44 gün Zəfərə aparan qəhrəmanlıq yolu ŞƏRH
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
8 Noyabr – Zəfər Günü
Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, həmin tarixlər yalnız təqvimdə deyil, xalqın yaddaşında, milli qürurunda və dövlətçilik salnaməsində əbədi yaşayır. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi də tariximizin ən şanlı səhifələrindən biridir. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası, xalqımızın milli iradəsinin nümayişi və tarixi ədalətin təmin olunması ilə nəticələndi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə Zəfərimizin zirvəsi oldu.
44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Bu irəliləyiş yalnız hərbi əməliyyatların nəticəsi deyildi. Bu, illərlə torpaq həsrəti ilə yaşayan milyonlarla insanın inamının, dövlətimizin gücünün, xalqımızın birliyinin və əsgərimizin qəhrəmanlığının təcəssümü idi. Hər azad edilən kənd, qəsəbə və şəhər xalqımızın qəlbində yeni sevinc, yeni ümid və böyük qürur hissi yaradırdı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu müharibənin ilk günlərindən etibarən strateji üstünlüyü ələ aldı. Uzun illər ərzində yaradılmış güclü iqtisadi və hərbi potensial, ordunun müasir silahlarla təchiz olunması, peşəkar hərbi hazırlıq və düzgün müəyyən edilmiş döyüş strategiyası qələbənin əsasını təşkil etdi. Azərbaycan əsgəri yüksək döyüş ruhu, cəsarəti və Vətən sevgisi ilə düşmənin müdafiə sədlərini bir-bir yararaq irəlilədi.
Müharibənin hər günü Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyırdı. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və digər yaşayış məntəqələrinin azad edilməsi Böyük Qələbəyə doğru atılan mühüm addımlar idi. Hərbi əməliyyatların gedişində Azərbaycan Ordusunun nümayiş etdirdiyi peşəkarlıq dünya hərbi ekspertlərinin də diqqətini cəlb etdi. Xüsusilə müasir texnologiyalardan, pilotsuz uçuş aparatlarından və dəqiq zərbə sistemlərindən səmərəli istifadə ordumuzun hərbi üstünlüyünü nümayiş etdirdi.
44 günlük Vətən müharibəsinin ən möhtəşəm hadisəsi isə noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Qədim mədəniyyət beşiyimiz olan Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərini şərtləndirən həlledici hadisəyə çevrildi. Sıldırım qayalarla əhatə olunmuş şəhərin piyada döyüşləri nəticəsində azad edilməsi Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığının, iradəsinin və döyüş əzminin parlaq nümunəsi idi. Şuşanın azad edilməsi düşmənin hərbi və siyasi müqavimətini sarsıtdı və noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə müharibə başa çatdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu tarixi Qələbə Azərbaycan dövlətinin qüdrətini, xalqımızın sarsılmaz birliyini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Dövlət başçısının müharibə dövründə verdiyi qətiyyətli bəyanatlar, beynəlxalq media nümayəndələrinə müsahibələri və diplomatik fəaliyyəti Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.
Bu Zəfərin arxasında minlərlə şəhidimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı və hər bir Azərbaycan ailəsinin mənəvi dəstəyi dayanır. Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların fədakarlığı gələcək nəsillər üçün Vətənə sədaqət və torpağa bağlılıq nümunəsidir. Qazilərimizin qəhrəmanlığı isə xalqımızın heç bir çətinlik qarşısında geri çəkilmədiyini bir daha sübut edir.
Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılması Qələbəmizin davamı kimi xüsusi əhəmiyyət daşıyır. Qarabağda və Şərqi Zəngəzurda yolların, tunellərin, hava limanlarının, yaşayış məntəqələrinin, sosial obyektlərin tikilməsi, doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtması Azərbaycanın quruculuq əzmini nümayiş etdirir. Artıq Qarabağda yeni həyat başlayıb, şəhər və kəndlərimiz öz əvvəlki simasına qovuşur.
8 Noyabr – Zəfər Günü xalqımızın milli qürur və iftixar günüdür. Bu tarix bizə bir daha göstərdi ki, güclü dövlət, qüdrətli ordu və vahid amal ətrafında birləşən xalq qarşısında heç bir maneə dayana bilməz. 44 gün ərzində hər gün irəli gedən Azərbaycan Ordusu təkcə torpaqlarımızı azad etmədi, həm də xalqımızın tarixi ədalətə, milli birliyə və güclü gələcəyə olan inamını möhkəmləndirdi.
Bu gün hər bir azərbaycanlı böyük fəxarət hissi ilə deyə bilər: Qarabağ Azərbaycandır! Şanlı Zəfərimiz əbədi, qəhrəmanlarımızın xatirəsi daim yaşayacaqdır!
Emin Ağayev
YAP Ordubad rayon Kələki kənd ərazi partiya təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 Noyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















