525ci qəzet Onun böyük ürəyi Kamil Əfsəroğlu yazır
Kamil ƏFSƏROĞLU
Kinorejissor, ssenarist Əjdər İbrahimovla tanışlığım 80-ci illərin ortalarında Moskvada oldu. Sonralar bir neçə dəfə kinofestivallarda da görüşdük. Ünsiyyətcil, sadə, xoşqılıq adam idi. Şirin danışığı vardı. Jurnalist Altay Zahidovu, şair Tahir Aslanlını və məni bir yerdə görəndə dostlarından ayrılıb bizə yaxınlaşır, eloğlu kimi diqqət göstərirdi. Tahir Aslanlını zarafatla "TAS" çağırmağımızdan kefi durulur, o da bizə qoşulur, zarafatından qalmırdı. Maraqlı müsahib idi, duzlu söhbətlərini dinlədikcə dinləmək istəyirdin. Öz yaradıcılığından danışmaqda isə, necə deyərlər, xəsislik eləyirdi, baxmayaraq ki, mənalı bir həyat yaşamış, maraqlı sənət yolu keçmişdi. Ondan yadigar qalan neçə-neçə ekran əsəri, yazdığı kitablar, aldığı mükafatlardır. Əjdər İbrahimovun yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, SSRİ-nin və Azərbaycanın Xalq artisti adına layiq görülüb. Bir böyük mükafat da dostlarının ona olan münasibəti, sevgisiydi. Tədbirlərdə Əjdər müəllimi daim kino elitasının əhatəsində görmək olurdu, böyük hörməti vardı.
Əjdər İbrahimov 1919-cu ildə Aşqabad şəhərində doğulub, texnikumu bitirdikdən sonra dram teatrında aktyor kimi işə başlayıb. Kinoya gəlişindən danışaraq, dedi ki, müharibə illərində bir çox filmlərin çəkilişi cəbhədən uzaqlarda aparılırdı. O vaxtlar Aşqabada ezamiyyətə gəlmiş sənət adamlarıyla, o cümlədən məşhur Mark Berneslə tanışlığım həyatımı kökündən dəyişdirdi və onda bildim ki, mən kinoya vurulmuşam...
Cəbhədən qayıdandan sonra təhsilini Ümumittifaq Kinematoqrafiya İnstitutunda davam etdirməyi də təsadüfi deyildi. Sergey Yutkeviç, Mixail Romm kimi böyük sənətkarlardan dərs aldı. Vladimir Çebotaryov, Tenqiz Abuladze, Qeorqi Çuxray, Vladimir Naumov, Rezo Çxeidze və Vladimir Basov Əjdərlə bir qrupda oxuyub.
Aşqabadda çəkdiyi "Füruzə", "Xəzər dənizinin Şərqində" sənədli filmləriylə sənətdə ilk addımlarını atdı. Əjdərin yaradıcılığı diqqət çəkməyə başlamışdı. 1954-cü ildə Bakıya, "Azərbaycanfilm" kinostudiyasına dəvət edilməsi də məhz gənc rejissorun yaradıcılığına olan inamdan irəli gəlirdi.
O vaxtlar kino sənəti yeni inkişaf yoluna qədəm qoymuşdu, ekran fərqli, maraqlı əsərlər axtarışındaydı. Məhz belə bir vaxtda Əjdər İbrahimov da öz sözünü dedi, "Azərbaycanfilm" kinostudiyasında İmran Qasımovun ssenarisi əsasında "Onun böyük ürəyi" filmini çəkdi.
Əllinci illərdə müharibə mövzusu kinoda aktual temaya çevrilmişdi. Bu mövzu Əjdər İbrahimova da yaxın idi, o, müharibənin nə demək olduğunu yaxşı bilirdi, cəbhədə döyüşmüş, qan-qada görmüşdü.
Həmin dövrdə kinonun müharibə mövzusuna çox müraciət etməsinin səbəbləri vardı. Birincisi, xalqı davadan elə uzun bir zaman ayırmırdı, yaralar təzə-təzə qaysaq bağlayırdı, ana-bacılar doğmalarının yasını saxlayırdılar. Atası, qardaşı qayıtmayınca ailə qurmayan qız-gəlinlərin gözü hələ də yollardaydı. Kino müharibə mövzusunu ekrana gətirməklə həm də insanları sərvaxt olmağa çağırırdı. "Bu mövzu aktuallığını itirmir və itirməyəcək, ta ki sonuncu top-tüfəng susmayınca" - deyirdi Əjdər müəllim.
Əllinci illər kinosu həm də bununla seçilirdi ki, sənətə iddialı, istedadlı gənclər gəlməkdəydi. Onlar yeni ab-hava, yeni nəfəs gətirirdilər kinoya. Gənc ssenaristlər, rejissorlar, aktyorlar yeni kino yaratmaq eşqiylə yaşayıb-yaradırdılar və yeni kino öz sözünü səylə deməkdəydi. Yeni kino tamaşaçıda ekran sənətinə olan inamı artırırdı. Bu baxımdan, o dövrün filmləri bir çox məziyyətlərinə görə əvvəlkilərdən seçilirdi. Həyat gerçəkliklərini əks etdirən, realizm prinsiplərinə cavab verən ekran əsərləri yaradılması günün, dövrün tələbiydi. Bu mənada, yeni kinonun qarşısında, yeni vəzifələr dururdu. Əjdər İbrahimov da yeni nəslin nümayəndəsi idi.
Əjdər müəllimin kino sənətindən danışanda, onun böyük türk şairi Nazim Hikmətlə yaradıcılıq əlaqələrindən söhbət açmamaq mümkün deyil. Baxırdım ki, bu, onun özünün də ürəyindəndir. Dedi ki, Nazim Hikmətin kifayət qədər kino təcrübəsi vardı, hələ 30-cu illərdə Türkiyədə bir neçə filmə imzasını atmışdı. Şairin ürəyində yaşatdığı arzuları çox idi. Bu mənada, Moskva həyatı onun qarşısında geniş imkanlar açdı, Türkiyədə deyə bilmədiklərini, yazmadıqlarını burada yazıb-yaratdı. Yazdıqlarının tərcümə və dərc edilməsində tanınmış şərqşünas-alim Əkbər Babayevin rolu əvəzsizdir.
Nazim Hikmətin Əjdərlə yaradıcılıq əlaqəsi bir tərəfdən gənc rejissorun istedadı, bacarığı ilə bağlı olsa da, digər tərəfdən, heç şübhəsiz, din, dil yaxınlığı da önəmli amil idi. Nazim Hikmət sözünün qüdrətini, ürəyinin çırpıntılarını türk əsilli sənətkar yaxşı duya, anlaya bilərdi. Şair gənc Əjdərin diplom işini - "Sülh uğrunda mübariz" adlı filmini çox bəyənmiş, rejissorun istedadını yüksək qiymətləndirmişdi, onların tanışlığı, yaradıcılıq əlaqələri də burdan başlamışdı. Nazim Hikmət "Bir məhəlləli iki oğlan" ssenarisini də məhz Əjdər üçün yazmışdı. Film 1957-ci ildə Qorki adına kinostudiyada ekranlaşdırıldı. Mətbuatda çıxan yazılarda bu ekran əsəri sovet kinosunda neorealizm nümunəsi kimi təqdim edilirdi.
Əjdər müəllimin ömrünün bir neçə ili vətəndən uzaqlarda - Vyetnamda keçib. O ölkədə kino məktəbinin yaranması məhz həmyerlimizin adıyla bağlıdır. Müharibə vəziyyətində olan Vyetnam üçün kino hava, su kimi gərək idi.
Vyetnamda keçən illər rejissora zəngin kino təcrübəsi qazandırmaqla yanaşı, bir yazıçı kimi də ona maraqlı mövzular verdi. Müəllif gəzib gördüklərini, şahidi olduğu hadisələri, qarşılaşdığı insanların taleyini qələmə aldı. "Vyetnamda gördüklərim", "Günəş ağlayır", "Döyüşən Vyetnam", "Tai qəbiləsindən olan qız" kitabları işıq üzü gördü. Əjdər İbrahimov çoxsaylı hekayələri, povestlərilə özünü həm də istedadlı bir yazıçı kimi təsdiqlədi. Bir neçə filmin titrlərində onun adı ssenari müəllifi kimi də keçir. Azərbaycan kinosunun incilərindən sayılan "Qayınana" filminin ssenarisini də həyat yoldaşı Marqarita Maleyeva ilə birlikdə yazıb.
Uzun aradan sonra, 1978-ci ildə Əjdər nüəllim yenidən Nazim Hikmət yaradıcılığına müraciət etdi. Türkiyənin "Tuğrafilm" kinostudiyasının "Mosfilm"lə birgə çəkdiyi "Məhəbbətim mənim, kədərim mənim" filmi ekranlara çıxdı.
Filmdə oynamış aktyorlardan Türkan Şoray, Yılmaz Duru, İrina Miroşniçenko ilə görüşmək mənə nəsib olub. Sabah Duruyla da bu ekran əsəri barədə çox söhbət eləmişəm. Onu deyim ki, Nazim Hikmətin öz vətənində "kommunist şair" ittihamıyla yasaqlandığı bir vaxtda Sabah və Yılmaz Duru cütlüyünün belə bir addım atması cəsarət, hünər istəyirdi. Bu, həm də onların uzaqgörənliyindən xəbər verirdi, inanırdılar ki, böyük sənətkarın adı, ruhu gec-tez dönəcək doğma Türkiyəyə.
Əjdər İbrahimovun kino yaradıcılığında xüsusi yeri olan iki ekran əsəri haqqında da qısaca danışmaq istərdim - "İyirmialtılar" və "Ulduzlar sönmür" filmi. Bu filmlər həm hadisələrin bədiiliyi, həm də tarixilik baxımından böyük əhəmiyyət kəsb edir. Təbii ki, hadisələrə, necə deyərlər, sosializm realizmi prinsipindən yanaşılması bir çox hallarda tarixi faktların təhrifinə gətirib çıxarırdı. Ciddi senzura məhdudiyyətlərinə, qadağalarına baxmayaraq, Əjdər İbrahimov bədii manevrlərlə filmin ideyasını açan tarixilikdən başardıqca uzaqlaşmamağa çalışmışdı. Bu gün "İyirmialtılar" və "Ulduzlar sönmür" filmlərinə yenidən baxmaq, o mövzulara təkrar qayıtmaq söhbəti gedir. Əjdər İbrahimov "Ulduzlar sönmür"də Azərbaycan xalqının mütəfəkkir oğlu, həkim, yazıçı, dövlət xadimi Nəriman Nərimanovun obrazını, keçdiyi həyat yolunu kinoya gətirməklə bu böyük insanın öz xalqı, vətəni qarşısındakı xitmətlərini göstərmişdi. Təəssüf ki, Nərimanovun həyatıyla bağlı bir çox faktlara, o cümlədən onun müəmmalı ölümünə o vaxtlar toxunmaq, sadəcə, mümkün deyildi.
Sovet rejiminin yıxılması, arxivlərin açılması uzun illər gizli qalmış tarixi faktları üzə çıxarmağa və o faktlara, hadisələrə yenidən dönməyə imkan verir. Yaşasaydı, rejissor yəqin ki, "İyirmialtılar" və "Ulduzlar sönmür" filmlərini bu günün tələbləri baxımından, yenidən çəkərdi.
Əllinci illər kinosunda İkinci Dünya müharibəsi mövzusunda çəkilmiş filmlərdə daha çox döyüş səhnələrinə, qanlı təsvirlərə, epizodlara yer verilirdi. İllər ötdükcə, zaman insanları o qanlı-qadalı tarixdən uzaqlaşdırdıqca mövzuya münasibət də müəyyən mənada dəyişməyə başlayırdı. Tamaşaçı cəbhədəki əsgəri yalnız döyüşçü kimi yox, bir qədər fərqli şəkildə görürdü. Görürdü ki, bu döyüşçülər anadan əsgər doğulmayıblar, onların hər birinin arxasında insan taleyi dayanır. Həyatın girdabına düşmüş bu insanlara da qan tökmək, adam öldürmək çətindir.
Yadımdadır, uşaq vaxtı axşamlar məktəbin qorovulçusu Qiyas kişinin başına yığışardıq. Odun peçinin qırağında oturub, onun müharibə xatirələrini dinləyərdik. Bu çəlimsiz, xoşqılıq adamın danışdıqları davalı film qədər maraqlı gəlirdi bizə. Sanki eşitdiklərimizin təsvirini də görürdük. Deyirdi davada adam öldürməyə əlim gəlmirdi, fikirləşirdim nemes olsa da, o da adamdı, onu da ana doğub, gözü yollardadı...
Rejissor Əjdər İbrahimovun "Onun böyük ürəyi" filmində müharibə dövrü, cəbhə həyatı, döyüş səhnələri az yer tutsa da, toxunulan ideya qlobaldır, yəni harda baş verməsindən asılı olmayaraq, müharibə insanlığın faciəsidir, insanların taleyindən əsən qarayeldir.
Əjdər müəllimlə hər görüşdə söhbətimiz "Onun böyük ürəyi" filmi üzərinə də gəlirdi. Bu dəfə isə söhbətin belə səmtə yönəlməsinin baiskarı məşhur gürcü kinorejissoru Georgi Daneliya oldu. Əjdər müəllim dedi 58-ci ildə "Onun böyük ürəyi"ndən sonra Rza Təhmasib "Onu bağışlamaq olarmı" filminin çəkilişinə başlamışdı. O filmə Keorgi Daneliyanın doğma xalası Veriko Ancaparidze də çəkilib və buna görə Daneliyadan maqarıc düşür. Daneliya da zarafatından qalmadı, dedi çoxdanın hadisəsi olsa da, amma bu, məni "İveriya"da qonaqlıq vermək məsuliyyətindən qurtarmır...
Belə baxanda, "Onun böyük ürəyi" böyük ürəkli insanların, sənətkarların birgə əməyinin bəhrəsiydi. Filmin musiqisini Qara Qarayev bəstələyib, operatoru isə Rasim Ocaqovdur. Rollarda aktyorlardan Tamilla Ağamirova, Salman Dadaşov, Leyla Bədirbəyli, Gündüz Abbasov, Nodar Şaşıqoğlu və başqaları çəkilib. Bugünün gözüylə baxanda, o ekran əsərində də müəyyən qüsurlar olduğunu görürük. Hər halda, filmin milli kinomuzda öz yeri var və indinin özündə də maraqla baxılır.
Əsas rolların ifaçılarından Tamilla Ağamirova və Salman Dadaşovdan söhbət saldım, bu aktyorlar haqda mətbuatda az yazılmışdı. O vaxtlar sənət adamlarının şəxsi həyatı isə pərdə arxasında qalır, bu barədə söz açılmırdı.
Əjdər müəllim dedi, Salman Dadaşovu Oqtay roluna dəvət edəndə ondakı potensiala güvənirdim, amma nədənsə o, kinoda yerini tapa bilmədi, üç-dörd filmdə epizodik rollarda oynadı. Aktyor Məlik Dadaşovun böyük qardaşıdır. Tamilla Ağamirovaya gəldikdə, o da çox çəkilməsə də, Azərbaycan kinosunda iz qoyub, yaradıcılığı yüksək qiymətləndirilib. Tamilla əllinci illərin əvvəllərində Moskvadakı "Romen" qaraçı mahnı və rəqs ansamblında çıxış edirdi. Ansamblın solisti və rəhbəri Nikolay Sliçenkoyla ailə qurdu. Maraqlıdır ki, Sliçenkonun birinci arvadı da azərbaycanlı olub - Sitarə Kazımova. Tamilla çox gözəl və istedadlı qadındır. Hərdən festivallarda, sənət şənliklərində rastlaşırıq, ötən illəri yada salırıq...
"Onun böyük ürəyi" filminin süjeti müxtəlif zaman kəsiyini, müxtəlif dövrləri - İkinci Dünya müharibəsindən əvvəlki çağları, müharibə illərini və sonrakı dövrü əhatə edir. Əsas hədəf isə insandır, insan taleyidir. Mövzu konkretliyi hadisələrin o vədə yeni salınmaqda olan Sumqayıt şəhəri və onun fədakar sakinlərinin həyatını əks etdirsə də, əslində, bu şəhəri ümumiləşdirilmiş bir obraz kimi qəbul etmək doğru olardı. Sumqayıtla yanaşı, Mingəçevir, Əlibayramlı təki energetiklər şəhərləri də tikilməkdəydi.
Kişilərlə çiyin-çiyinə işləyən qadınlar da əmək cəbhəsində xariqələr yaradırdılar. Onlar yalnız elmdə, incəsənətdə deyil, sənayenin müxtəlif sahələrində, tikinti-quruculuq işlərində də əzmlə çalışırdılar.
Səmayə namuslu, vicdanlı Azərbaycan qadınının ümumiləşdirilmiş obrazıdır. O yaxşı bilir ki, arxa cəbhədə fədakarlıq göstərmək səngərdə düşmənlə vuruşmaq qədər mühüm mahiyyət kəsb eləyir. İnanır ki, faşizm üzərində qələbə uzaqda deyil. Səmayə inşaatda işləyə-işləyə, təhsil almaqdan da qalmır. Qızı Lalənin tərbiyəsilə məşğul olur. Həyat onu nə kimi sınaqlara çəkmir... Əri Oqtayı müharibədə ölmüş bilir. Amma çox sonralar məlum olur ki, Oqtay sağdır, davadan salamat qayıdıb, evlənib, oğul-uşaq sahibidir.
Filmdə müharibənin insanlara gətirdiyi bədbəxtliklər, ağrılar-acılar təsirli səhnələrlə verilir.
Əjdər müəllimlə söhbətdə dedim ki, "Onun böyük ürəyi" filminin mənim qəlbimdə öz yeri var. Uşaq vaxtı o filmə baxanda ekrandakı personajların simasında rayonumuzun insanlarını görürdüm. Onların arasında mənə ibtidai sinifdə dərs demiş Həcər müəllimə də vardı. Müharibənin qara nəfəsi çoxları kimi onun da taleyindən əsmişdi, həyat yoldaşı davada həlak olmuşdu. Həcər müəllimə cavan yaşında tək qalmış, sonrakı həyatını adar-madar oğlu Fazili böyütməyə həsr eləmişdi, kinoda olduğu kimi. Rayonda ərini davada itirmiş qadınlar az deyildi və onların övladlarını analarının adıyla çağırırdılar...
Payızın ortalarınadək filmlər qəsəbədəki yay kinoteatrında göstərilirdi. "Onun böyük ürəyi" filminə baxmağa gələnlər çox idi. Oturmağa yer tapmayan uşaqların çoxu dırmaşıb ağacdan baxırdı. Ön sırada əyləşmiş Buta xala, Gülzar arvad, Qədəm xala göz yaşlarını tuta bilmirdilər. Film onların yaralı yerinə toxunmuş, dərdlərini təzələmişdi. Ərlərini müharibədə itirmiş bu qadınlar ekranda özlərini görürdülər. Filmdəki Səmayə ilə onların tale bənzərliyi vardı və sanki kinoya yox, dünyaya açılan pəncərədən həyata baxır, özlərini görürdülər. Diqqətimi çəkən bir də o idi ki, eyni dərdli bu qadınlar həmişə yanaşı, özü də ekrana yaxın otururdılar. Bəlkə də elə bilirdilər ki, döyüşən əsgərlər arasında öz həyat yoldaşlarını tapacaq, ekrandan çıxarıb aparacaqlar evlərinə. Kövrəlirdim və o anda elə bilirdim ki, eyni vaxtda iki filmə baxıram - bir ekrandakına, bir də yay kinoteatrının uzunsov zalında gördüklərimə...
Həmin payız axşamı kinodan çıxanda gördüm ki, rus qızı Jenya kəhrizdə yenə paltar durulayır. Bizdən dörd sinif yuxarıda oxuyurdu. 15-16 yaşlarındakı bu gözəl-göyçək, sarışın qızı qış-yay belə halda-halətdə görməyə alışmışdıq. Anası Vera xala mehmanxananın xadiməsiydi, yuduğu mələfələri axşamlar əl-ayaq yığışanda Jenya kəhrizdə suya çəkirdi. Ay işığında su sonasını xatırladırdı.
Nənəmdən eşitmişdim ki, gecələr kəhrizə getməzlər, axar suyun qaramatı var, adamı vurğun vurar. Zülmətə çulğanmış kəhriz başında Jenyanı yalnız qoymaq istəmirdim, qorxurdum ki, onu vurğun vurar. O, tənha olmadığını elə bil duyur, amma başını qaldırıb baxmırdı. Hər dəfə şimşək çaxanda biçimli, titrək silueti anidən peyda olur, ağappaq çöhrəsi nurlanır və tez də əriyib itirdi. Dizəcən suyun içindəydi, əlindəki bəmbəyaz mələfələr yelkən təki qabarırdı və mənə elə gəlirdi ki, külək bu ağ əndamlı, ağyanız qızı ağ yelkənə bürüyüb, harasa uzaqlara aparacaq.
Bu qızla filmdəki Lalə arasında bir tale oxşarlığı görürdüm. Jenyanı da anası çətinliklə, ürəyinin yağını əridib böyütmüşdü. O vaxtlar Vera xalanı körpə qızıyla bizim yerlərə gətirib çıxaran da müharibə olmuşdu. Davadan sonra gəlmişdilər, Rusiyanın harasından gəldiklərini isə bilən yox idi.
Qəsəbədə Jenyanı gözaltı eləyən, ona könül vermək istəyən çox olsa da, amma qızdan cavab alan olmamışdı. İsgəndərov Fətəli elə ha gileylənir, deyirdi Allah anama insaf versin, kaş məni dünyaya onca il gec gətirəydi. Baxmazdım bu qızın dininə-məzhəbinə, rus olanda nolar, musurman kimi abırlı-həyalıdır...
Sarışın qızın məhəbbətini ürəyində yaşadanlardan biri də Əkbər idi. Ucaboy, yaraşıqlıydı, xasiyyətcə də xoşqılıq, utancaq idi. Hamı gözləyirdi ki, gözəl-göyçək qız Əkbərə könül verəcək.
Jenya orta məktəbi bitirib Xarici Dillər İnstitutuna qəbul olundu. Vera xalanın sevincdən uçmağa qanadı yox idi. Jenya tətilə gələndə qəsəbənin ab-havası dəyişir, axşamlar kəhriz başında yenə su sonası peyda oludu... Anasının yeganə ümid çırağıydı və bu çırağın işığı qəfildən qaraldı. Xəbər yayıldı ki, Jenya Bakıda avtomobil qəzasında həlak olub. Qara xəbər hamını sarsıtdı, biz uşaqlar da o gözəl, mehriban qızın həyatda yoxluğuna inana bilmirdik.
Jenyanı yamacdakı rus qəbiristanlığı deyilən kiçik məzarlıqda - 30-cu illərdə qaçaqlarla döyüşlərdə həlak olmuş sərhədçilərin dəfn edildiyi kiçik məzarlıqda torpağa tapşırdılar. Başdaşında qara hərflərlə yazılmışdı: "Sokolova Yevgeniya Vasilyevna 1946-1966".
Axşamlar ay bədirlənib boylananda Əkbəri kəhriz başında tək-tənha görmək olurdu. Susqun axan sulardan gözünü çəkmirdi, elə bil inanırdı ki, bax indicə, dupduru suların qoynundan su sonası peyda olacaq...
Rejissor Əjdər İbrahimovun "Onun böyük ürəyi" filminə hər dəfə baxanda nədənsə o əhvalatı xatırlayıram, gözlərim önündən nələr gəlib keçmir?.. Əslində, həyat özü də bir kinodur: acısı-şiriniylə, müxtəlif xarakterli, müxtəlif bəxtli-taleli insanlarıyla. Fərq bundadır ki, "həyat" deyilən o kinonun axırında yazılmır - "Filmin sonu".