Icma.az
close
up
RU
ABŞ nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?

ABŞ nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Aprelin 3-nə keçən gecə qlobal ticarət tarixində çox mühüm hadisə ilə yadda qalacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxal edilən mallara 10 %-lik gömrük rüsumu tətbiq edilməsi, həmçinin ticarət balansında ciddi asimmetriya olan dövlətlər üçün bu tariflərin 17 %-dən 49 %-ə qədər artırılması barədə sərəncam imzalayıb. Yeni qaydalara əsasən, 10 %-lik idxal rüsumu aprelin 5-dən, daha yüksək tariflər isə aprelin 9-dan qüvvəyə minəcək.

Bu qərar təkcə ABŞ iqtisadiyyatı üçün deyil, qlobal ticarət münasibətləri baxımından da əhəmiyyətli nəticələr doğura bilər. Tariflər əsasən ABŞ-ın ticarət balansında kəsir verdiyi ölkələrə tətbiq edilib və onların iqtisadiyyatına ciddi təsir göstərə bilər. Ən çox gömrük tarifinə məruz qalan ölkələr arasında Asiya dövlətləri və Avropa İttifaqı (Aİ) ön plandadır. Belə ki, ən çox tariflərin tətbiq edildiyi ölkələrə Kamboca - 49 %, Vyetnam - 46 %, Şri-Lanka - 44 %, Banqladeş - 37 %, Tailand - 36 %, Çin - 34 %, Tayvan - 32 %, İndoneziya - 32 %, İsveçrə - 31 %, Cənubi Afrika Respublikası - 30 %, Cənubi Koreya - 25 %, Yaponiya - 24 %, Malayziya - 24 %, Avropa İttifaqı (Aİ) - 20 %, İsrail - 17 % başçılıq edir.

İqtisadi müstəqillik İddiası

Qəribə görünsə də, ABŞ lideri bu addımları ölkəsinin iqtisadi müstəqilliyə nail olması məqsədilə atdığını bildirir. D.Trampın fikrincə, gömrük tariflərinin artırılması bütün ölkələri - həm dost, həm də rəqib dövlətləri - ABŞ-yə güzəştə getməyə məcbur edəcək. O, bu qərarı "Amerika iqtisadi müstəqilliyinin bəyannaməsi" adlandırıb və ölkəsinin yenidən qüdrətli və zəngin olacağına dair vəd verib: "Ölkəmizi 50 ildən çoxdur ki, soyurlar. Bu, bir daha olmayacaq".

ABŞ-yə idxal edilən bütün xarici avtomobillərə aprelin 3-dən etibarən 25 %-lik əlavə tarif tətbiq edilir. Ekspertlərin hesablamalarına görə, bu qərar ABŞ-yə avtomobil idxalına ciddi təsir göstərəcək və bu sahədə ticarətin həcmini illik 600 milyard dollar azalda bilər. Amerika bazarına ən böyük avtomobil tədarükçüsü olan Yaponiyanın itkilərinin ilkin qiymətləndirməsi ildə 12 milyard dollar və ya ÜDM-in 0,25 %-i səviyyəsindədir.

Tramp administrasiyası hesab edir ki, yeni rüsumlardan illik 600 milyard dollar əlavə daxilolma əldə ediləcək ki, bu da ABŞ-nin 2024-cü ildə 1,2 trilyon dollara çatan ticarət defisitinin düz yarısını kompensasiya edəcək.

Üstəlik, Ağ Ev bəyan edib ki, əgər digər ölkələr cavab tədbirləri görsələr, ABŞ gömrük rüsumlarını daha da artıra bilər. Onun bəyanatına əsasən, ABŞ Prezidenti gömrük rüsumlarını artıra və ticari tərəfdaşlarla razılığa gəlindiyi təqdirdə azalda bilər. Maraqlıdır ki, Qazaxıstanın İqtisadiyyat Nazirliyi bəyan edib ki, ABŞ-yə ixrac edilən məhsulların yalnız 4,8 %-nə gömrük rüsumu tətbiq olunacaq. Halbuki ABŞ bu ölkəyə qarşı ümumi 27 %-lik tarif müəyyən edib.

Gözləntilərdən daha aqressiv tariflər

İqtisadçılar ilkin olaraq ABŞ-nin tarif siyasətinin daha yumşaq olacağını proqnozlaşdırırdılar. Lakin Beynəlxalq Maliyyə İnstitutunun ekspertlərinin fikrincə, yeni tariflər ABŞ-ın ən böyük ticarət tərəfdaşlarına, xüsusilə Meksika (ABŞ-yə ixracı ÜDM-in beşdə birini təşkil edir), Vyetnam (ÜDM-in 30 %-i) və Tailand (ÜDM-in 11,6 %) kimi ölkələrə ciddi zərbə vuracaq.

Ağ Ev bu tarifləri tətbiq edərkən, iki əsas strategiyanı nəzərdən keçirib: "нumşaq variant" - bütün ölkələrə 10 %-lik tarif tətbiq olunması və "sərt variant" - ticarət asimmetriyasının tam kompensasiyası məqsədilə daha yüksək tariflər müəyyən edilməsi. Tramp isə "orta yolu" seçərək, bunu "xeyirxah variant" adlandırıb. Çünki bu strategiya ABŞ-nin fərdi ölkələrlə ticarət balansındakı fərqin yalnız yarısını kompensasiya etməyə yönəlib.

Eyni zamanda, ABŞ lideri deyib ki, disbalansın qiymətləndirilməsində həm qarşılıqlı tədarüklər zamanı rüsum səviyyələrindəki fərq, həm də ticarət disbalansını gücləndirən ABŞ mallarının tədarükünə qeyri-tarif məhdudiyyətlər nəzərə alınıb.

ABŞ hakimiyyəti bu addımlarla ölkə sənayesini yenidən canlandırmağa və üçüncü ölkələrə köçürülmüş istehsalatların geri qaytarılmasına kömək etməsi nəzərdə tutulur.

ABŞ fond bazarında reaksiya və ticarət müharibəsi marahatlığı

Yeni tariflər ABŞ fond bazarında kəskin enişlərə səbəb olub. Belə ki, S&P 500 fyuçersləri 3,5 % azalıb, Nasdaq 100 fyuçersləri 4,5 % düşüb. "Russell"də kiçik kapitallaşdırmalı şirkətlərin indeksi isə 5 % geriləyib.

Bundan əlavə, Çikaqo birjasında qızılın iyun fyuçersinin qiyməti ilk dəfə 3 200 dollardan yuxarı qalxıb. Analitiklər hesab edirlər ki, tariflərin artırılması nəticəsində "ticarət müharibəsi"nin dərinləşməsi qızılın qiymətini daha da artıracaq.

Bu tariflər idxal olunan malların qiymətini artıraraq qlobal təchizat zəncirlərində ciddi pozuntulara səbəb ola bilər. Məsələn, 2024-cü ildə Çin və ABŞ arasındakı ticarət dövriyyəsi 3,7 % artaraq 688,28 milyard dollara çatıb. Çindən ABŞ-yə ixracat isə 4,9 % artımla 524,66 milyard dollar təşkil edib. Lakin Vaşinqtonun Pekinə qarşı yeni məhdudiyyətləri Çin məhsullarının ABŞ bazarındakı rəqabət qabiliyyətini kəskin zəiflədə və bu ölkədə iş yerlərinin itirilməsi ilə nəticələnə bilər. Bundan əlavə, bu addımlar ABŞ-Çin siyasi münasibətlərinə də mənfi təsir göstərə bilər. İqtisadi gərginliyin artması, uzun müddətdir həll olunmayan Tayvan probleminin daha da qızışmasına səbəb ola bilər.

ABŞ və Aİ arasındakı məhsul və xidmət ticarəti 2024-cü ildə rekord həddə - 2 trilyon dollara çatıb. Lakin Vaşinqtonun polad və alüminiuma tətbiq etdiyi yeni tariflər, eləcə də digər gömrük rüsumları bu artım tempini əhəmiyyətli dərəcədə ləngidə bilər. Artıq Avropa rəsmiləri də ABŞ-nin gömrük siyasətini sərt tənqid edərək, Aİ ölkələrini birlikdə cavab tədbirləri görməyə çağırıblar. Almaniyanın iqtisadiyyat naziri Robert Habek bu məsələdə Avropanın birgə mövqe nümayiş etdirməli olduğunu vurğulayaraq bildirib: "ABŞ rəhbərliyi təzyiqi hiss etməlidir. Təzyiq altında bəyanatlarını yumşaldacaq, amma bunun üçün Avropa ölkələrinin birgə addımları vacibdir. Kimin daha güclü olduğunu görəcəyik".

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə ABŞ tariflərinin qlobal istehlakçılara zərər vuracağını qeyd edib: "Bu təsirləri dərhal hiss edəcəksiniz. Milyonlarla insan ərzaq qiymətlərinin bahalaşması ilə üzləşəcək, dərman və nəqliyyat xərcləri artacaq. İnflyasiya yüksələcək. Böyük və kiçik müəssisələr bu siyasətdən əziyyət çəkəcək. Buna görə də biz əvvəldən ABŞ ilə danışıqlara hazır idik, amma eyni zamanda cavab tədbirləri görməkdən çəkinməyəcəyik".

Beləliklə, ABŞ-nin ticarət siyasətində atdığı bu aqressiv addımlar qlobal ticarət sisteminin yenidən qurulmasına və artan ticarət baryerləri fonunda yeni lokal iqtisadi blokların formalaşmasına səbəb ola bilər.

Azərbaycan ilə ABŞ arasında ticarət əlaqələri

ABŞ Azərbaycandan idxal olunan məhsullara 10 %-lik gömrük rüsumu tətbiq edib. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 1,753 milyard dollar təşkil edib ki, bunun da 135 milyon dolları Azərbaycanın ABŞ-yə ixracının payına düşüb.

Azərbaycan bu dövrdə ABŞ-yə 400-dən çox adda məhsul ixrac edib. Əsas ixrac məhsulları arasında 31,23 milyon dollar dəyərində alüminium plitələr, vərəqlər və zolaqlar (ümumi ixracın 32 %-i), 6,81 milyon dollar dəyərində ferrosilisium ərintiləri (51 %-i), 6,51 milyon dollar dəyərində polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı maddələr (8,8 %-i), 2 milyon dollar dəyərində su qızdırıcıları və ya istilik su akkumulyatorları (73 %-i), 1,8 milyon dollar dəyərində elektrik su qızdırıcıları, batırılma elektrik qızdırıcı cihazlar (93 %-i), 1,63 milyon dollar dəyərində alüminiumdan qapılar, pəncərələr və çərçivələr (77,3 %-i), 1,1 milyon dollar dəyərində mineral gübrələr (0,8 %-i) var.

Azərbaycanın ABŞ-dən idxalı isə daha geniş miqyaslıdır və əsasən sənaye və texnoloji avadanlıqlardan ibarətdir. 2024-cü ildə ABŞ-dən Azərbaycana idxal olunan əsas məhsullar sırasında qızıl (yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, zolaqlar və lentlər) – 1,06 milyard dollar (ümumi idxalın 32 %-i), minik avtomobilləri (benzin, dizel mühərrikli, hibrid və elektrik mühərrikli) – 142,35 milyon dollar (9,1 %-i), turboreaktiv mühərriklər – 37 milyon dollar (100 %-i), qaz turbinləri – 23,1 milyon dollar (97,5 %-i), kranlar, klapanlar, armaturalar və onların hissələri – 15,24 milyon dollar (12 %-i), hesablama maşınlarının yaddaş qurğuları – 11 milyon dollar (41 %-i), poladdan və digər qara metaldan neft-qaz buruqlarının qazılması üçün qazma boruları – 9,73 milyon dollar (83 %-i), xam qarğıdalı yağı və onun fraksiyaları – 7,4 milyon dollar (75 %-i), yer və tunelqazan maşınlarının hissələri – 6,1 milyon dollar (32 %-i), topoqrafik, meteoroloji, geofiziki alətlər və cihazlar – 6 milyon dollar (30 %-i) olub.

Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə, Azərbaycanın ABŞ-yə qeyri-neft-qaz ixracı böyük həcmdə olmasa da, geniş məhsul çeşidini əhatə edir. Bu səbəbdən yeni tariflərin ixraca ciddi təsir göstərməsə də, ümumi artım dinamikasını zəiflədə biləcəyi ehtimalı var: "Tariflər əlavə xərc deməkdir və bu, ixracın artım tempini azalda bilər. Bununla belə, Azərbaycanın ixrac etdiyi məhsullar spesifik xarakter daşıyır və bazardakı mövqelərinə 10 %-lik tarifin təsiri minimal ola bilər. Ümumilikdə, yeni tariflər qlobal iqtisadiyyatda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər".

Beləliklə, ABŞ-nin gömrük siyasəti yeni çağırışlarla yanaşı, Azərbaycan üçün potensial imkanlar da yarada bilər. Alternativ bazarlara yönəlmək və yeni ticarət strategiyalarının formalaşdırılması Azərbaycanın ixrac potensialını qoruyub saxlamaq baxımından vacib amillərdən biridir.

Qeyd etməyə dəyər ki, bu qərar qlobal ticarət siyasətində dönüş nöqtəsi ola bilər və qarşıdakı aylarda digər ölkələrin necə reaksiya verəcəyi dünya iqtisadiyyatının gələcək trayektoriyasını müəyyən edəcək. Çünki, ABŞ-ın bu qərarı dünya bazarlarında qeyri-müəyyənlik yaradır və ticarət bloklarının yenidən formalaşmasına səbəb ola bilər. Azərbaycanın ixracına təsiri minimal olsa da, ümumilikdə, yeni tariflər qlobal iqtisadiyyat üçün yeni çağırışlar yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Aprel 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri