan qəbiristanlıq qarşısında da, yurdundan ayrı düşmüş uşağın taleyi qarşısında da…

Ya bəlkə İran səfirliyi, konsulluğu qarşısında tez-tez yığışıb da, din qardaşlarınız azərbaycanlıların, digər türklərin öz ana dilində təhsil haqqını tələb edirsiniz?

Başın içindəkini düşünmədən yalnız baş örtüsünü düşünmək nəyə yarar? – Ordakılar sizlərin qardaş-bacınızsa, ana dilində təhsil hüququ ilə bağlı illərdir səslənən tələblər nə əcəb qeyrət damarınızı oynatmır?..

Əks halda, “niyə onda, başqa vaxt susan vicdan məhz indi bu qədər gur danışır?” – bax, belə suallar yaranır, əlbəttə!

Belə sualların cavabını hər kəs öz vicdanında axtarsın.

Amma məsələnin başqa, daha böyük bir tərəfi də var axı. – Türk dünyası yalnız İslam dünyasının bir başqa adı deyildir.

Türk dünyasının böyük əksəriyyətinin İslam mədəniyyətinə mənsub olması bizim ortaq tariximizin önəmli qatıdır; lakin türk kimliyini yalnız dini mənsubiyyətlə ölçmək həm tarixə, həm də bugünkü türk coğrafiyasının gerçəkliyinə sığmaz – qətiyyən sığmaz. Türk dünyasında müxtəlif dini gələnəklərə, məzhəblərə, hətta din olmayan dünyagörüşlərinə mənsub insanlar yaşayır.

Onları ortaq Türk dünyası təsəvvüründən qırağamı atacağıq – Əlbəttə, yox! Əsla, yox!

Türk Dövlətləri Təşkilatı məgər dini təşkilatdır, İslam Dövlətləri Təşkilatıdır? Yoxsa, böyük Atatürk və

silahdaşları Türkiyə İslam Cümhuriyyətimi qurub?

Fatih Sultan Mehmetə aid edilən ünlü kəlamda deyildiyi kimi: “İnsanlardan “Dinin nədir? Namaz qılırsanmı? Oruc tutursanmı?” kimi Allahın soracağı sualları soruşmayın. Bəndənin bəndədən soruşacağı sualları soruşun: ‘Acsanmı, susuzsanmı, dolana bilirsənmi, evin varmı, xəstəsənmi, evində xəstə varmı?” – Bəlkə İstanbul Fatehi Sultan Mehmet sizlərə belə yox, başqa cür öyüd qoyub?!.

Türk Dövlətləri Təşkilatı, suveren dövlətlərin ortaq tarix, dil-mədəniyyət yaxınlığı, siyasi güvən və qarşılıqlı çıxarlar əsasında yaratdığı beynəlxalq işbirliyi platformudur.

Üstəlik, indi yamanladığınız yəhudilərin dədələri Avropadan qovulanda onların İstanbula, imperiyanın digər ərazilərində yerləşməsinə izn verən Osmanlı, İsrail dövlətini hələ 1949-cu ildə tanıyan Türkiyə müvafiq dönəmlərə görə hansı gərəkçələri, zehniyyəti əsas almışdısa, Azərbaycan Respublikasının da indi öz gərəkçələri, çağırışları vardır. Osmanlı da, Türkiyə də zamanında haqq edib, Azərbaycan da indi haqq edir.

Yoxsa, məsələn, Qazaxıstan-Rusiya, Qırğızıstan-Çin, Özbəkistan-Fransa münasibətlərində, Türkmənistanın qoşulmama siyasətində, Macarıstanın Avropa Birliyi hədəflərində və s. sizi qane etməyən nələrsə olacaq, gərək ilmüdam piket, aksiya keçirəsiz…

Deməli, türk birliyinin fəlsəfəsi bir türkü digərindən “sən necə inanırsan?” sualı ilə ayırmamaq və fərqliliklər içərisində ortaq gələcəyi qurmaqdır. (Avropadakı ünlü çağırışla desək, “Hamı fərqlidir, hamı bərabərdir”…)

Bəlkə də XXI yüzildə Türk dünyasının yetişdirməli olduğu ən böyük siyasi-mədəni düsturlardan biri elə budur.

Azərbaycan da məhz bu baxımdan özünəxas örnəyə malikdir: dünyəvi dövlət quruluşu, müsəlman mədəni irsi, müxtəlif din və etiqadların mövcudluğu, türk kimliyi və çağdaş dövlətçilik modeli bir-birini inkar etmədən yanaşı yaşaya bilir.

Heç kəs Türkiyə–Azərbaycan qardaşlığını bütün türk insanlarının eyni düşünməsi kimi anlamamalıdır. Qardaşlıq fikir müxtəlifliyini qətiyyən ləğv etmir.

Lakin fikir müxtəlifliyi məsuliyyəti də aradan qaldırmır.

Azərbaycan Türkiyənin içəri ictimai-siyasi mübahisələrinin tərəfi deyil. Eyni həssaslığın Azərbaycanın iç məsələlərinə münasibətdə də gözlənilməsi iki qardaş dövlət arasındakı qarşılıqlı sayğının incə və vacib tələbidir.

Yenə tarixə qayıdaq.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər hansısa qrupun çağırışından yaranmayıb ki, hansısa qrupun çağırışı ilə də zədələnsin.

Bu münasibət Çanaqqaladan Qafqaz İslam Ordusuna, 1918-ci ilin Bakısından 2021-ci ilin “Şuşa Bəyannaməsi”nə qədər uzanan tarixi yaddaşa, dövlətlərin qarşılıqlı iradəsinə və milyonlarla insanın səmimi qardaşlıq duyğusuna söykənir.

Elə buna görə də bir qrup etirazçının mövqeyini Anadolu insanının, türk toplumunun, türk dövlətinin mövqeyi kimi təqdim etmək yanlışlıq olardı.

Anadolu insanının Azərbaycana sevgisi bir neçə plakatla ölçülmür. Ancaq qardaşlıq yalnız xoş sözlərlə də ölçülmür. Qardaşlıq qarşılıqlı həssaslıq mədəniyyətidir.

Türk dünyası artıq yalnız romantik duyğular coğrafiyası olmaqdan çıxaraq siyasi, iqtisadi, yükdaşıma, enerji, təhlükəsizlik, elm, təhsil və mədəniyyət sahələrində institusional işbirliyi sisteminə çevrilir. Belə bir mərhələdə ortaq məkanımızda baş verən hər ictimai-siyasi olaya da bu böyük mənzərənin məsuliyyəti ilə yanaşmaq lazımdır.

Əgər hər hansı aksiya Türkiyə qanunlarının müəyyən etdiyi sərhədlər içindədirsə, bənzər aksiyalara eyni cür yanaşılırsa, onun keçirilməsi hüquqi məsələdir; əgər həmin sərhədlər aşılırsa, təhqirə, nifrətə, zorakılığa çağırışa və ya başqa hüquq pozuntusuna yol verilirsə, bunun hüquqi qiymətini vermək Türkiyə Cümhuriyyətinin yetkili dövlət orqanlarının işidir.

Bizim üçünsə bundan daha böyük bir ölçü vardır – Naxçıvan ruhu! 3 oktyabr qarşıdurmanı inkar, işbirliyini təsdiq edən gündür.

Naxçıvanda 17 il öncə atılan imzalar türk dövlətlərini qarşılıqlı güvəni gücləndirməyə, ortaq çıxarları böyütməyə, fərqlilikləri qarşıdurmaya çevirmədən gələcəyi birlikdə qurmağa çağırır(dı).

Türk dünyası bir-birinə oxşayanların birliyi olmamalı, məhz bir-birini anlayanların birliyi olmalıdır.

Dinimiz ola bilər – və vardır;

Məzhəblərimiz fərqli ola bilər;

Dünyagörüşlərimiz fərqli ola bilər;

Dövlət modellərimizin özünəxaslıqları ola bilər.

Amma ortaq tariximiz, ortaq mədəni yaddaşımız, qarşılıqlı sayğımız və ortaq gələcək iradəmiz bizi bir-birimizin iç yaşamına qarşıdurma göndərməməyə – bir-birimizin dövlətçiliyinə sayğı göstərməyə çağırır.

Ona görə də 3 oktyabrda İstanbulda səslənən bir neçə şüardan daha uca bir söz vardır: NAXÇIVAN SAZİŞİ!

Bir plakat bir günlük, bir şüar bir neçə dəqiqəlikdir. Bir aksiya axşam bitər.

Bizim ailəmiz olan Türk dünyasının ortaq gələcək iradəsi isə tarixlikdir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Oktyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see547

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see467

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see365

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see307

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see298

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see250

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see240

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see226

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see221

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see221

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see219

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see218

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see217

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see213

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see207

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see198

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see191

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see170

Vahid məktəbli forması: Dünyəvilik, nizam intizam, sosial bərabərlik TƏHLİL

11 Oktyabr 2026 17:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri