525 ci qəzet O vaxtdan ayaq basdığım cığırla yürüyə yürüyə gəlib 70 yaşı haqladım
525.az-dan verilən məlumata görə, Icma.az məlumatı açıqlayır 525 ci qəzet O vaxtdan ayaq basdığım cığırla yürüyə yürüyə gəlib 70 yaşı haqladım.
Təxminən bir həftə əvvəl sosial şəbəkə üzərindən bir video aldım. "Azərbaycanı 2030-cu ildə nələr gözləyir" sualına virtual səs köməkçisi "Alisa"nın cavabları sırasında bir məqam diqqətimi çəkdi - Bakı yeni Dubaya çevriləcək. İnkişafın, tərəqqinin, yaxşıdan nümunə götürməyin, dilimizə yeni söz birləşməsi kimi daxil olan dünyaya inteqrasiya etməyin əleyhinə deyiləm, bir şərtlə ki, bu yeniliklərin içində öz kimliyimiz, mənsubiyyətimiz, dəyərlərimiz, koloritimiz öz əksini mütləq tapmış olsun. Xırdalığa varmaq istəmirəm. "Bakını sevirəm" deyənlər çoxdur. Lakin Bakı elə bir aləmdir ki, onu duymaq, hiss etmək lazımdır, onun bütün qatlarına enməyi bacarmaq lazımdır, nədən xoşlanıb-xoşlanmadığını bilmək lazımdır, yəni Bakını yalnız belə sevmək olar. Bir sözlə, Bakı mənim ən həssas nöqtəmdir. Bakının yeni Dubaya çevrilməyinə ehtiyacı yoxdur, çünki o, elə öz keyfiyyətləri, üstünlükləri, gözəlliyi, ona bağlı insanları ilə dünyaya meydan oxuyur. Ayağı şəhərimizdən üzülməyən ərəb turistlər İçərişəhərdə heyranlıqla gəzib, ona valeh olursa, bu açıq səma altındakı muzey öz tarixi gözəlliyi, təbiiliyilə möhtəşəm, lakin süni gözəllik dünyasında yaşayan bir əcnəbini mat qoyursa, deməli ki, təkcə Bakının adı yetərlidir.
Elə bu düşüncələr içində ikən növbəti müsahibimiz bəlli oldu. Dəfələrlə şahidi olmuşam ki, təsadüf deyilən bir anlayış həmişə məqamına rast gəlir. Əvvəla, həmsöhbətimlə həmkar olmağımız ürəyimcə oldu, üstəlik, uzaq illərdə eyni qurumda işləməyimizi biləndə ikiqat xoşhallandım. Yalnız onun haqqında kiçik bir araşdırma apararkən məlum oldu ki, bir ortaqlığımız da var, amma bunu söhbət əsnasına saxlayaq. Müsahibimiz isə bu gün 70 illik yubileyini qeyd edən yazıçı-publisist, "Qızıl Qələm", "Araz" ali ədəbi mükafatlarının laureatı, Əməkdar jurnalist Aydın Ağazadədir.
- 70 yaş... Kimi kədərlənir, kimi şükür edir bu yaşa çatdığı üçün...
- Mənim düşüncəmdə dünyada bir ali məhəbbət var - insanın Tanrıya olan sevgisi. Yalnız ondan sonra torpağa, Vətənə, valideynlərə, ailəyə, övlada olan məhəbbət gəlir. İllərin təcrübəsinə söykənərək deyirəm ki, Tanrı özünə qarşı məhəbbəti hər kəsə nəsib etməyib. Yalnız sevdiyi bəndəsinə bu lütfü göstərib. Əgər bu gün 70 yaşa çatmışamsa, bunu Yaradanın mənə olan böyük lütfü kimi qəbul edirəm, çünki ona olan məhəbbətimin sonu yoxdur və arzu edirəm ki, yer üzündə Tanrının sevimli bəndələri çox olsun.
- Tanışlıq üçün haqqınızda araşdırma aparanda öyrəndim ki, rəssam olmaq kimi bir uşaqlıq arzunuz olub...
- Uşaqlıq illəri arzuların bitib-tükənmədiyi bir dövrdür. Saysız arzularımın ən birincisi rəssam olmaq idi. Mənim düşüncəmdə rəssamlıq və musiqi dünyanın ən böyük sənətidir, çünki hər ikisinin sərhədi yoxdur. Birində yeddi rəng, digərində yeddi not var, amma görün nələr yaranır onların harmoniyasından. Bu maraqla dövrümüzün məşhur Qaqarin adına Pioner və Məktəblilər Sarayına üz tutdum və 8-ci sinfə qədər rəsm dərnəyinə getdim, lakin davam etdirə bilmədim. Rəssamlıqda iti görən göz mütləqdir, çünki saatlarla eyni nöqtəyə baxmaq məcburiyyətindəsən. Hiss edirdim ki, getdikcə məndə göz yorğunluğu yaranır və beləcə bu problem ilk uşaqlıq arzumun qarşısını kəsdi. Onu da qeyd edim ki, kiçik yaşlarımdan qələmə, ədəbiyyata, xüsusilə qəzəllərə də meyilli olmuşam.
- İki ali təhsiliniz var - İncəsənət Universitetinin Teatrşünaslıq və BDU-nin Hüquq fakültələrini bitirmisiz. Bir-birinə əks iki sahə...
- Əks olsalar da, hər ikisi humanitar sahədir. Bir məqamı vurğulayım, kiçik yaşlarımdan tez-tez yuxularımda özümü prokuror geyimində görürdüm. Yəqin ki, bu, sonradan hüquqşünas olacağıma bir işarə imiş. Zaman gəldi həmin formanı da geyindim, rütbə də aldım.
- Amma o zaman da gəldi ki, bu iki sahəyə üçüncüsü də qoşuldu və ictimaiyyət sizi yazıçı-publisist kimi də tanıdı...
- Bunun da bir tarixçəsi var... Məktəbin son sinfində Moskva Dövlət Universitetini bitirən, daha sonra oranın professoru, fizika üzrə elm xadimi olan bibim oğlu Tofiq Quluzadə mənə Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olmağı təklif etdi. Dedim ki, ora mənlik deyil, həvəsim ədəbiyyat sahəsinədir. Bunu biləndən sonra məni gətirdi Yazıçılar Birliyinə. Bir qapıya çatanda gördüm ki, divardakı lövhədə yazılıb: "Xalq şairi Osman Sarıvəlli". Tofiqin şairin oğlu Rafiq Qurbanovla Moskvada bərabər təhsil dövründən dostluq münasibətləri vardı. Tanışlıq verəndən sonra Osman Sarıvəlliyə məni təqdim edib dedi ki, ədəbiyyata həvəsi var, istərdim bir onu yoxlayasınız. Yazdığım şeirlərdən bir neçəsini mənə oxutdurdu, bir az söhbət etdi və üzünü bibim oğluna tutaraq dedi ki, bu uşaq elə bizlikdir. Elə o vaxtdan ayaq basdığım cığırla yürüyə-yürüyə gəlib 70 yaşı haqladım.
- İlk cəhdiniz BDU-nun Jurnalistika fakültəsi olsa da, uğursuz alınıb, amma dövlət televiziyasında məhsuldar yaradıcılıq yolunuz olub...
- Tanrı həyatda qarşıma həmişə gözəl insanlar çıxarıb. Öz yolumu tapmaqda isə mənə yazıçı və telejurnalist Firudin Ağayevin köməkliyi olub. 70-ci illərin ortalarında onun kitabları oxucular arasında çox populyar idi. O vaxtlar Şəhidlər xiyabanının yerində Kirov parkı vardı. El arasında dağüstü park da deyirdilər. Oraya bilyard oynamağa çox adamlar gəlirdi. Bu oyuna marağım olduğundan tez-tez yolumu oradan salardım. Firudin müəllimlə tanışlığımız da məhz həmin parkdan başladı. Heç demə bilyard oynamağının səbəbi varmış. "İldırım dənizdə çaxır" əsərindəki bilyard səhnəsini real təsvir etmək üçün bu oyunu öyrənmək istəyib. Çox çəkmədi ki, o, məni televiziyaya işə dəvət etdi və gəlişimdən bir həftə sonra Firudin Ağayevin rəhbərliyilə efirə çıxan və tamaşaçılar tərəfindən sevilən "Səhər görüşləri" verilişinin rejissor köməkçisi oldum.
- Ömrünüzün 14 ili məhz televiziya ilə bağlı olub...
- Açıq etiraf edəcəyəm, televiziya mənə çox şey verdi. Çox qəribə mühiti, aurası var televiziyanın. "Televiziyaya bir gələn sevinir, bir də oradan ayrılan" kimi bir fikri həmişə eşidirdim. Başlanğıcda belə düşünsəm də, sonra gördüm ki, heç də elə deyil. Bu ayrılıqdan yarım il özümə gələ bilmədim. Mənim üçün televiziya böyük bir məktəb oldu. Bir yaradıcı insan kimi məhz orada formalaşdım və sonrakı fəaliyyətimdə bu məktəbin təsirini hər zaman hiss etdim. Televiziyadan uzaqlaşandan sonra səkkiz il orada "Burulğan", daha sonra "Rakurs" verilişlərinin aparıcısı oldum. Lakin hər başlanğıcın bir sonu olduğu kimi, elə bir məqam çatdı ki, bu gün belə darıxdığım televiziyadan təməlli ayrıldım.
- 90-cı illərdən Azərbaycan mətbuatında artıq oxucular Aydın Ağazadə imzası ilə tez-tez rastlaşmağa başladı və bu nöqtədən söhbətimə bir jurnalistlə davam etmək istərdim. Gəlin elə jurnalist haqqında danışaq...
- Sabirin təbirincə desək, jurnalist düzü düz, əyrini əyri yazan qələm sahibidir. Gördüyü hər şeyə əl çalan biri jurnalist ola bilməz. Sözü yerində, cəsarətlə, ən əsas faktlara söykənərək isbat etməyi bacarmalıdır jurnalist. İstəmirəm oxucular məni özündən razı bir insan kimi tanısın, amma bütün fəaliyyətim boyu dürüstlük əqidəmi hər şeydən uca tutdum, çəkinmədən sözümü dedim, haqq olanı qələmə aldım, işini itirmək kimi bir qorxunu heç vaxt yaşamadım. Öyünmək kimi səslənməsin, tənqidi yazılarım əsasında iki prokuror, üç polis rəisi, bir hakim, bir icra başçısı vəzifəsindən uzaqlaşdırılıb. Televiziyadan sonra çalışdığım "Ədalət", "Azərbaycan" qəzetlərində kəskin və haqlı yazılarımı ictimaiyyətə çatdırmışam. İnsanlara əziyyət verən, haqqını tapdalayan, şəxsiyyətini alçaldan pis məmurlara qarşı qələmim həmişə iti olub. Təbii ki, təzyiqlərə də məruz qalmışam, lakin düzgün, yalandan uzaq, gerçəklərə açıq olduğum üçün alnım açıq, üzüm ağ olaraq işimə davam etmişəm.
- "Yazmağa nə var ki" düşüncəli adamlara ara-sıra rast gəlirəm. Yəni hər kəs əlinə qələm ala bilər...
- Əgər alındıra biləcəksə, niyə də almasın...Yazarların hamısı nə tanınmış olur, nə də dahi. Ədəbiyyat göz önündə olan sahədir və bura daxil olan yazılar bir növ ələkdən keçir. Yaxşılar qalır, yararsızlar yoxmuş kimi silinib gedir, yəni onlar kimsəyə ziyan gətirmir. Bir müqayisə edəcəyəm. Hüquqşünasın yanlışlığı birinin həyatını məhv edə bilər, mühəndisin səhvi binanı çökdürə bilər, həkimin səhlənkarlığı insan ömrünə son qoya bilər, lakin sıradan bir yazıdan insanlara bu ağırlıqda ziyan dəyə bilməz. Onu da istisna etmirəm ki, pis bir qələm məhsulunun acı nəticəsi ola bilər.
- Veteran jurnalistin günümüzün mətbuatı haqqındakı fikirləri çox maraqlıdır...
- Məni qane edən səviyyədə deyil. Deyərdim ki, peşəkar olan bütün jurnalistləri də qane etmir. Əvvəla, bu günün jurnalistinin durğu işarələrindən yerli-yerində düzgün istifadə edə bilməmək qədər savadsızlığı var. İkinci ən böyük bəla redaktədir. Redaktə jurnalistin qələmdən sonra ikinci silahıdır. Elektronlaşma çox işləri asanlaşdırsa da, vacib olanları onun kölgəsində gizlətmək olmaz. Yazı elektron poçt üzərindən göndərilir və elə o şəkildə də qəzetin səhifəsinə yerləşdirilir. Çox nadir hallarda yazan adamın redaktə etmək kimi bir bacarığı ola bilər.
- Yeni nəsil jurnalistikasında tənqidlə təhqirin yeri səhv düşüb...
- Təhqiri o kəslər edir ki, onların tənqidə gücü çatmır. Tənqid üçün savad, bu sahəni təpədən dırnağa qədər bütün xırdalıqlarına qədər bilmək lazımdır. Puşkini tədqiq edənlər "Biz Puşkini Belinskidən sonra dərk etdik" dedilər. Ona görə ki, Belinskinin, Dobrolyubivun araşdırmalarında sağlam, məntiqə söykənən, düşünməyə vadar edən tənqid vardı. Yazılarında o qədər gözəl ibarələr işlədiblər ki, sanki gözəl bir roman oxuyursan. Zamanında bizim mərhum Aydın Məmmədov, Nadir Cabbarov kimi güclü tənqidçilərimiz olub ki, onlar kimisi bir də olmayacaq və heç bir halda onlar tənqid hədəflərini təhqir etmək kimi bir düşüncəyə malik olmayıb. Demirəm indi savadlılarımız yoxdur, sadəcə bu gün ədəbiyyata, sənətə dəyər dəyişib. Ona görə ki, sosial media həyatın bütün sahələrinə elə nüfuz edib ki, insanları özündən asılı vəziyyətə salmağı bacarıb. Bu da bizdən asılı olan hal deyil. Bu gün ədəbi məkanda öz dili, üslubu olan Əsəd Cahangirin tənqidi baxışlarını bəyənirəm. Dediyiniz həmin yeni nəsil jurnalistikasının nümayəndələrinə xatırlatmaq istərdim ki, "beşikdən qəbrə qədər öyrənmək" imkanından yararlansınlar.
- Bu gün yüksək texnologiyanın sürətlə inkişaf etdiyi dünyanın bir parçasıyıq. Lap yaxşı, amma itirdiklərimiz də var axı...
- Əlbəttə var. Dünya alimləri belə fikir bildirirlər ki, artıq bir gün 24 deyil, 16 saat təşkil edir. Bu, artıq həm günün, həm də insan ömrünün üçdən bir hissəsinin itirilməyi deməkdir. Bu hesabla da bu gün 70 yaşa çatan biri əslində 55 yaşını yaşayır. Texnologiyanın inkişafı insan həyatını elektronlaşdırmağa doğru aparır, yəni dünya robotlaşmaya sarı üz tutub. Bu da o deməkdir ki, insan özünəməxsus olan keyfiyyətləri itirmək təhlükəsilə üz-üzədir.
- Artıq süni intellekt adlı proqram bəşəriyyətin əlindən tutub öz ardınca aparmağa başlayıb...
- Amma hara apardığını bilmirəm. Bir onu deyə bilərəm ki, sünilik intellekti heç yerə çatdıra bilməyəcək. Mənim düşüncəmdə bu, belədir.
- Bir az da hüquqşünasla söhbət edək. Nikolo Makiavellinin belə bir kəlamı var: "Qanun həmişə güclünün tərəfindədir". Hardasa həqiqətə yaxın fikirdir...
- Yox, həmişə elə olmur, lakin həqiqətdən də uzaq deyil. Biz cəmiyyətdə yaşayırıq və toplumda hər cür insan var. Cinayətkar varsa, cinayətin başını sığallayanlar da olacaq. Mən bu strukturda çalışan biri olaraq deyirəm ki, Azərbaycanda kifayət qədər savadlı, haqqı nahaqqın ayağına verməyən, abırlı, ədalət mühakiməsini səviyyəli şəkildə həyata keçirən hakimlərimiz var. Hamısı elədir demirəm, olmayanlar da zamanla sıradan çıxıb gedir. Hakimlik elə bir vəzifədir ki, orada haqsızlığa yol verildisə, dərhal bilinir. Ədalətli hakim heç zaman ədalətsiz qərar verə bilməz. Amma əgər ortada cinayət əməli varsa, hakim də qanuna tabedir.
- Ədalət kəlməsini çox vurğuladınız. Amma Siseron deyib ki, həddindən çox ədalət həddindən artıq böyük ədalətsizlikdir...
- Allahsız adamların düşüncəsi belə olar. Biz ən adil hakim Tanrını bilirik, çünki onun mizan-tərəzisi hər zaman təndir. O da var ki, ədalət tərəzisinin gözü tarazlığını itirərsə, haqq öz yerini tapmazsa, bu, tək bir ailənin deyil, bütöv nəslin fəlakətinə çevrilə bilər, ədavət düşmənçiliyə gətirib çıxarar. Yanlış verilmiş qərar bir insan ömrünü illərlə, hətta ömürlük barmaqlıq arxasına məhkum edə bilər. Sual bir işi yadıma saldı. Günahsız birini polisdə döyə-döyə öldürmüşdülər. Ulu öndərin rəhbərliyi dövründə baş vermişdi hadisə və bu işi öz nəzarəti altına götürmüşdü. Onun tapşırığı ilə istintaq başladı. Bakı şəhər Məhkəməsi rayon prokurorluğunun, Bakı şəhər prokurorluğunun bütün qərarlarını ləğv elədi, əsas cinayətkar tutuldu, günahsız öldürülənə isə bəraət verdilər. Baxmayaraq ki, insan artıq həyatını itirmişdi, qardaşı onun təmiz adının bərpası üçün dayanmaq bilmədi və buna nail oldu. Bu, həddindən böyük ədalət oldu və belə haqq-ədalətin ziyanı olmaz. Həmin hadisəni mən qələmə də almışam. "Bermud üçbucağı" adlı baş vermiş hadisə kitabımda da yer alıb. İş əsnasında belə hadisələrlə kifayət qədər rastlaşmışam.
- Bəzən qərarın çox ağır olduğu bilinsə də, qanundur deyərək onu qəbul edirlər...
- Qatı bir cinayətkara beş il də cəza kəsilsə belə, qohum-əqrəbası narazalıq edəcək ki, hökm ağırdır. Lakin nəzərə almaq lazımdır ki, böyük alimlər cinayət məcəlləsinin tərtibi üzərində illərlə gərgin iş görüblər və bu məcəllənin bizim təftiş etməyimiz düzgün deyil. Qanun cinayət tərkibinin çəki dərəcəsinə görə öz həllini tapır və buna heç bir hakim müdaxilə edə bilməz. Lakin hər bir qanunda cəzanın nisbətən yüngülləşdirilməsi kimi hallar mövcuddur.
- Sırada yazıçı Aydın Ağazadədir. 70 ilin süzgəcindən keçənlər...
- Müxtəlif səpkili çox yaxşı dostlar qazandırdı mənə bu illər. Tofiq Bayram, Musa Yaqub, Nüsrət Kəsəmənli, Famil Mehdi, Nahid Hacızadə, Mikayıl Mirzə, Əliabbas Qədirov, Həsən Məmmədov, Səməndər Rzayev kimi dostlar ömür salnaməmin səhifələrində öz izini qoya bilib. Yaş fərqimizə baxmayaraq, Mirzə İbrahimov, Süleyman Rüstəm, Famil Mehdi ilə ünsiyyətimiz olub. Televiziyada çalışdığım zamanda "Ədəbi dram" verilişləri redaksiyasına rəhbərlik edən Nahid Hacızadəni çalışqanlığıma, bacarığıma görə mənə dəyər verən humanist bir insan kimi həmişə xatırlayıram. Bunu vurğulamasam olmaz, ətrafımda klassik ədəbiyyatı bildiyinə görə ən çox sevdiyim insan Nadir Cabbarov idi, dünyanı dərk edən insan kimi isə Aydın Məmmədov olub. Yadda qalan və anında xatyırlaya bilmədiyim çox məqamlar yaşayır geridə qalan illərdə.
- Qələm yorulub, ona dinclik vermək lazımdır...
- Heç vaxt belə düşündüyüm olmayıb. Düzdür, olub ki, səhhət imkan verməyib, bax onda ara verməyə məcbur qalmışam. Bir haşiyə çıxım burda. 2017-ci il ildə İstanbulda idim. Evdə oturmuşdum. Necə oldusa, məni mürgü tutdu və anam yuxuma gəldi. Mənimlə söhbətləşdi, bir-iki tapşırıq verdi. Ayılandan sonra keçib yatmaq istədim, amma nə illah etdimsə, yata bilmədim. Elə bil kimsə məni qaldırıb yazı masasının qarşısına gətirdi. Oturdum və "Anam yuxuma gəldi" şeirini yazmağa başladım:
...Nə biləydim bitəcək,
Ömür sona yetəcək.
Bizi yetim edəcək -
Anam yuxuma gəldi.
Kaş bu yuxu bitməyə,
Röyam sona yetməyə,
Təki bir də getməyə!..
Anam yuxuma gəldi.
Yazarlar Tanrının seçilmiş bəndələridir və o, qələm bizə elə-belədən verilməyib.
- Dünya bina olandan insan onunla savaşır...
- Düzü, mən savaşmıram. Allahın mənə verdiyi savad, istedad, zaman çərçivəsində əlimdən gələni etməyə çalışıram və hər gün Tanrıma şükür edirəm.
- Sizinlə üç ortaq nöqtəmiz var - həmkarıq, zamanında televiziyada çalışmışıq. Üçüncüsünü bilmirsiniz...
- Deyərsiniz bilərəm.
- İki içərişəhərli qabaq-qənşər oturub söhbət edirik və ona görə də İçərişəhərdən danışmamaq günah olar...
- Belə təsadüfə həmişə rast gəlmək olmur. Məndən tərcümeyi-halımı soruşanda ilk dediyim bu olur: "Mən 1955-ci ildə Bakıda İçərişəhərdə doğulmuşam". Bunu həmişə qürurla deyirəm, həm də içərişəhərli olduğum üçün fəxr edirəm. İstər Bakıda, onun ətrafında yaşayanlar olsun, istər bu gün İçərişəhərə axın edən turistlər olsun qala divarlarının əhatəsində olan o dünyanın aurasını bizim kimi heç kəs hiss edə bilməz. On yaşında mən oradan çıxmışam, amma bu gün İçərişəhərə daxil olanda havanın necə fərqli olduğunu hiss edirəm. İçərişəhərin özünün mono dünyası var. Ovqatımın pis vaxtında, ata-anam yadıma düşəndə gəlirəm İçərişəhərə. Düşünə-düşünə o dolanbac küçələri dolaşıram, o havanı içimə çəkirəm və çox yüngülləşirəm. İliyimə qədər işləyən bir dünyadı İçərişəhər. 60 il əvvəl çıxdığım o məkan yaddaşımda, vücudumda özünə elə yer edib ki, bir ovsunçunun sehrinə düşmüşəm sanki. Çox maraqlı insanlar yaşayıb burada, ən əsas İçərişəhərdə böyük-kiçik anlayışı, bu münasibətlərin özünəməxsusluğu vardı. Yadıma gəlir ki, İçərişəhərdə uşaqlar üç yerə bölünərdi: 7-10, 11-14 və 15-16 yaş həddi üzrə. Heç kim bu yaş cızığından kənara çıxa bilməzdi. Yaşca böyüklər kiçiklərə nəsə deyə, onları qulluğa göndərə bilərdi və heç kəs buna etiraz etməzdi.
- Çoxlarına bəlli olmayan bir şarmı var İçərişəhərin...
- Dediyiniz o şarm çox az sayda qalan əsl içərişəhərlilərin özüdür. Başqa cavab axtarmayın.
- Bir göz qırpımı qədər vaxtınız var...
- Deyərdim ki, Allahım, sənə çox şükür...
- Bugünkü mediaya sözünüz...
- Jurnalistika həqiqəti yazmalıdır, yalanı yox. Bu gün bizim mediada feyk yazılar çox gedir. İnsanlar haqqında, dövlətlər haqqında, ölkə rəhbərləri haqqında... Kimin ağlına nə gəlir, onu da yazır. Bu, jurnalistika deyil. İstərdim ki, mətbuatda sanballı yazıların sayı artsın ki, gələcəyin peşəkarları yetişsin.
SÖZARDI: Həmkarım haqqında araşdırma zamanı on il əvvəl 60 illik yubileyində professor İsmayıl Məmmədovun haqqında yazdığı bir məqalə ilə rastlaşdım. Müəllif yazını belə bitirmişdi: "60 illik ömür üçün kifayət qədər sanballı həyat uğurlarının əsasında dəyərli yazarın şəxsi keyfiyyətləri - yüksək intellekti, mənəvi təmizliyi, ədalətə və qanuna sadiqliyi durur. Nəcib xarakterə malik olması, sadəliyi, dürüstlüyü, sözünə bütövlüyü, ünsiyyət mədəniyyəti onun aurasını daha da cəlbedici edir. Yaxından tanıyanlar Aydın müəllimə hörmət və rəğbət hissilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı insan kimi qəbul edirlər". 5-6 cümlə kifayət edib ki, bir insan haqqında təsəvvür yaransın. Biz isə onunla 70 yaşında görüşdük. Eyni dalğaya köklənən insanların söz-söhbəti həmişə tutur. Həmsöhbətimlə yetərincə ortaqlığımız olduğundan iki həmkar kimi yazıdankənar xeyli maraqlı söhbətimiz də oldu. Biz köhnə dünyanın sakinləri olsaq da, günümüzlə ayaqlaşmağı bacara bilirik. Və çox istərdik ki, yeni nəsil əski dünyanın sütunlarını özünə dayaq bilərək, onlara tutunmağı bacarsın.
Tamilla M-ZADƏ

