525 ci qəzet Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi diplomatik fəaliyyəti
Fəxri VALEHOĞLU-HACILAR
Tarix elmləri doktoru, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri
(Əvvəli ötən sayımızda)
AXC Xarici İşlər Nazirliyinə 4 dekabr 1919-cu ildə yazdığı məktubunda baş konsul M.Əfəndiyev Acarıstandakı siyasi vəziyyət barədə məlumat verərək bildirirdi ki, Batum şəhərini ingilislər inzibati cəhətdən tam olaraq öz əllərinə alıblar. Öz istədikləri kimi Batumun ətraflarını şəhərə birləşdirərək əlavə hissələrə bölüblər. Administrasiya və polis heyəti, əsasən, ingilis çavuşlarının başçılığı altında erməni hərbi əsirlərinin hesabına önəmli dərəcədə artırılıb. Şəhərin mühasirə vəziyyəti davam edir, burada qayda-qanun bir batalyon hindlinin hesabına təmin olunur. Şəhərin mülki idarələrinin rəhbərliyinə ingilis zabitləri təyin olunub. Bu faktlar yerli müsəlmanlar tərəfindən sərt reaksiyaya səbəb olur. Onlar idarəçilikdə məhəlli şərtləri yaxşı bilən yerli sakinlərin təmsil olunmasını istəyirlər. Ona görə də Batumun Gürcü-Müsəlman Komitəsi (İslam Gürcüstanı Azadlıq Komitəsi - F.V-H.) və Batum vilayətinin Müsəlman Milli Şurası (Batum Livası İslam Cəmiyyəti - F.V-H.) birgə toplantı keçirərək, öz müqəddəratını təyinetmə hüququna malik köklü əhalinin maraqları naminə əl-ələ verib fəaliyyət göstərmək qərarına gəliblər. Yerli sakinlər - acarlar mövcud durumun ağırlığını üzərlərində hiss edərək, tez-tez vaxtında düzgün dəyər verə bilmədikləri öz qonşu dindaşlarını (türkləri - F.V-H.) xatırlayırlar. Möhkəm hakimiyyətin olmaması səbəbindən qarətlər və qətllər çoxalıb. Belə ki, Acarıstanda səyahət etmək təhlükəsiz deyil. Daha sonra öz məktubunda Batum bölgəsində xəstəxana və feldşer məntəqələrinin yarıyadək ixtisar edildiyinə, yaranmış vəziyyətə görə kənd məktəblərinin fəaliyyət göstərmədiyinə diqqəti çəkən M.Əfəndiyev qeyd edirdi ki, "Batum yaxınlığındakı 5 kəndin sakinləri konsulluğa müraciət edərək məktəblərin fəaliyyəti üçün maddi dəstək istəyiblər. Bəzi kəndlər konsulluğa dəfələrlə müraciət edib türk dili müəlliminin dəvət olunmasında maddi köməklik göstərilməsini xahiş ediblər. Konsulluq məsələyə tamamilə heç bir siyasi çalar vermədən gənc Azərbaycanın nüfuzu, eləcə də dini mənəviyyat nöqteyi-nəzərdən yanaşaraq, öz dindaşlarımızı dəstəkləməyin zəruriliyini qeyd edir. Acaranın bir çox kəndlərinin məscidlərində xoca yoxdur və rəhmətə gedən olanda molla axtarılır. İngilislərin tələbinə cavab vermədiyi üçün Şəhər Dumasının vaxtından əvvəl buraxılması gözlənilir. Sabiq Şəhər Dumasının başçısı general Qolitsın istefa verib və Denikin ordusunun sıralarında hərbi xidmətə keçib" (ARDA, f. 970, s. 1, iş 151, vv. 11-11 arx. və iş 27, vv. 44-44 arx.).
Azərbaycan və Gürcüstanın müttəfiq dövlətləri tərəfindən de-fakto tanınması ilə əlaqədar 12 yanvar 1920-ci ildə Batumda təntənəli şənlik düzənlənir. Şənlikdə azərbaycanlı natiqlər iki böyük Osmanlı sancağı (bayrağı) altında Türkiyə lehinə çıxışlar edirlər. 14 yanvarda isə Azərbaycan və Gürcüstanın Batumdakı konsulları tərəfindən tanınmaya həsr olunmuş banket təşkil olunur. Banketə hərbi qubernator, general C.Kuk-Kollis və digər yüksək rütbəli ingilis zabitləri, xarici dövlətlərin konsulları və milli şuraların nümayəndələri, eləcə də həmin dövrdə Batumda olan fransız gəmisinin dənizçi zabitləri dəvət olunurlar. Mərasimdə Azərbaycan baş konsulu M.Əfəndiyev və Gürcüstanın Batumdakı baş konsulu Petre Çiniciyev (P.Çinicişvili) salamlama nitqi söyləyirlər. M.Əfəndiyev öz nitqində Gürcüstan və Azərbaycanın qardaşlıq ittifaqının əhəmiyyətini xüsusi vurğulayır ("Borğba" qəz., 1920, 22 yanvar, № 15).
1920-ci ilin əvvəllərindən etibarən ingilis qoşunları təxliyəyə hazırlıq görür. Batumun müqəddəratının London konfransında (12 fevral - 10 aprel 1920-ci il) həll olunmasına qərar verilir. Acarıstanda hakimiyyətin tədricən Gürcüstan Demokratik Respublikasına ötürüləcəyinə dair şayiələr yayılır. Qeyd olunanlarla bağlı Batum Livası İslam Cəmiyyəti 17 fevral 1920-ci ildə (rumi təqvimlə 17 şubat 1336-cı il) Azərbaycan XİN-ə müraciət edərək bildirirdi ki, Batumdan ingilis qoşunlarının təxliyəsi nəticəsində şəhəri Gürcüstan hökuməti tutacaq. 400 illik tarixi və dini-hüquqi əlaqələrə istinadən üç quberniyaya (Əlviyeyi səlaseyə - F.V-H.) türklərin daha çox hüququ çatır. Batum Gürcüstan Respublikası hökumətinə verilsə, yerli müsəlmanlar silahlı çıxış edərək Xilafətin dinini qoruyacaqlar. Yerli müsəlmanların mövqeyi barədə ingilislər və digər xarici missiyalar artıq məlumatlandırılıb. Onların hamısı cavab olaraq deyir ki, Batumdan təxliyə barədə məlumatları yoxdur. Müraciət bu cümlələrlə sonlanırdı: "Gecə-gündüz demədən İslam maraqları naminə çalışır və Azərbaycanın müsəlman hökumətinin köməyinə ümid edirik. Bu yaxınlarda buraya gəlmiş nümayəndə heyətinin vədinə uyğun olaraq, Batum baş konsulu vasitəsilə bizim cəmiyyətə ən azı 5 milyon manat verilməsini xahiş edirik" (ARPİİİSSA, f. 277, s. 2, iş 53, vv. 5-5 arx.).
Xarici işlər naziri F.Xoyski baş konsul M.Əfəndiyevə "məxfi" qrifli məktubunda həm Batum Livası İslam Cəmiyyətinin Osmanlı Türkiyəsinə birləşmək barədə mövqeyinə münasibət bildirir, həm də Azərbaycanın sözügedən məsələyə dair mövqeyini açıqlayırdı: "İngilislərin Batumdan təxliyəsi barədə məktubunuzu aldım. Eyni zamanda Batum Müsəlman Komitəsinin məktubunu aldım. Bu məktubda Komitə ingilis komandanlığı qarşısında Batum şəhəri və vilayətinin Türkiyəyə birləşdirilməsi barədə vəsatət qaldırır... Türkiyəyə birləşmək ideyası indi Antantanın gözündə populyar ideyalardan deyil və yerli əhalinin arzu və iradəsini tam diskreditasiya edə və çox arzuolunmaz nəticələrə gətirə bilər. Batum şəhəri barədə bizim hökumət hesab edir ki, şəhər və liman neytral olmalıdır və Zaqafqaziya respublikalarının hamısının, xüsusən də Qara dəniz və Avropaya heç bir başqa çıxışı olmayan Azərbaycanın iqtisadi və ticari istifadəsi üçün tam açıq olmalıdır. Bununla yanaşı, Batum bizim kerosin (neft) xəttinin son stansiyasıdır və ona görə bizim üçün Batumun taleyi həyati vacib məsələdir. Bununla bağlı artıq tərəfimdən Antanta ölkələrinin nümayəndələrinə memorandum verilib, surətini diqqətinizə təqdim edirəm".
Daha sonra məktubda ingilis komandanlığı qarşısında qeyd olunanlarla bağlı təcili və açıq addımların atılması xahiş olunur. Eyni zamanda yerli təşkilat və əhalinin ələ alınması tələb olunur ki, "gələcəkdə yuxarıdakı kimi düşünülməmiş addımlar atılmasın və ingilislər gedəcəyi təqdirdə, Batumda Azərbaycanın maraqları təmin olunmaqla, yerli hakimiyyət qurulsun" (ARPİİİSSA, f. 277, s. 2, iş 53, v. 21-21a.).
Göründüyü kimi, Batum şəhərinin gələcəyi barədə Azərbaycan tərəfinin mövqeyi ona heç bir ölkənin tərkibində olmadan neytral status verilməsini özündə ehtiva edirdi. Cənubi Qafqazın Acarıstanla birbaşa sərhədi olmayan digər respublikası - Ermənistan isə şəhərin etnik tərkibini əsas gətirib, Paris sülh konfransında Batumun Ermənistana birləşdirilməsi iddiasını irəli sürmüşdü.
Böyük Britaniya qoşunlarının Batum vilayətindən təxliyəsi şayiələrinə paralel olaraq, Gürcüstan Demokratik Respublikasının hərbi birləşmələri bölgədə fəallaşmağa başlamışdı. Bu barədə baş konsulluqdan Azərbaycan Xarici İşlər Nazirliyinə 1920-ci ilin mart ayında göndərilmiş teleqramda bildirilirdi: "Qeyri-rəsmi məlumatlara əsasən gürcülər tərəfindən Batumun və Batum vilayətinin iki istiqamətdən - Notanebi və Şavşet tərəfdən tutulması güman edilirdi. Gürcü dəstələri hətta Ardanuça daxil olmuşdular. Ardanuça gedən general-qubernatorun tələbi ilə gürcülər geri öz hüdudlarına çəkilməyə, həmçinin, Notanebiyə doğru qoşunlarının irəliləməsini dayandırmağa məcbur edilmişdirlər. Bu günlərdə italyan, fransız və amerikan qoşun bölmələrinin gəlişi gözlənilir. Rəsmi dairələrdə Ali Şuranın Batumu azad şəhər elan etdiyi barədə çox danışırlar, eyni zamanda Batumun azad liman (porto-franko - F.V.) olacağını, çox olmasa da, deyənlər var. Məlumatlara görə, "Qafqaz" paroxodu ilə Batuma Ermənistan üçün nəzərə tutulmuş çox sayda mərmi gətiriblər. Görünür, Gürcüstan üzərindən aparacaqlar. Burada Gürcüstan və Ermənistan arasında gizli razılaşma haqqında kifayət qədər aydın şayiələr dolaşır; bu, Tiflisdə yoxlanılmalıdır. Qaçqınlar barədə təlimatın müntəzəm olaraq icrası təmin edilir" (ARPİİİSSA, f. 277, s. 2, iş 87, v. 55 və iş 53, vv. 10-10 arx.).
İslam Gürcüstanı Azadlıq Komitəsinin rəhbər heyətindən Camal bəy Ximşiaşvili (C.Ximşiyev) "Sakartvelo" qəzetinin 17 mart 1920-ci il tarixli nömrəsində dərc etdirdiyi "Batumda təxribat" sərlövhəli məqaləsində Batum vilayətinin hərbi qubernatoru C.Kuk-Kollisi Azərbaycanın nümayəndələri ilə yaxın münasibətdə ittiham edir, Azərbaycanın öz agentləri vasitəsilə Acarıstana 7 milyon manat göndərdiyini yazırdı. Azərbaycan konsulluğunda ingilis zabitləri və Azərbaycan nümayəndələrinin sıx-sıx görüşdüyünü və hətta 1920-ci ilin mart ayında Kobuletdə keçirilmiş mitinqdə qəbul olunmuş müstəqil Acarıstan dövlətinin yaradılması haqqında qətnamənin mətninin də bu görüşlər zamanı hazırlandığını iddia edirdi. 1918-1920-ci illərdə Acarıstanda siyasi vəziyyətlə bağlı araşdırmasında eyni mövzuya toxunan gürcü tarixçisi N.Zosidze "Samuslimano Sakartvelo"//"İslam Gürcüstanı" qəzetində dərc olunan məlumatlara istinadən M.Əfəndiyevin Sədayi-millət"in qrupu ilə birbaşa əlaqədə olub, açıq-aşkar antigürcü təbliğatı apardığını yazırdı.
(Ardı var)