Acaryan tarixi həqiqəti necə etiraf etmişdi?
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Hay alimi Bakı məclisində türk dilinin ermənicəyə təsirini faktlarla sübuta yetirib
26 fevral - 6 mart 1926 tarixləri arasında Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayı XX əsrin əvvəllərində Türk xalqlarının mədəni həyatında baş verən ən mühüm hadisələrdən biri kimi tarixə düşdü. Qurultay Sovet İttifaqındakı türkdilli xalqların dil, ədəbiyyat, əlifba, etnoqrafiya kimi problemlərini müzakirə etmək məqsədilə təşkil olunmuş böyük bir tədbir idi. Bu tədbir Türk xalqlarının mədəni inteqrasiyasında əhəmiyyətli bir mərhələ təşkil etdi. Geniş miqyasda və böyük coğrafiyada yaşayan türkdilli xalqları maraqlandıran bir sıra mühüm məsələlərin müəyyən edilməsi, müzakirəsi, hazırlanması və daha sonra həyata keçirilməsi baxımından fövqəladə əhəmiyyətə malikdir.
Qurultaya SSRİ sərhədləri daxilində yaşayan Türk xalqları ilə yanaşı, xarici qonaqlar, alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılardan ibarət ümumilikdə 131 nümayəndə qatıldı. İştirakçılar arasında Ermənistan nümayəndələri də vardı. Heyətə Qaraqoyunlu dərəsindən olan azərbaycanlı ziyalılardan biri – Bala Əfəndiyev başçılıq edirdi. Qurultayın 15-ci iclasında onun İrəvan və Qərbi Azərbaycanın azərbaycandilli məktəblərində latın əlifbası ilə ana dilinin tədrisinin vəziyyəti haqqında məruzəsi dinlənilib. Qərbi Azərbaycanda yeni türk əlifbasının tətbiqi hərəkatına rəhbərlik edən Bala Əfəndiyev 1920-ci illərin sonlarında Azərbaycana dəvət edilir. Amma az sonra onun başlatdığı hərəkat zəifləyir. İndi də xatırlanır ki, Əfəndiyev Qərbi Azərbaycanda dil kursları açmış, yeni əlifba ilə dərslər keçmiş, bu ideyanın əhəmiyyətini izah edən məruzələrlə çıxış etmişdir. Onun fəaliyyəti nəticəsində İrəvan və ətraf bölgələrdə Azərbaycan məktəbləri latın qrafikasına keçməyə başlayıb, Azərbaycan dilində mətbu orqanlar çap edilib.
Həbsin səbəbi qurultayda iştirak idi
Ermənistan heyətində digər nümayəndə erməni alimi, türkoloq-professor Hraçya Acaryan idi. Qurultayda Acaryanın çox maraqlı məruzəsi olur: “Türk və erməni dillərinin qarşılıqlı təsiri”. Acaryanın məruzəsi 1937-ci ildə onun məhkəmə prosesində qarşılaşdığı ittihamların əsası olur. Bunlar “burjua milliyyətçiliyi” və “antiinqilabi fəaliyyət” kimi ümumi ittihamlar idi. Acaryan 1937-ci ildə bu ittihamlarla deyil, Bakıdakı tədbirə qatıldığına görə həbs edilir və təxminən 18 ay həbsdə qalır.
Erməni tarixində “Erməni dilçiliyinin atası” olaraq tanınan Hraçya Acaryan türk dilindən ermənicəyə 4 mindən çox sözün keçdiyini bildirir. O, məruzəsində bu fikrini nümunələrlə isbatlayır. Acaryanın 1902-ci ildə Moskvada Lazarev İnstitutunun nəşr etdiyi və tam adı “Türk dilindən ermənicəyə keçən sözlər: İstanbul erməni xalq ləhçəsinin Van, Qarabağ və Yeni Naxçıvan dialektləri ilə müqayisə edərkən” kitabı (Ermənicə: “Թուրքերէնէ փոխառեալ բառերը Պօլսի հայ ժողովրդական լեզուին մէջ համեմատութեամբՎանի, Ղարաբաղի եւ Նոր-Նախիջեւանի բարբառներուն”, Moskva-Vağarşapat (1902)) nəşr olunub.
Kitabda türkçədən ermənicəyə keçən sözlərin sayı 4262-dir. Acaryan sonra 4 cildlik “Ermeni dilinin etimologiya lüğəti” (“Հայերէն Արմատական Բառարան” (1926-1935)) kitabında bunlardan geniş şəkildə bəhs edir. Acaryan daha əvvəlki tədqiqatlarında, 1902-ci ildə nəşr olunmuş adıçəkilən kitabında bildirir ki, erməni əlifbası ilə yazılı dil olaraq meydana çıxan qədim Ermənicədə – Qrabarda türkcə sözlər çox olmasa da vardır. Bu isə o deməkdir ki, 1071 Malazgirt savaşından əvvəl də bu coğrafiyada türklər yaşayıb və türk dilindən ermənicəyə çox sayda sözlər keçib.
Erməni çəkməçinin alim oğlu
Acaryan kimdir? Erməni alim, professor Hraçya Acaryan İstanbulda çəkməçi ailəsində doğulub. Erməni məktəbində oxuyub, sonra Parisdə, Sorbon Universitetində ali təhsil alıb. O, 1917-ci ildə Parisdə erməni dili üzrə XIII konfransa qatılır və erməni-türk dil münasibətlərindən bəhs edən iki hesabat təqdim edir. 1898-ci ildə ali məktəbi bitirən Acaryan Cənubi Qafqaza gəlir və həyatını elmə həsr edir. Erməni dilçiləri arasında “Erməni dilçiliyinin atası” olaraq tanınan Hraçya Acaryan türk dilindən ermənicəyə 4 mindən çox sözün keçdiyini bildirir. Bakı qurultayında Acaryanın təqdim etdiyi məruzə onun illərlə çalışdığı türk-erməni dil münasibətlərinə və onların tarixinə aiddir.
Əslində, türk dilindən ermənicəyə və ermənicədən türkçəyə keçən sözlər haqqında ilk məlumatı XVII əsrdə səyyah Evliya Çelebi verib. Onun səyahət qeydlərində örnək olaraq təqdim etdiyi belə sözlərdən onlarla nümunə mövcuddur. Sonralar məşhur dilçi Robert Dankoff “Çelebinin lüğəti” adlı əsərində bunlardan bəhs edib. Digər alimlər də həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyədə ermənicədən türkçəyə və türkçədən ermənicəyə keçən sözlərdən bəhs ediblər. Bunlar arasında ən geniş tədqiqat Hraçya Acaryana aiddir. Acaryanın kitabında toplanan sözlərin kökü, etimologiyası, erməni dilində səslənmə forması, hansı bölgədə necə istifadə edilməsi geniş şəkildə araşdırılıb. O, erməni xalq dilində olan sözləri diqqətlə toplayaraq İstanbul ləhcəsində danışılan sözlərlə müqayisə edib, sistemləşdirmiş və bu sözlərin Van, Qarabağ və Yeni Naxçıvan dialektləri ilə müqayisəsini aparıb.
Dvin, Ani və Qars erməni knyazlıqları iddiaları saxtadır
Acaryan Birinci Türkoloji Qurultaydakı məruzəsinin girişində ermənilərlə türklərin ilk əlaqələrindən bəhs edib. O, deyirdi ki, 1021-ci ildə türklər “Armeniya” coğrafiyasına daxil olarkən bu ərazilərə heç də yabancı deyildilər, ona qədər də türklərlə ermənilərin əlaqələri olmuşdu. Səlçuqluların bölgəyə gəlməsindən əvvəl erməni dilində işlədilən kəlmələr bunun əyani sübutudur. Onun bu fikri o gün üçün də, müasir tarix üçün də yeni baxış idi. Yəni türklərin ən qədim zamanlardan Anadolu coğrafiyasında məskunlaşdığını sübut edən önəmli təsbit idi. Doqquz əsr boyunca ermənilər müxtəlif türk-tatar tayfaları (selçuqlular, tatarlar, türkmənlər, özbəklər, Azərbaycan türkləri və osmanlılar) ilə yan-yana yaşayıblar. Birgəyaşayış mədəni həyatın müxtəlif sahələrində qarşılıqlı təsirlərə səbəb olub.
Acaryan çıxışında selçuqlulardan əvvəlki dövr erməni-türk münasibətlərinə də toxunub. Belə obyektiv yanaşma çox əhəmiyyətli idi. Acaryan “Türk dilindən ermənicəyə keçən sözlər: İstanbul Ermeni xalq lehçəsinin Van, Qarabağ və Yeni Naxçıvan dialektləri ilə müqayisə edərkən” (1902) əsərinin girişində bu münasibətləri belə ifadə edir: “Türklərlə ermənilər arasında əlaqələr eramızdan əvvəlki əsrlərə uzanır. 1021-ci ildə Toğrul bəyin komandanlığında türk akımcılar Armeniya coğrafiyasına daxil olduqları tarixdən etibarən münasibətlər genişlənməyə başlayıb. Türklər (Van) ərazisindən keçərək Naxçıvana yaxınlaşdılar, oradan geri dönərək İrana girdilər. Toğrul bəy bütün İranı öz nəzarəti altına alaraq burada İran-türk hakimiyyətinin təməlini atdı. 1042-ci ildə Toğrul bəy yenidən ermənilərin yaşadığı ərazilərə girdi, Nik vilayətinə yaxınlaşdı, erməni kralı II Gagiki məğlub edərək Vana döndü”. Tarixi xatırlamaqla o, erməni dilinə xeyli sayda türkcə sözün keçdiyini əsaslandırmaq istəyib.
O, bizim eradan əvvəl türkcədən ermənicəyə sözlərin keçidini qiymətləndirərkən, bu ərazilərdə daha əvvəlki əsrlərdə də türk tayfalarının yaşadığını və güclü mədəniyyətə sahib olduğunu sübut edir. Selçuqluların hücumundan sonra isə daha geniş coğrafiyada bu dil təsirli bir hala gəlir.
Acaryanın tarixə baxışı da çox maraqlıdır. Onun kitabında oxuyuruq: “Üçüncü dəfə 1047-ci ildə Tuğrul yenidən bölgəyə hücum etdi, Vana girərək buradakı iyirmi dörd qəzanı fəth etdi və beləliklə, onun idarəsi altındakı torpaqlar Qafqaza qədər uzandı. Bir il sonra – Türklərin dördüncü yürüşü zamanı onlar Pasen (Pasin) və Qarine (Ərzurum) gəldilər, bölgənin cənubuna qədər olan bütün torpaqlara sahib oldular. Bir neçə uğurlu yürüşlər edən Toğrul bəy öldükdən sonra digər ərazilərin fəthini davamçısı Alparslana buraxdı. O da bu əraziləri daha uzaqlara – Kayseriyə qədər genişlətdi. Onun oğlu və varisi olan Məlik Şah (1086-1092) isə bütün Armeniyanı öz hakimiyyəti altına aldı. Məlik Şahın ölümü ilə burada digər bölgə xalqlarına aid əmirliklər yarandı; onlardan biri Şah Armenin nəzarətində olan (Van gölünün şimal-qərb ətrafı) əmirliklər idi”. O qeyd edir ki, bu əmirliklər Səlçuqlu dövlətinə tabe idilər. Bu həm də o deməkdir ki, həmin dövrdə ermənilərə aid müstəqil, yarımmüsstəqil dövlət olmayıb. Yəni Dvin, Ani və Kars erməni knyazlıqları ilə bağlı bütün iddialar tamamilə saxtadır.
Türkcədən ermənicəyə 4 mindən çox söz keçib
Acaryan qurultaydakı çıxışında daha çox dil məsələləri üzərində dayanır. Onun vurğuladığı nöqtə iki yönlü dil mövzusundadır: yalnız türkçədən ermənicəyə sözlər, ifadələr deyil, eyni zamanda, Azərbaycan/Türkiyə türkçəsi dialektlərində ermənicə sözlərin də olduğu qeyd olunur. Bu, regional qarşılaşmalar və uzunmüddətli dil temasının tipik nəticəsidir. O, qurultayda türk dilinin erməni dilinə böyük təsirindən bəhs edir. Acaryan hələ 1902-ci ildə bu mövzuda apardığı geniş tədqiqatdan nümunələr gətirir və İstanbul, Van-Qarabağ və Naxçıvan-Don ləhcələrindəki türkcə kəlmələri qeyd edir. Bunların sayı 4 mindən çoxdur. İstanbul ədəbi türkcəsi ərəb və fars sözləri ilə dolu olduğu kimi, bir çox bölgədə erməni şifahi dili də türkcə sözlərlə zəngindir. Bəzən tam türkcə cümlələr də istifadə olunur. Ümumiyyətlə, isimlər, bəzən sifətlər və çox nadir hallarda feillər bir dildən digərinə alınır. Saylar, bağlayıcılar və zərflər alınmır. Ancaq erməni dilinə bütün bu dil elementləri eyni dərəcədə nüfuz edib. Bir çox sahələrdə 70, 80 və 90 faiz nisbətində türkcə formalar istifadə olunur. Məsələn, o qeyd edir ki, Rodostoda işlənilən 99 faizə qədər bütün rəqəmlər saf türkcədir.
Kiçik Asiyanın qərb bölgəsi, Kipr, Bolqarıstan, Şərqi Rumeli, Rumıniya, Bessarabiya və həmçinin İran və Qafqazın bəzi kəndlərində türk dilinin erməni dilinə təsiri o qədər güclü idi ki, ermənilər öz ana dillərini demək olar ki, tamamilə itirmişdilər. Bu hadisə bir neçə yüz il əvvəl baş vermişdi. 1530-cu ildən etibarən, bəzi Avropa ölkələrindəki ermənilər öz dillərini unudaraq tatar dilini mənimsədilər, bu dildə erməni əlifbasından istifadə edərək zəngin bir ədəbiyyat yaratdılar. Hətta kilsə kitabları da tatar dilinə tərcümə edilmişdi. Eyni şəkildə, Kiçik Asiya və İstanbulda da ermənilər erməni əlifbası ilə türkcə zəngin bir ədəbiyyat yaratmışdılar. Türkcə sözlər türk fonetik qaydalarının xronologiyasının müəyyən edilməsinə də imkan verir. Bu zaman erkən dövrlərdə türk-tatar yaşamını və tarixini əks etdirən erməni yazarlarından qalan zəngin materialdan istifadə edilməlidir. Dediklərimiz erməni əlifbası ilə əsərlər ortaya qoymuş qıpçaqlara aid deyil. Bu, tamamilə başqa bir mövzudur.
Malazgirt savaşından əvvəl
Acaryan məruzəsinin ikinci bölümündə erməni dilinin türk-tatar dilinə təsirini aydınlaşdırmağa keçir. O deyirdi ki, Kopenhagenli professor Olge Pedersen və Vyanadan olan alim Krelits-Grenfengorst türk-tatarların bəzi sözləri ən qədim dövrlərdən etibarən ermənilərdən aldıqlarını düşünürlər, lakin mən burada bu məsələyə girməyəcəyəm: “Sizin diqqətinizi daha sonrakı dövrlərin hadisələrinə çəkmək istəyirəm. Çünki bunlar müxtəlif türk-tatar ləhcələrində, xüsusilə də Anadolu ləhcələrində qeyd olunur. Bu sözlərin bəziləri ədəbi dilə keçmiş, qalanları isə xalq arasında yaşayır.
Alınma sözlərin ümumi sayı 200-ə qədərdir və onlar 14 qrupa bölünür: kənd təsərrüfatı, bitki aləmi, inşaat avadanlığı, ev əşyaları və qablar, sənətlər, mətbəx, heyvandarlıq, xəstəliklər, təqvimə aid sözlər, müxtəlif atalar sözləri, nağıllar, söyüşlər, dualar, əfsanələr və s. Acaryan daha əvvəlki tədqiqatlarında, eləcə də 1902-ci ildə nəşr olunmuş yuxarıda adı çəkilən kitabında yazırdı ki, erməni əlifbası ilə yazılı dil olaraq meydana çıxan qədim ermənicə hesab olunan dildə – Qrabarda da türkcə sözlər az da olsa vardır. Bu isə o deməkdir ki, Malazgirt savaşından əvvəl də bu coğrafiyada yaşayan türk tayfalarının dilindən ermənicəyə sözlər keçib. Acaryan bu məsələdə də haqlıdır ki, Qrabar kilsə dili idi. Qrabarın istifadə sahəsi çox dar olduğundan türk dilinin bu dilə təsiri az olması təbii idi.
Ancaq yenə də belə sözlər vardır. Haqlı olaraq, azərbaycanlı tədqiqatçı Sarlan Həsənov “Erməni dilində Azərbaycan-Türk mənşəli sözlər (XIII-XX əsrlərin ədəbi ədəbiyyat materialları və Erməni dilinin lüğətləri əsasında)” adlı əsərində belə sözlərdən bəhs edir. Məsələn: sen (sən), ğiz (qız), ben (mən), keşiş (ruhani), yoru (yürü), gyotur (götür-allə), soz (söz-kelime), yazıxlarme (yazıq anlamında), tyagri (Tanrı), altın (altın, qızıl), çezti (çözdü), xıltardı (xilas etdi, qurtardı) və s. sözlər qrabar ədəbiyyatında mövcuddur.
Bu sözlər Hovvannes Yerzgatsinin şeirlərindən alınıb. Hovvannes Yerzingatsi ilə eyni dövrdə yaşamış Mxitar Qoş, Hovhannes Tlgurantsi, Qriqor Ahtamartsi, Mkrtıç Nağaşin, Nahabet Kuçak’ın da günümüzə çatmış əsərlərində rast gəlinir. Bu sözlər ədəbi dilə gətirilməzdən əvvəl xalqın dilində istifadə olunub. Bu, yenə də o tezisi isbat edir ki, 1071-dən sonra deyil, türk tayfaları daha əvvəllər bu ərazilərdə yaşayıblar. Erməni türkoloq Sevortyanın bu fikirləri də dəyərli və əhəmiyyətlidir: “…bu sözlər uzaq əsrlərdən bu yana erməni danışıq dilində hər kəs tərəfindən qəbul edilmiş türkizmlərdir”.
Acaryanın dil etirafı
Acaryanın qurultaydakı çıxışı həm erməni, həm də türk dilçilik tarixində ikiyönlü dil mövzusunu elmi müstəvidə müzakirə edən ən erkən və ən balanslı təqdimatlardan biri kimi qəbul edilməlidir. Onun örnək olaraq gətirdiyi bostan, kavuk, kef, kefir, kavurma, kuzu kimi sözlər türkcədən ermənicəyə keçmiş və məişətdə geniş istifadə olunan terminlər arasındadır. Bu durum dil əlaqələrinin yalnız akademik deyil, gündəlik həyatda da dərin izlər qoyduğunu göstərir. Dilçilik baxımından, bu cür qarşılıqlı təsirlər, xalqların tarixi yaxınlığının və mədəni təsirinin göstəricisi olaraq qiymətləndirilə bilər. Hraçya Acaryan ermənicə-türkcə dil münasibətləri kontekstində bir dildən digərinə keçən sözlərin analizi, ləhcə səviyyəsində türk dilinin təsiri və ədəbi danışıq dili arasındakı fərqlər üzərində mühüm düşüncələr ortaya qoyub. Acaryan lüğətçilik, etimologiya və ləhcələr üzərindəki tədqiqatları ilə erməni dil tədqiqatlarının əsas struktur daşlarını təşkil edir.
Hraçya Acaryan pedaqoq kimi çoxlu tələbə yetişdirib, akademik müəssisələrin inkişafına töhfə verib. Onun tədqiqatları yalnız ermənicəni deyil, ümumilikdə dilçilik metodlarını da əhatə edir. Bu tədqiqatlar müqayisəli dilçilik baxımından da əhəmiyyətlidir. Erməni ləhcələrində, xüsusilə Osmanlı dövründəki erməni icmalarında, ya da Osmanlı sərhədləri içindəki ermənicə danışılan bölgələrdə türkcədən keçən sözlərin daha geniş olduğu görünür. Ermənicəyə keçən sözlərin böyük hissəsi danışıq dili, ləhcələr, gündəlik danışıq dilindən gəlir. Ancaq Acaryanın tədqiqatları hər bir sözün bir-bir siyahıya alınması ölçüsündə detallı bir kataloqdan daha çox “müəyyən ləhcələrdə müşahidə olunan türk mənbəli sözlər” üzərindəki qiymətləndirmə xarakteri daşıyır.
Yerli ləhcələrdə Osmanlı ermənicəsi danışılan bölgələrdə türk dilinin təsiri daha açıqdır. Acaryan qurultayda misal gətirdiyi sözlərin “dil saflığını pozan unsurlar” deyil, xalqların tarixi və mədəni yaxınlığının sənədləri olaraq görülməsi gərəkdiyini vurğulayır. O deyirdi: “Son olaraq ümidimi ifadə edirəm ki, bu məsələlərin erməni və türk alimləri tərəfindən ortaq şəkildə araşdırılması elmə və qarşılıqlı anlayışa xidmət edəcəkdir”.
Acaryana görə, türk və erməni dilləri yüz illər boyu yan-yana yaşayıb və bu iki dilin qarşılıqlı təsiri o qədər güclüdür ki, ermənicə ilə bu qədər yaxın təmas qurmuş başqa bir dil göstərmək çətindir. O, etiraf edirdi ki, bu qarşılıqlı təsirlərin araşdırılmasının yalnız dilçilik elmi üçün deyil, həm də tarixi və mədəni dəyərə malik olduğunu düşünür; çünki xalqların tarixi dilin tarixində də əks olunur...
Qafar Çaxmaqlı,
XQ-nin Türkiyə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 03 Fevral 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















