ABŞ iıə yanaşı, Rusiya da öz planlarını qurur AÇIQLAMA
Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.
“İnanmıram ki, atəşkəs məsələsi reallaşsın. Açığı, bunun səbəbi də bəllidir. Atəşkəs olsa, ardınca danışıqlar prosesi başlaya bilər. Lakin mən düşünmürəm ki, hazırda rəsmi Kiyev buna hazırdır. Hətta müharibənin daha da genişlənəcəyi ehtimalını da istisna etmirəm. Ukraynanın danışıqlara hazır olduğunu düşünmürəm, çünki bu halda o, məğlub tərəf kimi çıxış edəcək və bu da Zelenskinin hakimiyyətdə qalmasını sual altına qoyacaq. Digər tərəfdən, Avropa İttifaqının dəstəyi və təhriki ilə müharibənin genişlənməsi ehtimalı var. Eyni zamanda, Kiyev danışıqlardan yayınmağa da çalışa bilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Xatırladaq ki, ABŞ-ın irəli sürdüyü atəşkəs razılaşmasından sonra Ukrayna və Rusiya arasında şiddətli döyüşlər başladı. Rəsmi Kiyevin 30 günlük atəşkəsə razı olduğuna dair yayılan xəbərlər fonunda, martın 12-də Ukrayna PUA-ları Moskvaya hücum etdi – ölən və yaralananlar var. Ardınca Rusiya ordusu Kurskda əks-hücuma keçərək Ukrayna hərbçilərini geri oturtdu. Rusiya Prezidenti Vladimir Putin isə cəbhə bölgəsinə gedərək tapşırıqlar verib.
Siyasi şərhçi bildirib ki, ABŞ-la yanaşı, Rusiya da hazırda öz planlarını qurur.
“Rusiya qan üzərində qurulmuş imperialist aktordur və danışıqlara getsə belə, üzərinə tətbiq olunan sanksiyalar qüvvədə qalacaq. Bu da onu göstərir ki, Rusiya əvvəlcə ABŞ-la dialoq yolu ilə təzyiqləri azaltmağa çalışacaq və yalnız bundan sonra danışıqlara razılıq verəcək. Rusiya öz mövqeyini gücləndirib “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət etmək istəyəcək. Kiyev də bu vəziyyəti anlayır. Bu baxımdan düşünürəm ki, Ukrayna hələ danışıqlara hazır deyil və qarşıda həlledici döyüşlər ola bilər. Bəlkə də tərəflərdən biri tam şəkildə məğlub olmalıdır. Boks terminologiyası ilə desək, ya Rusiya, ya da Ukrayna “nokaut” olana qədər döyüş davam edəcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az

