Icma.az
close
up
RU
525ci qəzet Ukraynanın taleyi necə olacaq? Xa­qa­ni Cəfərli yazır

525ci qəzet Ukraynanın taleyi necə olacaq? Xa­qa­ni Cəfərli yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaqani CƏFƏRLİ

Donald Trampın seçkidə qalib gəlməsindən sonra yeni ABŞ administrasiyasının Rusiya-Ukrayna münaqişəsini fəal şəkildə həll edəcəyi ilə bağlı gözləntilər yaranıb. Xüsusilə də Trampın müharibəni "24 saata" bitirmək vədi hərbi əməliyyatların dayandırılması perspektivini yaratsa da, münaqişənin həlli yolunun nədən ibarət ola biləcəyi aydın deyil.

Buna görə də, qarşıdakı bir neçə ay, xüsusilə də Trampın prezidentliyinin ilk ayı mühüm əhəmiyyət kəsb edəcək. 

Trampın Dövlət Departamenti və Müdafiə Nazirliyinə rəhbər təyin edəcəyi şəxslərin kimliyi təxminən məlum olduqdan sonra Ağ evin yeni sahibinin Ukraynanı Rusiyaya güzəştə gedəcəyi ehtimalı azalmağa başlayıb. Çünki Trampın dövlət katibi vəzifəsinə senator Marko Rubionu təyin edəcəyi gözlənilir. Rubionun dövlət katibi təyin edilməsi Rusiya üçün bəd, Ukrayna üçün şad xəbər sayıla bilər. Senator Marko Rubio Rusiyanın SWIFT kimi tanınan banklararası məlumat mübadiləsini aparan və ödənişləri həyata keçirən sistemdən kənarlaşdırılması ilə bağlı təşəbbüsün müəllifidir. Rusiya müxalifətinin qətlə yetirilmiş lideri Aleksey Navalnının ölümünə görə prezident Putinə və yaxın ətrafına qarşı sanksiya tətbiq edilməsinin təşəbbüskarı da senator Marko Rubio olub. Senator Rubio Rusiya hakimyyətini "quldur" adlandırmaqdan da çəkinməyib.

Trampın Ağ ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri kimi görmək istədiyi Florida ştatından olan konqresmen Mayk Uolts da Rubio kimi Çin, İran və Rusiya kimi ölkələri ABŞ-ın düşmənləri hesab edir. Rubio və Uolts ABŞ-ın düşmənlərinə qarşı sərt davranmağın tərəfdarı, Ukraynaya yardımı dayandırmağın əleyhinədirlər.

Respublikaçılar partiyasına yaxınlığı tanınan ekspertlər qeyd edirlər ki, Mayk Uolts və Marko Rubionun müvafiq olaraq milli təhlükəsizlik üzrə müşavir və dövlət katibi vəzifələrinə təyin olunacaqları halda ABŞ-ın Ukraynaya yönəlik siyasəti dəyişməyəcək. Hətta elə bir zaman gələ bilər ki, Tramp administrasiyası Rusiyaya qarşı daha sərt mövqe tuta bilər.

Trampın Rusiya və Ukraynaya yönəlik siyasətini müəyyən edərkən nəzərə almalı olduğu digər amillər də var. Məsələn, Tramp seçkiqabağı vədlərini həyata keçirmək üçün Konqresin, xüsusilə də Nümayəndələr Palatasının dəstəyinə möhtacdır. Nümayəndələr Palatasında isə Ukraynanın qələbəsi üçün çalışan nüfuzlu konqresmenlər var. Nümayəndələr Palatasının üç nüfuzlu komitəsinin - Xarici Əlaqələr, Silahlı Qüvvələr və Kəşfiyyat komitələrinin rəhbərləri Maykl Makkol, Mayk Rocers və Mayk Törner məhz belələrindəndir. Bu üç nüfuzlu konqresmen hələ bu ilin əvvəlində "Ukraynanın qələbə planı" adlı sənəd hazırlamışdılar. Həmin sənəddə konqresmenlər qeyd edirdilər ki, Rusiya, Çin, Şimali Koreya və İran, eləcə də onun proksi qüvvələrindən (Həmas, Hizbullah və digərləri) ibarət ittifaq Amerikanın bütün dünyada maraqlarını alt-üst etmək üçün birgə çalışır. Respublikaçıların Nümayəndələr Palatasındakı nüfuzlu liderlərindən olan bu üç konqresmen qeyd edirdilər ki, İkinci Dünya müharibəsindən bəri Birləşmiş Ştatlar bundan daha təhlükəli düşmənlər toplusu ilə qarşılaşmayıb. ABŞ Konqresinin Rusiya, Çin və İran kimi ölkələrdən azadlığı qorumaq öhdəliyi daşıdığını xatırladan konqresmenlər Bayden administrasiyasının Ukraynanı kritik silahlarla təmin etməkdən çəkinməsini sərt tənqid edərək, Kiyevə F-16 qırıcı təyyarələri, ATACMS raketlərinin 300 kilometr məsafəni vura biləcək uzun mənzilli versiyası, eləcə də kifayət qədər artilleriya, hava hücumundan müdafiə sistemləri və zirehli texnika verilməsinə çağırırdılar. Bundan başqa, Nümayəndələr Palatasının üç aparıcı komitəsinin rəhbərləri Rusiyanın dondurulmuş 300 milyard dollarlıq suveren aktivlərinin Ukraynaya verilməsini də təklif edirdilər.

Respublikaçı konqresmenlərin o zaman qəbul olunmayan təkliflərinin Tramp tərəfindən həyata keçirilməsi üçün yenidən təşəbbüs edəcəklərini gözləmək olar. Bu gözlənti isə əsassız deyil. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol Trampın birinci prezidentliyi müddətində olduğu kimi yenə də Amerikanın gücünü bərpa edəcəyinə şübhə etmədiyini bildirib. Konqresmen bildirib ki, məhz Tramp Obamanın Ukraynaya qarşı silah embarqosunu ləğv edərək Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdi. Trampın prezidentliyinin ikinci dönəminin necə olacağı ilə bağlı fikirlərinin sonunda nüfuzlu konqresmen prezident Trampın "Putin rejiminin terroruna" son qoyacağına inandığını bildirib.

Ukrayna prezidenti Volodimir Zelenskinin "qələbə planının" hazırlanmasında iştirak edən respublikaçı senator Lindsi Qrem kimi senatorların da Trampa təsir etmək imkanları var.

Trampın birinci prezidentliyi dövründə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan Con Boltonun köməkçisi olmuş Riçard Qoldberq də hesab edir ki, Ağ evin yeni sahibinin Moskvaya təzyiq göstərə biləcək bir çox rıçaqları var.

Böyük Britaniyanın müdafiə naziri Con Hili Trampın prezident seçkisində qalib gəlməsindən sonra Ukraynanın təhlükəsizliyinin pisləşməsi fikri ilə razılaşmır və Trampın Ukraynanı "lazım olduğu müddətdə" dəstəkləyəcəyinə əmin olduğunu bildirib. Nazir Con Hili ABŞ-ın Böyük Britaniya kimi müttəfiqləri ilə yan-yana qalacağına və Putini məğlub etmək üçün lazım olan müddət ərzində Ukraynanı dəstəkləyəcəyinə inanır.

Trampın Rusiya və Ukraynaya yönəlik siyasətini müəyyən edərkən nəzərə almalı olduğu məqamlardan biri də Böyük Britaniya və Avropa İttifaqının mövqeyidir.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin Fransa prezidenti Emmanuel Makronla noyabrın 11-də keçirilən görüşündə əsas müzakirə mövzusu Ukrayna olub. İki liderin 20 dəqiqə təkbətək,

hətta ən yaxın köməkçiləri olmadan Ukraynanı müzakirə etmələri, görüşdən sonra Starmerin "Mən həmişə demişəm ki, biz Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcəyik" açıqlaması ilk növbədə Trampa verilən mesajdır.

Trampın Ukraynaya yönəlik siyasətinin kəskin dəyişməyəcəyini göstərən bu məqamlara baxmayaraq, Avropa İttifaqının liderləri Ukraynaya dəstəyin davam etdirilməsi imkanlarını müzakirə etməyə başlayıblar. Polşanın Baş naziri Donald Tusk Ukraynanı qorumaq üçün Britaniya və Fransa ilə ittifaq yaratmağı təklif edib. Bunun üçün Tusk yaxın günlərdə Fransa prezidenti Emmanuel Makron və NATO-nun baş katibi Mark Rutte ilə danışıqlar aparmağı planlaşdırır. Bundan başqa, Polşanın Baş naziri "Qərbin Ukraynaya xəyanət ermə" ehtimalının qarşısını almaq və Kiyevin maraqlarını qorumaq üçün həmfikir ölkələrin siyasətini əlaqələndirmək niyətindədir.

Trampın prezident vəzifəsinin icrasına başlamasına iki aydan bir qədər çox vaxt qalır. Bu müddətdə Şərqi Avropada, Yaxın və Uzaq Şərqdə baş verəcək istənilən gərginlik Trampı Ukraynanı daha qətiyyətlə müdafiə etməyə vadar edə bilər. Rusiyanın İranla birlikdə İsrailin İrana hücumunu pisləməsi, Moskvanın Tehranla müttəfiqliyi Kiyevi Vaşinqton üçün əvəzedilməz edə bilər. Trampın Rusiya və Ukraynaya yönəlik siyasətinin cizgilərini açıqlamaması, münaqişənin necə həll olunacağı ilə bağlı suallardan yayınması da bununla bağlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see137

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri