Icma.az
close
up
RU
525ci qəzet Rafiq Yusifoğlu Bədii, elmi təfəkkürün miqyası Bədirxan Əhmədli yazır

525ci qəzet Rafiq Yusifoğlu Bədii, elmi təfəkkürün miqyası Bədirxan Əhmədli yazır

Bədirxan ƏHMƏDLİ

Azərbaycan ədəbiyyatının tanınmış siması - şair, ədəbiyyatşünas, tərcüməçi Rafiq Yusifoğlunun "Seçilmiş əsərləri"nin 20 cildliyi çap olunub. Bəlkə də bundan xəbər tutanda mənə adi informasiya kimi gəldi; ancaq bu informasiyanın alt qatına endikdə bütöv bir ömrün salnaməsini, ağır və uzun zəhmətin izlərini görməmək olmur. Bu cildlərin hər biri haqqında yəqin ki, ayrıca araşdırma aparılacaq, heç olmazsa, yaradıcılığının janr və forma zənginliyi, müxtəlifliyi dəyərləndiriləcək. Onun yaradıcılığına mən də bələdəm, yaxından izləyirəm, vaxtilə şeirlər kitabı haqında məqalə də yazmışam. Ədəbiyyatşünaslıq və nəzəri əsərlərinin ali təhsil tədrisində nə qədər gərəkli olduğunu görmüşəm. Bu illər ərzində 70-ə qədər kitabı nəşr olunub, ədəbiyyatın bu janr və formalarında həmişə söz deməyə çalışıb, deyib də... indi isə bunları bir yerdə "Seçilmiş əsərləri" çətiri altında təqdim edir. Möhtəşəm bir nəticədir, bu, hələ davam edir, yəqin ki, bu cildlər bundan sonra da davam edəcək. Bu cür fundamental işi ancaq ədəbiyyata, sənətə, elmə sevgidən etmək olar. Müsahibələrinin birində dediyi kimi: "...ədəbiyyat mənim Leylim, mən isə onun Məcnunuyam". Bu da əsl şair bənzətməsidir, son dərəcə yerinə düşür. Mənə qalsa, 20 cildlik onun ömür yoludur, özünü ədəbiyyatda, elmi mühitdə təsdiq etməsidir və nəhayət damcı-damcı qazandığı tərcümeyi-halıdır. Bu ömürlük birdən-birə qazanılmayıb, hər saatını, gününü, ayını, ilini sənətə, ədəbiyyata, elmə verməklə qazanılıb. Nəticədə şair, ədəbiyyatşünas, nəzəriyyəçi, tərcüməçi ömrünü bir ömürdə birləşdirib. Biz də bu ömrün bəzi məqamlarından söhbət açmağa çalışacağıq.

Aydındır ki, 20 cildlik hər bir yazar üçün fundamental-həsəd aparılası bir işdir. Buna qədər bizim ədəbi, elmi mühitdə bu cür hadisələri xatırladım; şairlərdən S.Vurğunun hələ sovet dövründə nəşr edilən 6 cildliyi. Daha sonra Mehdi Hüseyn və Mirzə İbrahimovun 10 cildliyi. Lap son zamanlarda isə Anarın və Elçinin 10, Bəxtiyar Vahabzadənin 12, Zəlimxan Yaqubun 13, Azad Qaradərəlinin 20, Firuz Mustafanın 30 cildliyi. Bunlar hamısı ədəbiyyatımızda böyük bir hadisədir. Əslində, ədəbi mühitdə bu cür hadisələr qeyd olunmalıdır. Bu, ya ədəbi tənqidin biganəliyidir, ya da artıq bu cür faktlara öyrəşdiyimizdən reaksionu itirmişik kimi görünür. Bəzən də kiçik bir məqalə ilə reaksiya vermişik. İndi ədəbiyyatşünaslıq sahəsində də çoxcildliklər ortaya çıxmaqdadır. Sovet dövründə Cəfər Cəfərov və Məmmədcəfər Cəfərovun 2, Məmməd Arifin 3 cildliklərindən sonra son zamanlarda Yaşar Qarayevin və Kamran Əliyevin 5, Nizaməddin Şəmsizadənin 3, Qəzənfər Paşayevin 7, İsa Həbibbəylinin 10 cildləri nəşr edilib. Bu çoxcildliklərin bir çoxunda bədii yaradıcılıqla ədəbi tənqidi yaradıcılıq birləşdirilib.

Rafiq Yusifoğlunun çoxcildliyi mövzu və problematika baxımından çoxsəsli, çoxjanrlı, çoxsahəlidir; şeir, nəsr, məqalələr, tərcümə, publisistika, ədəbiyyatşünaslıq, nəzəri tədqiqatlar və s. Adətən 1-ci cilddə şairin həyat və yaradıcılığını əks etdirən məqalə də yazılırdı. Görkəmli ədəbiyyatşünaslar və ya tənqidçilər tərəfindən yazılan bu məqalədə çoxcildlik müəllifinin yaradıcılığı təhlil edilirdi. Lakin R.Yusifoğlu hətta ədəbiyyatşünas dostlarına əziyyət vermək istəməyərək bu missiyanı öz üzərinə götürüb "Ön söz əvəzi" yazsa da, təhlili oxucularının (yəqin ki, həm də tənqidçi və ədəbiyyatşünasların!) öhdəsinə qoymuşdur.  Çoxcildliklərin əsas xüsusiyyətlərindən biri bölgünün aparılmasıdır; şairin, yaxud yazıçının yaradıcılığında hansı sahə üstünlük təşkil edirsə, ön cildlərdə yer alır. İndiki halda bu həm də çoxcildliyin müəllif arzusu ilə bəlirlənir. Çünki bu çoxcildliklərin əksəriyyəti müəllifin iştirakı ilə hazırlanır. Bu mənada, R.Yusifoğluda önə çıxan onun poeziyasıdır. Bu, ədalətli və doğru qərardır; Rafiq Yusifoğlu yaradıcılığa şeirlə başlayıb və çağdaş poeziyamızı obraz və obrazlılıq, bədii təsvir və ifadə vasitələri, bədii detal, poetik ruh baxımından zənginləşdirib, yeni üslubi çalarlar, ahəng və ritm gətirib. "Seçilmiş əsərləri"nin 11 cildində şairin 1977-ci ildən yazmağa başladığı və son günlərdə də yazdığı şeirləri və poemaları daxil edilib. Yaxşıdır ki, şeirlərin  altında zaman və məkanı ifadə edən qeydlər də var; bu şeirlərdə nələr yoxdur; insan həyatının bütün böyük, sirli, sevincli, kədərli anları, həyatı, sevgini, sonu anlatmaq və s. Bu şeirlər insana dünyanı və kainatı anladır, səni gündəlik həyatdan uzaqlaşdırır, həm də həyatın özünü göstərir. O, bu şeirlərində yeknəsəq bir həyat təsvir etmir, yaşadığımız həyatda görmədiyimiz nəsnələri göstərir. Onun şeirlərini sən bir mənəvi ehtiyac olaraq oxuyursan və düşünürsən. Şair bu şeirlərində yaşantılarını bütün dəyişik yönləri, çalarları ilə verir. Bu yaşantılar şairin təqdimində yenidir; çünki bu yaşda yaşadıqlarını heç zaman qələmə almayıb, yəqin ki, bundan sonra yazdıqları da başqa bir yaşantı olacaq. Bu yaşantılardan biri də doğma torpağı, yurdu, eli-obanı içində yaşatmaqdır. Deyim ki, R.Yusifoğlu bir vətəndaş kimi narahatlıqlarını həm də yurd sevgisində büruzə verir. Bu yaşda doğma diyarında özünü qərib hiss edən lirik Mən doğulub boya-başa çatdığı, lakin heç zaman gedə bilmədiyi torpağı yuxusunda görür. Başqa bir şeirində "Biz bütün arzulara yuxuda çatmağı çox sevirik..." fikri də burada yerinə düşür. Yuxuda görmək, ona əlinin çatmaması deməkdir, ona qovuşmaq istəyini əks etdirməkdir. Lakin nə yazıq ki, şair (təkcə şairmi!) hələ bu imkandan məhrumdur.

R.Yusifoğlunun şeirlərinin özəlliyi ondadır ki, strukturu sadə bir detal üzərində qurulur; bu detalda yaşadığı ovqatı, içinə aldığı düşüncəni söyləyir və mütləq şəkildə onu həyatla, yaşamla bağlayır. Şeirlər duyğu və həyəcanların təsvirindən asılıdır, çox qısa da ola bilir, ya da uzağı beş-altı bənddə özünü ifadə edir. Bu şeirlərin hər birinin tarixi var, bu tarix elə şairin duyğularının stenoqramı kimi mənalanır. Hər şeyin bir yaranışı olduğu kimi, duyğuların, yaşantıların da bir yaranışı vardır. İlin dəyişməsi nədənsə hamıda fəlsəfi düşüncələr oyadır, xatirələr çözələnir, sən sadəcə köhnə ildən yeni iləmi keçirsən; il dəyişirsə nələr dəyişir?

Küçə həmin küçədi,

Şəhər həmin şəhərdi,

Mən həmin mənəm -

Təkcə təqvimdə

2015-ci ildi...

Rafiq Yusifoğlu bəlkə də yazdığı şeir qədər poetik obrazlar yaradır; bu obrazlar içərisində həyat, ömür, dünya ilə yanaşı yaşadığımız həyatın bir parçası-günlər, aylar, illər və s. vardır. Bu obrazlardan biri də dənizdir. Onlarla şeiri dənizə həsr edilib, lakin bu şeirlərin hər birində yalnız dənizin təkrarsız obrazını yaratmır, həm də onunla həmsöhbət olur, onu əzizləyir, sevir, qorumağa çalışır və hamını buna səsləyir. Bu poetik çağırışda şairin vətəndaşlıq missiyası başlıca yer tutur. Bu şeirlər insanla dənizin söhbəti kimi yadda qalır. Dəniz də insan kimi bir varlıq olaraq göstərilir; onu tənha qoymaq istəmir, Dünya "istidən od tutub yananda", "suları şaxtadan donanda" onun yanında olur. Şairin dənizi də insan kimi duyur, hiss edir, üşüyür... İl boyu dəniz üzərində uçuşan qağayıların dəniz sevgisi son dərəcə poetik şəkildə verilir:

Dayazda üzən balıqlar

arabir düşürlər

pis günə.

acgöz quşlar

qəflətən şığıyırlar

onların üstünə...

dalğaların üzərində

ora-bura uçuşub

yem gəzir qağayılar

İlin bütün fəslində...

Onların da dəniz sevgisi

qarın sevgisidi əslində...

R.Yusifoğlunun çoxcildliyində toplanmış şeirlərinin bir çoxu Azərbaycandan kənarda yazılıb; İstanbul, Los-Anceles, Dubay və s. Bu şeirlər "Dünyanın o üzü və qürbət nəğmələri" adlanır. Doğrusu, indiyədək poeziyamızda bu silsilədən olan şeirlər yazılmışdır. R.Yusifoğlu isə sanki Los-Ancelesdə yazdığı şeirləri qəriblik üzərində qurmayıb. Bunun da müəyyən səbəbi var. Şair tanımadığı bir diyarda oğlu və nəvələri tərəfindən qarşılanırsa, ona "qərib diyar" deməyə dili gəlmir. Başqa bir şeirində isə bu yerləri öz vətəninə oxşadır və qəriblik hiss etmədiyini dilə gətirir. Ümumiyyətlə, bu şeirlərin qürbət başlığı altında verilməsinə baxmayaraq, qürbətçilik, demək olar ki, hiss olunmur. Ona görə belədir ki, şair bu yerləri gəzərkən belə, heç zaman vətənini, elini unutmur, yaddan çıxarmır. "Mələklər şəhəri", "Sakit okean nəfəs alır", "Santa Monika kitab mağazasında", "Bu şəhər", "Səfil kitab oxuyur", "Möcüzələr qitəsi", "Vətəndən gələn işıq", "Marina Del Reydə", "Qərib diyar, qəribə diyar", "santa Monika çimərliyində", "İki okean arasında", "Göydə elədiyim dualar" və s. şeirlərində Amerika lövhələrini yaradır. Bu şeirlərdə şairin təkcə təsvir məkanı dəyişmir, düşüncələri, obrazları, təsvir və ifadə vasitələri (elə ifadə imkanları da!) də dəyişir, yeniləşir. Şairi təəccübləndirən bir də Amerikanı hələ "otuyla", "suyuyla", "insanıyla", "cəmiyyətiylə" tanımamasıdır. Burada hər şey ona yeni görünür, yeni göründüyü üçün də möcüzələr ölkəsi kimi gəlir:

Burda nə qədər meyvə var,

hələ dadını bilmirəm.

Burda nə qədər gözəl ağac var,

birinin də adını bilmirəm.

Bildiyim odu ki, 

bu bərəkətli torpağa

nə əksən bitəsidi...

Doğrudan da, Amerika

möcüzələr qitəsidi...

Şair Amerikanı, onun təbiətini, insanlarını, Sakit okeanı çox təsvir edir, oxucu üçün o qədər də tanış olmayan lövhələr yaradır. Bununla da, bu qitənin təbiətinə vurğunluğunu gizlətmir, ancaq qürbəti heç zaman dərdə əlac hesab etmir, vətənini sevdiyi üçün darıxır, darıxdığı üçün "Qollarını sevgiylə aç, Gəlirəm, vətən, gəlirəm!", - deyə lacivərd göylərini heç zaman unutmadığını dilə gətirir, onun budaqda saralıb-solan bir yarpağına belə vurğunluğunu gizlətmir. Şairin poetik düşüncəsində torpaq elə hər yerdə torpaqdır, daş elə hər yerdə daşdır. Şair özü üçün müəyyənləşdirir ki, vətən heç də torpaqdan, daşdan ibarət deyilmiş, "Vətəni vətən eləyən, Demə ana dili imiş..."

"Bir dəli sevdadır ömrün mənası" başlığı altında toplanan şeirlərdə müəllif sevgi yaşında olmasa da, oxucuya yepyeni bir sevgi hissləri, duyğular çələngi təqdim edir. Bu duyğular, əslində sevgi yaşının və sevginin yaşının olmadığını göstərir. Məsələ heç də şairin bu sevgini yaşamasının zəruriliyində deyil, onu necə təsvir etməsindədir. "Bir dəli sevdadır ömrün mənası", "Közərdi qəlbimin sönən atəşi", "Ürəyim sevgiylə gəlirdi dilə, Dəvət göndərmişdi sanki göy yerə", "Bir payız günündə gəldik üz-üzə, Hara baxırdımsa, duman, çən idi", "Həsrətin ağlatdı dərəni, düzü", "Hicran dumanında ümidlər itdi", "Sevgimin yolları dirəndi dağa", "Çıxmaq istəsəm də, eşq dənizindən, Sahilə qoymursan sevda gəmimi", "Ürəkdə ümidlər tumurcuqlayıb, Sevgi böyüdükcə, dünya daralıb", "Nəfəsin toxunsa, könül tarıma, İçimdə həsrətin puçurlayacaq" və s. orijinal poetik düşüncələri ilə sanki yeni sevgi hekayəti yazır. Onun sevgisi safdır, təmizdir. Əsl sevginin özü kimi səmimiyyət və saflıq bu şeirlərin başlıca əlamətidir.

"Ağrılar çələngi" başlığı altında toplanan şeirlərdə dünyanı düşündürən, onun içindən keçən ağrılar qələmə alınır. Şair sanki bu ağrıları gözlə görür, əllə toxunur. Bəzən M.Ə.Sabir kimi "Qoydu bu devalvasiya bütün milləti küncə", "Toylar bizə toy tutur", "Bədbəxt varlıların gözü, kasıbların cibindədi", "Neynirəm belə əmini, neynirəm elə dayını", "Elə bil ki, haqq-ədalət, Bu dünyayla vidalaşıb", "Sən özün cəmiyyətə nə vermisən ki, ondan da nə umasan?!", "El arasına çıxmağa üzü olmayan nə üzlə göstərsin üzünü?!" - deyə cəmiyyətdə gedən ağrılara poetik-publisistik münasibətini bildirir. Bu şeirlərdə satirik çalarlar üstünlük təşkil edir. Çağdaş dünyada baş verən proseslərə satirik gözlüklə baxan şair daim haqq-ədalət axtarışındadır, tərəzinin əyilən gözünü düzəltməyə çalışır və oxucunu da buna kökləyir. Bəzən kinayə, bəzən istehza və təmsilvarilik bu şeirlərə yeni rəng qatır; kiçik bir parçada böyük mətləblər ifadə edir. "Nə üzlə...", "Nə vermisən", "Maska", "Şəkər", "İnanma", "Bir xəbisə", "Məmurlar adam olsa", "İnsanlıqdan çıxan adamlar", "Sahibsiz itlər", "Kölgə" və s. şeirlərində cəmiyyətdə olan qüsurları lirik-satirik dillə təsvir edərən insanları insanlığa (!) dəvət edir. Vəzifəyə gələndə tərif, ardınca isə yüz cür ittihamlar səsləndirənlərə qarşı şair barışmazdır. Vəzifədən çıxmaq hələ insanlıqdan çıxmaq demək deyil. Həyatda ən qorxulu şey insanın insalıqdan çıxmasıdır. Bu adi həyat həqiqəti şeirdə fəlsəfi məna daşıyır. "Belələrini görəndə, nifrətim çevrilir qılınca!", - deyə həyat platformasını ifadə edir.

Rafiq Yusifoğlunun şeirləri ömrünün üçüncü qərinəsində poetik duyğuların, hisslərin məcmusudur. Bunu həm də obrazları, təsvir məkanları ilə birgə şairin ömürlüyünün anlarından ibarət tərcümeyi-halı hesab etmək olar. Hər şeir onun həyatının bir parçasıdır, məqamıdır. Şeirlərin hər birinin altında günü ilə göstərilən tarix duyğularının, məqamların və onu yaşadacaq düşüncələrinin tarixidir...

Rafiq Yusifoğlunun "Seçilmiş əsərləri"nin 12-ci cildini bədii nəsr təşkil edir. Doğrusu, onun bəzi kiçik hekayələri ilə tanış idim, lakin roman və povestlərinə rast gəlməmişdim. Bu cildlə tanışlıq yazıçının prozada da özünü ifadə etdiyini, həyatın təsvir üsullarında orijinal yolla getdiyini göstərir. Bu cəhətdən "Xiffət" romanı maraqlıdır. Romanın ön sözündə yazıçı onun yazılma səbəbini açıqlayır. Buradan görünür ki, oxucularından biri ona istədiyi romanı yazmağı təklif edir. Yəni yazılan romanlarda axtardığını tapa bilməyən oxucu inanır ki, onun yazacağı roman indiki həyatın hər üzünü anlamağa səbəb olacaq. Uzun müddət düşünən yazıçı nəhayət romanı yazmağa başlasa da, çox keçmir ki, onu yarımçıq qoyur. Yalnız Qarabağ zəfərindən sonra yenidən özündə güc taparaq əsəri tamamlayır və adını "Xiffət" qoyur. Şair bu əsərdə indiyədək şeirlə deyə bilmədiyi nəsnələri nəsrlə deməyə çalışıb. Yazıçı bu romanda insan həyatını özünün girdabına ala biləcək üç - keçmiş, indi və gələcək zamanda insanın daxili dünyasındakı təbəddülatları, düşüncələri və hissləri həyati detallarla təsvir edir. Romanın proloqunda deyildiyi kimi: "Gözəgörünməz zaman isə öz işindədir... Hegel demişkən: "Hər şey axır, hər şey dəyişir"... Bəşər övladı əlçatmaz, ünyetməz keçmişdən sonsuz, ucsuz-bucaqsız, axırıncı dayanacağı bilinməyən gələcəyə sarı can atır... Fəsillər bir-birini əvəz elədiyi kimi, nəsillər də bir-birini əvəz eləyir..." İnsanın yaşamaq mübarizəsinin qələbəyə aparan yola necə çevrilməsinin bədii formulu romanın əsas motivini təşkil edir. Romanın sonunda biz Xocalıda öz evinin xarabalıqları üzərində yeni ev tikdirən Ümid kişinin üzündə xiffətlə yanaşı, qəlbində ümid qığılcımlarının da sayrışdığını görürük.

"Məktəb illəri", "Medal", "Qəbul", "Çətinliklə üz- üzə", "Vətən həsrəti", "Bizsiz qalan yurd yerləri", "Uşaqlığa gedən avtobus", "Şuşaya dönən heykəllər", "Şuşadan gələn azan səsi" və s. povestləri, "Bayramın ilk günü", "Kəklik", "Xoşbəxt qəbirlər", "Qoyun iti", "Şokaladlı portret", "Qumru yuvası və babanın yeni nəvələri" və s. onlarla hekayələrində həyat hadisələri son dərəcə lakonik dillə, canlı şəkildə təsvir edilir. Uşaqlar üçün yazdığı kiçik hekayələr onalrın dünyagörüşünün artmasını şərtləndirir. Göllər dünyası" hekayəsi əsl dərslik nümunəsi kimi yadda qalır: "Kəpəz gün işığının altında mürgüləyirdi. Ağsu çayı şırıltıyla axır, elə bil ona layla çalırdı.

Ovçu isə dağ cığırı ilə yuxarı qalxırdı. O, nişan alıb bir maralı vurmaq istəyəndə yer-göy lərzəyə gəldi. Amansız bir zəlzələ başladı.

Toz-duman yavaş-yavaş çəkildi. Özünə gələn ovçu hündür bir yerə çıxıb ətrafa baxdı. O, gözlərinə inanmadı. Dağların qoynunda gözəl-gözəl göllər əmələ gəlmişdi: Göygöl, Maralgöl, Qaragöl, Güzgügöl, Zəligöl...

Yaradanın əmrinə tabe olan təbiət ana çox müdrikdır. O, birini uçuranda, ondan daha gözəlini yarada bilir..."

"Seçilmiş əsərləri"nin 13-cü cildinə nağıl və rəvayətlər, Amerikada yazılan hekayə və nağıllar, "Xatirə kəcavəsi" kitabındakı bəzi yazılar, müsahibələr, eləcə də müəllifin ayrı-ayrı vaxtlarda real hadisələr əsasında qələmə aldığı yumoristik hadisələrin bir qismi daxil edilmişdir.

