525 ci qəzet Müslüm Maqomayev möcüzəsi İsa Həbibbəyli yazır
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik,
Görkəmli müğənni və bəstəkar Müslüm Maqomayev XX əsrdə Azərbaycanda və Sovetlər İttifaqında yetişib formalaşmış və ən gənc yaşlarında populyarlaşmış böyük sənətkarlardan biri kimi şöhrət qazanmışdır. O, 25 yaşında ikən SSRİ Xalq artisti adına layiq görülmüşdür. Bu, SSRİ-də musiqi sənəti sahəsində təkrar edilməyən rekord göstəricidir.
Böyük istedada malik olan Müslüm Maqomayevin cavan yaşlarından sürətlə parlamasında onun ecazkar səsi, bənzərsiz ifaçılıq mədəniyyəti ilə bərabər, görkəmli dövlət xadimi Heydər Əliyevin xüsusi rolu olmuşdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi XX əsrin 70-ci illərində gənc Müslüm Maqomayevin böyük və parlaq istedadını görmüş və tarixini, şəcərəsini yaxşı bildiyi bu şərəfli nəslin istedadlı yetirməsinə xüsusi qayğı və diqqət göstərməyi zəruri saymışdı.
Ulu öndər Moskvada yaşayıb işləyən Müslüm Maqomayevi Bakıya dəvət edib, onunla ən doğma insanlardan biri kimi görüşmüş, ecazkar səsini dinləmiş, bu nadir səsi qorumaq və inkişaf etdirmək, dünyaya çatdırmaq üçün düşünülmüş addımlar atmışdır. Heydər Əliyev Müslüm Maqomayevi Azərbaycanın intibah dövrü hesab edilən XX əsrin 70-ci illərində tez-tez Azərbaycanda keçirilən dövlət tədbirlərinə dəvət etməklə keçmiş Sovetlər İttifaqının bütün dairələrində bu bənzərsiz müğənninin arxasında kimin dayandığının anonsunu vermişdir. Bu, Müslüm Maqomayev üçün əslində böyük dayaq, mənəvi rahatlıq, hətta toxunulmazlıq demək idi. İkinci tərəfdən isə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda keçirilən ümumittifaq səviyyəli tədbirlərdə Müslüm Maqomayevin çıxışlarına yer verməklə cavan və istedadlı müğənnini keçmiş SSRİ-nin mədəniyyət, elm, təhsil sahəsindəki rəhbərlərinin, görkəmli yazıçı və şairlərin, böyük incəsənət ustalarının diqqətinə çatdırmışdır. Beləliklə, Müslüm Maqomayevin SSRİ Opera və Balet Teatrının divarları arasında parlayan ulduzu Azərbaycandan geniş mənada SSRİ miqyasında yayılmış və oradan da dünyaya ayaq açmışdır.
Sovetlər İttifaqının rəhbəri Leonid Brejnev də görkəmli dövlət xadimi Heydər Əliyevin təqdimatından sonra Müslüm Maqomayevin ecazkar istedadını yenidən kəşf etmişdi. Bundan sonra Müslüm Maqomayevin qeyri-adi səsinə və bənzərsiz ifaçılıq istedadına keçmiş SSRİ-də Siyasi Büronun üzvləri, nazirlər, deputatlar, Sovetlər İttifaqının bütün tanınmış simaları, müttəfiq respublikaların rəhbər şəxsləri, əslində daha geniş mənada xarici ölkələrin tanınmış dövlət xadimləri, son nəticədə dünya xalqları xüsusi rəğbət bəsləmişlər. Onun şöhrəti hələ 25-30 yaşlarında ikən SSRİ adlandırılan nəhəng imperiyanın beton divarlarını, dəmir barmaqlarının sədlərini aşaraq dünyaya qovuşmuşdu. Sözün çox böyük mənasında Müslüm Maqomayevin sənəti ümumdünya ifaçılıq hadisəsi kimi qəbul olunurdu. O, artıq planetin, dünyanın Müslüm Maqomayevi idi. Hətta indi də Müslüm Maqomayev səviyyəsində dünya musiqi sənətini fəth etmiş ifaçı göstərmək çətindir. Müslüm Maqomayev Azərbaycan musiqi sənətinin iftixarı, dünya ifaçılıq mədəniyyətinin patriarxıdır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1982-ci ilin dekabr ayında Azərbaycandan Moskvaya, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsinə dəvət olunduqdan sonra Müslüm Maqomayev Sovetlər İttifaqında mahir bir ifaçı kimi qəbul olunmuşdu. Bundan sonrakı dövrdə görkəmli dövlət xadimi Heydər Əliyev Müslüm Maqomayev - Tamara Sinyavskayanın ailə qurmasına xeyir-dua vermiş, Moskva şəraitində onların ən zəruri ailə-məişət problemlərinin yüksək səviyyədə həll edilməsinə qayğı göstərmişdir. "Müslüm, sən oxumalısan, sənin səsin dünyanı dolaşmalıdır" - deyən Ulu öndər Heydər Əliyev Müslüm Maqomayevin dünya səhnələrinə çıxması üçün onun böyük sənətinə qarşı qısqanclıqdan doğan maneələri aşaraq, böyük müğənninin yer kürəsinin ən mötəbər ölkələrinin və ən məşhur salonlarının səhnələrində konsertlər verməsinə yaşıl işıq yandırmışdır.
Dünya şöhrətli böyük müğənninin dövlət səviyyəsində təltif olunması məsələlərinə də sözün ən yaxşı mənasında "nəzarət" edilmişdir. Ən başlıcası isə Moskvada işlədiyi illərdə Müslüm Maqomayev-Tamara Sinyavskaya SSRİ Nazırlər Soveti Sədrinin Birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyevin ailəsinin doğma üzvlərinə çevrilmişlər. Heydər Əliyev məsuliyyətli iş cədvəlinə, Moskvada görünən-görünməyən təsirlərə və təzyiqlərə baxmayaraq, mütəmadi olaraq Müslüm Maqomayevi qəbul etməsi, onun böyük sənətinin parlaması üçün yaşıl işıq yandırmış, böyük sənətkar Müslüm Maqomayevin sənətkar kimi populyarlaşdırılmasında mühüm rol oynamışdır. Heydər Əliyev kimi yüksək zövqə malik görkəmli dövlət xadiminin onun sənəti, ifaçılığı haqqında fikir bildirməsi, münasibət ifadə etməsi Müslüm Maqomayev - Tamara Sinyavskaya üçün mühüm bir məktəb olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev səviyyəsində böyük müğənni üçün yaradılan bu qeyri-adi dərəcədə doğma mühit və göstərilən birmənalı dəstək Müslüm Maqomayevi yaşatmış, parlatmış və ucaltmışdır.
Sözləri və musiqisi Müslüm Maqomayev tərəfindən yazılmış və böyük müğənninin böyük ürəklə oxuduğu məşhur "Hər yanı gülşən Azərbaycan" mahnısı görkəmli dövlət xadimi Heydər Əliyevə ithaf olunmuşdur. "Hər yanı gülşən Azərbaycan" mahnısında Heydər Əliyevin Azərbaycan boyda obrazı yaradılmışdır. "Hər yanı gülşən Azərbaycan" mahnısında həm də Ulu öndər Heydər Əliyevə dərin, sonsuz minnətdarlıq duyğuları mahnı vasitəsilə təcəssüm etdirilmişdir. Bütövlükdə isə Müslüm Maqomayevin ifasında səslənən "Hər yanı gülşən Azərbaycan" mahnısı ümumiyyətlə Azərbaycan haqqında yazılmış mahnıların şahıdır. Bu mahnını yalnız və yalnız xalqımız arasında böyük populyarlıq qazanmış Xalq şairi Səməd Vurğunun məşhur "Azərbaycan" şeiri ilə müqayisə etmək olar. Bu məqamda da ifaçı-müğənni faktoru "Hər yanı gülşən Azərbaycan" mahnısını böyük sənətin zirvələrinə qaldırmışdır. "Hər yanı gülşən Azərbaycan" mahnısı SSRİ Xalq artisti Müslüm Maqomayevin ecazkar sənət gülşəninin möhtəşəm təqdimatıdır. Bu, Azərbaycan musiqi sənəti miqyasında da, ifaçılıq mədəniyyəti baxımından da böyük sənət əsəridir.
"Hər yanı gülşən Azərbaycan" - SSRİ Xalq artisti Müslüm Maqomayevin Azərbaycan sevdasının parlaq ifadəsidir.
Nəhayət, "Hər yanı gülşən Azərbaycan" mahnısı SSRİ Xalq artisti Müslüm Maqomayevin Azərbaycan pasportudur.
Müslüm Maqomayevin abidəsi önündə mahir heykəltaraş Ömər Eldarovla dialoq
Bakı, 27 mart 2024-cü il
Əlbəttə, Müslüm Maqomayevin mahnıları dünya mahnı yaradıcılığının şedevrləridir. Müslüm Maqomayevin mahnıları planetin mahnısı kimi səslənir. Həm ifaçının dünya şöhrətli Müslüm Maqomayev olması və həm də onun mahnılarındakı böyük insani hisslər və düşüncələr, sərt lirizm, dərin həyat fəlsəfəsi dahi müğənninin ölməz sənətinə planetar miqyas gətirmişdir. Dünya müğənniləri içərisində planet adından oxumaq və planet haqqında oxumaq səlahiyyəti hamıdan qat-qat çox Müslüm Maqomayevə məxsusdur. Digər parlaq istedada malik olan ən populyar dünya ifaçılarının yaradıcılığında da yer kürəsinin hər yerində qəbul edilən iki-üç mahnı yəqin ki vardır. Amma Müslüm Maqomayev yeganə müğənnidir ki, onun repertuarında olan mahnıların mütləq əksəriyyəti dünya xalqlarının mənəvi sərvətinə çevrilmişdir. Hətta istənilən məşhur müğənni konsert verərkən Müslüm Maqomayevin repertuarına müraciət etməklə həm özünün hansı estrada məktəbinə aid olduğunu böyük iftixar hissi ilə bəyan etmiş və həm də ustad müğənniyə sonsuz ehtiramını bildirməklə imicinin üstünə imic gətirmişdir.
Müslüm Maqomayevin hər bir mahnısı böyük sənət hadisəsidir.
Müslüm Maqomayev dünya estrada ifaçılığı məktəbinin zirvəsidir.
Müslüm Maqomayevin səsi dünya qızıl səslər xəzinəsinin nadir incisidir. Dünya ifaçılıq sənətində bas, tenor və bariton səs tembrlərindən hər birinin kralları vardır. Müslüm Maqomayev Briton səs Kralıdır. Bas, tenor, soprano və bariton səs kralları dünyada kifayət qədər olduğu halda, yalnız ən yüksək aktavada səslənən bariton səsli müğənni barmaq ilə sayılacaq qədər azdır. Onların da arasında Müslüm Maqomayev səviyyəsində bütün incəlikləri və genişliyi ilə Bariton səs çalarları nümayiş etdirən ikinci sənətkar göstərmək çətindir. Yuxarıdakı "incə" sözü ilə Bariton səs tenbri haqqındakı təsəvvürlər bir-birini tutmur. Çünki dünyanın əksər Baritonçuları bu səs tembrini qorumaq üçün oxuduqları mahnıları yuxarı oktavada səsləndirməklə məqsədlərinə nail olmağa üstünlük verməyə çalışmışlar. Bu çox vaxt alınsa da, bəzi məqamlarda Baritonda oxunan parça çığırtı-bağırtı kimi qarşılanır, mahnının sözləri başa düşülmür. Müslüm Maqomayev isə əvvəla, Bariton səsinin ucaldıla biləcəyi ən yüksək rekord həddi göstərmək baxımından həmişə ən böyük reytinqə malik olmuşdur. Böyük xanəndəmiz Xan Şuşinskinin məşhur "Qarabağ şikəstəsi"ndə göstərdiyi əlçatmaz səs zirvəsini Müslüm Maqomayev əksər mahnılarında fərqli çalarlarla nümayiş etdirmişdir. Obrazlı şəkildə belə demək mümkündür ki, Müslüm Maqomayev Bariton səsinin Qafqaz zirvəsini fəth etmişdir.
Bir az əvvəl qeyd etdiyimiz "incə çalarlar" sözü isə tonallıq baxımından səsin incəliyini, məsələn, Bas səsinin tenor məqamına enməsini deyil, bu nadir və sərt səsin də fərqli çalarlarını, lap elə incə çalarlarını tapmaq və təqdim etmək mənalarını ifadə edir. Müslüm Maqomayev dünya Bariton müğənniləri sırasında bu səsin müxtəlif ifa tərzlərini, fərqli səsləndirmə imkanlarını, incə çalarlarını kəşf etmişdir. Bütün bunlara görə onun ifasında Bariton səsi bir-birindən doğan və biri digərini tamamlayan eyni tembrə və lakin fərqli çalarlara malik ifaçılıq səviyyəsidir. Bariton səsinin bu mərtəbəsinin əbədi və nadir hakimi Müslüm Maqomayevdir. Təkcə “О море, море” - "Ah dəniz, dəniz" mahnısının ifa xüsusiyyətlərinə nəzər salsaq, Müslüm Maqomayevin Bariton səs tembri və onun fərqli çalarları haqqında əyani təsəvvür əldə edə bilərik. Əvvəla, "Ah dəniz, dəniz" mahnısı dənizin sakit ləpələrini də, şahə qalxan dalğalarını da həyatın qabarmaları və çəkilmələri kimi bütün fəlsəfəsi ilə mənalandıran ecazkar mahnıdır. Əslində Müslüm Maqomayevin Bariton səs tembri tufanlı vaxtda şahə qalxmış dənizin qızğın ruhunu əks etdirməkdə əvəzsizdir. Bu səs məqamının ən yüksək səviyyəlisini Müslüm Maqomayev nümayiş etdirir. Lakin dənizin digər görkəmi - bir-birini əvəz edən, toqquşub dağılan və yenidən yaranan dalğaların (həyatın - İ.H.) təqdimatı üçün bariton səs, ləpələrin nəğməsi üçün tenor səs, pıçıltısı üçün isə bas səsi daha münasibdir. Müslüm Maqomayevin dahiliyi ondadır ki, o, "Ah dəniz, dəniz" mahnısının bütün məqamlarını axıradək, lakin fərqli çalarlarla, Baritonun müxtəlif tonallıqlarında ifa edir. Ümumiyyətlə, Bariton səslər üçün səsi zirvəyə doğru ucaltmaq hünər hesab olunur. Müslüm bu "yarışmanın" alternativsiz lideridir. Lakin ifaçılıqda aşağı tonallıqlarda səsləndirilməsi zəruri olan hallarda Bariton səslilər müəyyən çətinlik qarşısında qalır, istər-istəməz onlar üçün çox da səciyyəvi olmayan tenor və ya bas səs diapazonuna keçməli olurlar ki, bu da çox zaman "xaric səslər" kimi mahnının səviyyəsini olduğu kimi saxlamağa imkan vermir. Qəti olaraq o fikirdəyəm ki, Müslüm Maqomayev "Ah dəniz, dəniz" mahnısında olduğu kimi, digər mahnılarında da Bariton səs tembrinə sadiq qalmaqla bu qalın və sərt səsin tonallığını təbii bir axarla dəyişməklə tenor səsə və bas səsinə uyğun olan məqamları da Baritonun müxtəlif çalarları vasitəsilə böyük məharətlə ifa edir. Bariton zirvəsinin tenor tonallığını, bas başlanğıcını bir mahnı daxilində nümayiş etdirmək cəhətdən də Müslüm Maqomayevin altenativi yoxdur. Ona görə də Müslüm Maqomayevin monotonluqdan çox uzaq olan mahnıları nəinki insanları yorur, bu mahnılar həssas dinləyicini haralardan-haralara qədər desən, qanadlandıra bilir. Müslüm Maqomayev sərt realizmi də, lirik romantikanı da, hətta bəzən ani danışıq kimi səslənən naturalizmi də Bariton masştabında təqdim etməyin nadir gedişlərini nümayiş etdirir. Bəzən isə o, musiqinin müşayiətilə hər hansı bir mahnı mətnini nadir və qeyri-adi diksiyası ilə sadəcə söyləyəndə də Baritonun qiraət çalarının mahir ifaçısı kimi çıxış edir. Beləliklə, Bariton Müslüm Maqomayevin təkcə sənət səviyyəsi deyil, həyat tərzidir. Müslüm Maqomayev sərt və qanadlı, ciddi və romantik Bariton abidəsidir.
Müslüm Maqomayev ucalığına ehtiram İsa Həbibbəyli və Ağarza Rüstəmov Moskva, 17 avqust 2014-cü il
Müslüm Maqomayev sənəti yaşayır və həmişə yaşayacaqdır. Biz bu sözlərlə ilk növbədə dahi bəstəkar və böyük müğənninin böyük sənətinin əbədiyaşarlığını nəzərdə tuturuq ki, bunun isbata ehtiyacı yoxdur. Ölməz mahnıları birmənalı şəkildə Müslüm Maqomayevin adını əbədiyyətə qədər yaşadacaqdır. Bunu isbat etmək üçün özünü yormağa dəyməz. Bununla belə, dahi bəstəkar və ustedadlı müğənni Müslüm Maqomayevin Moskvada və Bakı şəhərində ucaldılmış heykəlləri də bu dahi sənətkarın parlaq adını və ölməz sənətini əbədiyyətə qədər, nəsillərdən-nəsillərə çatdıracaqdır. Bakıda mavi Xəzərin sahilində Xalq rəssamı Ömər Eldarov tərəfindən ucaldılmış əsl sənət hadisəsi olan Müslüm Maqomayevin nadir heykəli onun böyük sənətinin yaşamaqda davam edən reallığıdır. Dahi heykəltaraşın dahi bəstəkara ucaltdığı təbii, canlı və təsirli heykəl sənətdə əbədiyyətin təsdiqidir. Xəzərin sahilində ucaldılmış romantik heykəl Müslüm Maqomayevi hər gün doğma xalqına və mavi dənizinə qovuşdurur. Dənizkənarı bulvardan keçən insan seli hər gün müdrik və gür səslə oxunan "Hər yanı gülşən Azərbaycan" mahnısının melodiyası və sözlərilə yola çıxır, yaşayır, yaradır, ölkəmizin daha da çiçəklənməsinə öz töhfələrini verməyə çalışmaqda davam edir.
Bu gün də, sabah da "Oxuyur Müslüm Maqomayev" - demək - dünya Müslüm Maqomayevin mahnılarını oxuyur deməkdir.
"Oxuyur Müslüm Maqomayev"... demək - yaşayır, yaradır, inkişaf edir Azərbaycan deməkdir!
Müslüm Maqomayevin ölməz sənəti ümumdünya ifaçılıq mədəniyyəti hadisəsidir.
Azərbaycan xalqının nə qədər istedadlı xalq olduğunu əyani şəkildə dərk etmək üçün Müslüm Maqomayevin səsini eşitmək və mahnılarını dinləmək yetərlidir.
Qüdrətli müğənni Müslüm Maqomayev dünyanı Azərbaycana, Azərbaycanı dünyaya qovuşdura bilmişdir.
Müslüm Maqomayevin sənətinin qüdrəti və möcüzəsi bundadır.
5 avqust 2024-cü il