Icma.az
close
up
RU
Tacsız kraliça Kamil Əfsəroğlu yazır

Tacsız kraliça Kamil Əfsəroğlu yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kamil ƏFSƏROĞLU

İstanbul ilin hər fəslində gözəldir. Ecazkar Bosfor boğazı boyunca o tay-bu tay sahilə sərələnmiş şəhər uzaq yol gəlib yorulmuşdu elə bil. Onun darısqal, dolanbac küçə və xiyabanlarında bir dünya tarix yaşayır.

Şəhərin yorğunluğunu yumaq istəyirmiş kimi qəflətən başlayan yaz yağışından İstanbul mənzərəsi bir andaca dəyişir: iri, dolu damlalar kirəmit taxtapuşları döyəcləyir. Şəhər yaz yağışında çimib durulur. İstanbula yağış da yaraşır.

On beş yaşlı Türkan rəfiqəsilə Bəyoğlu səmtini gəzib dolaşanda özü də bilmirdi ki, bu, adi gəzinti deyil.

- Gəl Yaşılçam küçəsinə gedək, - rəfiqəsi Türkanın qolundan dartdı.

- Yoxsa, məni kino ulduzu eləmək istəyirsən? - Türkan zarafata saldı. - Kimdi məni bəyənən?

Qızlar deyə-gülə Yaşılçam küçəsinə buruldular. Bu küçəyə ayaq basanda həyəcandan az qaldı Türkanın ürəyi yerindən qopsun. Küçə ona dar gəlir, onu sıxırdı və qızın inamsız yerişi böyür-başdakıların diqqətini çəkirdi. Diqqət çəkən bir də onun məsum baxışı, qaynar qara gözləri, bənzərsiz gözəlliyi idi.

- Oo! Yaşılçama nə gözəl xanımlar təşrif buyurub. Xoş gəlmisiniz! - cavan bir kişi onları salamladı.

Rejissor Türkər İnanoğlu idi. Türkanın gözəlliyi rejissoru məftun eləmişdi. "Bu qızda sənətə həvəs varsa, Türkiyənin bir nömrəli kinoulduzu ola bilər", - Türkər İnanoğlu fikrindən ötürdü.

Evə qayıdanda Türkan anasının boynuna sarıldı, dedi ki, tezliklə kinoda çəkiləcək, məşhurlaşacaq, onu hər yerdə barmaqla göstərəcəklər. Ailə kasıblığın daşını atacaq, qayğılardan qurtulacaq.

Anası və kiçik bacısı Nazan onun sözlərini ciddiyə almasalar da, Türkanın inamlı danışığı onların qəlbində haradasa bir ümid çırağı yandırdı. Anası Türkanın sənətə olan həvəsinə qarşı çıxmaq istəmədi - "Yolun açıq olsun, qızım!" - dedi.

lll

"Tacsız kraliça". Türkiyədə belə bir rəsmi titul yoxdur. Xalqın verdiyi bu adı daşımaq ölkənin kino tarixində yalnız bir nəfərə nəsib olub - istedadlı kinoaktrisa Türkan Şoraya. Türk kinosu yarandığı vaxtdan ölkə mədəniyyətinə çox sənətkarlar, parlaq ekran ulduzları bəxş edib, amma onların heç biri Türkan qədər böyük şöhrət qazana bilməyib. Sənət kəhkəşanında Türkan Şoray öz işığı, şəfəqiylə başqalarından seçilən Dan ulduzunu xatırladırdı. Onun keçdiyi həyat yoluna, çəkildiyi filmlərə, oynadığı rollara nəzər yetirəndə görürük ki, yalnız xalqını ürəkdən sevən, sənətə qəlbən bağlı olan bir sənətkar bu sayaq böyük hörmət qazana bilər. Belə olmasaydı, aktrisanın Sultanı, Minəsi, Səlması, Fəridəsi, Dəryası, Həzəli və neçə-neçə qəhrəmanları tamaşaçı qəlbinə necə yol tapa bilərdi? Türkiyədə böyükdən kiçiyə hamı türkanlı filmlərin sorağındaydı. Onun çəkildiyi ekran əsərlərini sevərəkdən belə də adlandırırlar - "Türkanlı filmlər".

Sənətə gəldiyi gündən yüzlərlə filmdə çəkilmiş istedadlı aktrisanın türk kinosunun inkişafında xidmətləri əvəzsizdir. Türkan sənətə təkcə yeni ad deyil, həm də yeni qəhrəmanlar, yeni personajlar gətirib. Onun yaratdığı obrazlar müxtəlif taleli, müxtəlif qismətli türk qadınlarının ekrandakı əksidir. Haqlı deyirlər ki, Türkan Şoray ekranda gülürsə, bütün türk qadınları gülür, ağlayırsa, bütün türk qadınları ağlayır.

Onu Türkiyədə böyükdən kiçiyə hamı tanıyır, sevir. Ölkədə çıxan qəzet və jurnallar Türkan xanımın sadə ailələrin qonağı olması, öz puluna məktəb tikdirməsi, uşaq evləri və xəstəxanalara baş çəkməsi haqqında tez-tez yazı və şəkillər dərc edir. Türkanlı filmlərlə rəqabət aparanlar bunun reklam naminə edildiyini söyləyirlər. Mən isə belə deməzdim. Türkan xanımla şəxsi tanışlığım və yaradıcılığına yaxından bələdliyim mənə bunu deməyə haqq verir ki, ünlü sənətkarın bu sayaq reklamlara ehtiyacı yoxdur. Aktrisanın uşaqlıq çağları ağır və qayğılı keçdiyindən, o, çətinliyin nə demək olduğunu yaxşı bilir və gördüyü xeyriyyə işləri də kimlərəsə əl tutmaq, yardım etmək istəyindəndir.

Türkan Şoray 1945-ci ildə İstanbulda anadan olub. Atası dəmiryolçu, anası evdar qadın idi. Atası onlardan ayrılanda Türkanın on yaşı vardı, bacısı Nazan isə körpə idi. Türkan hələ orta məktəbdəykən işləyib anasına kömək eləmək istəyirdi.

1960-cı ildə "Kənddə bir qız sevdim" filmilə sənətə qədəm qoyan Türkanın ilk rolu uğurlu alınmasa da, onu ruhdan salmadı. Əslində, burada qəribə heç nə yox idi, təcrübəsiz bir qızın birdən-birə xarüqələr yaradacağını düşünmək sadəlövhlük olardı. Önəmli olan bu idi ki, rejissorlar onun gələcəyinə ümid bəsləyir, aktrisa kimi yetişəcəyinə inanırdılar.

"Yaşılçam" öz qapılarını Türkana açmışdı. Tanınmış kinoaktyor Ayxan İşıqla birlikdə oynadığı "Sevimli quldur" filmi Türkanın intim səhnələrdə çəkildiyi ilk və son film olur. Bir ildə ondan çox filmdə oynayır. Qısa zamanda Türkanı artıq bütün Türkiyə tanıyırdı, tamaşaçıların sevimlisi olmuşdu, şəkilləri qəzet və jurnal səhifələrindən düşmürdü. 60-cı illərin ortalarında isə Türkan Şorayın adı Türkiyənin məşhur kino ulduzlarından Hülya Qoçigid və Fatma Giriklə bir cərgədə dururdu. Filmdən-filmə hiss olunurdu ki, Yaşılçamda yeni bir ulduz parlamaqdadır. Qara, qaynar gözlü qızın gözəlliyi çoxlarını sehrləmişdi. Türkanın gözəlliyi varlı iş adamı Rüçhan Adlını da ovsunlamışdı.

Sənətə gəlişindən üç il sonra Türkan özündən 22 yaş böyük olan Rüçhan Adlıya könül verir və beləcə onların qeyri-rəsmi birgə həyatı başlayır.

Qəribə təsadüfdür, yetmişinci illərdə Azərbaycan Beynəlxalq Radiosunda işlədiyim vaxt fond materialları arasında maraqlı bir lent yazısına rast gəldim, 60-cı illərin əvvəllərində Bakıda olmuş Rüchan Adlının müsahibəsi idi. O lent yazısını Türkan haqqında hazırladığım verilişdə istifadə elədim və bu, necə deyərlər, göydəndüşmə bir fürsət idi.   

İmkanlı iş adamı Rüchan Adlıyla tanışlıq Türkanın həyatını kökündən dəyişir, gənc qız kürəyində ona dayaq ola biləcək bir qüvvə hiss eləyir. Yaşılçam həyatında bu, vacib idi. Odur ki, şorgöz rejissorlar, prodüserlər gözlərini bu gözəl-göyçək qızdan çəkməli olurlar.

Rüchan Adlının imkanları geniş olduğundan türkanlı filmlərin çəkilişinə maliyyə yardımı göstərirdi. 60-cı illərin ortalarında Türkan Yaşılçam qarşısında öz tələblərini irəli sürdü, buna "Türkan Şorayın qanunları" deyirdilər. Tələblər nədən ibarət idi? Türkan Şoray açıq-saçıq səhnələri qəbul eləmir, İstanbuldan kənarda çəkilmir, bazar günü onun istirahət günüdür və sairə. Aktrisanın Yaşılçam qarşısındakı tələbləri bəzilərinin ürəyindən deyildi, buna ağız büzürdülər. Hətta bir müddət onu çəkilişə belə dəvət etmədilər. Bütün bunlar Türkanı əsla qorxutmurdu, inanırdı ki, sənətdə öz sözünü deyəcək və onu qarşıda yeni uğurlar və şöhrət gözləyir. Belə də oldu, prodüserlər gənc aktrisanın tələblərilə razılaşmalı oldular və beləcə türkanlı filmlərin yeni ekran həyatı başladı.

Çəkilişə dəvət Türkanın başına yağış təki yağırdı. O, müxtəlif rejissorların filmlərində rol alır, məşhur aktyorlarla tərəf-müqabil olurdu. Türk qadınları onun ekran obrazlarında özlərini, acılı-şirinli talelərini görürdülər. Türkanlı filmlər Türkiyənin şəhərlərini, kəndlərini dolaşır, Türkiyəni türklərə tanıdırdı.

Altmışıncı illərdə qadın mövzusu kinoda geniş yer tuturdu. Ölkədəki mövcud problemlər, köhnə adət-ənənələrə tənqidi münasibət sənətin digər sahələrində olduğu kimi, kinoda da öz aktuallığını saxlayırdı və təbii ki, türk qadınlarının həyatı, onların yaşam tərzi, qayğıları aydın fikirli sənətkarların diqqətindən yayına bilməzdi.

Türk kinosunda qadın mövzusu heç bir rejissorun filmlərində Atif Yılmaz yaradıcılığında olduğu qədər geniş işıqlandırılmayıb. Atif bəyin bir çox filmlərində baş rollarda məhz Türkan Şorayın çəkilməsi təsadüfi deyildi, onlar bir-birlərini asanca başa düşür, anlayırdılar.

O dövrdə bədii əsərləri ekranlaşdırmaq təcrübəsi çox da yayılmamışdı, belə filmlər böyük maliyyə vəsaiti istəyirdi. Ölkənin kino sənayesi isə ağır maliyyə yükünün altına girməyə qadir deyildi. Türkiyədə kino dövlət tərəfindən maliyyələşdirilmirdi, prodüserlər, rejissorlar kütləvi səhnələr tələb edən əsərlərdən qaçır, daha çox bəsit mövzulu məişət filmlərinə üstünlük verirdilər və təbii ki, türkanlı filmlər də bu təsirdən kənarda qala bilməzdi.

Rejissor Osman Sədən 1966-cı ildə Rəşad Nuri Güntəkinin "Çalı quşu" romanını ilk dəfə ekranlaşdırmaq istəyəndə çoxları bu filmin uğur qazanacağına ümidsiz yanaşırdı. Rejissor isə özünə güvənirdi, güvəndiyi bir də Fəridə roluna dəvət etdiyi Türkan Şoray idi. Aktrisa onun ümidlərini doğrultdu, - Türkan Şoray Fəridəni sevdi və sevdirə bildi. O, özü bu haqda deyir: "Fəridə rolunu qəlbən mənimsəmiş və o qədər ürəkdən oynamışdım ki, filmin çəkilişi başa çatsa da, mən aylarla bilmir, illərlə hələ də Fəridənin həyatını yaşayırdım".

Türkan Şoray hansı rolda çəkilirsə-çəkilsin: istər bər-bəzəkli kübar qadın, istərsə də sadə Anadolu qızı rollarında, o, temperamentli, gözəl oyunuyla tamaşaçıların qəlbini ovsunlayır. Türkanın sənətə realist baxışı Yılmaz Durunun "Vicdan borcu" filmində Qürbət, Xalid Rəfiqin "Gəlin Sultan" filmində Sultan, Əli Özgəntürkün "Xəzəl" filmində Xəzəl və digər rollarda aydın duyulur.

1972-ci ilə qədər söhbət yalnız aktrisa Türkan Şoraydan gedirdisə, həmin vaxtdan afişa və titrlərdə "Rejissor Türkan Şoray" yazısına da rast gəlmək olurdu. Türkanın rejissorluğa meyl salması Yaşılçamda əsl sensasiya oyatdı. Çoxları onun bu işin öhdəsindən gələcəyinə inanmırdı və bu cür şübhələr yersiz deyildi. Doğrusu, Türkanın özü də tərəddüd içindəydi. Lakin o vaxtlar həbsdə olan kinorejissor Yılmaz Güneydən aldığı məktub onu ruhlandırdı. Yılmaz Güney yazırdı: "Bacım, deyilənlərə fikir verməyin, bu işin öhdəsindən gələcəyinizə inanıram". Güneyin məktubu Türkanın özünə olan inamını artırdı. Çəkdiyi ilk film "Dönüş" adlanır. Filmdə baş rolu Türkan özü oynayır. "Dönüş" Beynəlxalq Moskva kinofestivalında müsabiqədənkənar göstərilmişdi.

Səksən ikinci ildə Asiya, Afrika və Latın Amerikası Ölkələrinin VII Beynəlxalq Daşkənd kinofestivalına gətirilən türk filmlərinin bir neçəsi Türkan Şorayın iştirakı ilə çəkilmişdi. Kinorejissor Əli Özgəntürkün "Xəzəl", Türkan Şorayın "İlanı öldürsələr" filmləri festivalda nümayiş etdirildi. Hər iki filmin mövzusu sadə, kasıb insanların qayğılı həyatına, köhnəliyə, qan düşmənçiliyi probleminə toxunur. "Xəzəl" filmində də baş rolda Türkan Şoray çəkilib. "Xəzəl" tamaşaçıları düşündürən, sosial problemlərə toxunan, müasirliyi keçmişin bəzi iyrənc adət-ənənələrinə, humanizmi qəddarlığa və nadanlığa qarşı qoyan bir ekran əsəridir. Bu, Əli Özgəntürkün ilk tammetrajlı filmi olsa da, rejissor Anadolu kəndində baş vermiş hadisələri dolğun, real təsvirlərlə verməyi bacarıb. Sadə kəndli qadının qisməti, taleyi gətirilir ekrana. "Xəzəl" filmindəki hadisələr, sadəcə, sənətkar fantaziyasının, təxəyyülünün bəhrəsi deyil. Təəssüf ki, belə hadisələrə, şəriətin eybəcər qayda-qanunlarına həyatda hələ də təsadüf olunur. Tarixdən miras qalmış qan düşmənçiliyi cəmiyyətin hələ də yaxa qurtara bilmədiyi ictimai bəladır. Qan düşmənçiliyi nəsildən-nəslə keçərək davam edir və bu düşmənçiliyin qurbanına çevrilənlər həm də qadınlardır.

Türkan Şorayın yaradıcılığı haqqında çox yazmışam. "Türkanlı filmlər", "Türk kinosunun sultanı". "Yaşılçamın ulduzları" və digər yazılarım dövri mətbuatda dərc edilib. Hələ 80-ci illərin əvvəllərində onun yaradıcılığı haqqında yazanda biz görüşməmişdik. Maraqlıdır ki, mənim Türkan Şorayla görüşüm nə Azərbaycanda, nə də Türkiyədə oldu. Onunla Moskvada tanış oldum, həmin gün aktrisa həyatının qırxıncı ilini yola salırdı.

XIV Beynəlxalq Moskva Kinofestivalında Türkiyə Türkan Şorayın çəkildiyi "Minə" filmi ilə iştirak edirdi. Türk kinematoqrafçılarının jurnalistlərlə keçirdikləri mətbuat konfransında əcnəbi müxbirlərdən biri Türkan Şoraydan hansı xarici ölkələrdə çəkildiyini soruşanda o, fikirləşmədən cavab verdi ki, Sovet İttifaqı Türkiyə sərhədlərindən kənarda çəkildiyi ilk və yeganə ölkədir. Bu, salondakılardan ötrü gözlənilməz cavab idi, onlar aktrisanın neçə-neçə ölkə adı sadalayacağını gözləyirdilər. Türkan xanım Türkiyənin "Tuğrafilm" kinostudiyasının "Mosfilm"lə birgə çəkdiyi "Məhəbbətim mənim, kədərim mənim" filmində Mehmene Banu  rolunu oynayıb.

Türkan Şoray "Minə" filmində tanınmış teatr və kino aktyoru Cihan Ünalla oynayır. Festival kinolentlərin nümayişinə "Minə" filmi ilə başladı. Atif Yılmazın çəkdiyi bu filmdə Türkan Şoray Minə obrazını ustalıqla yaradır. Film həyati problemlərə toxunur, o problemlərə ki, əyalət qadınlarını hüquqsuzluq məngənəsində sıxır. Kiçik bir qəsəbədəki dəmiryol stansiyası müdirinin arvadı olan Minə bu həyat məngənəsindən çıxmağa, qurtulmağa can atır. O, əyyaş ərinin kobudluğundan savayı, həyatda heç nə görməyib. Minə gözəldir, ancaq gözəlliyi də başına bir bəladır. O, qəsəbədə yaşayan kişilərin, ərinin içki dostlarının iyrənc nəzərlərindən gizlənməyə çalışır. Pəncərə qarşısında dayanıb gəlib-gedən qatarları seyr edir. Minəyə elə gəlir ki, qatarların gəldiyi şəhərdə həyat nəsə bambaşqadır. Bir dəfə bu qatarla qəsəbədə müəllim işləyən Pərixanın qardaşı İlhan gəlir. İlhan yazıçıdır. Onun gəlişi Minənin həyatında bir dönüş yaradır.

Film festivalda uğur qazanmasa da, Türkanın oyunu təqdirəlayiq idi.

Səksəninci illərin axırlarında Əlcəzairdə keçirilən Aralıq Dənizi Ölkələri Beynəlxalq Kinofestivalında Türkiyə Atif Yılmazın "Xəyallarım, eşqim və sən" filmilə iştirak edirdi. Ümid Ünalın ssenarisi əsasında çəkilmiş bu filmdə baş rolları Türkan Şoray, Oğuz Tunc oynayır. Festivalın "Qadın rolunun ən yaxşı ifaçısı" mükafatı Türkan Şoraya verildi. Türkan xanım türk kino tarixində ilk beynəlxalq mükafat alan aktrisadır.

1988-ci ilin noyabrında Türkiyənin müqəddəs şəhəri sayılan Konyada idim. Qəzetləri vərəqləyərkən həmin gün "Xəyallarım, eşqim və sən" filminin televiziyada göstəriləcəyi xəbərini oxudum.

Otelin foyesində oturub filmin başlamasını səbirsizliklə gözləyirdim. Televizor qarşısında məndən savayı, 5-6 nəfər türk də yumşaq kreslolara yayxanıb oturmuşdular. Film türk kinosu üçün xarakterik mövzuda - eşq-məhəbbət mövzusunda çəkilib.

Beş-on dəqiqə sonra mən televizor qarşısında filmi təkcə seyr edirdim, bayaqdan mənimlə yanaşı oturmuş, bahalı otelin şıq geyimli müştəriləri otaqlarına dağılışmış, ya da ki, vaxtlarını keçirmək üçün başqa əyləncə axtarmağa getmişdilər. Türklər öz tarixini, mədəniyyətini, incəsənətini sevən və başqalarına da sevdirməyə can atan, həssas qəlbli insanlardır. Bəs bir çoxlarında, xüsusən də yüksək təbəqədən olanlarda türk filmlərinə soyuqluq haradandır?

Türkan Şorayın yaradıcılığında melodrama meyl böyükdür. Maraqlıdır, görəsən, bu istedadlı sənətkar - türk kinosunun Tacsız kraliçası ekranda yaratdığı hansısa bir obrazla həyatdakı Türkan Şorayın taleyi arasında oxşarlıq görürmü? Heç şübhəsiz, hansı melodramdasa aktrisa özünü - həyatdakı Türkanı oynamış, öz taleyini ekranda yaşamışdır.

1983-cü ilin aprelində türk qəzetləri Türkan Şorayın kino sənətinə atıldığı vaxtdan qeyri-rəsmi yaşadığı Rüçhan Adlıdan ayrıldığı xəbərini yaydı. Sensasiya oyadan bu xəbəri çoxları soyuqqanlı qarşıladı. Digər sənət ulduzları kimi, Yaşılçamın Tacsız kraliçasının da taleyində baş verənlər sanki bir qanunauyğunluq idi, yəni belə də olmalıydı.

Çox keçmədi ki, türk mətbuatında yeni bir xəbər diqqəti cəlb elədi: "Türkan Şoray tanınmış teatr aktyoru Cihan Ünalla ailə qurub". Manşetlərə çıxarılan bu nəqli cümlə nədənsə sual işarəsiylə tamamlanırdı. Sabahkı həyatının, gələcək taleyinin necə olacağı bəlkə Türkanın özü üçün də bir sual idi.

Türkan xanım Moskva kinofestivalına həyat yoldaşı Cihan Ünalla gəlmişdi. Tez-tez görüşür, bir yerdə olurduq. Hiss edirdim ki, hər ikisinin fikri evdə qoyub gəldikləri körpə qızları Yağmurun yanındadır. Türkan xanım Moskvadan qızına alacağı oyuncaqlardan həvəslə söhbət salırdı. Təzə evlənmiş, gənc olmayan ər-arvad bir-birinə "can" deyib, "can" eşidirdi. "Sevgilim", "aşkım" kəlmələri dillərindən düşmürdü. Nədənsə, hərdən mənə elə gəlirdi ki, bu iki aktyor roldadır, həyat adlı filmdə öz rollarını oynayırlar və onların melodramı da bütün kinolentlərdə olduğu kimi bu sözlərlə bitəcək - "Filmin sonu".

Türkan xanımdan müsahibə alanda jurnalist marağımı boğa bilmədim, soruşdum: Kino ulduzları öz pərəstişkarlarının gözündə dünyanın ən xoşbəxt insanlarıdır. Türkan Şorayın bu fikrə münasibəti necədir?

Bayaqdan deyə-gülə söhbət edən, məni maraqlandıran sorğulara həvəslə cavab verən dilli-dilavər xanım sualımı eşitməyibmiş kimi susdu. Gözlərinin dərinliyində güclə sezilən bir qüssə vardı...

Görüşümüzdən üç il sonra türk mətbuatında Türkan Şorayın həyat yoldaşı Cihan Ünaldan ayrıldığı xəbərini oxudum. Bu, bir vaxt sükutla qarşılanan sualımın gecikmiş cavabı idi, yoxsa?..

P.S. 2015-ci ildə Türkan Şoray qızı Yağmurla Bakıya gəldi. Otuz il əvvəl Moskvada Türkan xanımın "Kamil bəy, lütfən məni "Detskiy mir" mağazasına götürürmüsünüz, minicik Yağmuruma Rusiyadan oyuncaklar almak istiyorum" sözlərini xatırladım. Yağmur indi böyük qız olub, anasının yolunu davam etdirir, filmlərdə çəkilir. O vaxt Bakıda olmadığımdan görüşə bilmədiyimizə çox təəssüfləndim...

2025

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://525.az
archiveBu xəbər 22 May 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see241

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see175

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see137

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see129

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see128

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see124

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see123

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see120

De Brüyne seçim arasındadır

21 May 2025 18:19see120

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see120

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see120

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see120

Rubio etiraf edir...

21 May 2025 19:47see118

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see118

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see116

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see116

Cəlal Qurbanova ağır itki

21 May 2025 21:55see116

Güləş Federasiyasının sabiq vitse prezidenti vəfat edib

21 May 2025 21:56see114

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see114

Lavrov İrəvanda Paşinyana ultimatum verib: Rusiya Ermənistanın “kupça”sını istəyir

21 May 2025 21:57see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri