Icma.az
close
up
RU
POEZİYADA RAFİQ YUSİFOĞLU PALİTRASI Ələsgər ƏLİOĞLU yazır

POEZİYADA RAFİQ YUSİFOĞLU PALİTRASI Ələsgər ƏLİOĞLU yazır

Icma.az bildirir, Adelet.az portalına istinadən.

RAFİQ YUSİFOĞLU-75

H.Zərdabi adına GDPİ-də (indiki GDU) dil-ədəbiyyat fakültəsinin birinci kursunda oxuyurdum. Kənddən birdən-birə ədəbi mühitə düşsəm də, qısa bir zaman kəsiyində əsil poeziya haqqında az-çox dərəcədə təsəvvürə yiyələnmişdim. "Azərbaycan", "Ulduz" jurnallarını, "Ədəbiyyat və incəsənət" qəzetini köşklərdən ardıcıl surətdə alıb oxuyurdum...

 O zamanlar "Ulduz" jurnalının 1971-ci il fevral nömrəsində qarşılaşdığım bir imza diqqətimi çox cəlb etdi. Müəllifin iki yığcam şeiri verilmişdi. "Düz-əyri" adlı ikinci şeir cəmisi bircə bənddən ibarət idi:

Əyrinin kimsəyə axı nə xeyri,

Düzlərə həmişə ehtiyac olyr.

Bəs nədən meşədə yaşayır əyri,

Kəsilən həmişə düz ağac olur...

           Bu şeirdə həyatın mümkün rənglər toplusu bu gün də aydın və parlaq bir şəkildə özünü göstərir. Şair müşahidəsi reallığa söykənmiş bir görüntüdə fəlsəfi poetik təsdiqini tapır. Bu dörd misralıq nümunənin doğurduğu məntiqi sonluğu və mənəvi zövqü bəzi qalın-qalın şeir kitablarında da tapmaq olmur...

Yuxarıda "Düz-əyri " şeirini elə-belə nümunə çəkmədım. Rafiq Yusifoğlu imzasını məhz həmin gündən bu şeirin işığında izləməyə başladım...

Rafiq Yusifoğlu geniş şaxəli bir sənət yoluna malikdir. Onun yaradıcılıq laboratoriyasına nəzər yetirərkən bunu asanlıqla görmək mümkündür. Müəllifin istər lirik, istərsə də uşaq şeirləri, poemaları ona geniş bir oxucu auditoriyası qazandırmışdır. Yazdığı hekayələr, nağıllar, povestlər illər boyu balalarımızın mənəvi-estetik dünyagörüşünün fornalaşmasında əvəzsiz rol oynamışdır və hazırda da oynamaqdadır.

Filologiya elmləri doktoru kimi yüksək bir elmi dərəcəyə, professor kimi elmi titula yiyələnmiş Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun monoqrafiyaları, ədəbiyyatşünaslıqla, elmi-pedaqoji sahələrlə bağlı kitabları daim filoloqların, ədəbiyyatsevərlərin nəzər-diqqətini cəlb edir.

Bir məsələni də qeyd etməliyəm ki, onun naşirlik fəaliyyəti də böyük zəhmət sayəsində öz bəhrəsini verir. Hətta deyərdim ki, baş redaktoru olduğu "Göyərçin" jurnalındakı fəaliyyəti ilə o, ədəbi meydanda müasir uşaq ədəbiyyatının dirijoru görüntüsü də yaradır.

Rafiq Yusifoğlunun əsərlərinin iyirminci cildi bu yaxınlarda çapdan çıxmışdır. Yanılmıramsa, bu, Azərbaycan ədəbiyyatında ilk yüksək çap göstəricisidir.

Şairin böyüklər üçün qələmə almış olduğu şeirlərin mövzu dairəsi çox geniş, çox əhatəlidir. Bu kimi nümunələr də ayrı-ayrı qollara ayrılır. Vətənə məhəbbət, yurd-yuva həsrəti, təbiət gözəllikləri, lirik sevgi hissləri və s. mövzulu poetik nümunələr rəngarəngliyi ilə bir-birindən seçilir.

Rafiq Yusifoğlu heç zaman süni söz axtarışına çıxmır. Onun hər bir mövzusu real həyatdan doğur. Elə bunun nəticəsidir ki, qələmə aldığı hər bir poetik nümunə lirik yanaşma tərzilə başqalarından fərqlənir. Bir neçə bəndini nümunə çəkdiyim "Gərək Yer kürəsi vətənə dönə" şeirində olduğu kimi:

Havaya buraxdıq hisi, pasağı,

Ayın da üzündə ləkə çoxalıb.

Günəşin önünü kəsib hasarlar,

Ana yurdumuzda kölgə çoxalıb...

Suya zəhər qatdıq, göylərə tüstü,

Yerdə insan üçün hava, su çatmır.

Küləyin önündə bəndlər qurmuşuq,

Anamız torpağın havası çatmır...

Bütün canlılara Yer vətən olsa,

Görərik dünyanın əvəzi yoxdu.

Elə yüklənib ki, bu Yer kürəsi,

Daha fırlanmağa həvəsi yoxdu.

Sevgidir qoruyan bəşəriyyəti,

Vicdandır, ağıldır hər dərdə dəva.

İnsan olduğunu dərk etsə insan,

Gülşənə çevrilər torpaq, su, hava...

Bu şeiri yaşadığımız əsrin ən amansız ağrılarından sayılan ekoloji fəlakətlərə qarşı ucalan bir monoloq da adlandırmaq olar. Müəllifin qəlbində sonsuz narahatlıq yaradan, nigarançılıq doğuran bir el, bir oba, bir məmləkət deyil, bütöv halda Yer kürəsinin taleyidir. Onun yaradıcılığında bu ruhlu nümunələrlə tez-tez qarşılaşırıq.

Rafiq Yusiföğlu uzun illər öz doğma ata ocağına həsrət yaşamış, uşaqlıq və ilk gənclik illərinin məskəni sayılan, dağlara, dərələrə, çəmənlərə, düzlərə həsrətlə böylana-boylana qalmışdı...Onun bu ruhda köklənmiş şeirləri də yaradıcılığında silinməz izlər buraxmışdır. İlk beşiyi-Qubadlının Çardaxlı kəndi şairin qələmindən damla-damla kağızlara hopmuş, həmişə də acı bir xatirə kimi yaddaşlarda ilmələnmişdir:

Qaldı qar altında ömrün baharı,

Şirin xatirələr coşub-çağladı.

Ruhuma od saldı bu qışın qarı,

Qayğılar saçımda qırov bağladı.

Tutdu bərələri, tutdu bəndləri,

Sümükdən, ilikdən gəlib keçdi qış.

Bizdən ayrı düşən qərib kəndlərin,

Elə bil boyuna kəfən biçdi qış.

Yollara, izlərə yağdı, yağdı qar,

Arzumun gülləri sazağa düşdü.

Qar altında qalan təzə məzarlar,

Bizdən bir qarış da uzağa düşdü.

Rafiq Yusifoğlu sözlə portret yaratmağa qadir bir sənətkardır. Bu da onun yüksək müşahidə qabiliyyətindən və istədiyi hədəfə həssas yanaşma mövqeyindən irəli gəlir. O da qeyd olunmalıdır ki, şair mövzuya uyğun xarakterik cizgilər çəkməyi də çox ustalıqla bacarır. Buna görə də şeirlərində yeni ruh və maraqlı ab-hava yarada bilir. "Qocanın üzü-şairin gözü" şeirini oxuyarkən müəllifin necə məharətlə  baxımlı bir portret yaratdığını görürük.

Bu qocanın üzündə

Gör nə qədər qırış var.

Zaman bir əkinçidi,

Saldığı şum-qırışlar.

Suala tutsan əgər,

Qoca nəfəs dərəcək-

Üzündəki o şumdan

Xatirə göyərəcək.

Vala da bənzədərsən

Əgər o üzə baxsan.

Bu qırışın hər biri

Səs cığırıdı yoxsa?!

Bu valı dilləndirmək

İstəyənlər az olub.

O cığıra bir ömrün

Qayğıları yazılıb...

Rafiq Yusifoğlunun təbiət mövzulu şeirləri də özünəməxsusluğu ilə seçilir. Yurdumuzun ayrı-ayrı guşələrinin gözəllikləri şair qələmində yeni bir donda, yeni bir biçimdə oxuculara təqdim edilir. Bu mövzulu şeirlərin poetik cöğrafiyası onun səyahətləri nəticəsində daha da genişlənir...Şairin ilham pərisi Xəzərdən qanad açıb Sakit okean üzərində dövrə vura-vura öz nəğməsini səsləndirir. Ancaq hər an doğma yurdla bağlı nəfəs alır:

               Sakit okean, sənin mənə

               məhəbbətin

sevgi deyil, köpükdü...

Elə mən də öz Xəzərimizi,

Öz bulaqlarımızı,

Öz çaylarımızı düşünürəm

Sənin yanında ola-ola...

Əlbəttə, şairin lirik şeirləri haqqında mülahizələrim dəryadan bir damcını xatırladır. Onun yüksək mənəvi-estetik dəyərləri ilə seçilən uşaq şeirləri barədə də qısaca söz açmaq istəyirərn. O, uşaq şairi kimi də geniş şöhrət qazanmışdır. Şeirləri həmişə də balalarımız tərəfindən sevilə-sevilə oxunur. Yüzlərlə şeiri dərsliklərə salınmış, bəstəkarlar tərəfindən bəstələnmişdir. Müasir uşaq poeziyasında balacaların psixologiyasını Rafiq Yusifoğlu səviyyəsində qavrayan müəllifləri barmaqla göstərmək olar. O, səsini uşaqların maraq dairəsindən ucaltmağı çox gözəl bacarır. Bütün bunları sübut üçün hələ yaradıcılığının ilk illərində qələmə aldığı "Qatar ilə gələn qış" şeirinə nəzr yetirmək belə, kifayətdir:

Dayanmışam vağzalda,

Şimaldan qatar gəlir.

Vaqonların üstündə

Ay can, ay can qar gəlir.

Uşaqların səs-küyü

Sevincdənmi yüksəlib?!

Qəribədir, bu il qış

Qatara minib gəlib...

Şair bu şeirində uşaqların gözləri qarşısında gözəl bir mənzərə yaratmaqla kifayətlənməmiş, eyni zamanda onların fikrini mühakimə yürütməyə də yonəltmişdir. Bu şeri oxuyan uşaq istər-istməz düşünməli olacaq: Niyə şimaldan gələn qatara minib qış?.. Cənubdan gələn qatara da minə bilərdimi?..

R.Yusifoğlunun yaradıcılığında müharibə, onun törətdiyi fəlakətlər, faciələr gərgin yaşantı məqamları, doğurduğu fəsadlar və s. geniş yer tutur. "Şar və balaca qız" şeirinin yaratdığı poetik təəssürat hətta böyükləri də həyəcanlandırmağa qadir bir əsərdir. Atasını döyüşlərdə itirən qız oynatdığı şarı göz bəbəyi kimi qoruyur. Çünki bu şarı atası üfürüb doldurmuş, sonra cəbhəyə yollanmış və döyüşdə həyatını itirmişdir. Onun şarı necə də ehtiyatla, qorxa-qorxa oynatdığı uşaqların nəzərindən qaçmır:

Bir gün toxtaqlıq verib,

Söylədik ki. Süsənə:

Nə qədər istəyirsən,

Şar alarıq biz sənə.

Qız etiraz elədi,

Üzünü bulud aldı.

Elə söz söylədi ki,

Əlim üzümdə qaldı.

-Özünüzü yormayın,

Bu şarın əvəzi var?-

Axı onun içində,

Atamın nəfəsi var...

...Bu qızı yetim qoyan

Namərd əllər qurusun!

Ulu Tanrı o şarı

Tikanlardan qorusun!

Radiq Yusifoğlu lirik yaradıcılığında olduğu kimi, uşaqlar üçün qələmə aldığı nümunələrdə də olduqca səmimi görünür. Bu da onun oxuculara, o cümlədən, uşaqlara sonsuz məhəbbətindən irəli gəlir.

Söz yox ki, şairin şeirləri üzərində analıtik təhlil aparmaq niyyərində deyiləm. Onun yaradıcılığı geniş tədqiqat obyektidir. Yəqin ki, tezliklə belə də olacaq və tədqiqatçılar tərəfindən hərtərəfli araşdırılacaq.

Mən isə sevimli şairimizi 75 illik yubleyi münasibətilə təbrik edərək, ona daha da əzmlə yazıb-yaratmaq eşqi arzulayıram!

...Və bir daha inanıram ki, Radiq Yusifoğlunun rəng zənginliyi və çalarları ilə seçilən söz palitrası bizi öz mənəvi dünyasına hələ çox qonaq aparacaq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Aprel 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see410

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see376

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see374

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see338

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see334

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see326

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see254

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see249

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see225

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see215

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see213

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see211

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see207

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see196

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see196

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see191

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see191

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see180

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri