Icma.az
close
up
RU
Abşeronun bu qəsəbəsində 10 min əhali “mühasirədə” Təcili tədbir görülməsə, gec ola bilər

Abşeronun bu qəsəbəsində 10 min əhali “mühasirədə” Təcili tədbir görülməsə, gec ola bilər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron yarımadasının şimal-şərq hissəsində, son illər turizmin sürətlə inkişaf etdiyi bir zonada yerləşən Ləhiş bağları bu gün paradoksal vəziyyətlə üz-üzədir. Bir tərəfdən qəsəbə iri turizm layihələrinin, xarici qonaq axınının və regional ticarət marşrutlarının içindədir, digər tərəfdən isə gündəlik həyat üçün zəruri olan əsas infrastruktur problemləri illərdir həllini tapmır. Təxminən 10 minə yaxın əhalinin yaşadığı Ləhiş bağları faktiki olaraq inkişafın mərkəzində, lakin planlamanın kənarında qalıb.

Coğrafi baxımdan qəsəbə Nardaran ərazisindən başlayaraq Pirşağı istiqamətinə qədər uzanır və inzibati cəhətdən Kürdəxanı ərazisinə daxildir. Bu mövqe onu həm sahilyanı turizm zonası, həm də Abşeronun ən aktiv yaşayış və ticarət məntəqələri ilə birbaşa əlaqələndirir. Məhz bu səbəbdən Ləhiş bağlarında baş verənlər təkcə lokal problem deyil, daha geniş — regional əhəmiyyət daşıyan məsələ kimi dəyərləndirilir.

Son illərdə xüsusilə sahilyanı istirahət zonalarının inkişafı ilə bölgədə turist hərəkətliliyi xeyli artıb. Xarici turistlər artıq yalnız hotellər və çimərliklərlə kifayətlənmir, ətraf qəsəbələri, yerli bazarları, gündəlik həyatı görmək istəyirlər. Bu baxımdan Ləhiş bağları təbii tranzit məntəqəsinə çevrilib. Turistlərin əhəmiyyətli hissəsi məhz bu qəsəbədən keçərək Maştağa bazarına və Kürdəxanı istiqamətinə üz tutur.

Lakin bu marşrutun üzərində yerləşən yollar nə artan turist yükünə, nə də burada yaşayan insanların gündəlik ehtiyaclarına cavab verir. Sakinlərin “dalan” adlandırdığı və rəsmi olaraq 26 nömrəli birləşdirici küçə kimi tanınan yol xüsusilə diqqət çəkir. Bu yol “Sea Breeze” ərazisini və Pirşağı–Bilgəh magistralını Maştağa və Kürdəxanı ilə birləşdirən əsas bağlantılardan biridir. Təxminən 15 il əvvəl asfaltlanan bu küçə o vaxtdan bəri faktiki olaraq əsaslı təmir və davamlı texniki baxım görməyib.

İllər ərzində asfalt örtüyü ciddi şəkildə aşınıb, çatlar və çalalar əmələ gəlib. Drenaj sisteminin olmaması yağış və qar sularının birbaşa yol üzərində qalmasına səbəb olur ki, bu da örtüyün daha sürətlə dağılmasını şərtləndirir. Qış aylarında bu yol bəzən faktiki olaraq keçilməz vəziyyətə düşür. Piyadalar üçün təhlükə yaranır, avtomobillər isə su dolu çuxurlar arasında manevr etməyə məcbur qalır. Turistlər üçün bu yol yerli həyatla tanışlıq marşrutu kimi nəzərdə tutulsa da, real mənzərə çox vaxt təəccüb və narazılıq doğurur.

Problemlər yalnız bir küçə ilə məhdudlaşmır. Ləhiş bağlarını ətraf ərazilərlə birləşdirən digər yollar və qəsəbədaxili küçələr də oxşar vəziyyətdədir. Uzun müddət baxımsız qalan bu yollar nə mütəmadi təmir olunur, nə də mövsümi şərait nəzərə alınaraq saxlanılır. Nəticədə yağışlı və qarlı günlərdə qəsəbə daxilində hərəkət çətinləşir, təcili tibbi yardım və digər zəruri xidmətlərin vaxtında çatması risk altına düşür.

Yol infrastrukturu ilə yanaşı, qəsəbənin ən ciddi problemlərindən biri mərkəzləşdirilmiş şəhər suyu və kanalizasiya sisteminin olmamasıdır. Minlərlə insan hələ də fərdi və müvəqqəti həll yollarından istifadə etməyə məcburdur. Paradoks ondadır ki, Lahıc Bağlarının düz kənarı ilə, Pirşağı–Bilgəh yolu boyunca magistral su kəməri çəkilir. Lakin sakinlərin bildirdiyinə görə, bu xətt qəsəbənin özünün istifadəsi üçün nəzərdə tutulmayıb. Su infrastrukturu qəsəbənin yanından keçir, amma qəsəbəyə xidmət etmir.

Elektrik enerjisi ilə bağlı vəziyyət də sabit deyil. Tez-tez baş verən və səbəbi aydın izah olunmayan kəsintilər xüsusilə qış aylarında sakinlərin həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. İsitmə, məişət texnikası, təhsil və iş prosesi birbaşa bu qeyri-sabitlikdən təsirlənir. Turistlərin hərəkət etdiyi və istifadə etdiyi ərazidə bu cür problemlərin qalması bölgə haqqında formalaşan ümumi təsəvvürü də zədələyir.

Bütün bunların fonunda qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən son illərdə ölkə üzrə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bu təşəbbüslər fonunda Lahıc Bağları kimi qəsəbələrin inkişafı böyük strateji mənzərəni tamamlayan vacib halqa ola bilər. Belə yaşayış məntəqələrində yolların, kommunal xidmətlərin və enerji təminatının yaxşılaşdırılması təkcə yerli problemlərin həlli deyil, həm də paytaxt üzərində olan yükün azaldılması, regionlararası balansın gücləndirilməsi deməkdir.

Mütəxəssislər və sakinlər hesab edirlər ki, sabit elektrik, etibarlı su və kanalizasiya sistemi, keyfiyyətli yollar olduğu halda Lahıc Bağları və ətraf qəsəbələr Bakıya real alternativ yaşayış zonalarına çevrilə bilər. Bu isə nəqliyyat sıxlığını, kommunal xidmətlərə olan təzyiqi azaldar, paytaxtın həddindən artıq yüklənməsinin qarşısını qismən də olsa alar.

Ləhiş bağları sakinləri mövqelərini açıq şəkildə ifadə edirlər: onlar nə turizmin əleyhinədir, nə də xüsusi imtiyaz tələb edirlər. Əksinə, turizmin bölgəyə canlılıq gətirdiyini anlayırlar. Onların istəyi sadədir – mövcud reallığın nəzərə alınması, strateji yolların bərpası, digər küçələrin mütəmadi saxlanılması, şəhər suyu və kanalizasiya sisteminin qurulması.

Bu gün Ləhiş bağları artıq turizm və iqtisadi dövriyyənin bir hissəsidir. İndi əsas sual ondan ibarətdir ki, bu qəsəbə inkişafın sadəcə keçid nöqtəsi olaraq qalacaq, yoxsa real mənada həmin inkişafdan pay alan yaşayış məntəqəsinə çevriləcək.

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri