Aslan Kərimov: “Qarabağ”ın bu qədər xal itirəcəyini gözləmirdim”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Turnir cədvəlinə nəzər salsaq, bəzi gözləntilərimizin özünü doğrultmadığını görə bilərik. Mən liderlər sırasında başqa komandaları görəcəyimi düşünürdüm. Hazırkı vəziyyət isə bir qədər fərqlidir”.
Bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov Misli Premyer Liqasında birinci dövrənin yekunlarını dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis turnir cədvəlindəki mövcud durumu təhlil edib, liderlər qrupunun mübarizəsini, gözlənilməz nəticələri və komandaların ümumi performansını diqqətə çatdırıb.
“Yenə də “Sabah” və “Qarabağ” liderlər sırasındadır. Lakin “Neftçi”nin birinci pilləyə yüksəlməsi, “Turan Tovuz”un isə həm “Qarabağ”a, həm də “Sabah”a qalib gəlməsi müəyyən mənada sensasiya sayıla bilər. Bununla belə, ümumi mənzərəyə baxdıqda, gözləntilərimizin böyük ölçüdə dəyişmədiyini görürük. Çünki ilk beşliyə nəzər salsaq, “Neftçi”, “Qarabağ”, “Sabah”, “Turan Tovuz” və “Zirə”nin yer aldığını görərik. Bu komandaların ötən çempionatdan da iddialı olacaqları və potensial baxımından digər rəqiblərindən üstün olduqları hiss edilirdi.
Bundan əlavə, “Kəpəz” və “Şamaxı” xoş mənada təəccübləndirən komandalar oldu. Çünki büdcə və imkanlarını nəzərə alsaq, bəzi rəqiblərinə qarşı başabaş mübarizə aparmağı bacardılar. “Şamaxı”nın son heç-heçəsi də bunun nümunələrindən biridir. “Kəpəz”in də rəqabətdə bir çox komandaya qalib gəlməsi onların əzmkar və mübariz oyun nümayiş etdirdiklərini göstərir.
Digər tərəfdən, çempionatın son pillələrində hansı komandaların yer alacağı ilə bağlı da müəyyən gözləntilərimiz var idi. Potensialı, xüsusilə də futbolçu keyfiyyəti baxımından yaxşı olan, lakin istənilən oyunu nümayiş etdirə bilməyən “Araz-Naxçıvan”la qarşılaşdıq. Komandada məşqçi dəyişiklikləri baş verdi. Maliyyə vəziyyətlərinin hazırda hansı səviyyədə olduğunu dəqiq bilmirəm, lakin bütün bunlar təbii ki, komandanın çıxışına təsir göstərir. “Şəfa” isə hələ də qələbə qazana bilmir. Açığı, çempionatın sonuna qədər vəziyyətin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir. Hər halda, “Şəfa”, “Araz-Naxçıvan”, “İmişli” olsun və “Qəbələ”ni də bu sıraya əlavə edərdim. Bu komandalar qeyri-sabit çıxış edirlər. “Qəbələ” son oyunlarda, məşqçi dəyişikliyindən sonra müəyyən qədər toparlanmağı bacarıb. Ancaq bu komandaların hər birinin oyununu daha da yaxşılaşdırmasına ehtiyac var. Çünki qarşılaşdıqları rəqiblər də kifayət qədər güclüdür.
Ümumilikdə, çempionatın ilk dövrəsini dəyərləndirsək, düşünürəm ki, komandaların əksəriyyəti hazırda öz potensialına uyğun mövqelərdə qərarlaşıb. Elə bir komanda yoxdur ki, onun altıncı yerdə olacağını gözlədiyimiz halda, hazırda liderlik uğrunda mübarizə apardığını görək. Eyni zamanda, yuxarı pillələrdə gözlədiyimiz, lakin turnir cədvəlinin aşağı sıralarına düşən komanda da yoxdur. Yəni xüsusi təəccüb doğuran bir mənzərə ilə qarşılaşmamışıq.
Sadəcə, “Neftçi”, “Qarabağ” və “Sabah” arasındakı mübarizədə müəyyən gözlənilməz məqamlar yaşandı. Məsələn, mən “Sabah”ı bu tura qədər lider görürdüm və komandanın cari turdan sonra da ilk pillədə qalacağını düşünürdüm. Lakin xal itkiləri və heç-heçələr “Sabah”ın turnir cədvəlində bir qədər geriləməsinə səbəb oldu. Bununla belə, bu, normal haldır və çempionatın gedişatında gözlənilən vəziyyətlərdən biridir.
“Qarabağ”ı xüsusi vurğulamaq lazımdır. Açığı, bu çempionatda komandanın bu qədər geriləyəcəyini gözləmirdim. Bu qədər xal itkiləri, ardıcıl uğursuz nəticələr və qol vurmaqda çətinlik çəkmələri mənim üçün gözlənilməz oldu. Düşünürəm ki, “Qarabağ” üçün bu geriləmə bir qədər artıq oldu. Ardıcıl üç oyunda qol vura bilməmək və bir neçə qarşılaşmada xal itirmək bu komandadan gözlədiyimiz mənzərə deyildi. Düzdür, heyətdə çoxsaylı dəyişikliklərin olduğunu bilirdik, lakin bunun komandaya bu qədər təsir edəcəyini düşünmürdüm”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 Noyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















