ABŞ ın Mərkəzi Asiyada möhkəmlənməsi Azərbaycan üçün hansı perspektivlər vəd edir?
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 31 oktyabr, Rabil Kətanov, AZƏRTAC
XX əsrin tanınmış siyasi nəzəriyyəçisi, Oksford Universitetinin professoru, Böyük Britaniya parlamentinin üzvü Halford Makkinder “Tarixin coğrafi oxu” əsərində “Heartland” (Ürək) konsepsiyasını irəli sürür. O, öz nəzəriyyəsində Avrasiya qitəsinin qlobal siyasətdəki yeri və rolunu qiymətləndirir və bu qitəni yer kürəsinin “ürəyi” adlandırır. Professor nəzəriyyəsini belə formalaşdırıb: “Mərkəzi Asiyanı idarə edən, eyni zamanda Avrasiyanı da idarə edəcək. Avrasiyanı idarə edən isə bütün dünyanı idarə etmək imkanına malik olacaq”.
AZƏRTAC xəbər verir ki, bu gün dünyada, xüsusilə də Avrasiya qitəsində baş verən siyasi hadisə və proseslərə diqqətlə baxsaq alimin 1904-cü ildə təqdim etdiyi nəzəriyyənin əhəmiyyətli və əsaslı olduğunu görərik. Bəzi mənbələrə görə Adolf Hitler məhz bu nəzəriyyəyə əsaslanaraq dünyaya hökmranlıq etmək iddiasına düşmüşdü.
Ötən əsrin son rübündə - 1990-cı ildə “Berlin divarı”nın uçurulması və Almaniyanın birləşməsi, 1955-ci ildə yaradılmış Varşava Müqaviləsi Təşkilatının ardınca SSRİ-nin dağılması, davam edən Rusiya-Ukrayna müharibəsi və qitədəki digər regional xarakterli münaqişələr Avrasiyaya nəzarəti ələ keçirmək üçün aparılan geosiyasi mübarizənin davamıdır.
Geosiyasi mübarizə bəzən qanlı toqquşmaya gətirib çıxarır ki, bu da qlobal səviyyədə ölkələrin dağılmasına, ticarətin zəifləməsinə, iqtisadi problemlərin meydana çıxmasına səbəb olur. Lakin bununla yanaşı geosiyasi mübarizədə ABŞ-ın “Müstəqillik Bəyannaməsi”nin müəllifi və 3-cü prezidenti Tomas Ceffersonun geosiyasi mübarizədə tətbiq etdiyi “yumşaq güc” anlayışı da var. T.Cefferson ABŞ-ın Fransadakı səfiri vəzifəsində çalışdığı zaman yazırdı ki, “Hər kəsin iki ölkəsi var. Biri öz ölkəsi digəri isə Fransa”. O, Fransanın “yumşaq güc” ilə Yaxın Şərqdə, Afrika və Asiyada böyük geosiyasi üstünlüklər əldə etdiyi bildirib.
Mərkəzi Asiya respublikalarının (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan) rəhbərlərinin Prezident Donald Tramp tərəfindən ABŞ-a, sammitə dəvət edilməsinə də geosiyasi mübarizədə “yumşaq güc”ün tətbiqi kontekstindən baxılmalıdır. Uzaq Şərqə, Çinə, Rusiyaya, Cənubi Qafqaza, Cənub-Şərqi Asiyaya çıxışı olan Mərkəzi Asiyanın böyük iqtisadi potensialı var və bu potensial onu regional güc mərkəzinə çevirmək imkanı yaradıb.
Asiya İnkişaf Bankının “Asian Development Outlook” (Asiya İnkişaf Perspektivləri) adlı hesabatında bildirilib ki, Mərkəzi Asiyanın ümumi daxili məhsul istehsalı 2025-ci ildə 4,5, 2026-ci ildə isə 5 faiz artacaq. Son 30 ildə əhalinin sayı 47 faiz (23 milyon nəfər) artıb. Region dünya bazarına ildə 8 milyon ton pambıq ixrac edir. Mərkəzi Asiya respublikaları ümumilikdə 30 milyard ton neft və 20 trilyon kubmetr təbii qaz ehtiyatına malikdir. Regionun İpək Yolunun üzərində yerləşməsi onun nəqliyyat-tranzit potensialını artırır, Avropa ilə Çini və Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Bütün bunlar əlbəttə ki, ABŞ-ın diqqətindən yayınmır.
Son illərdə ABŞ-ın xarici siyasəti xüsusən 2024-cü il seçkiləri ərəfəsində əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Yeni Amerika strategiyası, tanınmış ekspert Valter Rassell Meadin analizində vurğulandığı kimi, iqtisadi praqmatizm və milli maraqların qorunmasına əsaslanır. Ekspert Çinin təsirini azaltmaq üçün regiona daha çox nüfuz etməyin zəruriliyini qeyd edir.
Yuxarıda deyilənləri nəzərə alaraq Mərkəzi Asiya respublikalarının Vaşinqtona dəvət olunması Amerikanın “yumşaq güc”dən daha səmərəli istifadə edərək regionu nəzarəti altına almaq istəyindən xəbər verir.
Azərbaycanın bu prosesdə yeri və mövqeyi nədən ibarət olacaq?
ABŞ-ın Mərkəzi Asiyada möhkəmlənməsi Azərbaycan üçün hansı perspektivi vəd edir? Bu sualları cavablandırmaq üçün son dövrlər ABŞ-Azərbaycan münasibətlərindəki müsbət transformasiyaya nəzər salmaq lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Zəfər qazanaraq regionda yeni reallıqlar yaratdı. Qlobal siyasi prosesləri diqqətlə izləyən ABŞ bu reallıqlardan səmərəli istifadə etməyə çalışaraq Azərbaycan ilə Ermənistan arasında sülh prosesini məntiqi nəticəyə çatdırmaq üçün Ağ Evdə tərəflər arasında sənəd imzalanmasına nail oldu. Məhz bu sənədin imzalanmasından sonra sülh prosesi sürətləndi. Azərbaycan Mərkəzi Asiyadan Ermənistana dəmir yolu ilə yükdaşımalara icazə verdi. Bunun qarşılığı olaraq Ermənistan da Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqəsinə maneə yaratmayacağını bəyan etdi. Prezident İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizinin də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılması təsadüfi xarakter daşımır. Bu, Amerikanın artıq regiona nüfuz etdiyini göstərir. Proseslərdən sonra D. Tramp Mərkəzi Asiya dövlətlərinin prezidentlərini noyabrın 6-da Vaşinqtona dəvət edib. Avrasiyaya nəzarət etməyə çalışan ABŞ ilk növbədə Mərkəzi Asiyanı öz tərəfinə çəkməyə səy göstərir ki, bu da praqmatik siyasətdir. Praqmatizm siyasi mənada müəyyən güzəştlərlə maraqların üst-üstə düşməsini təmin etməkdir. ABŞ Prezidentinin təşəbbüsü Amerikanın, Mərkəzi Asiya respublikalarının və Azərbaycanın maraqlarının üst-üstə düşməsini təmin edir. Buna misal olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu misal göstərə bilərik. Bu yolla Çin öz mallarını Mərkəzi Asiya və Azərbaycandan tranzit keçməklə Avropaya ixrac edir. ABŞ-ın Avropadakı müttəfiqləri ticarət əlaqələrini genişləndirir Azərbaycan və Mərkəzi Asiya respublikaları tranzit gəlir əldə edir. ABŞ-ın logistika şirkətləri marşrutun ehtiyacı olan infrastruktur layihələrə sərmayə yatırıb qazanc əldə edir. Bir sözlə layihədə iştirak edən bütün tərəflər qazanc əldə edir ki, bu da praqmatizmin nümunəsidir. Azərbaycan coğrafi mövqeyi ilə yanaşı infrastruktur layihələri ilə də Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə, Şərqi və Qərbi Avropa ilə birləşdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın da Vaşinqtona dəvət olunmasını arzulayaraq deyib: “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib, Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq”. Azərbaycan region uğrunda aparılan geosiyasi mübarizədə həm Çin, həm də ABŞ üçün əhəmiyyətli dövlətdir.
Çinin Mərkəzi Asiyaya daxil olmasına da ABŞ biganə yanaşa bilmir. Lakin Çin artıq regiona kifayət qədər nüfuz edə bilib və bu ABŞ-ı tələsdirir. “Bir kəmər, bir yol” layihəsi 2013-cü ildən Mərkəzi Asiyada Çinin mövcudluğunu gücləndirməyə yönəlmiş xarici iqtisadi siyasətinin əsas elementinə çevrilib. Bu plan, Çin məhsullarının Avropaya maneəsiz çatdırılmasını təmin edən infrastruktur və enerji layihələrini əhatə edir. 2013-2023-cü illər arasında Çin Mərkəzi Asiya ölkələrinə 40 milyard dollardan çox sərmayə yatırıb ki, bu da ticarət dövriyyəsini 50 milyard dollara çatdırıb.
Çin sərmayələrində enerji sektoru xüsusi yer tutur. Məsələn, Qazaxıstanda Çin iki ölkəni birləşdirən və Çinə enerji resurslarının stabil çatdırılmasını təmin edən bir neft kəmərinin inşasına 20 milyard dollardan çox vəsait yatırıb. Özbəkistanda Çin neft-qaz infrastrukturunun modernləşdirilməsinə 10 milyard dollardan çox sərmayə qoyub. Türkmənistanda isə Çin investisiyaları əsasən Mərkəzi Asiya-Çin qaz kəməri layihəsinə yönəlib, bu kəmər təbii qazın nəqlini təmin edir və Çinin neft və qaz ehtiyaclarının təxminən 30 faizini qarşılayır.
Qlobal qeyri-sabitlik fonunda, xüsusilə Ukrayna və Yaxın Şərqdəki böhranlar səbəbindən, Çin Mərkəzi Asiyanı həyati əhəmiyyətli enerji resursları və logistika dəhlizi kimi qəbul edir. Bu dəhliz daha təhlükəsiz və daha sabit marşrutlarla təchizat riskini azaldır. Pekin bölgədəki əsas infrastruktur layihələrinə fəal sərmayə qoyaraq mövqeyini gücləndirir və bu da ABŞ üçün ciddi sınaq yaradır. Amerika bu siqnalı çoxdan eşidib. Hələ 2023-cü ildə prezident Co Bayden bütün beş Mərkəzi Asiya respublikalarının liderləri ilə C5+1 Sammitində tarixi görüş keçirdi və bu görüşdə regionun iqtisadi dayanıqlığını artırmaq məqsədilə ERICEN proqramına (Mərkəzi Asiya üçün İqtisadi Dayanıqlılıq Təşəbbüsü) 25 milyon dollar ayıracağını elan etdi. Bu proqram xüsusi sərmayələrin cəlb edilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və infrastrukturun inkişafına yönəlib ki, bu da regionun Çin və Rusiyadan iqtisadi asılılığını azaltmalıdır. 2024-cü ildə ABŞ və Mərkəzi Asiya arasında Ticarət və İnvestisiya Çərçivə Sazişi Şurasının (TIFA) birgə bəyanatında ticarət və investisiya əlaqələrinin gücləndirilməsinə vurğu edilmişdi.
Göründüyü kimi Mərkəzi Asiyanın iqtisadi potensialının artması onun dünya iqtisadiyyatına daha dolğun inteqrasiyası zərurətini yaradıb. Bu inteqrasiya isə Azərbaycansız mümkün deyil. Odur ki, geosiyasi mübarizənin nəticəsində Avrasiyada kimin üstün mövqe əldə etməsindən asılı olmayaraq Azərbaycan sabitlik və inkişaf adası olaraq qalacaq.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:77
Baxış sayı:77 Bu xəbər 31 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