14-cü cildində yenə də nəsr və publisistikası daxil edilib; buraya "Bir sevdalı ürəyim var", "Ömrün payız fəsli, yaxud taleyin əsən yelləri" əsərləri, eləcə də Ekran-efirdə gedən kiçik yazılar, publisistik məqalələri, müsahibələri yer alır. "Əhəd Hüseynov - mənim müəllimlik etalonum" adlı məqaləsində Əhəd Hüseynovun əsl müəllim, tənqidçi, alim kimi obrazı yaradılır: "Nə var nə yoxdu" şeirimi oxuyanda isə o, əməlli-başlı kövrəldi. Handan-hana özünə gəlib dedi ki, məni kövrəldən odur ki, gör bizim gəncliyimizi nələr narahat edir..."

"Seçilmiş əsərləri"nin on beşinci cildinə müəllifin "Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" adlı sanballı monoqrafiyası daxil edilib. Deyim ki, bu monoqrafiyanın dissertasiya kimi müzakirəsində mən də yaxından iştirak etmişəm. Monoqrafiya bir alim kimi R.Yusifoğlunun elmi yaradıcılığının fundamental faktı olaraq görünür. Zəngin faktlar əsasında yazılmış tədiqat işində poemaların tipologiyasından, janr və sənətkarlıq xüsusiyyətlərindən, mövzu və problematikasından söhbət açılır.

"Seçilmiş əsərləri"nin on altıncı cildinə dərslik səciyyəli "Ədəbiyyatşünaslığın əsasları" (2001, 2005, 2009) monoqrafiyası, "Bədii söz, məna ocağının közləri" (2018) kitabındakı ədəbi-nəzəri məqalələrin bir qismi daxil edilib. Bu cilddə müəllifin yaradıcılığının yeni və əhəmiyyətli bir sahəsi üzə çıxır. Belə ki, bu gün ali təhsildə dərslik və monoqrafiya olaraq istinad edilməli mənbələr çox azdır. Köhnə mənbələrin üzərindən çox illər keçib, indi yeni nəsilə dünya kontekstində nəzəri araşdırmalar təqdim etmək gərəkir. Bu mənada, R.Yusifoğlunun "Ədəbiyyatşünaslığın əsasları" əsəri olduqca qiymətlidir. Nəzəriyyəçi alim burada bədii ədəbiyyatı öyrənmənin metodologiyası, idraki və tərbiyəvi əhəmiyyəti, bədii düşüncədə pafos və onun təzahür formaları, məzmun və forma, sətiraltı məna, bədii portret, obraz, xarakter və tip, daxili münaqişə, bədii konflikt, peyzaj, bədii detal, təsvir və ifadə vasitələri, şeir sənəti və onun qanunauyğunluqları, ədəbi metod və üslub və s. kimi problemlər nəzəri kontekstdə təqdim olunur. Ədəbi-nəzəri konsept R.Yusifoğlunun növbəti - 17-ci cildində də davam edir. Bu cildə onun "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" (2016) monoqrafiyası, ədəbi-nəzəri məqalələrinin bir qismi daxil edilmişdir. Monoqrafiyada və məqalələrdə sistemli şəkildə dünya ədəbi-nəzəri fikrindən söhbət açılır, görkəmli sənət adamlarının, şair və yazıçıların şeir və sənət haqqında mülahizələri təhlil obyekti seçilir, bir sıra nəzəri mülahizələr irəli sürülür. Görkəmli nəzəriyyəçi alim bu cilddə milli ədəbi-nəzəri fikrin təşəkkül problemlərini, tarixi mərhələlərini, ayrı-ayrı şairlərin ədəbi-nəzəri (Xətib Təbrizi, Nizami Gəncəvi, Füzuli, M.F.Axundzadə və b.) görüşlərini, eləcə də sovet dövrü və çağdaş ədəbi-nəzəri fikrin inkiaşf istiqamətlərini, mərhələlərini və şəxsiyyətlərinin nəzəri diskursunu sistemli şəkildə izləyir və tədqiq edir. Ayrı-ayrı məqalələrində bədii mətn və onun təhlili, arxetip, simmetriya və onun poetik əsərlərdə yeri və mövqeyi, poetik üslub haqqında nəzəri araşdırmalarına geniş yer verilir.

Rafiq Yusifoğlu ömürünün böyük bir hissəsini təhsilə həsr edib, universitetlərdə mühazirələr oxuyub. Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq edilən "Müasir ədəbi proses və ədəbi tənqid" dərsliyi və "Bədii söz və məna ocağının közləri" kitabında gedən ədəbi-nəzəri məqalələrinin bir qismi 18-ci cildə daxil edilib. Bu cilddə biz həm də Rafiq Yusifoğlunu şair və yazıçıların əsərlərinə ön söz və ya resensiya yazan ədəbiyyatşünas və tənqidçi kimi görürük. Ədəbiyyatşünas bu cilddə ədəbi prosesin mahiyyəti və xarakteri, ədəbi mühit, yaradıcılıq psixologiyası, klassik ədəbiyyat və ədəbi proses, ədəbi prosesin formalaşmasında bədii tərcümənin rolu, ədəbi metod və fərdi yaradıcılıq ilişgiləri kimi nəzəri problemlər elmi həllini tapır.

Rafiq Yusifoğlunun "Seçilmiş əsərləri"nin 19-cu cildinə dərslik kimi təsdiq edilmiş "Uşaq ədəbiyyatı" monoqrafiyası, eləcə də ayrı-ayrı vaxtlarda uşaq ədəbiyyatı ilə bağlı yazıb çap etdirdiyi məqalələr, tədqiqat əsərləri və dissertasiyalar haqqında rəsmi opponent rəyləri daxil edilmişdir. Klassik dövrdən üzü bəri uşaq ədəbiyyatının mərhələlərini, problemlərini və şəxsiyyətlərinin yaradıcılığını izləmək, sistemləşdirmək və müəyyən elmi qənaətlərə gəlmək tədqiqatçıdan böyük elmi ümumiləşdirmə, konseptual axtarış aparmağı tələb edir. Rus və dünya uşaq ədəbiyyatı ilə bağlı araşdırmaları da buraya əlavə etsək, görünən işin mahiyyəti və miqyası aydın olar.

Rafiq Yusifoğlunun 20 cildliyi son yarım əsrin bədii düşüncəsini poeziya, nəsr, uşaq ədəbiyyatı, elmi düşüncəsini ədəbiyyatşünaslıq, nəzəri təfəkkür kontekstində izləməyə imkan verir. Onun bədii və nəzəri-elmi təfəkkürünün miqyası genişdir, forma və janrca zəngin və müxtəlifdir. Bu, təkcə müəllifin deyil, ümumən ədəbiyyatımızın, ədəbi-elmi cameəmizin hadisəsidir. Bu ədəbi hadisə bütün ədəbiyyatsevərlərindir, çağdaş ədəbi prosesin və ədəbi-elmi, nəzəri düşüncənindir. İnanıram ki, bu cildlərin hər biri ilə bağlı mütəxəssislər öz fikirlərini bildirəcək və dəyərləndirəcəklər.

P.S. 20 cildlik külliyyata yazdığım bu sözardı hazır olmuşdu ki, Rafiq Yusifoğlunun yubiley yaşı - 75 illiyinin yaxınlaşdığını öyrəndim. Bu, bir yubiley yazısı deyil, ancaq ömrünün yarım əsrə qədərini ədəbiyyata, elmə həsr etmiş əziz dostumun həm də qoy yubiley  təbriki olsun. 20 cildlik onun şərəfli bir tərcümeyi-halıdır. Elə bir tərcümeyi-hal ki, yalnız ona məxsusdur və ömür pillələrinin hər anını özündə ehtiva edir. Biz də əziz dostumuzu təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik...

seeBaxış sayı:101
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri