525 ci qəzet O QAYIDIŞI HƏYAT ÖZÜ İSTƏYƏCƏK Rafael Hüseynov yazır
525.az-dan verilən məlumata görə, Icma.az xəbər verir 525 ci qəzet O QAYIDIŞI HƏYAT ÖZÜ İSTƏYƏCƏK Rafael Hüseynov yazır.
Rafael HÜSEYNOV
Akademik
Görünüşcə hərfdən kiçiksə də, bütöv milləti birləşdirən, xalqın min ildən artıq müddətdə yaratdığı mədəni-ədəbi irslə yeni zamanın və gələcəyin körpülərindən ola bilən, aradan götürülməsi keçmişlə mənəvi bağlılıqların zəifləməsinə gətirib çıxaran bir dil işarəciyinin, məsələnin elmi dərinliyindən yetərincə agah olmadan ixtiyari qərar verməklə yox edilməsinə biganəlik göstərmək yaramaz.
1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutu titul vərəqinə "Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün" aydınlatmasını çıxardığı "Ərəb və fars sözləri lüğəti"ni buraxıb.
Müqəddimədə göstərilir ki, 15.500 baş söz və 700 ifadənin izahı verilən bu lüğət üzərində Lüğətlər İnstitutunun elmi əməkdaşı M.Əsgərli, akademiyanın Ədəbiyyat və Dil İnstitutu Lüğət şöbəsinin keçmiş baş elmi işçisi H.Zərinəzadə, həmin şöbənin fəaliyyətdə olan müdiri Ə.Orucov, şöbənin elmi əməkdaşı B.Abdullayev, laborantı Ə.Həbibzadə işləmiş, hazırlamış mətni professor H.Mirzəzadə diqqətlə redaktə etmiş və əsər təqribən 20 illik ağır zəhmətin nəticəsi kimi ortaya çıxmışdır.
Lüğət üzərində çalışanların, laborantından professorunacan hamısı o çağlar Azərbaycan dilçiliyində imzası etibar oyadan şəxslər idilər və sonralar onlar elmimizin aparıcı simaları olaraq tanındılar. Bununla belə, hamısı birbaşa dil mütəxəssislərindən ibarət o müəlliflər-tərtibçilər heyətinin hazırladığı kitaba məsul redaktor olaraq ixtisasca daha çox ədəbiyyatçı və tarixçi, heç elmi dərəcəsi də olmayan Yusif Ziya Şirvani təyin edilmişdi. 1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indi BDU) Şərqşünaslıq fakültəsində təhsil alarkən canlı klassik saydığımız müəllimlərimizdən olan Yusif Ziyanın yaxşı bildiyi bir sıra dillərin sırasında ərəbcə və farsca da vardı, o, klassik ədəbiyyata yaxşı bələddi və həmin dillərdən bizə gəlmiş sözlərin hansı mənalar daşımasından əlavə, hansı vacib yük daşımasından da bir çox başqalarından daha artıq xəbərdardı. Məhz bu səbəbdən də həmin vacib Lüğətin məsul redaktoru hansısa daha yüksək titullu dilçi, ya ədəbiyyatçı deyil, məhz Yusif Ziya idi (Sibirdə, dustaqlıqda keçirdiyi illər yolunu yarımçıq qırmış, dissertasiya müdafiə etməyə macal tapmamışdısa da, hərəsi bir dissertasiyaya bərabər hər məqaləsinə alimlik dərəcəsi düşürdü və belə məziyyətlərini nəzərə alaraq ona dosent elmi rütbəsi vermişdilər. Ancaq hansısa bədxahlar götürüb Moskvaya Ali Attestasiya Komissiyasına məktub yollamışdılar ki, elmi dərəcəsi olmaya-olmaya buna "dosent" elmi adı veriblər. Uçmuşdu Moskvaya, AAK-da olmuşdu, söhbətdən sonra etiraf etmişdilər ki, elmlər doktoru dərəcəcəsinə də, professor elmi adına da tam layiqdir). Həm də o, indinin, adı ilk səhifədə yer alan, çapa imzaladıqları kitabları heç vərəqləməmiş "redaktor"larından fərqli olaraq, ilk sözdən son sözəcən əlyazmanı diqqətlə oxumuşdu. Bu işi Yusif Ziyaya onu məhz sahənin mahir bilicisi kimi tanıdıqlarından etibar etmişdilər. Çünki bu kitab millət üçün buraxılırdı, bir açar, bələdçi, dərslik səviyyəsində idi və ümummilli mənası olan işlərə sonsuz məsuliyyətlə yanaşmaq köhnə alimlər nəslinin sabit vərdişlərindəndi.
Bütün bunları ona görə xatırladırıq ki, xalqın əlifbası, yazısı, imla mədəniyyəti və klassik ədəbi sərvətlərinin yeni zaman içərisində yaşarılığı ilə bağlı mövzular əhatəsi birbaşa millət quruculuğu, xalqın milli çöhrəsini qorumaq məsələləri ilə bağlı olduğundan bu sahədə hökmvericilik hüququ da yalnız və yalnız həmin işlərə dərindən vaqif olan şəxslərə həvalə edilməlidir.
Müasir Azərbaycan yazısında apostrofun kənarlaşdırılmasına gətirib çıxaran addımlarsa onu sübut edir ki, ya bu, üzdən kiçik kimi qəbul edilə biləcək dəyişikliyin necə böyük olduğunu peşəkarcasına bilməyənlərin naşılığının, ya da bu dəyişikliyin nə demək olduğunu yaxşı dərk edən və vuracağı ziyanın hüdudlarını da bilən, millətəəks siyasət yeridən və ya bunu kimlərisə təsir agentlərinə çevirərək məkrlərini qıraqdan icraya ötürən örtülü qüvvələrin əməlidir.
Ona görə də "kənardangəlmə olan apostrof dilimizdə qalmalıdır" fikrimizi əsaslandırmaqçün əvvəlcə məsələnin özəyinin hər kəsə ayrıntıları ilə bəlli olmasından ötrü apostrofun yazımızdakı tarixindən, mənşəyinin nədən ibarət olmasından dəlilləri ilə bəhs etmək gərəkdir.
Azərbaycan VIII-IX əsrlərdə Xilafət istilasına məruz qaldıqdan sonra ötən zamanın nəticəsi bu oldu ki, işğalçı ərəblər ərazilərimizi tərk edib getdikdən sonra da kəsilməz təsirlərinin nişanəsi olan əlifba və dil qaldı.
Bilavasitə ərəbcədən keçərək və həmçinin farscanın vasitəçiliyi ilə gələrək tarixən dilimizdə minlərlə ərəb sözü işlənmiş, onların bir çoxu tarixi gedişatda müəyyən dövrdən sonra əriyib itmişsə də, klassik şeirimizdə qalanları az olmadı, bir qisim ərəb kəlmələri isə azərbaycanlılaşaraq, vətəndaşlıq haqqı qazanaraq dilimizdə elə öz doğma sözlərimiz kimi yaşamaqda davam etdi.
On iki əsr boyunca ərəb əlifbasını işlətdiyimizdən fars və ərəbcədən dilimizə gələn sözləri elə əslində olduğu kimi yazırdıq. Lakin XX əsrin 30-40-cı illərində əvvəlcə latına, ardınca kirilə keçdikdən sonra ərəb və farscadan dilimizə köçmüş ayn hərfli və həmzə işarəli sözlərin yazımızda ifadəsi üçün apostrof da 32 hərfdən sonra əlifbamıza rəsmən ayrıca bir işarə kimi əlavə edildi. Bu işarə orijinalında ayn və həmzə işlənmiş gəlmə sözlərin yazılması verilişində istifadə edilirdi. 1930-1940-cı illərdə, ta 1950-ci illərin əvvəllərinədək Azərbaycan dilinə ruscadan və rus dili vasitəsilə gəlmiş bir para sözlərdə də apostrof işlədilirdi. Bunlar rus əlifbasındakı qalınlıq (tvёrdıy znak) və incəlik (məqkiy znak) işarəli, bütövlükdə sayı 42 olan sözlər idi. 1940-cı illərdə Azərbaycanda nəşr edilmiş kitablara, qəzet və jurnallara baxılırsa, "fel`eton", "ob`ektiv", "atel`e", "barel`ef... kimi sözlərin də apostroflu yazıldığı müşahidə edilər. Lakin kiril qrafikasından hazır götürülmüş e, ö, ə hərfləri 1950-ci illərin ortalarında aparılan əlifba islahatından sonra yazımızdan çıxarıldıqdan sonra Avropa və rus mənşəli bir qisim sözlərdə apostrof qoymaq ənənəsi də bitdi, daha "prem`er" deyil, "premyer", daha "sub`ekt" yox, "subyekt" yazmağa başlanıldı. Beləliklə, apostrof əlifbamızda daha konkret və daha təbii vəzifəsini daşımağa - yazımızda sırf ayn və həmzənin əvəzedicisi olaraq sözün birbaşa mənasında sahman yaratmağa başladı. Ona görə təbii vəzifəsini ki, gündəlik yazımızda da, nitqimizdə də gen-bol işlənən "mə`ruzə", "tə`til", "tə`sir", "e`lan", "tə`rif", "mə`dən" və bir çox belə kəlmələr apostrof işarəsi qoyulmadan düz tələffüz edilməzdi. Çünki Azərbaycan dilinin öz fonetik təbiətinə görə bu sözlərdə vurğu son hecaya düşür. Bu qəbil sözlərin ona tanış olanlarını artıq yaddaşına əsasən apostrof qoyulmadan da məhz apostroflu kimi tələffüz edəcək köhnə azərbaycanlını deyil, dilimizi öyrənən, artıq azərbaycancanın vurğu anlayışından xəbərdar olan əcnəbini təsəvvür edin. İstər-istəməz vurğunun yerini səhv olaraq son hecaya qoyacaq. Ya öz əhali kütləmizə üz tutaraq "cür`ət", "sür`ət" və bu qəbil sözlərin tələffüzü ilə bağlı sorğu aparılsın. Eksperimentin hər gün müşahidə etdiyimiz acınacaqlı mənzərəsini təqdim edək: apostrofsuz yazılmış "cür`ət", ya "sür`ət" sözlərini biri "cüürət" oxuyacaq, biri "süürət", biri vurğunu sona ataraq "cürət" deyəcək", obiri "ü"nü "u" ilə əvəzləyərək "surət".
Klassik və müasir Azərbaycan dilində işlənmiş, ümumi sayı minədək olan aynlı və həmzəli sözlərin bugünkü apostrofsuzluğunun yaratdığı arzuolunmaz vəziyyətin hansı səviyyədə olduğunu dəqiq təsəvvür etməkçün respublika ərazisində həmin sözlərin sadəcə üzündən oxunuşu üzrə sorğu keçirilməsi yetərlidir. Bu sıradan olan sözlərin az bir hissəsi bu gün də nitqimizdədir, onları savadlı adamlar elə yaddaşdakı səslənişin hesabına doğru dilə gətirir. Ancaq ən oxumuş, ən bilikli ziyalıların da qarşısında klassik ədəbiyyatımızdan nümunələri düzün. Nəzarət edənlər eksperimentə cəlb edilənlərə Füzuli, Seyid Əzim, Sabir, yaxud Cavidin son illərdə artıq apostrofsuz nəşr edilmiş şeirlərini oxutdursunlar, ardınca isə həmin mətnlərin daha əvvəlki onillərdə apostroflu buraxılmış variantını versinlər. İkinci halda nəticələr qənaətbəxş, birinci halda qüsurlarla dolu olacaq.
İş ondadır ki, aynlı və həmzəli sözlərin apostrofsuz verildiyi şeirlərdən heç ərəb və farscanı bilənlər də dürüst baş çıxara bilməyəcəklər. Tutalım, "elə məclislərə bəzən get" yazılanda bu sözləri oxuyan necə müəyyən etsin ki, "bəzən"ib getmək lazımdır, ya hərdənbir - "bə`zən".
Bu, bizim ixtiyari dediyimiz bir cümlədir, daha narahat qənaətləri yarada biləcək klassik ədəbiyyatımız var axı.
Seyid Əzim "Divan"ının apostrofsuz nəşr edilmiş mətnində bu misralarla qarşılaşan oxucu da, lap ən püxtə ədəbiyyatşünas da bir neçə fərqli, ya tam əks məna arasında naçar qalacaq, heç vəchlə qəti qərara gələ bilməyəcək.
Əslində apostrofla belə verilməli olan misra:
Təb`i-ətfal lə`bə maildir.
Apostrofsuz belə yazılarkən sətrin mənası tilsimlənir:
Təb-i ətfal ləbə maildir.
"Təb" həm qızdırma deməkdir, həm də xilqət, təbiət, xasiyyət. Amma bu sözün damğa, möhür mənası da var, basma, çap etmə anlamı da, ilham çaları da.
"Ləb" sözü həm dodaq deməkdir, həm də sahil, qıraq, kənar. Üstəlik bu sözün oyuncaq, əyləncə, oyun mənaları da var.
![](https://525.az/img/pics/large/2025-02/342765_itd6hejh9b.jpg)
Təbii ki, ərəb əlifbasında yazılarkən məna dəqiq tutula bilər. Apostroflar qoyulanda da oxucu söhbətin nədən getdiyini anlayar. Ancaq misra apostrofsuz veriləndə (necə ki, indi edilir) aləm bir-birinə qarışır. Necə anlamalı?
Misranı belə də yozmaq olur ki, uşaqların qızdırması dodaqlarına verər; belə də çevirmək olar ki, uşaqların xasiyyətidir ki, adamın yanında olmağa meyil edər; belə də izah etmək mümkündür ki, uşaqlar dodaqdan ilhamlanar.
Ancaq apostroflar yerinə düzüləndə dəqiq məna ortaya çıxır: Bu, uşaqların xilqətindədir ki, oyuna, oyuncağa mail olurlar.
Və ya elə Seyid Əzimdən alınan daha bir örnək apostrofdan kənar durmanın yaratdığı daha bir ciddi məna dolaşıqlığını üzə çıxarır. Burada apostrofun yoxluğu artıq şairin dünyagörüşü, fəlsəfəsi ilə bağlı yanlış qavrama əlaməti doğurur. Seyid Əzim belə yazır:
Qanmırıq əhl-i şər` fitvasın.
Sonundakı apostrofla yazılanda "şər`" sözünün mənası aydındır: şəriət deməkdir. Ortasında apostrofla yazılanda isə "şə`r" - "tük", "saç" mənası verir. Ancaq apostrofsuz yazılanda "şər" həm "şər", "böhtan", "bəd əməl" deməkdir, həm də "fitnəkar", "pis adam" anlamı verir.
İndi apostrofsuz verilən bu misranı oxuyan necə dərk etsin?
"Şər adamların fitvasını anlamırıq" bir ayrı mənadır, saxta ruhanilərlə yola getməyən dikbaş şairin əslində demək istədiyi "Şəriət adamlarının verdiyi fitvanı başa düşmürük" isə büsbütün əks bir anlam.
Yaxud yenə elə Seyid Əzimdən mənanı baş-ayaq edən, şairin fəlsəfəsinə dəxli olan daha bir apostrofsuzluq əngəli. Şairin seçilmiş əsərlərinin latın qrafikalı nəşrində apostrofsuz verilərək bu şəkil almış:
Ələmi-xəlqi-kun-fəakanam mən.
əslidə belə olmalıdır:
Ə`ləm-i xəlq-i künfəkanəm mən.
"Ə`ləm" - "ən alim", "ən bilgin" deməkdir, "künfəkan"sa - "dünya", "aləm", məcazi mənada "xaraba qalmış", "alt-üst olmuş", "darmadağın".
Şair "mən bu incidilmiş, alt-üst edilmiş xalqın ən bilikli alimiyəm" söyləyir. Ancaq apostrofsuz yazılarkən tamam fərqli mənalar ortaya çıxacaq və oxucu əsla şairin bu mənalardan hansını nəzərdə tutduğunu qətiyyətlə müəyyən edə bilməyəcək.
"Ələm" həm "dərd", "qəm", "ağrı", "sancı" deməkdir, həm də "əlamət", "nişan". Üstəlik, bu sözün "bayraq" anlamı da var.
"Mən bu dağıdılmış xalqın ağrısıyam". Belə bir məna çıxa bilər və xalqın çəkdiyi acılara biganə qalmayan Seyid Əzimin dilindən təbii səslənər.
"Mən bu viran qoyulmuş xalıqın bir nişanəsiyəm" kimi yozula bilər, yenə düz çıxar. Axı Seyid Əzimin elə özünə də "künfəkan" - "dağılan" dediyi başqa misraları var. Vaxtilə Nizami Gəncəvinin uçulub-sökülən, bərbad hala düşmüş məqbərəsi önündə qüssələnərək bu misraları da Seyid Əzim demişdi axı:
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izz ü ehtişamı dağılan,
Olmubdu səninlə mən kimi aləmdə
Beyti, evi, məktəbi, kəlamı dağılan.
Və ya cəmiyyətdə, el içində tutduğu aparıcı mövqeyi göz önündə tutaraq o sətrə Seyid Əzimin "Mən bu alt-üst edilmiş xalqın bayrağı, ya bayraqdarıyam" mənasını yüklədiyi qənaətinə də gəlmək mümkündür. Hər biri də düz olacaq. Ancaq fərqli mənalardır axı. Yerində düz qoyulmuş bircə apostrofsa bütün bu qatmaqarışıqlığı heçə endirir. Apostrofun nə olduğunu anlamaqçün belə incəlikləri bilmək gərəkdir. Qərarı isə bunu bilməyənlər verəndə zərər millətə dəyir.
"Hophopnamə" yüzillər ötsə də nimdaşlaşmayacaq, hətta çoxdan dövriyyədən çıxmış qəliz ərəb-fars tərkibləri, dürlü izafətləriylə də seviləcək, şövqlə oxunacaq və apostroflar yerinə qoyulmadan nəşr edildikcə də bəs deyincə çaşqınlıqların, anlaşılmazlıqların yaranması qaçılmaz olacaqdır.
Sabir irsinə müraciət edərək şeirdən-şeirə adladıqca apostrofsuzluğun doğurduğu məna yöndəmsizlikləri və anlaşılmazlıqları oxucunu addımbaşı təntidəcək.
Sabirin ilk dəfə "Molla Nəsrəddin" dərgisinin 25-ci sayında 1907-ci ilin 8 iyulunda imzasız dərc edilmiş, sonraların çox məşhur:
Pa atonnan, nə ağır yatdı bu oğlan, ölüb ə!
Nə də tərpənməyir üstündəki yorğan, ölüb ə! - .
mətləli şeirində belə bir beyt də var:
Cumuxub canına bitlər, birələr, hiss eləmir,
Çalsa əqrəb də, hənuz eyləməz im`an, ölüb ə!
"İm`an" bir ərəb sözüdür, mənası da "diqqət etmək", "baxmaq", "ciddinə getmək" deməkdir. Sabir də onu deyir ki, aləm oyandığı halda bu müsəlman qəflət yuxusunda elə uyuyur ki, hətta onu əqrəb də sancsa, fikir verməz, oyanmaz (Yenə təəssüf, Sabirin hələ ki, ən mükəmməl nəşri sayılan 1962-ci ildə buraxılmış "Hophopnamə"sində "im`an" sözü səhvən "əmman" kimi verilib. Həmin cildin sonunda geniş lüğət var, lakin "əmman"ın nə demək olduğu orada göstərilmir. Necə göstərilsin ki, ümumən belə söz yoxdur).
Lakin apostrofsuz yazılanda bu söz dönüb olur iman - "inam", "etiqad" və misra belə məna verir ki, bu oğlan elə bərk yatıb ki, əqrəb də çalsa, oyanaraq dinə-imana gəlməz.
Mahiyyətcə elə məna alınır ki, Sabirin fəlsəfəsinə, şeirin ümumi mənasına da zidd olur. Ancaq indi "Hophopnamə" apostrofsuz nəşr edilir. Məna məhz bu cür alınır, gələcəkdə eyni şəkildə nəşr ediləcəksə, eyni səhv qavrama da davam edəcək.
"Hophopnamə"dəki, ya transliterasiya edilərək apostrofsuz nəşr edilən "Molla Nəsrəddin"dəki rastlaşılacaq və fikir haçalanmaları, bir çox hallardasa məntiqsizlik yaradacaq, axıracan düzgün anlamağa maneəyə çevriləcək növbəti bir apostrofsuzluq fəsadına Sabirin "Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!" şeirində tuş düşürük.
Bu - ülfət, bu - rə`fət, bu da - ittihad!..
Bax, iştə, bu - məclis, bu da - in'iqad!
Ərəbcədən keçərək dilimizdə işlənmiş, apostrofu, Sabirin yazdığı kimi, saitdən sonra qoyularaq "rə`fət" kimi yazılan və "rəhmetmə", "ürəyiyanma", "yazığıgəlmə", bir də "mehribanlıq" mənası verən söz də var, "yüksəklik", "böyük rütbə" mənaları daşıyan, apostrofu samitdən sonra qoyulmalı "rəf`ət" kəlməsi də.
Apostrofsuz yazılarkən oxucu bilmir ki, Sabir əslində bu sözlərdən hansını işlədib və misradan iki fərqli məna çıxır: "Bu ülfət, bu mehribanlıq, bu da birlik" kimi də yozula bilir, "Bu ülfət, bu yüksək rütbə, bu da birlik" təhər də. Bir apostrofla bütün bu nahamvarlıqlar öz-özünə yox olursa, ondan imtina ilə bu qədər sıxıntını törətməyə dəyərdimi?
Əlifba dəyişmələrinin, orfoqrafiyadakı dərin düşünülməmiş, bəzənsə cahil özfəaliyyətlərin vurduğu zərərlər hətta müəyyən müddət keçdikdən, buraxılmış səhvlər islah edildikdən sonra da özünü göstərir. Böyük tirajlarla klassik irs nümunələri, ayrı-ayrı şairlərimizin əsərləri, dərsliklər, ensiklopediyalar bəlli vaxtdan bəri apostrofsuz nəşr edilib. Hətta sabah apostrof bərpa edilərək təzə nəşrlər lazım olan kimi gerçəkləşdirilərsə belə, apostrofsuz buraxılmış köhnə kitablar yenə çaşqınlıqlar yaratmaq, oxucu yanıltmaq səmtində umulmaz "xidmətini" göstərəcəkdir.
Azərbaycan dilinin aktiv və passiv söz ehtiyatında olan aynlı və həmzəli, deməli, apostroflu 900-dən çox, 1000-dən az sözün dörddəüçü ayn, dörddəbiri həmzə ilə əlaqədardır.
...Bu gün bizim apostrofsuz istifadə etdiyimiz sonu aynlı - mövzu, mənbə, tale, sənae, mənafe, təvəqqe, ixtira və s. kəlmələr Məhəmməd Füzulinin də, digər əski şairlərimizin də "Divan"larında, məsnəvilərində də görünməkdədir, təbii ki, yeri düşdükcə həmin sözlər hallanır, müəyyən izafət tərkiblərinə də girir. Bu gün həmin mətnləri nəşr edirkən sondakı ayn əvəzi apostrofları yerinə qoymasaq, səhvə yol vermiş olacağıq və buraxılan kitab, əlbəttə ki, mətnşünaslıq və dil baxımından nöqsanlı olacaqdır.
Füzulinin bu beytini:
Həmrəng-i ləbindir deyə, qət`-i nəzər etməz,
Xun-i cigərimdən müje-yi əşkfəşanım -
apostrofsuz nəşr edəndə məna dəyişərək tam əksinə olur, şeirin gözəlliyi də itir, şairin fikri də təhrif olunur. Füzuli deyir ki, sənin al dodağın ilə eyni rəngdə olduğundan göz yaşlarımı səpən kirpiklərim ciyərimin qanına baxmaqdan dayanmaz. Apostrofsuz yazılanda isə bu məna alınır ki, sənin al dodağınla ciyərimin qanı eyni rəngdə olduğundan yaşlı kirpiklərim qəti surətdə o tərəfə baxmaz.
Yaxud yenə Füzulidəki sonu apostroflu "nəf `" sözü apostrofsuz nəşr edilərkən bu misra vəzndən çıxacaq:
Kim ki, məndən nəf ` bulmaz, istəmən nəf `in onun,
Ol ki, yox nəf `im ona, nəf `i mənə olmaz həlal.
Ya da eyni hadisə sonu apostroflu olmalı olan "şəm`" sözü klassik mətnin nəşrində apostrofsuz veriləndə baş verəcək:
Saye-yi zülfün şəbistanındadur şəm`-i rüxün,
Necə yetsin qədr ilə xurşid-i aləmtab ona?
Bu misraların birində "rəf `"dən, digərində "dəf `"dən, obirində "mən`"dən sonra apostrof olmasa, söz düzgün oxunmayacaq, vəzn pozulacaq, həm də apostrofsuzluq ayrı bir məna dolaşıqlığı da doğuracaq:
Qıldı məndən rəf ` təklif-i nəmazi məstlik
Saldı həqq bir nəş`e-yi cam-i mey-i gülgun mana.
Sənsən ol xatəm ki, dəf ` etmiş təmam-i hakimi
Xatəm-i hökm-i risalət tapşırıb dövran sana.
Mən bilməzəm mənə gərəgin, sən həkimsən,
Mən` eylə, vermə, hər nə gərəkməz sana, mana.
Əlbəttə ki, sonu apostroflu "mən`"lə apostrofsuz "mən"i yanaşı görəndə oxucu aydınca hiss edir ki, ki, apostrofsuz ikisi də eyniləşən "mən"lər əslində tam fərqli mənalar daşıyırlar.
Apostrofun daha bir sahmanyaradıcı özəlliyi orta əsrlər şeirimizdə "ki"dən sonra gələn sözlərin vəznin tələbi ilə onlara birləşməsi zamanı "k" ilə ardındakı sözü ayıraraq məna dolaşıqlığı yaranmasının qarşısını almasıdır. Həbibinin qəzəlində etdiyi kimi:
Gər dü gövni bir qılına versələr min can ilə,
Ey sənəm, billahi, verməz k`ola məccan saçların.
Apostrof qoyulmasa, "ki ola" dönüb olacaq "kola" və bu minvalla da klassik şeirimizdəki neçə-neçə bu cür incə mənalar kola-kosa qarışıb itəcək.
Həmzə də vaxtilə ərəb əlifbası əsasındakı Azərbaycan yazısında min ildən uzun müddətdə işlənmiş, ərəb əlifbasından ayrıldığımızdan sonra isə apostrofla əvəzlənmişdir. Əlbəttə, dilimizə keçmiş həmzəli sözlər aynlılardan xeyli az olmuş, ümumi nisbətdə apostroflu sözlərimizin iyirmi beş faizini təşkil etmişdir. Aynda olduğu kimi, burada da həmzənin sözün əvvəlində olduğu hallarda dilimiz bunları özləşdirmiş, həmin kəlmələr apostrof qoyulmadan yazılmışdır: əsər, əcəl, əcnəbi, ətraf və s.; ibtidai, iblis, ittifaq, idarə, idman, irs, iradə, istirahət və s.; övlad, övliya, övc və s.; ülfət, üns, üsul, üfüq, ünsiyyət və s.; eyham, ehmal, ehram, ehya və s. kimi kəlmələr həm yazılışca, həm də mənaca xeyli dərəcədə azərbaycanlılaşaraq işlək söz fondumuzda sabitləşmişdir.
Söz ortasında işlənmiş həmzələrin də müasir yazımızdakı qisməti elə söz içərisində işlənən aynlarınkı kimi olmuşdur.
İki sait arasında gələn həmzəni apostrofla əvəzləməməyi dilimiz və yazımız mümkün saymış və ailə, müəllif, kainat, təəssüf, rəis, şaiq, qiraət, mail, vəsait, bəraət, dairə və s. kimi kəlmələrin yazılışını azərbaycanlılaşdırmışdır. Ancaq bu yerdə həm nitqimiz, həm də yazımızda müşahidə edilmiş bir özünəməxsus istisnaya diqqət etmək lazımdır. Bəzi hallarda dilimiz iki sait arasında gələn həmzəni "y" ilə əvəzləmiş, danışığı daha artıq musiqililəşdirməyə, rəvanlaşdırmağa hesablanmış bu keyfiyyət müəyyən tərəddüdlərlə yazıya da keçmişdir.
Ayn da, həmzə də yazıda işarə olmaqla yanaşı səsdirlər və onların ərəbcədə bəlli tələffüz şərtləri var. Ayn - xirtdək samiti, həmzə - arxa damaq səsidir. Ancaq "ayn"ı dilimiz tarixi gedişatda ərəbcədəki səs məxrəcindən çıxararaq bizimkiləşdirmiş, hətta saitə çevirəcək qədər assimilyasiyaya uğratmışdır. Həmzə isə ondan da artıq.
Saitlə samit arasında gələn həmzələrin yerini müasir yazımızda apostrofla doldurmağı həmin sözlərin ritmi tələb etmişdir: mə`zuniyyət, rö`ya, tə`xir, mə`yus, tə`min və s.; samitlə sait arasında da elə həmin cür: məs`ul, məş`um, cür`ət, cüz`i, hey`ət və s.
Orta əsrlərin qafiyə elmi şərtlərinə görə, sağlam qafiyəni tam eyni cinsli, eyni səsləniş ağırlığına malik hərflər, səslər yaratmalıdır. Lakin klassiklərimiz sonu həmzəli olan nümunə gətirdiyimiz biçimli sözləri sonu həmzəli olmayan xuda, pişva, cüda, sər ü pa, tərsa və s. bu kimi sözlərlə həmqafiyə etməklə sanki söz sonundakı həmzələrə laqeydliklərini qabartmışlar.
Ancaq hər halda söz sonunda gələn həmzələrlə bağlı apostrof istisnası var. Çünki klassik şeirimizdəki sonu həmzəli təkhecalı sözləri müasir yazımızda verərkən apostrof qoymasaq, o misranın əruzuna xələl gələcək. "Da`" - dərd, xəstəlik, azar deməkdir. Məhəmməd Hadi şeirindəki bu sətirdə "da"dan sonra apostrof qoyulub bu söz uzun oxunmasa, vəzn qaçar (Mən şeirin 1978-ci ildəki nəşrinə istinad edirəm və o kitabda yanlış verilmiş misrasını islah edərək doğrusunu verirəm. İş ondadır ki, kitabda aşağıda düzəldərək gətirdiyimiz misra belə verilmişdir: "Tutub da nəbzini anlat nədir nidayi-vətən?" Bu beyti tərtibçilərin təqdim etdiyi kimi versək, məna anlaşılmazlaşır. Hadi deyir ki, ey "zəmanənin təbibi mənəm" deyən boşboğaz, gəl vətənin nəbzini tut və söylə onun dərdi nədir. Kitabdakı yazılışdansa belə çıxır ki, həkim nəbzi tutaraq vətənin səsinin nə olduğunu anlatmalıdır. Misranın belə məntiqsiz hala salınması Hadi kimi fəlsəfi düşünən bir şairi də tərtibçilərin özləri istəmədən kiçiltməsi deməkdir. Təəssüflənirəm ki, eyni qələt olduğu kimi həmin kitabın 27 il sonrakı latın qrafikasındakı nəşrində də olduğu kimi təkrarlanır):
Gəl, ey "təbib-i zəmanəm" deyən gəzafpəsənd,
Tutub da nəbzini anlat nədir, nə, da`-i vətən.
Bir istisna da vardır ki, o da müasir yazımızda deyil, klassik irsimizin nəşrində daim nəzərə alınmalıdır.
Sonu "ə" ilə bitən sözlərdən sonra gələn həmzənin yerinə hökmən apostrof qoyulmalıdır. Müasir dilimizdə işlənən belə sözlərdən birinə baxarkən onu anlayırıq ki, biz intuitiv olaraq hər halda bu sözün axırındakı həmzəni nəzərə alırıq. Yəni bunu bizə dilimizin ənənəsi belə çatdırıb. Çünki əks təqdirdə sonu həmzəli "mənşə" sözünü biz bu gün hallandırarkən "mənşəim" yox, "mənşəm" deyib-yazmalıydıq.
Elə vaxtilə Nəsimi də belə işlədib:
Kaf ilə nun məbdəimdir, mənşəimdir kainat.
Apostroflu olmalı sözlərimizin müasir yazımızda və nitqimizdə sayı vaxt gərdişində azala-azala getmiş, hazırda bədii, elmi, ictimai-siyasi ədəbiyyatda, gündəlik mətbuatda, radio-televiziyada, sosial şəbəkələrdəki canlı Azərbaycan dilində işlənməkdə olanlarının miqdarı 234-dür.
Əlbəttə, biz bu sözlər dairəsi və 234 rəqəmi üzərində inadla durmuruq. Dərinə getsən, 10-15 söz də bu çevrəyə daxil ola bilər. Ancaq istənilən halda bugünkü nisbətən fəal və diri apostrofla işlənə biləcək sözlər dairəsi budur. Bir neçə söz artırıb-əskilməsiylə mahiyyət dəyişmir. Ancaq XX əsrin indiki vaxtının mətnlərini qarşılaşdıraraq müqayisə etsək, bundan iki dəfə yarım çox fəal apostroflu söz tapacağıq. Yəni dil özü-özünü tədricən təmizləyir. Ola da bilər ki, qarşıdakı illər və onillərdə bu say daha da azalsın. Lakin bu, əsla ona icazə vermir ki, biz əlifbamızdakı hərflər sırasında apostrofdan imtina edək. Çünki klassik ədəbi irsimiz yerində durur və apostrofsuzluq, bir daha təkidlə təkrar edirik ki, indiki və gələcək nəsillərin söz yatırımızın dünəni ilə bağlantısını zəiflədir, bir-birinə bənd olan xeyli anlama və oxuyabilmə müşkülü doğuraraq onların əski ədəbiyyatlarımızla rəvan təmaslarına getdikcə daha da qabarıqlaşacaq çatlar salır.
XIII-XX əsrlərdə yaradılmış və klassika cərgəsinə qatılan ədəbi mirasımızı araşdırarkən müasir dilimizdə ömrünü davam etdirənlərdən savayı 703 apostrofla göstərilməli sözə rast gəlirik.
İstisna deyil ki, gələcəkdə orta əsrlərdə yazıb-yaratmış hansısa şair və nasirlərimizin türkcə yazmış olduqları əsərlər üzə çıxsın və orada az sayda olsa da, göstərdiyimiz bu siyahıda əksini tapmamış apostroflu sözlər tapılsın.
Zənnimizcə, klassik ədəbiyyatda işlənmiş bütün apostroflu sözlər "Orfoqrafiya lüğəti"nin yeni nəşrlərində ayrıca bölmədə mütləq verilməlidir. Çünki həmin sözlərin köhnə mətnləri çapa hazırlayanlar tərəfindən öz mülahizələrinə uyğun verilməsi əlavə qatmaqarışıqlıq və yeni orfoqrafiya pintiliklərinə bais ola bilər. Dil isə nizam sevir və apostrof istiqamətində onsuz da indiyədək törədilmiş sahmansızlıqlara son qoymaqdan ötrü belə həssas məsələlərdə son dərəcə diqqətli və məsuliyyətli olmaq ümdə şərtdir.
Apostrof qalsın-qalmasın müzakirələri Azərbaycanda XX yüzilin 50-60-cı illərində də gedib, XXI yüzilin əvvəllərində də, həmişə qalmanın qızğın tərəfdarları olan kimi, apostrofdan vaz keçməyi təklif edənlər də tapılıb. Bu gün də apostrofa gərək yoxdur düşüncəsində olanlar var. Ancaq təhlillər göstərdi ki, apostrof dilimizin keçdiyi tarixi inkişaf yolu ilə bağlıdır, yazı mədəniyyətimizdə əhəmiyyətli mövqeyi var, onun varlığı ilə imlamız bir qədər də təkmilləşir, apostrofun yardımı ilə yazımızla nitqimiz, tələffüzümüz, orfoqrafiyamızla orfoepiyamız arasındakı əlaqə artır. Apostrof körpüsü müasir və klassik ədəbi dilimizi bir-birinə daha rabitəli edir, klassik ədəbi irsimizin nəşri, tədqiqi üçün zəruridir, əski poeziyamızla yeni nəsillər arasında yarana biləcək maneələri aradan götürür, Güney və Quzey Azərbaycanın ortaq ədəbi dili quruculuğunun gələcəyi üçün misilsiz fayda daşıyır.
Sözün kökünü, əslini nəzərə almadan və təbii ki, bundan bixəbər olaraq "sehr"ə "i" artıraraq "sehir", "səbr"i də o yolla "səbir", "şe`r"i "şeir" edənlər, guya yazını sadələşdirməkçün dilimizə kənardan gəlmiş "təyyarə", "mədəniyyət", niyyət, "vəsiyyət" və digər bir çox kəlmələrdə "y"lardan birini ixtisara salmaq (nə var-nə var, dilimizi çox da savadlı danışmayanların nitqində bunlardan biri onsuz da ixtisara salınırmış ) və qeyri belə-belə qondarma dilpozuculuq təşəbbüslərinə rəvac verənlər, saflaşa, durulaşa, təkmilləşə-təkmilləşə gələrək indiki gözəl səviyyəsinə çatmış ədəbi dilimizi rəsmən saya danışıq dili səviyyəsinə yuvarlatmağa cəhdlərin hər biri təhlükəlidir və millətinə, yurduna, dövlətinə bağlı hər kəsi belə hallara qarşı sərt və mübariz, ardıcıl və yenilməz olmağa durmadan səfərbər etməlidir.
XX yüzildə Azərbaycanın ərəb əlifbasından latın qrafikasına keçidi dönəmindəki ilk orfoqrafiya lüğəti 1929-cu ildə Vəli Xuluflunun müəllifliyi ilə buraxılmışdı və 1939-cu ildə artıq latın kirillə əvəzlənərkən növbəti belə lüğəti 1940-cı ildə Nizami adına Dil və Ədəbiyyat İnstitutu hazırlayıb nəşr etdi. Üçüncü "Orfoqrafiya lüğəti"miz 20 il ötəndən sonra - 1960-da çıxdı. Azı hər beş ildə yenidən təkmilləşdirilmiş buraxılışına ehtiyac duyulan "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 1975-ci ildəki kiril əlifbasında sonuncu, bütövlükdə dördüncü nəşrindən (bu axırıncı nəşr idi ki, orada verilmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları" bölümündə "Apostroflu sözlərin yazılışı"na ayrıca paraqraf həsr edilmişdi) sonra yenidən 2004-cü ildə latın qrafikasında işıq üzü gördü və həmin kitaba Elmlər Akademiyası Dilçilik İnstitutu adından yazılmış ön sözdə, fikrimizcə, ciddi dilçilik yanlışının təsdiqi kimi səslənən belə bir cümlə də vardı: "Məlumdur ki, böyük və əsaslı müzakirələrdən sonra Azərbaycan dilinin latın qrafikalı əlifbasına apostrof (`) işarəsi salınmamışdır və buna görə də Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarında da apostrofla bağlı bölmə yoxdur. Təbiidir ki, lüğətin tərtibi zamanı bu, nəzərə alınmış və kiril əlifbasında apostrofla yazılan sözlər apostrofsuz verilmişdir. Amma yeri gəlmişkən qeyd edim ki, bəzi sözlərin yazılışında müəyyən dəyişiklik edilmişdir (məsələn şe`r sözü əvvəllərdə olduğu kimi iki heca ilə yazılan bir qrup sözlərin siyahısına salındığından yazılışı şeir kimi verilir). "Qeyd edim" yazılsa da, mahiyyətcə bu cümlələr lüğəti hazırlamış kollektivin və mətni təsdiqləyərək ona hüquqi güc və ümummilli siqlət vermiş Azərbaycan hökumətinin mövqeyidir.
Orfoqrafiyamızın bu şəkildə təsdiqindən sonra apostrofsuzluq dönəmində nəşr edilmiş klassik irsə aid kitabların hamısının gələcəkdə yenidən apostrofla çap olunmasını həyat özü mütləq istəyəcək. Millətin ortaq sərvəti və mənəviyyatının dayağı olan mirasın gələcək nəsillərə çürük çatmamasının əlacını zaman özü tapacaqdır.
31 yanvar 2025
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)