Adil Şükürov: Bu cür oyunlarla Azərbaycan futbolu inkişaf edəcək
Icma.az, sport24.az-dan verilən məlumata əsaslanaraq, xəbər verir Adil Şükürov: Bu cür oyunlarla Azərbaycan futbolu inkişaf edəcək.
"Azərbaycan derbisində maraqlı oyun alındı". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə" və "Kəpəz"in sabiq baş məşqçisi Adil Şükürov deyib.
Mütəxəssis Misli Premyer Liqasının XXIII turunda ötən gün baş tutan "Neftçi" - "Qarabağ" (0:1) matçı ilə bağlı fikirlərini bölüşüb.
"Görüşü təhlil etsək, görərik ki, komandalar bu oyuna çox yaxşı hazırlaşmışdılar. Mən "Qarabağ"ın daha üstün oynayacağını gözləyirdim. Lakin "Neftçi"nin oyunçularının motivasiyası, qalib gəlmək istəyi bu matçı daha da maraqlı etdi. Azarkeşlərin stadiona axışması isə qarşılaşmaya tam başqa abuhava qatmışdı. Bu cür oyunların çoxluğu futbolumuzu inkişafa aparacaq. "Qarabağ" oyuna özünəməxsus üslubda başladı və daha çox topa nəzarət ilə tədricən hücumlar qurmaq niyyətində idi. Lakin "Neftçi"nin üçüncü zonada aqressiv pressinqi rəqibi səhv etməyə məcbur edirdi. Bu cür epizodların birində Medinanın top itkisindən sonra Ağadadaş Salyanskiyə qarşı kobud oyunu "Qarabağ" azlıqda qoydu. Daha sonra "Neftçi" üstünlüyü ələ alaraq daha çox hücum etdi . Lakin bu hücumlar da sonluq gətirə bilməyən "Neftçi" oyunun bərabərliklə bitməsini gözləyərkən Yuri Matiasın lazımsız aqressivliyi komandanın qapısına penalti ilə nəticələndi .
Amma ümumən oyun çox maraqlı oldu və əvvəldə də qeyd etdiyim kimi, bu cür oyunlarla Azərbaycan futbolu inkişaf edəcək".

