Icma.az
close
up
RU
525 ci qəzet Orta məktəblərdə Media savadlılığı nın tədrisi müzakirə olunur

525 ci qəzet Orta məktəblərdə Media savadlılığı nın tədrisi müzakirə olunur

Orta məktəblərdə media savadlılığı haqqında fənn keçilə bilər. Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə media savadlılığının artırılması sahəsində orta məktəblərlə iş aparılmasını müzakirə edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, media savadlılığı haqqında ayrıca fənn və ya məşğələlərin orta məktəblərin tədris proqramına əlavə edilməsi müzakirə edilir. Bu barədə qurumlar arasında dəfələrlə görüşlər keçirilib. Media savadlılığı digər fənlərlə inteqrasiya edilmiş formada da keçilə bilər.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, "Media savadlılığı" fənninin bir çox ölkələrin orta məktəblərində tədris olunması, informasiya dövründə şagirdlərin tənqidi düşüncə və məlumatı dərk etmə bacarıqlarını inkişaf etdirmək üçün atılan vacib addımlardan biridir. Orta məktəb səviyyəsində bu fənnin olmaması təhsil sistemində ciddi bir boşluq yaradır və gənclərin informasiya mühitində şüurlu şəkildə hərəkət etməsi üçün tələb olunan əsas bacarıqları mənimsəmələrinə mane olur: "Media savadlılığı" fənni şagirdlərə media məzmununu düzgün dərk etmək, qiymətləndirmək və informasiya mənbələrini tənqidi analiz etmək bacarıqlarını aşılayır. Müasir dövrdə media yalnız informasiya çatdırmır, eyni zamanda ictimai rəyin formalaşmasında, qərarların verilməsində və sosial davranışların istiqamətləndirilməsində mühüm rol oynayır. Media platformalarının sürətlə inkişaf etdiyi və məlumat bolluğu yaşandığı bir dövrdə insanlar yanlış, manipulyativ və ya saxta məlumatlarla üzləşir. Bu xüsusilə sosial şəbəkələrin dominant olduğu cəmiyyətlərdə daha qabarıq görünür. Məhz bu səbəbdən "Media savadlılığı" fənni şagirdlərə aşağıdakı bacarıqları qazandırır".

O bildirib ki, şagirdlər verilən informasiyanı kor-koranə qəbul etmədən, onu müxtəlif aspektlərdən dəyərləndirməyi və mənbənin etibarlılığını yoxlamağı öyrənir. Media savadlılığı şagirdlərin "feyk xəbərlər", manipulyasiya edilmiş görüntü və məlumatlara qarşı daha ayıq-sayıq olmasını təmin edir. Şagirdlər media vasitəsilə onlara ötürülən fikirləri qəbul etməzdən əvvəl məntiqi və faktlara əsaslanan şəkildə öz fikirlərini formalaşdırmağı öyrənir. Texnologiya və informasiya ilə düzgün ünsiyyət: Şagirdlər rəqəmsal alətlərdən və informasiyadan məqsədyönlü istifadə etməyi öyrənir, bu da onların təhsil və gələcək peşəkar həyatında üstünlük qazanmalarına şərait yaradır.

Ekspert qeyd edib ki, dünya təcrübəsinə baxsaq, "Media savadlılığı" artıq bir çox ölkələrdə orta məktəb tədrisinin ayrılmaz bir hissəsinə çevrilib. K.Əsədov bildirib ki, Finlandiya, İsveç və Niderland kimi ölkələrdə media savadlılığı proqramları məktəblərdə məcburi şəkildə tədris olunur: "Məsələn, Finlandiyada bu fənn uşaqlara erkən yaşlardan tənqidi düşüncə və informasiya dəyərləndirmə bacarığı qazandırmaq məqsədi daşıyır. ABŞ-də isə bir çox ştatların məktəblərində media savadlılığı dərsləri xüsusi layihələr və təhsil standartları çərçivəsində tətbiq olunur".

Onun dediyinə görə, bu ölkələrdə keçirilən araşdırmalar göstərir ki, media savadlılığı təhsili alan şagirdlər sosial mediada və internetdə yayılan yanlış məlumatları daha tez müəyyən edir və daha məlumatlı qərarlar qəbul edirlər: "Son illər Azərbaycanda sosial media platformalarının istifadəsi xeyli artıb. Statistika göstərir ki, ölkə əhalisinin 79%-i sosial şəbəkələrdən istifadə edir. Bu platformalarda yayılan məlumatların böyük bir qismi dəqiq mənbələrə əsaslanmır və bəzən manipulyasiya məqsədilə hazırlanır. Bu halda, xüsusilə yeniyetmələr və gənclər arasında saxta məlumatlara inanma, radikal və ya təhlükəli kontentlərə məruz qalma ehtimalı daha yüksəkdir. Məhz bu səbəbdən orta məktəb təhsilində media savadlılığı fənninin tədris olunması vacibdir".

K.Əsədova görə, Azərbaycanda şagirdlərin tənqidi düşüncə və informasiya emalı bacarıqları təhsil sistemində kifayət qədər inkişaf etdirilmir. Orta məktəb proqramında bu bacarıqları dəstəkləyən dərslər və fəaliyyətlər çox azdır. Mövcud tədris proqramlarında şagirdlər əsasən nəzəri biliklər öyrənir, lakin onları müasir informasiya cəmiyyətinin çağırışlarına hazırlayacaq fənlər və metodlar yoxdur. "Media savadlılığı" fənni isə bu boşluğu dolduraraq şagirdlərin müasir dünyada rəqabətədavamlı fərd kimi yetişməsinə töhfə verə bilər: "Media savadlılığı" fənninin orta məktəblərdə tədris olunmamasının əsas səbəblərindən biri bu sahədə maarifləndirmə və strategiyanın olmamasıdır. Təhsil proqramlarının yenilənməsi prosesi çox vaxt klassik və ənənəvi yanaşmalar üzərində qurulur. Media savadlılığı isə nisbətən yeni anlayışdır və bu fənnin tədrisi üçün həm xüsusi proqramlar, həm də müəllim hazırlığı tələb olunur. Müasir dövrün tələblərinə cavab vermək üçün təhsil proqramına belə bir yeniliyin daxil edilməsi zəruridir".

Kamran Əsədov qeyd edib ki, bu fənnin tədrisi üçün pedaqoji heyətin də hazır olması əsas amillərdən biridir. Hazırda təhsil sistemində media savadlılığı üzrə ixtisaslaşmış müəllimlərin sayı çox azdır və bu sahədə peşəkar təlimlərə ciddi ehtiyac var. Eyni zamanda, fənnin kurikuluma daxil edilməsi üçün təhsil siyasətində prioritetlərin müəyyənləşdirilməsi və müasir çağırışlara uyğun adaptasiya lazımdır: "Media savadlılığı" fənninin orta məktəblərdə tədris olunması Azərbaycanda təhsil və cəmiyyət üçün zəruridir. İnformasiya və rəqəmsallaşma əsrində gənclərin saxta məlumatlardan qorunması, tənqidi düşüncə bacarığının inkişaf etdirilməsi və şüurlu qərarlar qəbul etməsi üçün bu fənnin tədrisi vacibdir. Bu istiqamətdə dünya təcrübəsindən yararlanaraq ölkəmizdə də media savadlılığı proqramları hazırlanmalı və pedaqoji heyət təlimləndirilməlidir. Bu, təhsil sistemimizin müasir dünyaya uyğunlaşmasına, gələcək nəsillərin daha şüurlu, məlumatlı və cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasına kömək edəcək".

Təhsil eksperti Elmin Nurinin dediyinə görə, media savadlılığı demək, jurnalistika, sözün birbaşa mənasındakı media kimi anlaşılmamalıdır. Bu predmet informasiya xaosunda, hər gün milyardlarla informasiyaların axın etdiyi dövrdə onunla necə davranmaq və təsirləri haqqında bilgiləri başa düşülməlidir: "İstər UNESCO-nun sənədlərində, istərsə də dünyada təhsillə bağlı gələcək strateji hədəflərdə bir neçə prioritet istiqamətlər var. Burada aparılan tədqiqatlara əsasən uşaqlarda müasir dünya və gələcək naminə səriştələrin formalaşması, onların şəxsiyyətyönümlü insan kimi yetişdirilməsilə bağlı bir neçə istiqamətin əhəmiyyəti vurğulanır. Bura daxildir: mədəniyyətlərarası kommunikasiya, rəqəmsal bacarıqlar, kritik düşüncə, innovativlik, adaptivlik. Bunların hamısı orta məktəblərdə tədrisi vacib olan və təhsildə səriştə meyarının inkişafına gətirib çıxaran şərtlərdir. Bizim təhsil sistemində isə bunlar arasından sadəcə rəqəmsal bacarıqların tədrisi tətbiq edilir. Amma hesab edirəm ki, ən vacibi media savadlılığının tədrisidir. Təsadüfi deyil ki, hazırda UNESCO, NATO, Avropa İttifaqının sənədlərində media savadlılığı təhslinin çox vacib olduğu vurğulanır. Media savadlılığını informasiya axını və mənbələri ilə qarşılıqlı əlaqə qurma, axtarış aparma, təhlil etmə, tənqidi qiymətləndirmə və media mətnləri yaratmaq qabiliyyəti kimi də anlaya bilərik. Görün, media savadlılığı özündə nə qədər detalı əks etdirir. UNESCO-nun sənədlərində media təhsilinin əsas funksiyası insan hüquqlarının dəstəklənməsi, şagirdlərin sülh, ədalət, azadlıq ruhunda formalaşması kimi göstərilir".

O qeyd edib ki, media dedikdə sadəcə informasiya ilə işləyən kəsimi nəzərdə tutmamalıyıq. Bu gün əlində mobil telefon olan hər kəs media subyektidir. Şagird gələcəkdə milyonlarla informasiya axınında özünü şəxsiyyət kimi formalaşdırmalıdır. Bu zamanda həyati tətbiq əhəmiyyəti olmayan fənlər heç kimə lazım deyil. Azərbaycanda gələcəyin fənləri məhz bunlardır, media savadlılığıdır. Avropada artıq tətbiq edilir: "XXI əsrdə media təhsili dedikdə mətbuatla ünsiyyətin formalaşması ilə yanaşı, şagirddə kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı media mətnlərinin təhlili kimi bacarıqların formalaşması nəzərdə tutulur. Media savadlılığının fənn olaraq məktəblərdə tətbiqi gələcək üçün şəxsiyyətin yetişdirilməsində vacib amildir. Bunun Azərbaycanda olması nəinki vacibdir, biz hətta bunda gecikmişik. Doğrudur, resurs və kadr çatışmazlığı var. Amma rəqəmsal bacarıqların tətbiqinə başlayan zaman da bu problemlər vardı. Bu fənnin tədrisi istiqamətində müəyyən addımlar atılmalıdır".

Sevinc QARAYEVA

seeBaxış sayı:81
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri