Icma.az
close
up
RU
Həyatdan ekrana Kamil Əfsəroğlu yazır

Həyatdan ekrana Kamil Əfsəroğlu yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kamil ƏFSƏROĞLU

Onu Əlcəzairin Janna Darkı adlandırırdılar, baxmayaraq ki, Milli Müqavimət Cəbhəsinə qoşulub fransız müstəmləkəçiliyinə qarşı döyüşür, mübarizə aparırdı. Vətənini azad, müstəqil görmək istəyən Cəmiləni fransızlar ölüm cəzasına məhkum edəndə dünya ictimaiyyəti onun müdafiəsinə qalxdı. Ərəb dünyasının tanınmış yazıçı və şairləri əsərlərində bu mətin və fədakar qızın qəhrəmanlığını vəsf elədilər. Məşhur Misir kinorejissoru Yusif Şahin Cəmilənin ekran obrazını yaratdı.

1959-cu ildə Birinci Beynəlxalq Moskva Kinofestivalında Yusif Şahinin "Cəmilə" filmi də göstərildi. Sovet-Fransa əlaqələrinə xələl gəlməsimi istəməyən Kreml məmurları fransızların təkidiylə bu ekran əsərinin müsabiqədənkənar nümayişinə icazə verdilər. O vaxtlar Cəmiləni ölüm cəzası gözləyirdi. Dünyanın bütün tərəqqipərvər insanları vətənpəvər qızın müdafiəsinə qalxdı. Mütərəqqi bir sənətkar kimi rejissor Yusif Şahin də sözünü inamla dedi, "Cəmilə" filmi ilə müstəmləkəçiliyə qarşı döyüşən cəmilələrin müdafiəsinə qalxdı. "Cəmilə" vaxtında çəkilmiş bir ekran əsəri idi. Filmdə baş rolu məşhur Misir aktrisası Maqda oynayıb.

Beynəlxalq kinofestivallarda Yusif Şahinlə rastlaşsam da, onunla tanış olmaq imkanı yaranmamışdı. Maraqlıdır ki, bizim tanışlığımız kinofestivalda yox, başqa bir beynəlxalq tədbirdə baş tutdu. 1989-cu ilin yayında Aşqabadda "Sülh və tərəqqi uğrunda" devizilə keçirilən simpozium müxtəlif ölkələrin mütərəqqi insanlarını bir yerə yığmışdı. Yusif Şahini bu tədbirdə görməkdən məmnun oldum. 

Söhbətimiz müxtəlif mövzulara toxunsa da, əsasən kino yaradıcılığı üstündə köklənmişdi. Dedim sizin "Cəmilə" filminə 12-13 yaşımda, ucqar bir əyalət qəsəbəsinin klubunda baxmışam. Zalın dolu olduğu yadımdadır, yadımda olan bir də budur ki, tamaşaçılar göz yaşlarını saxlaya bilmirdilər. Sanki  həyatda baş verən hadisələri izləyir, bəyaz pərdədəki qəhrəmanların ağrısını, cəfasını bölüşmək istəyirdilər. Dedim o filmdən sonra Azərbaycanda qızlara Cəmilə adı vermək dəb düşdü...

Baxırdım ki, xatirələrin qanadında ötən illərə qayıtmaq müsahibimin ürəyindəndir. Kövrəldiyini gizlətmək istəsə də, bunu bacarmırdı, səsinin əsməyi onu ələ verirdi. Diqqətimi çəkən bir də buydu ki, kövrək qəlbli, həlimxasiyyət Yusif Şahin sərt və prinsipial rejissor Yusif Şahindən seçilir. "Cəmilə" filminin məhz belə bir rejissora həvalə edilməsi də təsadüfi deyildi.

Rejissora veriləsi sualım çox idi:

- Filmin Əlcəzairdən kənarda çəkilməsi rejissor kimi sizə necə təsir eləyirdi?

- Əlcəzair Fransanın müstəmləkəsi olduğundan filmin ekranlaşdırılması Misirdə, misirli kinematoqrafların iştirakıyla reallaşdı. Əlbəttə, yaxşı olardı ki, film hadisələrin baş verdiyi mühitdə, məkanda çəkilsin, amma bu, imkansız idi. Önəmli olan budur ki, kino hadisəyə yubanmadan münasibət bildirməklə dünya ictimaiyyətinin diqqətini Cəmilənin müdafiəsinə yönəltməkdə mühüm rol oynadı.

- Baş rola Maqdanı çəkməyi nəylə əlaqəndirirsiniz? O vaxtlar daha məşhur, Ərəb dünyasının kinoulduzu Faten Həmamayla da yaradıcılıq əlaqələriniz sıx idi.

- Film "Maqdafilm" studiyasında ekranlaşdırılıb. Bundan da başqa, Maqda təkcə Misirdə deyil, digər ərəb ölkələrində də tanınan aktrisalardan idi. Bir məsələ də vardı, aktrisanın yaratdığı ekran obrazıyla özü arasında hardasa zahiri bənzərliyin olması vacib amildir. Yaradıcılıqda mən buna önəm verirəm. Elə olan halda tamaşaçı aktrisanın oyununa ürəkdən inanır. İnanır ki, ekrandakı məhz qəhrəmanın özüdür. Bu baxımdan, Maqda uyğun və uğurlu seçim idi. Məndə inam oyadan həm də aktrisanın istedadır, onun potensial imkanlarıydı. Cəmilə roluyla o, milyonlarla tamaşaçının qəlbinə yol tapdı və daha da tanındı, sevildi. O vaxtlar Cəmiləni terrorçuluqda günahlandıran fransızlar dünya ictimaiyyətinin böyük gücü qarşısında geri çəkilməli oldular, ölüm hökmünü onun üzərindən götürdülər. Həbsdən çıxandan sonra Cəmilə məhkəmədə vəkili olmuş, sonradan islamı qəbul etmiş fransız Jak Verje ilə ailə qurdu.

- Müstəmləkə altında olmaq həm də o xalqın əlini-qolunu bağlayır, milli nədəniyyətinin, mənəviyyatının inkişafına mane olur.

- Bəli. Bu, sənətin bütün sahələrində, o cümlədən kinoda da özünü göstərməyə bilməzdi. Əlcəzair milli kinosu əsl simasını ölkə müstəqilliyini qazandıqdan sonra tapdı...

Yusif Şahin maraqlı müsahib idi, dinlədikcə dinləmək istəyirdim. Bir yandan da rejissorun yaradıcılığına bələdliyim söhbəti qırılmağa qoymurdu. Kim bilir, belə fürsət bir də ələ düşəcəkdimi?

Yusif Şahinin sənətə gəlişi ölkədə siyasi vəziyyətin stabil olmadığı, zaman-zaman dəyişdiyi dövrə təsadüf edirdi. Əlbəttə, belə bir vəziyyətdə sənət adamlarına özlərini ifadə etmək asan deyildi və cəmiyyətdəki mövcud problemləri kino dili ilə, olduğu kimi çatdırmaq adamdan cəsarət, hünər istəyirdi. Yusif Şahini çoxlarından fərqləndirən məhz bu keyfiyyət idi. O, dünyaya sanki mübarizə aparmaq üçün gəlmişdi və yaradıcılığı da mübarizələrdə yoğrulmuşdu. Maraqlıdır ki, ona şöhrət gətirən bir filmin adında da "mübarizə" sözü var - "Vadidə mübarizə". Bu film yalnız rejissorun yaradıcılığında yox, ümumilikdə Misir kinosu tarixində bir dönüş nöqtəsi idi. Ölkə kinosunun Yusif Şahin kimi sənətkara ehtiyacı vardı. Cəmiyyətdəki dəyişikliklər, inkişaf prosesi həyatı real əks etdirən ciddi ekran əsərlərinə tələbat yaradırdı və bu yolda sözünü inamla deyən sənətkarların önündə Yusif Şahin gedirdi. Onun filmlərinin toxunduğu mövzular fərqli və aktual olmaqla yanaşı, zəngin dramaturji vizual politrası ilə də maraq çəkir, yadda qalırdı. Elə ilk filmləriylə də ekranda öz dəst-xəttini, öz izini-imzasını qoydu.

Azərbaycan tamaşaçıları "Cəmilə"dən öncə rejissorun 1953-cü ildə çəkdiyi "Vadidə mübarizə" filmiylə tanış olmuşdular. Bu film Misir xalqının yeni həyat yoluna qədəm qoyduğu bir dövrdə ekranlaşdırılıb və təbii ki, o dövrün hadisələri realist bir sənətkar kimi Yusif Şahinin yaradıcılığından kənarda qala bilməzdi.

"Vadidə mübarizə" çəkilərkən kral Fərrux rejimi devrildi. Ölkədəki siyasi dəyişiklik son səhnələrdəki sosial problemləri daha qabarıq verməyə imkan yaratdı.

"Vadidə mübarizə" filmi ilə rejissor Misir kinosunda ilk dəfə mübariz kəndli obrazını yaradıb. O vaxtlar əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olduğu halda, bu mövzu kinematoqrafçıların diqqət mərkəzindən kənarda qalmışdı. Aqrar bir ölkədə yaşayan, səhərdən axşamadək torpaqda tər tökən kəndlilərin çoxu incəsənətin kino kimi bir növü olduğundan xəbərsiz idi. Savadsız kəndlilər üçün kino bir mayak idi.

Yusif Şahinlə söhbətimiz bu filmdən də kənar keçmədi. "Vadidə mübarizə" o vədə - əllinci illərin sonunda sovet prakatında göstərilən ilk Misir filmlərindən idi və milyonlarla tamaşaçı piramidalar ölkəsi qədim Misiri həm də bu ekran əsəriylə kəşf elədi.

Gördüm ki, söhbətim müsahibimi tutub, duyuğulandığını bu dəfə gizlətmədi. Dedi sizin söhbətiniz məni əllinci illərə apardı. O vaxt çəkilmiş filmin sözü uzun illər sonra gör harada düşür. Məndən ötrü çox xoşdur...

- "Vadidə mübarizə"ni çəkərkən bu filmin sizə şöhrət gətirəcəyinə inanırdınızmı? - soruşdum.

- Kim deyirsə ki, film çəkərkən bu hisslərdən uzaq olur, deməli, o, həqiqəti söyləmir. Hər kəs istəyər ki, filmləri dünyanı dolaşsın. Axı, film tamaşaçı üçün çəkilir, arxivə qoyulmaq üçün yox. Sənətkara şöhrəti əsl sənət əsəri gətirə bilər. Doğrudur, əvvəlcədən mülahizə yürütmək çətindir, amma inamını da itirməməlisən. Məndə o inamı yaradan xalqımın güzəranına, həyatına açıq gözlə baxmağım idi və həyatın bir parçasını olduğu kimi lentə köçürməyi, ekrana çıxarmağı özümə borc bilirdim.

- Bir rejissor kimi bu filmdə istədiyinizə nail olmusunuzmu?

- Demək olar ki, hə. Ona sevinirəm ki, nə yaxşı bu mövzuya müraciət etməkdə gecikmədim. Misir kəndlisinin, tamaşaçısının belə filmlərə ehtiyacı vardı. "Vadidə mübarizə" mənim yaradıcılığımı istiqamətləndirən bir film oldu...

"Vadidə mübarizə" Kann festivalının fəxri diplomunu aldıqdan sonra dünya ekranlarına yol tapdı və rejissora şöhrət qazandırdı. Yusif Şahin filmin uğurlarını həm də aktyor oyunu ilə bağlayır. Ancaq rejissor o vaxtlar bəlkə heç ağlına belə gətirmirdi ki, baş rola dəvət elədiyi Mişel Şalhub tezliklə dünya kinosunun ən parlaq ulduzlarından biri olacaq, Ömər Şərif adıyla tanınıb şöhrət qazanacaq. Bu tapıntı üçün təkcə Misir tamaşaçıları deyil, dünya kinosu da Yusif Şahinə minnətdardır. Sonradan Faten Hamamə və Mişel Şalhub rejissorun "Qara sular" filmində də baş rolları bölüşdülər.

1969-cu ildə çəkdiyi "Torpaq" filmi ilə Yusif Şahin bir daha kənd mövzusuna müraciət edir, Misir kəndinin mənzərəsi yenidən canlanır ekranlarda. Əgər "Vadidə mübarizə" filmində sentimental çalarlara, melodram səhnələrinə rast gəliriksə, "Torpaq"da bu yoxdur. "Torpaq" filmində Misir kəndlisi siyasi cəhətdən nisbətən ayıqdır, öz hüququnu müdafiə etməyə hazırdır. "Torpaq" Misir kinosu tarixində ən yaxşı filmlər sırasında durur. Yusif Şahinin ekran əsərlərində inqilabi bir ruh yaşayır. Bu, rejissorun formalaşmış ictimai fikrindən, həyat hadisələrinə baxışından, münasibətindən irəli gəlir.

Yusif Şahin beynəlmiləlçi baxışıyla da seçilib və bu onun yalnız şəxsi keyfiyyətlərində deyil, sənətkar mövqeyində də özünü aydın göstərməkdədir. Bu, bəlkə də Yusifin böyüyüb boya-başa çatdığı mühitlə bağlıydı. İsgəndəriyyə tarixən Misirin çoxmillətli, kosmopolit şəhəri kimi tanınıb. Yusif də 1926-cı ildə bu şəhərdə, xristian əsilli ərəb ailəsində dünyaya göz açıb. İsgəndəriyyə öz mühiti, mədəniyyəti, ab-havasıyla, tolerantlığıyla seçilib və sənət dünyasına böyük şəxsiyyətlər bəxş edib. Yusif Şahindən dini mənsubiyyətini soruşanda o, cavab verib deyirdi: "Mən məzhəbcə misirliyəm".

Rejissor varlı vəkil ailəsində tərbiyə görüb, İsgəndəriyyənin ən nüfuzlu məktəbi sayılan Viktoriya kollecində ingilis dilində təhsil alıb. Valideynləri Yusifdəki həvəsi görüb, aktyorluq sənətinə yiyələnməsi üçün onu Hollivuda göndərirlər. Üçillik Hollivud həyatı gəncin gözünü açır, o, aktyorluqla yanaşı, rejissorluq sənətinə də yiyələnir.

Misirə dönəndə ölkədə kral Fərrux hakimiyyətinə qarşı etirazlar baş qaldırmışdı, necə deyərlər, havadan inqilab qoxusu gəlirdi. Belə bir ab-havada müstəqil həyata atılan, yaradıcılıq dünyasına qədəm qoyan Yusif özü də bilmirdi ki, mübarizə ruhu onun canına-qanına hopacaq, ömrünün sonunadək ona həmdəm olacaq. Bu ruh elə rejissorun ilk ekranlaşdırdığı "Amin" filmində özünü göstərdi. Ardınca ikinci kinolenti ekranlara çıxdı - "Nil oğlu".

İlk ekran əsərlərilə ictimaiyyətin, kino tənqidçilərinin diqqətini çəkən həm də Yusif Şahinin novatorluğu idi. O, kinoya yeni mövzular, yeni personajlar gətirdi. Ərəb dünyasının Hollivudu sayılan Misir kinosunun Yusif Şahin kimi istedadlı sənətkara ehtiyacı vardı.

- Kinoya cavan yaşlarınızda gəlmisiniz, sizə çətin deyildimi? - soruşdum.

- İlk filmimi çəkəndə cəmi 21 yaşım vardı. Kino sənətinə olan sevgim, həvəsim cavanlığımı, təcrübəsizliyimi unutdururdu mənə. İnsan böyük amallarla yaşayanda çətinlikləri, maneələri dəf edə bilir.

- Yusif Şahin filmlərini bir ideya altında birləşdirən nədir?

- Xəlqilik. Mən bütün yaradıcılığımı xalqıma həsr etmişəm. Onun qayğısı da, acısı da mənimdir. Məni heç vaxt ayrı-ayrı adamların həyatı, taleyi maraqlandırmayıb, ümumilikdə, xalqımın yaşayışı, günü-güzəranı narahat edib.

- Hansı bir filmdəsə bu hisslərdən uzaqlaşdığınız olubmu?

- Təəssüf ki, olub. Qısa bir dövrdə mən zamanın tələbinə uyğunlaşıb, axına qoşulub musiqili melodram, hətta macəra filmləri də çəkmişəm. O dövrü yaradıcılığımda, bir növ, boşluq sayıram.

- Realizm yolunu tutan sənətkarlar sizin ölkənizdə hansı çətinliklərlə qarşılaşırlar?

- Misirdə kinoteatrlar, prokatçılar yalnız gəlir gətirən kommersiya filmlərinin dalınca qaçırlar. Onları xalqın güzəranı, real həyatı əks etdirən mövzular, problemlər maraqlandırmır. Odur ki, bizim filmlərimiz ekranlara çətinliklə yol tapır. Bir də ki, çoxları Misir xalqının həyatını olduğu kimi ekrana çıxarmaqdan qorxur, çəkinir. Ona görə də ölkənin saysız-hesabsız problemləri ekran arxasında qalır. Problemsiz nə bir ölkə var, nə də xalq, bunu danmaq nəyə gərəkdir? Realist sənətkarlar həm də maddi çətinliklərlə qarşılaşırlar. Bu gün Misirdə film çəkmək baha başa gəlir. Bu çətinliyi mən də yaşayıram. Ancaq bütün bu çətinliklərə baxmayaraq, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, sənət adamları çəkinmədən öz sözlərini deməlidilər. Sənətkar sözü xalqa daha tez çatır. Odur ki, əlimizdə olan imkandan istifadə etməliyik, haqq, ədalət naminə, insanlıq naminə.

- Qərb kinosunun Asiya, Afrika ölkələri sənətinə təsirindən çox danışılır. Bu haqda sizin fikrinizi bilmək maraqlı olardı.

- Mən Qərb sənətini öyrənməyin əleyhinə deyiləm. Bu bir həqiqətdir ki, yalnız öz milli mədəniyyətini, sənətini bilmək azdır. Dünyanın ən məşhur sənətkarlarını tanımaq, onların yaradıcılığını izləmək lazımdır. Bununla yanaşı, kiməsə bənzəmək fikri ilə barışmıram, sənətkar kimdən öyrənsə də, ancaq özünə bənzəməlidir.

- Kino sənəti haqqında söylədiyiniz bir fikri xatırladım: "Biz kinonun həm də təhlükəli olduğunu anlamalıyıq. Ona ciddi yanaşmayan, əyləncə kimi baxanlar da var".

- Bəli, mən bu gün də öz fikrimdə qalıram. Kinonu beyinləri zəhərləyən narkotik maddəyə də, silaha da çevirmək olar. Biz buna yol verməməliyik. Kino humanist ideyalara xidmət etməlidir.

- Misirdə realizm işığında yazıb-yaradan sənətkarların, o cümlədən də, özünüzün maddi çətinliklərlə qarşılaşdığınızı qeyd etdiniz. Bu, sizdə ruh düşkünlüyü yaratmır ki?

- Mən heç vaxt kasıbçılıqdan utanmamışam, sənətkar gərək mənən kasıb olmasın...

Yusif Şahinin filmləri Misirdə xalqın həyatının müəyyən bir dövrünü əks etdirən, yaşadan salnamədir. Yetmişinci ildə Camal Əbdül Nasirin ölümündən sonra ölkədəki siyasi vəziyyət realist baxışlı sənətkarların üçün müəyyən çətinliklər yaratdı. Hakimiyyətə gələn, ölkəni "açıq qapı" elan edən Ənvər Sədat rejiminin tələbləri ilə barışmayan Yusif Şahin filmlərinin bir neçəsini xaricdə çəkməli oldu. Əlcəzairdə çəkdiyi "Sərçə" filmi də onun yaradıcılığında önəmli yer tutur. Bu filmdə müəllif İsraillə müharibənin mahiyyətini açır. Deyir: "Bizim vəzifəmiz həm də öz tariximizi yaratmaq, bu yöndə doğru yol tutmaqdır. Bir kinematoqrafçı kimi filmlərimdə sadə insanın cəmiyyətdəki rolunu və xalqın rifahı naminə mübarizəsini ekrana çıxarmağı əsas vəzifə saymışam".

Yusif Şahin yaradıcılığı Misir kinosunda bir məktəbdir. Bu məktəb uzun illər sözünü demiş bir sənətkarın layiqli davamçılarını yetirib. İstedadlı rejissorlardan Məhəmməd Xan, Daud Səid, Əli Əbdül Xaliq, Samir Seyab, Xaliq əl-Haqab Yusif Şahin məktəbinin yetirmələridirlər. Onlar öz ustadlarını unutmur, onun yaradıcılıq yolunu davam etdirməyi özlərinə şərəf bilirlər.

Yusif Şahin bütün şüurlu ömrünü ölkədə kino sənətinin təşəkkülünə həsr elədi, 40-dan çox filmə imzasını atdı. Onun filmlərində Faten Hamamə, Ömər Şərif, Maqda, Dalida, Feyruz, Nur əl-Şərif kimi tanınmış aktyorlar çəkiliblər. Onu Misir kinosunun Patriarxı adlandırır, bütün dövrlərin böyük rejissoru sayırlar. Filmləri Kann, Berlin festivaları kimi nüfuzlu sənət şənliklərinin mükafatlarını alıb.

Yusif Şahin 2008-ci il iyul ayının 27-də dünyadan köçdü. Onun ölümü yalnız Misir üçün deyil, dünya kinosu üçün də ağır itkiydi.

2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəm qazı daha 4 canımızı aldı

21 Aprel 2025 12:43see223

Hakan Fidan Ərdoğanın sirr dağarcığı Uzun boylu kubar, casus diplomat” (TƏHLİL)

21 Aprel 2025 12:39see173

Məktəblərdə YENİLİK KONKRET

21 Aprel 2025 16:58see164

Vizual incəsənətə baxmaq rifaha müsbət təsir göstərə bilər

21 Aprel 2025 06:08see156

Dadaşovun qolu komandasını finala yüksəltdi

22 Aprel 2025 00:07see143

Yaşlılarda texnologiya istifadəsi demans riskini azalda bilər

21 Aprel 2025 18:19see139

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 Aprel 2025 00:04see133

İslam Kərimovun nəvəsi realiti şouya qatılır

21 Aprel 2025 23:58see130

BMT: Kütləvi cəzalandırmaya heç nə haqq qazandırmır

21 Aprel 2025 11:14see127

Rimas Kurtinaytis ilk iki perioddan narazı qalıb

21 Aprel 2025 21:24see126

“Mənə təslim olsalar, onlara mahnı yazaram”

22 Aprel 2025 00:06see126

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see125

Ağ Ev yeni müdafiə naziri axtarır?

22 Aprel 2025 00:09see121

Bu həftə Tesla və Alphabet gəlir açıqlayacaq Davam, yoxsa...?

22 Aprel 2025 00:00see121

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see120

Liderdən asan qələbə

21 Aprel 2025 09:34see119

İsrail ordusu Hizbullah ı silahla tımin edən üzvünü öldürüb

21 Aprel 2025 07:40see116

Yarımfinalın ilk oyununu buraxa bilər

21 Aprel 2025 21:47see116

“O olmasın, bu olsun” Yeni quruluşda

21 Aprel 2025 12:50see115

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri