ABŞ də dilimizi tədris edən gənc: “Azərbaycan dili insanlara ilham verir” MÜSAHİBƏ
25 yaşlı azərbaycanlı Ali Məmmədov ABŞ-də müəllim kimi fəaliyyət göstərir. Bakı şəhərində 3 nömrəli tam orta məktəbi bitirən A.Məmmədov ADA universitetinə yüksək balla daxil olub və fərqlənmə ilə həmin universitetin məzunu olub. O həm də alim, elimlər namizədi Əli Məmmədovun nəvəsidir.
Ali Məmmədov Modern.az-la həmsöhbət olub.
Onunla müsahibəni təqdim edirik:
- Salam, Ali müəllim. Sizi tanımaq və həyat hekayəniz haqqında məlumat almaq bizim üçün çox maraqlıdır. Söhbətimiz zamanı həm şəxsi həyatınızdan, həm də peşəkar fəaliyyətlərinizdən bəhs etmək istəyirik. Təhsil sahəsindəki uğurlarınız və təşəbbüslərinizin bir çox insana ilham verəcəyinə inanırıq. Amerikada müəllim kimi fəaliyyət göstərmək arzunuz necə yaranıb? Bu yolda sizə kimlər və ya nələr ilham verdi? ABŞ-də müəllimlik etmək necə bir təcrübədir? Müəllim olaraq Amerikada qarşılaşdığınız ən böyük çətinlik nə olub?
- Xoş gördük. Mənə görə, bütün sahələrin mütəxəssisləri müəllim olmağı bacarmalıdır, çünki bilik ötürmək və insanlara təsir göstərmək hər bir peşənin təməlində dayanır. Mənim əsas sahəm diplomatiya, idarəçilik və enerji siyasəti olsa da, müəllimlik marağım və sevgim heç vaxt arxa planda qalmayıb.
Bu arzumun formalaşmasında ailəm, xüsusilə babamın elmi sahədə yarımçıq qalmış arzusu böyük rol oynayıb. Onun bu arzusu mənə təhsilin insan həyatında necə dəyişiklik edə biləcəyini öyrətdi. Həmçinin beynəlxalq təcrübələrim – Polşa, Litva və Almaniyada çalışarkən Azərbaycan dilini və mədəniyyətini tədris etməyim – təhsilin mədəniyyətlər arasında körpü yaratmaq gücünü mənə daha da dərindən dərk etdirdi.
ABŞ-də müəllim olmaq isə mənim üçün həm çətin, həm də zəngin bir təcrübədir. Tələbələrin müxtəlifliyi, fərqli baxış bucaqları və böyük marağı daim mənim özümü inkişaf etdirməyimə şərait yaradır. Bununla yanaşı, tələbələrin fərqli ehtiyaclarına uyğunlaşmaq və onları motivasiya etmək kimi çətinliklər də qarşıma çıxır. Buna baxmayaraq, burada müəllimlik etmək, insanların həyatına toxunmaq və biliklərimi bölüşmək mənim üçün böyük bir şərəfdir.
- ABŞ-də müəllim kimi inkişaf etmək üçün hansı təhsil və ya sertifikasiya proqramlarından keçmisiniz?
- Hazırda Viskonsin-Madison Universitetində Dövlət İdarəçiliyi üzrə magistratura təhsili alıram və eyni zamanda enerji analizi və siyasəti üzrə ixtisaslaşıram. Bu proqramlar mənə sosial siyasət, enerji siyasəti və beynəlxalq əlaqələr sahəsində dərindən araşdırma aparmaq imkanı verdi. İndi beynəlxalq əlaqələr və diplomatiya dərsini tədris edirəm.
Bundan əlavə, mən universitetdə müəllimlik bacarıqlarımı inkişaf etdirmək üçün müxtəlif təlimlərdə iştirak etmişəm. Bunlara pedaqoji metodlar, tələbə mərkəzli tədris yanaşmaları və sinifdə qarşılıqlı fəaliyyətin artırılması ilə bağlı seminarlar daxildir. Təhsil sahəsində özümü daha da inkişaf etdirmək üçün mütəmadi olaraq yeni metodları öyrənir və tətbiq edirəm.
ABŞ-da müəllimlik, yüksək standartlar və rəqabətli mühit sayəsində insanın özünü davamlı olaraq təkmilləşdirməsini tələb edir. Mən bu yolda həmişə öyrənməyə, yeni təcrübələr qazanmağa və həm özümə, həm də tələbələrimə ən yaxşısını təqdim etməyə çalışıram.
- Azərbaycan dilinin dünya miqyasında tədris olunması vacib və dəyərli bir işdir. Sizin bu sahədə atdığınız addımlar haqqında daha ətraflı eşitmək istərdik. Necə oldu ki, Azərbaycan dilinin Madison Universitetində tədris olunması ilə bağlı addım atmaq qərarına gəldiniz? Bu təşəbbüsü reallaşdırmaq prosesində hansısa çətinliklərlə üzləşdinizmi?
- Azərbaycan sevgisi uşaqlığımdan bəri mənim həyatımın mərkəzində olub. Həmişə inanmışam ki, dilimiz və mədəniyyətimiz bizim ən böyük sərvətimizdir. Xaricdə təhsil alarkən və işləyərkən Azərbaycan dilinin və mədəniyyətinin dünya miqyasında kifayət qədər tanınmadığını müşahidə etdim. Bu məni həvəsləndirdi ki, bu boşluğu doldurmaq üçün addım atım. Madison Universitetində fəaliyyətim zamanı Azərbaycan dilinin tədrisinin olmamasını gördüm və bu boşluğu doldurmağın vacibliyini hiss etdim. 2023-cü ildə rəsmi şəkildə universitet rəhbərliyinə müraciət etdim və Azərbaycan dilinin tədrisi üçün resursların ayrılmasını təklif etdim. Əvvəlcə proses çox vaxt aldı və bir neçə dəfə təxirə salındı. Ancaq mən əl çəkmədim – elanların hazırlanması, universitetin proqramlarına uyğun tədris planlarının qurulması kimi işlərdə fəal iştirak etdim.
- Amerikalılar və əcnəbilər Azərbaycan dilini öyrənməyə necə maraq göstərir? Onları bu dərslərə cəlb etmək üçün hansı üsullardan istifadə etməyi düşünürsünüz?
- Təcrübəmdən deyə bilərəm ki, amerikalılar və digər əcnəbilər Azərbaycan mədəniyyətinə və dilinə böyük maraq göstərirlər. Hər dərsim başlamazdan əvvəl tələbələrimə Azərbaycanın retro musiqilərindən nümunələr təqdim edirəm. Xüsusilə, Şövkət Ələkbərova, Rəşid Behbudov və Zeynəb Xanlarovanın klassik mahnıları ilə dərsə xüsusi bir atmosfer yaradıram. Bu musiqilər tələbələrə Azərbaycan mədəniyyətinin ruhunu hiss etdirməklə yanaşı, dərslərin daha maraqlı keçməsinə şərait yaradır. Bu cür yanaşma tələbələr arasında mədəniyyətimizə olan marağı artırır və Azərbaycan dilini öyrənmə prosesini daha fərqli və unikal edir. Mədəniyyətimizi bu şəkildə təqdim etmək mənim üçün böyük bir qürur mənbəyidir.
- Azərbaycan dilinin belə bir nüfuzlu universitetdə tədris olunması Azərbaycana hansı üstünlükləri gətirəcək? Bu layihə Azərbaycan və ABŞ arasında mədəni əlaqələrin güclənməsinə necə töhfə verəcək?
- Bu təşəbbüs Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verəcək. Azərbaycan dilinin belə bir nüfuzlu universitetdə tədris olunması ölkəmizin mədəni irsinin, tarixinin və dilinin daha geniş auditoriyaya çatdırılmasını təmin edəcək. Bu, həmçinin ölkəmizin beynəlxalq miqyasda daha müsbət bir imic qazanmasına yardımçı olacaq. Digər tərəfdən, bu layihə Azərbaycan və ABŞ arasında mədəni əlaqələrin güclənməsinə töhfə verəcək. Dil vasitəsilə insanlar arasında qarşılıqlı anlaşma artır və bu da iki ölkə arasında daha güclü əməkdaşlıq üçün zəmin yaradır.
- Gələcəkdə Azərbaycan dilinin tədrisinin digər universitetlərdə də tətbiq olunması ilə bağlı planlarınız varmı?
- Bəli, bu təşəbbüsü digər universitetlərdə də tətbiq etmək mənim əsas məqsədlərimdən biridir. Xüsusilə, ABŞ və Avropanın digər universitetlərində Azərbaycan dili proqramlarının yaradılması üçün addımlar atmağı düşünürəm. Bu məqsədlə həm yerli, həm də beynəlxalq qurumlarla əməkdaşlıq etməyi və yeni layihələr irəli sürməyi planlaşdırıram. Litvanın Klaipeda Universitetində təhsil aldığım zaman da Azərbaycan dili və mədəniyyətini təbliğ etmək məqsədilə təşəbbüslər göstərmişəm. Həmin dövrdə Azərbaycan universitetləri ilə Klaipeda Universiteti arasında akademik və mədəni əlaqələrin qurulması üçün səy göstərdim. Bu əməkdaşlıq vasitəsilə dövlətlərarası əlaqələrin inkişafına və mədəniyyətimizin daha geniş auditoriyalara çatdırılmasına töhfə vermək mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi.
- Azərbaycan dilinin öyrədilməsi prosesində baş verən maraqlı hadisələrdən danışmaq maraqlı olardı. Bu prosesdə sizə xüsusi təsir edən və yadda qalan maraqlı hadisə varmı?
- Azərbaycan dilini öyrətmək prosesində tələbələrin dilimizə və mədəniyyətimizə göstərdikləri maraq mənim üçün həmişə ilhamverici olub. Xüsusilə, 2019 cu ildə Polşada tələbələrimdən birinin, dərs zamanı Fikrət Əmirovun musiqisindən təsirlənərək, Azərbaycan mədəniyyəti ilə bağlı daha çox məlumat öyrənmək istədiyini deməsi mənim üçün çox maraqlı bir an idi. Hətta o, Bakıya səfər planlaşdırmağa başladı və Azərbaycan haqqında daha çox öyrəndi. Bu cür hadisələr mənim üçün göstərir ki, dilimiz yalnız öyrədilmir, həm də insanlara ilham verir.
- Şəxsi təhsil və ya peşəkar fəaliyyətinizdə Azərbaycan mədəniyyəti və dilini təbliğ etməklə bağlı başqa hansı uğurlarınız var?
Litvanın Klaipeda Universitetində təhsil aldığım zaman Azərbaycan dili və mədəniyyətini tanıtmaq üçün xüsusi proqramlar hazırladım və Azərbaycan universitetləri ilə akademik əlaqələrin qurulmasında fəal iştirak etdim. Bununla yanaşı, 2019-cu ildə Polşa və Almaniyada keçirilən beynəlxalq yay düşərgələrində Azərbaycan dilini tədris etdim və mədəniyyətimizi təbliğ etdim. ABŞ-da isə, Madison Universitetində dərslərimə başlamazdan əvvəl tələbələrə Azərbaycan retro musiqilərini dinlədərək onları mədəniyyətimizlə tanış edirəm. Bu cür yanaşma tələbələrimdə Azərbaycanla bağlı xüsusi maraq oyadır və dilimizi öyrənməyə həvəsləndirir.
- Bu işin davamı olaraq həyatda özünüz üçün hansı böyük məqsədləri müəyyənləşdirmisiniz və onlara çatmaq üçün hansı addımları atırsınız? Gələcəkdə həyata keçirmək istədiyiniz böyük və hələ heç kimə demədiyiniz arzunuz varmı?
Mənim akademik sahədə əsas diqqət mərkəzim siyasət, beynəlxalq əlaqələr və enerji siyasətidir. Bu sahələrdəki fəaliyyətim Azərbaycanla bağlı daha geniş məqsədlərimə bağlıdır. Məsələn, enerji siyasəti və beynəlxalq əməkdaşlıq sahəsində apardığım araşdırmalar Azərbaycanın dünya miqyasında resurslarının və potensialının düzgün təqdim edilməsinə və istifadə edilməsinə töhfə vermək məqsədi daşıyır.
Azərbaycan dilinin tədrisi isə bu məqsədlərimə çatmaq üçün əlavə bir vasitə kimi vacibdir. Dilimiz və mədəniyyətimiz vasitəsilə beynəlxalq ictimaiyyətin Azərbaycanı daha yaxşı tanıması, ölkəmizin siyasi və iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlara çıxışını artırmaqda mühüm rol oynaya bilər. Hədəfim yalnız akademik nailiyyətlər əldə etmək deyil, həm də Azərbaycan mədəniyyətinin və milli dəyərlərinin dünya miqyasında təmsil olunmasına töhfə verməkdir.
Hələ ki, reallaşdırmaq istədiyim böyük bir arzum gələcəkdə Azərbaycanla bağlı qlobal səviyyədə siyasət, iqtisadiyyat və mədəniyyət sahəsində müzakirə və əməkdaşlıq üçün bir platforma yaratmaqdır. Bu məqsədə çatmaq üçün araşdırmalarımı davam etdirir, beynəlxalq tədbirlərdə iştirak edir və təcrübəmi artırıram. Hal-hazırda HopEdu sosial təhsil platformasının rəhbəri və yaradıcısı olaraq fəaliyyətim bu məqsədə çatmağımda mühüm rol oynayır. HopEdu vasitəsilə tələbələrə təhsil imkanları təqdim etməklə yanaşı, Azərbaycanın akademik və mədəni irsinin dünyada tanıdılmasına da töhfə verirəm.
- ABŞ və Azərbaycan təhsil sistemləri arasındakı fərqlər çox müzakirə olunan mövzulardandır. Bu barədə sizin fikirləriniz bizim üçün çox dəyərlidir. Bir az bu mövzudan söhbət açaq.ABŞ təhsil sistemində sizi ən çox təəccübləndirən nə oldu? Azərbaycanla müqayisədə təhsil sistemində əsas fərqlər hansıları görürsünüz? Həm Amerika, həm də Azərbaycan təhsil sistemində dəyişdirilməsini istədiyiniz bir xüsusiyyət varmı?
- ABŞ təhsil sistemində məni ən çox təəccübləndirən tələbələrə təqdim olunan azadlıq və məsuliyyət balansıdır. Tələbələrə dərsləri və layihələri öz maraqlarına uyğun yönləndirmək üçün geniş imkanlar yaradılır. Eyni zamanda, müəllimlər tələbələrin müstəqil düşünməsini və tənqidi yanaşmasını təşviq edirlər.
Azərbaycanla müqayisədə ABŞ təhsil sistemi daha çox praktiki yanaşmaya və interaktiv öyrənmə metodlarına üstünlük verir. Azərbaycanda isə nəzəri biliklərə daha çox önəm verildiyini müşahidə etmişəm. Hər iki sistemdə dəyişdirilməsini istədiyim bir xüsusiyyət var: ABŞ-də tələbələrin təhsil haqqı ilə bağlı böyük maliyyə yükləri onların təhsil almasına mane olur. Azərbaycanda isə daha interaktiv və tələbə yönümlü təhsil modellərinin tətbiq olunmasını arzulayıram.
- Azərbaycanda müəllim olmaqla Amerikada müəllim olmaq arasındakı üstünlüklər və çətinliklər nələrdir? ABŞ-də müəllimlərin peşəkar inkişafı üçün hansı imkanlar mövcuddur? Siz bu imkanlardan necə yararlanırsınız? Bu sahə ilə maraqlananlara hansı məsləhətləri verərdiniz?
- ABŞ-də müəllim olmaq fərdi yanaşma və tələbələrin akademik ehtiyaclarına uyğun tədris prosesini təşviq edir. Burada müəllimlər tələbələrlə açıq müzakirələr aparır və onları sərbəst araşdırma aparmağa həvəsləndirirlər. Tələbələrin fikirlərinin ifadəsinə xüsusi diqqət yetirilməsi və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması ABŞ-də tədrisin əsas üstünlüklərindəndir. Azərbaycanda, xüsusilə ADA Universitetində, tutorluq fəaliyyətim zamanı fərqli bir yanaşma ilə tələbələrə dəstək olmaq imkanım oldu. Orada tələbələrə tədqiqat metodologiyaları və siyasət analizi kimi mövzularda fərdi rəhbərlik edirdim. Bu təcrübə mənə göstərdi ki, Azərbaycanda tələbələrin inkişafını dəstəkləmək üçün fərdi yanaşma tətbiq ediləndə onların öyrənmə həvəsi və nəticələri daha yüksək olur.
Amerikadakı tədris sistemi ilə müqayisədə Azərbaycanda daha çox nəzəri biliklərə fokuslanılır, lakin tələbələrin müstəqil tədris bacarıqlarının inkişafına ehtiyac var. ADA Universitetində əldə etdiyim təcrübə bu boşluğun fərdi mentorluq və tələbələrə daha çox müstəqillik verməklə aradan qaldırıla biləcəyini göstərdi.
Peşəkar inkişaf baxımından, ABŞ-də müəllimlər üçün daha geniş imkanlar mövcuddur – məsələn, innovativ tədris metodlarının öyrənilməsi üçün mütəmadi təlimlər və tədqiqat layihələrinə çıxış. Mən bu imkanlardan yararlanaraq həm Azərbaycanda, həm də ABŞ-də öyrəndiklərimi tədris təcrübəmə tətbiq edirəm. Tələbələrlə fərdi işləməyi sevənlər üçün məsləhətim odur ki, hər iki sistemin üstünlüklərini birləşdirən yanaşmalar tətbiq etsinlər.
- ABŞ-dəki tələbələrin öyrənmə motivasiyası və dərslərə yanaşması necədir? Azərbaycan universitetlərindəki tələbələrlə müqayisədə hansı fərqlər var? Müəllim-tələbə münasibətləri orada necədir?
- ABŞ-dəki tələbələr öyrənmə prosesinə daha müstəqil yanaşır, dərslərdə iştirak etməklə yanaşı, fəal şəkildə müzakirələrə qoşulur və öz ideyalarını sərbəst ifadə etməyə çalışırlar. Onlar təhsili yalnız diplom alma vasitəsi kimi deyil, eyni zamanda şəxsi inkişaf və gələcək karyera məqsədlərinə çatmaq üçün əsas addım kimi görürlər.
Azərbaycanda isə tələbələr daha çox müəllimin verdiyi materiallara əsaslanır və araşdırma aparmaq yerinə dərs materiallarını mənimsəməyə üstünlük verirlər. Bu, onların öyrənmə prosesində daha çox müəllimdən asılı olmasına səbəb olur. Hər iki sistemdə tələbələrin motivasiyasını artırmaq üçün onların daha aktiv iştirakını təmin edən, sərbəst düşünmə və yaradıcı yanaşmanı təşviq edən metodların tətbiqi vacibdir. Tələbələrin maraq və ehtiyaclarına uyğunlaşan tədris yanaşmaları hər iki təhsil sistemində uğurlu nəticələr verə bilər.
- Gələcək planlarınızı öyrənmək bizim üçün maraqlıdır. Əgər gələcəkdə Azərbaycana qayıdıb təhsil sistemində çalışmaq şansı əldə etsəniz, hansı yenilikləri tətbiq etmək istərdiniz? Gələcəkdə təhsil sahəsində hansı layihələr həyata keçirməyi düşünürsünüz?
- Bəli, gələcəkdə Azərbaycana qayıdaraq Qarabağ Universitetində fəaliyyət göstərmək və təhsil sahəsində yeniliklər həyata keçirmək mənim arzularımdandır. Qarabağın dirçəlməsi prosesində rol oynamaq, orada müasir və dünya standartlarına uyğun bir təhsil modeli qurmağa töhfə vermək istəyirəm.
Cənab Prezident İlham Əliyevin gənclərə olan diqqəti bizə göstərir ki, Azərbaycan gəncləri böyük işlər görməyə qadirdir. Mənə bu gün Amerikada uğur qazanmağa imkan verən məhz Azərbaycandır. Bu səbəbdən, qazandığım bilik və təcrübəni vətənimə qaytarmaq, "give back to society" prinsipini reallaşdırmaq mənim üçün böyük əhəmiyyət kəsb edir.
- Amerikada işləyən digər azərbaycanlı müəllimlərlə əlaqələriniz varmı? Bu cür əməkdaşlıq necə qurula bilər? Sizcə, Azərbaycan Diasporu bu yolda hansı addımları ata bilər?
- Bu cür əlaqələr həm təcrübə mübadiləsi, həm də Azərbaycanı beynəlxalq səviyyədə tanıtmaq üçün mühüm bir vasitədir. Azərbaycan Diasporu bu əməkdaşlığı daha da gücləndirmək üçün akademik tədbirlər təşkil edə, həmvətənlərimizi bir araya gətirən platformalar yarada bilər. Bu, həm də Amerikadakı azərbaycanlı gənclərin uğurlarını və təcrübələrini daha geniş auditoriyaya çatdırmağa yardım edər.
- Gənclərə və tələbələrə öz məqsədlərinə çatmaq üçün hansı məsləhətləri verərdiniz?
Gənclərə ən vacib tövsiyəm budur: heç vaxt özünüzə inanmaqdan vaz keçməyin. Məqsədləriniz böyük görünə bilər, amma kiçik addımlarla da böyük uğurlara çatmaq mümkündür. Dəqiq plan qurmaq, araşdırma aparmaq və davamlı olaraq öyrənmək bu yolda sizə kömək edəcək. Həmçinin, qlobal səviyyədə rəqabət etmək üçün dil biliklərinizi inkişaf etdirin və müxtəlif mədəniyyətləri öyrənməkdən çəkinməyin. Çətinliklər sizi qorxutmasın, çünki hər uğurun arxasında zəhmət və inadkarlıq dayanır.
- Son olaraq, əgər bütün dünya sizi bir dəqiqəlik dinləsəydi, onlara nə demək istərdiniz?
Bir gənc diplomat olaraq dünyaya sevginin dəyişdirici gücündən danışardım. Bir fərdin həyatında ən əsası, vətən sevgisi, ailə sevgisi və insanlara olan sevgi onun şəxsiyyətini formalaşdıran ən güclü təsirlərdir. Mənim həyat motom budur: yalnız sevgi bizi xilas edə bilər!
Hər kəsi harada olursa olsun, müsbət təsir göstərərək yaşamağa çağırardım. Sevgi, anlayış və paylaşmaq həyatımıza məqsəd və dəyər qatır. İnsanları sevmək, fərq yaratmaq və birlikdə daha yaxşı bir dünya qurmaq üçün ən vacib addımdır. Təhsil, mədəniyyət və qarşılıqlı hörmət bu sevgini geniş miqyasda təmin edən əsas vasitələrdir. Sevginin dəyişdirici gücünü unutmayın!
Sizinlə söhbət çox maraqlı və ilhamverici oldu. Paylaşdığınız məlumatlar və fikirləriniz üçün təşəkkür edirik. Gələcək layihələrinizdə Sizə uğurlar diləyirik, Ali müəllim!
Könül Fətullayeva
“New Diaspora of Azerbaijan”