50 yaşdan sonra dəyişən həyat: Daha az insan, daha çox rahatlıq
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
50 yaşdan sonra bir çox insan həyatın sonlu olduğunu, zamanın isə geri qaytarılmadığını daha dərindən dərk etməyə başlayır. Məhz bu mərhələdə köhnə münasibətlərə, zəhərli tanışlıqlara, formal nəzakətə və çoxdan mənasını itirmiş əlaqələrə yenidən nəzər salır. Artıq heç kim başqasının kaprizlərinə, bitib-tükənməyən şikayətlərinə və mənəvi yorğunluq gətirən münasibətlərə vaxt sərf etmək istəmir.
Yetkinlik dövrü həm də insanın sosial çevrəsinin tədricən daraldığı mərhələdir. Telefon kitabçasındakı adların sayı azalır, illərlə davam edən dostluqların isə heç də hamısının həqiqi yaxınlıq olmadığı üzə çıxır. Birdən anlayırsan ki, məktəb illərindən bəri davam edən münasibət heç də böyük dostluq nümunəsi deyil, bəzən sadəcə keçmişdən qalan bir vərdişdir. Otuz il əvvəl eyni partada oturmaqdan başqa ortaq heç nəyiniz olmayan insanı niyə mütləq gələcəyinizə daşımalısınız?
Əvvəllər tanışlarla əlaqəni azaltmağın onları incidəcəyindən, haqqımızda yanlış düşünəcəklərindən ehtiyat edirdik. İndi isə vaxtımızı başqasının bitib-tükənməyən şikayətlərini dinləməklə keçirmək daha ağır gəlir. Beləliklə, münasibətləri seçmək bir növ mənəvi gigiyenaya çevrilir. Bu, uzun müddət yığılmış lazımsız əşyalardan qurtulub evi təmizləməyə bənzəyir.
Bu yaşda insanlar sanki iki qrupa ayrılırlar: keçmiş münasibətləri qorumağa çalışanlar və həyatına realist yanaşanlar. Birincilər tənhalıq qorxusundan, bəzən də illərin yaratdığı vərdişə görə hər cür əlaqədən yapışırlar. İkincilər isə artıq mənasını itirmiş münasibətləri davam etdirməkdənsə, müəyyən məsafə saxlamağa üstünlük verirlər. Çünki onlar yaxşı anlayırlar: insanın özünü rahat və azad hiss etdiyi tənhalıq, saxta yaxınlıqdan daha qiymətlidir.
Cəmiyyətdə belə bir fikir var ki, yaş artdıqca insan daha müdrik, səbirli və tolerant olur. Lakin reallıq heç də həmişə belə deyil. İllər keçdikcə insan öz vaxtına, enerjisinə və mənəvi rahatlığına daha həssas yanaşmağa başlayır. Həyat təcrübəsi ona hər kəsə eyni dərəcədə diqqət ayırmağın mümkün olmadığını öyrədir.
Artıq hər sosial münasibət müəyyən mənada investisiya kimi qiymətləndirilir. Bu görüş mənə sevinc gətirəcək, yoxsa məni mənəvi cəhətdən tükəndirəcək? Görüşdən sonra özümü daha yaxşı hiss edəcəyəm, yoxsa sanki bütün enerjim tükənmiş olacaq? Cavab ikinci variantdırsa, həmin görüşdən imtina etmək artıq vicdan əzabı doğurmur.
Nəticədə keçmiş münasibətləri qorumaq naminə hər kəsə güzəştə gedənlər özlərini yarımtanış insanlar qarşısında sonsuz öhdəliklər içində tapırlar. Bu isə həm psixoloji, həm də fiziki yorğunluğa səbəb olur. Daha realist yanaşanlar isə qalan enerjilərini özlərinə, ailələrinə və həqiqətən dəyər verdikləri insanlara ayırırlar. Onlar üçün əsas məsələ ətraflarında çox adamın olması deyil, yanlarında olan insanların kimliyidir.
Nəzakət maskasına qarşı həqiqilik seçimi
Geniş sosial çevrənin sağlam və aktiv qocalıq üçün vacib olduğu, hətta demensiya riskinin azaldılmasına kömək etdiyi barədə fikirlər mövcuddur. Həqiqətən də, sosial təmaslar insanın psixoloji və idrak sağlamlığı üçün əhəmiyyətlidir. Ancaq burada mühüm bir məqam var: söhbət sadəcə çoxsaylı tanışlardan deyil, mənalı və səmimi münasibətlərdən gedir.
Bəzən sosial küy insanın özünü eşitməsinə, həqiqi istəklərini və ehtiyaclarını dərk etməsinə mane olur. 50 yaşdan sonra başqalarının xoşuna gəlmək üçün taxılan maskalar daha ağır görünməyə başlayır.
İnsan artıq başqasının mənasız söhbətlərinə sırf nəzakət xatirinə başını tərpətməkdən, maraqlı olmadığı mövzulara süni maraq göstərməkdən, başqalarının həyatına özünü məcburən daxil etməkdən yorulur. O, özünü olduğu kimi ifadə etmək, onu həqiqətən düşündürən, sevindirən və narahat edən məsələlərdən danışmaq istəyir. Əgər qarşı tərəf belə səmimiyyəti qəbul etməyə hazır deyilsə, münasibətlərin əvvəlki intensivlikdə davam etməsinə ehtiyac qalmır.
Daim hamının xoşuna gəlməyə çalışan, hər məclisdə “şirkətin ruhu” rolunu oynayan insan zamanla öz həqiqi mənliyindən uzaqlaşa bilər. Başqalarının gözləntilərinə uyğun yaşamaq isə daxili yorğunluğu daha da artırır.
Həqiqiliyi seçən insanlar üçünsə həyatın bu mərhələsi yeni bir azadlıq dövrünə çevrilir. Onlar artıq keçmiş həmkarın, qonşunun və ya uzaq qohumun onlar haqqında nə düşünəcəyinə görə narahat olmurlar. Hər kəsə özünü bəyəndirmək, hər dəvətə razılıq vermək, hər münasibəti qorumaq məcburiyyətində olmadıqlarını anlayırlar.
Çünki 50 yaşdan sonra insan bir həqiqəti daha aydın dərk edir: həyatın dəyəri ətrafındakı insanların sayında deyil, yanında olanların səmimiyyətində, münasibətlərin keyfiyyətində və insanın öz daxilində tapdığı rahatlıqdadır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Müəllif: Tatyana Dovnar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 11 Noyabr 2026 06:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















