7 milyard dollarlıq geosiyasi layihə
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan və Gürcüstan Qərbin Asiyaya strateji qapısını genişləndirir
Bir limanın əsl əhəmiyyəti qəbul etdiyi yükün həcmi ilə deyil, birləşdirdiyi ölkələrin və uzlaşdırdığı geosiyasi maraqların miqyası ilə ölçülür. Dəmir yolu da sadəcə nəqliyyat infrastrukturu deyil, dövlətlərin iqtisadi imkanlarını genişləndirən, beynəlxalq siyasətdəki çəkisini artıran strateji vasitədir. Gürcüstanın 2032-ci ilədək nəqliyyat, logistika və infrastruktur layihələrinə 7 milyard dollar investisiya cəlb etmək planına da məhz bu prizmadan yanaşmaq lazımdır. Çünki Tbilisinin hədəfi təkcə iqtisadi inkişaf deyil, dəyişən dünya nizamında strateji mövqeyini möhkəmləndirmək və Azərbaycanla birlikdə Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilməkdir.
Bu planın arxasında təsadüfi iqtisadi hesablamalar deyil, ciddi geosiyasi maraqlar dayanır. Rusiya-Ukrayna müharibəsi Avropanın enerji və təchizat təhlükəsizliyinə yanaşmasını köklü şəkildə dəyişib. Ənənəvi marşrutların siyasi risklərə məruz qalması Avropanı alternativ nəqliyyat və ticarət yolları axtarmağa vadar edib. Belə şəraitdə Orta Dəhliz sadəcə yükdaşıma marşrutu deyil, Avropanın Mərkəzi Asiyaya çıxışını genişləndirən, Avrasiya məkanında iqtisadi və siyasi əlaqələrin yeni konfiqurasiyasını formalaşdıran strateji istiqamətdir.
Bu prosesdə Azərbaycan və Gürcüstanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Xəzər vasitəsilə Mərkəzi Asiyanın enerji resurslarını, xammalını və yüklərini Qərbə yönəldir, Gürcüstan isə həmin axının Qara dəniz, Türkiyə və Avropa bazarlarına çatdırılmasını təmin edir. Beləliklə, iki ölkənin coğrafi üstünlüyü vahid nəqliyyat sisteminə çevrilir. Bu əməkdaşlıq Bakı və Tbilisiyə tranzit gəlirlərindən daha böyük imkanlar – beynəlxalq tərəfdaşlarla siyasi əlaqələri genişləndirmək, regional proseslərdə söz sahibi olmaq və geosiyasi çəkilərini artırmaq imkanı qazandırır.
Qərbin Azərbaycan və Gürcüstana marağını da yalnız iqtisadi mənfəətlə izah etmək olmaz. Avropa üçün bu ölkələr Mərkəzi Asiyanın enerji və xammal resurslarına çıxış, təchizat marşrutlarının şaxələndirilməsi və Avrasiya ticarət əlaqələrinin təhlükəsizliyi baxımından mühüm tərəfdaşlardır. Bu isə Cənubi Qafqazın sabitliyini və təhlükəsizliyini Avropanın uzunmüddətli strateji maraqları ilə daha sıx əlaqələndirir. Başqa sözlə, regionun geosiyasi əhəmiyyəti artdıqca burada sabitliyin qorunması da beynəlxalq siyasətin prioritetlərindən birinə çevrilir.
Gürcüstanın 7 milyard dollarlıq proqramı məhz bu strateji hədəflərin infrastruktur təminatıdır. Dəmir yollarının modernləşdirilməsi, Bakı–Tbilisi–Qars xəttinin inkişafı, avtomobil magistrallarının genişləndirilməsi, Anaklia dərin dəniz limanının tikintisi və Vazianidə yeni beynəlxalq hava limanının yaradılması vahid məqsədə xidmət edir: Gürcüstanın Avrasiya nəqliyyat sistemindəki mövqeyini gücləndirmək və Azərbaycanla regional əməkdaşlığı yeni mərhələyə daşımaq.
Bu layihələr arasında Anaklia limanı xüsusi yer tutur. Çünki söhbət yalnız Qara dənizdə yeni limanın yaradılmasından getmir. Anaklia Gürcüstanın Avropa ilə iqtisadi bağlantılarını genişləndirmək, Qara dəniz hövzəsində mövqeyini möhkəmləndirmək və beynəlxalq nəqliyyat marşrutlarında daha böyük pay əldə etmək cəhdidir. Limanın 2029-cu ilədək ilk mərhələsinin istifadəyə verilməsi, gələcəkdə isə yükötürmə qabiliyyətinin artırılması planlaşdırılır. Onu ölkənin dəmir yolu şəbəkəsinə birləşdirəcək 17,7 kilometrlik elektrikləşdirilmiş xəttin tikintisi üçün də təxminən 205 milyon dollarlıq tender elan edilib.
Anaklianın əhəmiyyəti Azərbaycanın maraqları baxımından da böyükdür. Ələt limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu Gürcüstanın yeni layihələri ilə uzlaşdırıldıqda Orta Dəhlizin imkanları əhəmiyyətli dərəcədə genişlənə bilər. Bu, Azərbaycan və Mərkəzi Asiya yüklərinin Qara dənizə çıxışını asanlaşdırmaqla yanaşı, Bakının Avropa ilə iqtisadi və siyasi əlaqələrini də möhkəmləndirəcək.
Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, nəqliyyat əməkdaşlığı tədricən siyasi tərəfdaşlığın da mühüm dayağına çevrilir. Azərbaycan və Gürcüstanın maraqları nə qədər uzlaşarsa, hər iki ölkənin beynəlxalq proseslərdə mövqeyi bir o qədər güclənər. Üstəlik, Azərbaycanın enerji imkanları bu əməkdaşlığa əlavə strateji dəyər qazandırır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verən Bakı, Orta Dəhliz vasitəsilə də Avrasiya nəqliyyat sistemində əhəmiyyətini artırır. Beləliklə, Azərbaycan Qərb üçün həm enerji, həm də nəqliyyat təhlükəsizliyi baxımından mühüm tərəfdaş kimi çıxış edir.
***
Gürcüstanın 7 milyard dollarlıq planının maliyyələşdirilməsi bu strategiyanın mühüm tərəfidir. Gürcüstan parlamentinin sabiq deputatı İsak Novruzovun sözlərinə görə, söhbət dövlət büdcəsində hazır olan vahid məbləğdən deyil, 2032-ci ilədək müxtəlif mənbələr hesabına mərhələli şəkildə cəlb edilməsi nəzərdə tutulan investisiya portfelindən gedir. İ.Novruzov bildirir ki, maliyyələşmə dörd əsas mənbəyə söykənir: “Dövlət büdcəsi və dövlət müəssisələrinin vəsaitləri, beynəlxalq maliyyə institutlarının kredit və qrantları, xarici özəl investisiyalar və dövlət-özəl tərəfdaşlığı. Hökumət dəmir yolu şəbəkəsinin və hərəkət heyətinin yenilənməsinə cari il ərzində 1 milyard laridən çox, Anaklia limanının baza infrastrukturu və giriş yollarına isə 2030-cu ilədək 572 milyon lari ayırmağı planlaşdırır. Beynəlxalq maliyyə institutlarının iştirakı da nəzərdə tutulan modelin mühüm hissəsidir. Asiya İnfrastruktur İnvestisiya Bankının nəqliyyat bağlantılarının inkişafı üçün 182 milyon dollar ayırması, Anaklia limanının ilk mərhələsinə isə təxminən 200 milyon dollar beynəlxalq maliyyə cəlb edilməsi planlaşdırılır. Dünya Bankının iştirakı da gözlənilir. Bununla yanaşı, özəl şirkətlərin limanın terminallarına və avadanlıqlarına 350–400 milyon dollar sərmayə qoyacağı gözlənilir. Vaziani hava limanının tikintisində də xarici investorların iştirakı nəzərdə tutulur”.
Ekspertin fikrincə, 7 milyard dollarlıq proqramın reallaşması yalnız maliyyə resurslarından deyil, Gürcüstanın beynəlxalq tərəfdaşların etimadını qazanmaq və xarici investorlar üçün etibarlı şərait yaratmaq qabiliyyətindən də asılıdır: “Bu mənada, investisiya portfelinin formalaşdırılması təkcə iqtisadi məsələ deyil, həm də Tbilisinin beynəlxalq siyasi və maliyyə tərəfdaşları ilə münasibətlərinin göstəricisidir”.
Bütün bunlar göstərir ki, Gürcüstanın 7 milyard dollarlıq proqramını adi infrastruktur layihəsi kimi qiymətləndirmək düzgün olmazdı. Bu, dəyişən geosiyasi şəraitdə ölkənin beynəlxalq mövqeyini möhkəmləndirmək, Cənubi Qafqazın strateji əhəmiyyətini artırmaq cəhdidir.
Əslində, qarşıda duran əsas məsələ nə qədər yol çəkilməsi, neçə liman tikilməsi deyil. Əsas məsələ bu infrastrukturun hansı siyasi və iqtisadi gücə çevriləcəyidir. Bakı ilə Tbilisi mövcud imkanları vahid strateji xətt üzrə birləşdirə bilsələr, Orta Dəhliz onların beynəlxalq mövqelərini gücləndirən mühüm amilə çevriləcək. Çünki müasir geosiyasətdə coğrafi mövqe yalnız başlanğıcdır. Əsl üstünlük həmin mövqeyi iqtisadi gücə, siyasi nüfuza və beynəlxalq təsir imkanlarına çevirməyi bacarmaqdır.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Noyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















